525.Az

Tarixi daşiyan insan - Fotolar


 

Xalq artistinin xatirələrinə nəzər salarkən

Tarixi daşiyan insan - <b style="color:red">Fotolar</b>

Tarixi insanlar yaradır, sonra tarix elə onu yaradanların çiyinlərində özünə əbədi yuva quraraq, genetik kodlarla nəsillərdən-nəsillərə ötürülür.

Tarix insanlardan başlanır. Azərbaycanın milli-azadlı mücadiləsində hər bir səhifənin özünəməxsus çəkisi və əhəmiyyəti var. Bu səhifədə o insanların adlarına rast gəlmək olar ki, onlar həqiqətən vətən qarşısında müstəsna xidmətləri ilə seçilirlər: “...1988-ci ildə Televiziyanın həyətində böyük bir mitinq keçirdik. Yenə deyirəm nüfuzuma görə bu addımda da heç kim mənə mane ola bilmədi. Rəssam dəvət etdim ki, gəlib, iri hərflərlə “Azərbaycan televiziyası Azərbaycan Xalqına xidmət etməlidir” sözlərini şüar olaraq yazsın. Mənim dəvətimlə bu mitinqdə Ali Sovetin Rəyasət Heyətinin Sədri Süleyman Tatlıyev, Teleradio Komitəsinin sədri Elşad Quliyev, Xalq yazıçıları İsmayıl Şıxlı, Qabil və digər simalar çıxış etdi. Bu nümayişdə ölkədəki ictimai-siyasi vəziyyətdən danışıldı, ermənilərin ölkədəki özbaşınalığı sərt tənqid edildi. Amma, bu mitinqdən sonra İdarəmizdə Mərkəzi Komitənin nümayəndələrinin iştirakı ilə kollegiya keçirildi, mən birbaşa müzakirə hədəfinə çevrildim, həyata keçirdiyim mitinqə “nalayiq hərəkətlər” donu geyindirildi. Mənə deyildi ki, güya keçirdiyim nümayiş və yazdığım şüar “kommunizmə qarşı yönəlmiş addımdır. Məni işdən çıxartmadılar, amma bu hadisədən sonra rejissor keçirdilər. Sonrakı hadisələr məlumdur...” Bu sətirlərin sahibi haqqında bir qədər sonra, indi isə Ən Yeni Tariximizə boylanaq...

1990-cı ilin 20 yanvar faciəsi Azərbaycanın müstəqillik mücadiləsi tarixində dönüş nöqtəsi oldu, xalq artıq Sovet maşınının diktəsi altında deyil, müstəqil şəkildə öz iradəsini ifadə etmək tələbini irəli sürdü. Həmin faciənin başlanğıc nötqəsi isə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində törədilən partlayış idi. Bəzən ləkələr belə tarixin üzərində qalır, o mənada ki, televiziya və radionun enerji blokunun məhv edilməsi bütünlükdə Azərbaycan

xalqının adına yazıla bilərdi, amma bir saata yaxın müddəti əhatə edən video material - şahidlərin ifadələri bütün vəziyyəti dəyişdi, həmin axşam əslində Dövlət Televiziya və Radio Verilişləri Komitəsində nələrin baş verdiyini üzə çıxardı. Azərbaycanda olan sovet hərbi komandanlığı və Kommunist partiyasının törətdikləri bu cinayət əməlinin üstü açıldı, hadisənin əsl mahiyyəti bəlli oldu. Həmin dövrdə Komitə ərazisinə tək-tük əməkdaşlar gəlib gedirdi ki, onlardan da biri Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri (sonradan Şirkətin bədii rəhbəri), yuxarıda sitat gətirdiyimiz sətirlərin sahibi, Vasif Babayev idi. Şahidlər, enerji blokunun mühəndisləri İbrahim Hüseynov və Viktor Romanov ifadə verərkən, Vasif Babayev bütün sübut-dəlilləri kameranın nəzərindən yayındırmamağa çalışır, ən xırda detalı, hətta 19.25-də susmuş saatları belə göstərir. Ümumiyyətlə qırğın gecəsinin səhəri, Teleradio Komitəsinin həyətində bu çəkilişi təşkil etmək, Vasif müəllimin qətiyyətli addımlarından və möhkəm iradəsindən xəbər verirdi. Bu videomateriala daxil olan kadrların hər biri tarixi məsuliyyəti çiyinlərində daşıyıb və daşımaqdadır. Vasif Babayev Azərbaycan tarixinin ən yeni səhifəsi bu kadrlarla yazıb. Bu hadisə ilə bağlı Vasif Babayev sonralar qətiyyətlə öz xatirələrində, müəllifi olduğu “Qanlı Yanvar faciəsi televiziyadan başlandı” sərlövhəli yazısında qeyd edirdi: “Televiziya işçilərindən birinin “xatirələr”ində yazıldığının əskinə olaraq söyləmək istəyirəm ki, məsul şəxslərin heç biri həmin axşam Komitənin hər hansı bir otağına daxil olmamışdı. Çünki işıqlar sönmüşdü, hər