525.Az

Milli Şuranın mitinqi uğursuz oldu


 

TAHİR RZAYEV: "CƏMİYYƏT HEÇ VAXT XARİCDƏN MALİYYƏLƏŞƏN VƏ AZƏRBAYCANI İNKİŞAFDAN SAXLAMAQ İSTƏYƏN QÜVVƏLƏRİN ARXASINCA GETMƏYƏCƏK"

Milli Şuranın mitinqi uğursuz oldu<b style="color:red"></b>

Məlum olduğu kimi, sentyabrın 14-də Bakının Yasamal rayonu, "İnşaatçılar" metro stansiyası yaxınlığında yerləşən "Məhsul" stadionunda Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Aksiyada Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü, o cümlədən, AXCP sədri Əli Kərimli çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli isə aksiyaya qatılmayıb. Buna əsas səbəb kimi Şura sədri ilə Əli Kərimli arasında yaranmış ziddiyyət göstərilir.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada 2500 nəfərə qədər iştirakçı olub. Buna görə də aksiyanı uğursuz hesab edən ekspertlər Milli Şuranın Qərbin etimadını doğrultmadığı qənaətindədirlər. Bildirilir ki, Qərb ölkələrinin səfirlərinə mitinqə onminlərlə adam çıxaracağını vəd edən Əli Kərimli "Məhsul" stadionunun yarısını doldura bilməyib.

Məlumata görə, mitinq zamanı Əli Kərimli, Nurəddin Məmmədli və digər çıxışçılar aksiyaya az adam qoşulmasından məyusluqlarını gizlədə bilməyiblər.

Əli Kərimli mitinqə biganəliyi prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirməyə cəhd göstərib.

Ekspertlər hesab edir ki, Milli Şuranın mitinqi müxalifətin "xalqın müxalifəti dəstəkləməsi", "hakimiyyəti istəməməsi" və s. bu kimi iddialarını alt-üst edib: "Bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların Milli Şura ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdığını açıq göstərib".

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev  qeyd edib ki, Azərbaycanda müxalifət adı ilə özünü göstərən bir neçə nəfər referenduma etiraz etmələrinin səbəblərini bilmirlər. O "Trend"ə bildirib ki, həmin şəxslər etiraz etməklə özlərini müəyyən dairələrə göstərmək istəyirlər: "Onların bu hərəkətləri əvvəllər olduğu kimi, bu dəfə də gözlənilən idi. Çünki Azərbaycanda həmişə seçkiöncəsi, referendum ərəfəsində bunlar belə hərəkətlər etməklə öz varlıqlarını onları maliyyələşdirən müəyyən təşkilatlara göstərmək istəyirlər. Yəni, onlar sübut etmək istəyirlər ki, biz də varıq, yaşayırıq. Onlar bu hərəkətləri ilə maliyyələşdikləri təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirmək istəyirlər. Biz bu addımı çoxdan gözləyirdik. Həmişə seçkiöncəsi bu qruplaşmalar müəyyən bəyanatlarla çıxış edib, özlərini göstərirlər. Bu dəfə də eyni yanaşma ilə mitinq keçirmək üçün çağırışlar etdilər. Həmişə olduğu kimi bu dəfə də onların çağırışları iflasa uğradı, xalq onların çağırışına cavab vermədi. Bunlar özləri də etiraf edirlər ki, yoxdular, xalq tərəfindən qəbul olunmurlar. Cəmiyyət heç vaxt xaricdən maliyyələşən və Azərbaycanı inkişafdan saxlamaq istəyən qüvvələrin arxasınca getməyəcək".

Deputat hesab edir ki, normal müxalifətin etirazı əsaslı olmalıdır: "Onlarda əsas yoxdur. Çünki bilmirlər nəyə etiraz edirlər. Referendumla Konstitusiyaya ediləcək dəyişikliklər dövlətin və dövlətçiliyin inkişafına yönələn addımlardır. Həmin dəyişikliklərdə müxalifətin dəfələrlə səsləndirdikləri məsələlər də var. Məsələn, müxalifət həmişə iddia edib ki, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu artırılsın, onların inkişafına şərait yaradılsın. Referendumda da ilk öncə buna şərait yaradılıb, gənclərin seçkilərdə iştiraklarına, seçilməsinə şərait yaradılır. Burada qeyri-adi heç nə yoxdur. Digər məsələ, referendumda təklif olunur ki, ordu quruculuğu gücləndirilsin, bələdiyyələrin səlahiyyətləri artırılsın. Müxalifət özü bunları tələb edib. İndi niyə etiraz edirlər? Əgər dövlət strukturları gücləndirilirsə, insanların məsuliyyəti artırılırsa, vətəndaşlara hüquq və azadlıqlar verilirsə, bunun nəyi pisdir? Müxalifət nə istəyir?"

T.Rzayev bildirib ki, Azərbaycanda referendumun keçirilməsi humanist və tam demokratik bir addımdır: "Ona görə də müxalifətin belə bir addıma etiraz etməsi anlaşılmazdır".

Vəhdət Partiyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi isə qeyd edib ki, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, müxalifətə çıxış etmək və etirazını bildirməklə yanaşı tərəfdar toplamaq haqqı verilib. O SİA-ya bildirib ki, ölkədə sərbəst toplaşmaq hüquqlarından yararlanan müxalifət öz əks arqumentlərini bildirsələr də, mitinqə az sayda insanın qatılması bu təşəbbüsün dəstəklənmədiyi anlamına gəlir: "Əgər Azərbaycan xalqının böyük çoxluğu bugünkü vəziyyətindən narazı olmuş olsaydı, o zaman hakimiyyətin yaratdığı sərbəst toplaşmaq haqqından istifadə edərək öz etrazlarını bildirərdilər. Bu baş verməyibsə, demək Azərbayan xalqı referendumda təklif edilən dəyişikliklərlə yanaşı ictimai, siyasi və iqtisadi durumlarından razıdır".

AZAD

 





15.09.2016    çap et  çap et