525.Az

Anti-Azərbaycan dairələrin sifarişlərini kim yerinə yetirir?


 

ABŞ-GÜLƏN ŞƏBƏKƏSİ-BƏZİ REGİON ÖLKƏLƏRİ AZƏRBAYCANDA VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRMƏYƏ ÇALIŞIRLAR

Anti-Azərbaycan dairələrin sifarişlərini kim yerinə yetirir?  <b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Milli Şura Bakıda mitinq keçirib. Azərbaycan ictimaiyyətinin referendum ərəfəsində müxalifətin keçirdiyi bu etiraz aksiyasına münasibəti birmənalı deyil.
 
Bildirilir ki, mitinq təşkilatçıları Azərbaycanın imicini ləkələmək və ölkədə gərginlik yaratmaq üçün konkret sifariş icra edirlər. AXCP, Müsavat və digər qurumların rəhbərlərinin ABŞ və bəzi Qərb ölkələrinin səfirliklərinə çağırılması, müzakirələrin aparılması, bundan sonra Milli Şuranın mitinq keçirmək barədə qərar qəbul etməsi, habelə aksiya ərəfəsində ABŞ səfirliyindən siyasi partiyalarla, QHT-lərlə intensiv əlaqə saxlanılması və mitinqin dəstəklənməsi xahiş olunması barədə mediada gedən məlumatların bunu bir daha təsdiq etdiyi deyilir: "Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili göstərir ki, bəzi Qərb dairələri Azərbaycanda vəziyyəti gərginləşdirmək məqsədilə növbəti dəfə hərəkətə keçib". Həmçinin məlumata görə, "İslam Hərəkatı Birliyi"nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarlarının 11 sentyabr mitinqinə qoşulması bu prosesin bəzi qonşu ölkələrin müəyyən dairələri tərəfindən dəstəkləndiyini aydın göstərir. Eyni zamanda, son vaxtlar AXCP ilə Gülən camaatı arasında əlaqələr müəyyən edildib, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb. Bildirilir ki, ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər.

Ekspertlər hesab edir ki, Əli Kərimli müxtəlif istiqamətlərdən Azərbaycana qarşı yönəlmiş həmlələri dəstəkləməklə, anti-Azərbaycan dairələrin sifarişlərini icra etməklə istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu bir daha aydın göstərdi.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı  qeyd edib ki, Azərbaycanda referenduma etiraz adı ilə bir yerə toplaşanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının çətiri altına toplaşanlar idi.

O "Trend"ə bildirib ki, bu toplantını mitinq adlandırmaq olmaz: "Mən internet vasitəsilə izlədim. Aydın görünürdü ki, onların çağırışlarına heç kim gəlməmişdi, toplantıları da çox sönük idi. Orada çıxış edənlər cəmiyyətdə heç bir nüfuz sahibi deyillər. Çıxışları isə arqumentli deyildi. Əsası olmayan, arqumentlərə söykənməyən fikirlər səsləndirirdilər. Hətta onların çıxışlarını, fikirlərini həmin toplantıda iştirak edən tərəfdarları belə alqışlamırdılar. Mitinq sönük keçməklə bərabər, geniş auditoriyanı da əhatə etmirdi. Mitinqin keçirildiyi yer o qədər də böyük ərazini əhatə etmir. Buna baxmayaraq stadion xeyli boş idi".

F.Ağamalı bildirib ki, müxalifətin keçirmək istədiyi həmin mitinq Azərbaycan xalqının istəyindən doğan sosial sifariş deyil: "Ona görə də xalq onların çağırışlarına reaksiya vermir, mitinqə də gəlmir".

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə hesab edir ki, cəmiyyət Milli Şuranın son mitinqinə soyuq münasibət bəsləməklə onları yox, bugünkü prezidentin siyasətini dəstəklədiyini mesaj vermiş olub. O "Milli.az"a bildirib ki, müxalifətin radikal qanadının mitinqləri xarici qüvvələr tərəfindən idarə olunur: "Onlar bir qayda olaraq ancaq ölkə əhəmiyyətli, böyük tədbirlər ərəfəsində kütləvi aksiyalar keçirir. Digər vaxtlarda onların bütün fəaliyyəti yalnız saytlarda və sosial şəbəkələrdə olur. Yəni onlar cəmiyyətin deyil, bir qrup insanın maraqlarına uyğun fəaliyyət göstərir. Onun Konstitusiyaya dəyişikliklərlə bağlı keçirdiyi və keçirmək istədiyi mitinqlərin də bir sifariş olduğu hiss edilir. Çünki bir qayda olaraq bu cür mitinqlər onların bağlı xarici fondların verdiyi qrantlar hesabına həyata keçirilir və bu hesabatı hər hansı formada vermək lazımdır".

Millət vəkilinin fikrincə, bu mitinq özünün qeyri-ciddiliyi ilə diqqəti cəlb etdi: "Keçirilmiş mitinq özünün hazırlıqsız olması, mövzudan kənara çıxması, ən əsası isə çox az sayda insanın iştirak etməsi ilə səciyyələnir. Bir neçə yüz insanın gəldiyi və hər şeydən danışdıqları halda heç bir ciddi təklif vermədikləri də diqqəti cəlb edir. Ümumiyyətlə, müxalifətin cəmiyyətin problemləri ilə bağlı heç zaman konkret fəaliyyət proqramı olmayıb. Ümumən götürdükdə onlar cəmiyyətdən dəstək almadıqlarının kifayət qədər fərqindədirlər. Hətta Milli Şuranın rəhbəri Cəmil Həsənlinin son mitinqdə iştirak etməməsi onların özlərinin də bu tədbirə qeyri-ciddi yanaşdıqlarını göstərir. Bir neçə yüz insanı bayraqları ətrafına toplamaqla 10 milyonluq ölkənin, cəmiyyətin adından danışmaq əlbəttə ki, məntiqə sığmır. Azərbaycan demokratik ölkədir və bir neçə yüz, hətta bir neçə on min nəfərin fərqli düşünməsi tamamilə mümkün olan bir məsələdir. Azərbaycanda heç kim fərqli düşündüyünə görə təqib edilmir və edilməyəcək. Əhalinin əksəriyyəti qarşıdan gələn referenduma çıxarılacaq Konstitusiya dəyişikliklərini dəstəkləyir və bu dəyişikliklərin onların həyatına müsbət təsir edəcəklərinin fərqindədir. Cəmiyyət bu gün prezident İlham Əliyevin siyasi kursunun tərəfdarıdır və hər dəfə onun siyasətini dəstəkləyəcəyini bildirir".

A.Mirzəzadənin qənaətincə, cəmiyyət xaricdən maliyyələşən və Azərbaycanı geri sürükləmək istəyən qüvvələrin ardınca heç zaman getməyəcək: "Bu cür tədbirlərə hazırlığın özü müəyyən maliyyə vəsaiti tələb edir. Müxalifət liderləri bir qayda olaraq gəlirlərinin olmadığını bildirirlər. Amma bununla belə, kifayət qədər yaxşı yaşayırlar, xarici ölkələrə səfərlər edirlər, qəzet buraxırlar, özlərinin partiya aparatı fəaliyyət göstərir. Digər tərəfdən, bir qayda olaraq, onların mitinqləri xarici ölkələrdə Azərbaycan əleyhinə hansısa bir aksiya, yaxud da qəzetlərdə Azərbaycan reallığını təhrif edən məqalələrin çıxması ilə eyni vaxta düşür. Onları maliyyələşdirən fondların arxasında duranlar bir qayda olaraq gizli qalır. Amma dərindən araşdırdıqda görmək olar ki, bunlar anti-Azərbaycan mərkəzləridir, hansının ki, Azərbaycanın müstəqil siyasət yeritməsi həmin fondun əsas sahiblərinin marağında deyil. Onlar Azərbaycanın təbii sərvətlərinə sahib olmaq istəyərdilər, ölkəmizi Suriyanın, Liviyanın vəziyyətində görmək istəyərdilər. Yaxud da onların arxasında erməni diaspor təşkilatları durur ki, bununla da Azərbaycanı ötən əsrin 90-cı illərindəki qarmaqarışıqlığa qaytarmağa cəhd edirlər. Təsadüfi deyil ki, indiki müxalifət rəhbərləri 90-cı illərin əvvəllərində hakimiyyətdə vəzifə tutmuş insanlardır. Görünür, onlar fikirləşir ki, cəmiyyətin yaddaşı qısadır və vaxtilə Azərbaycanı hansı kökə saldıqlarını yaddan çıxarıblar. Amma Azərbaycan xalqı heç zaman qaragüruhçuların, xaricdən idarə olunan, erməni diaspor təşkilatları ilə işləyənlərin yenidən hakimiyyətə gəlməsinə heç vaxt razı ola bilməz".

AZAD

 





15.09.2016    çap et  çap et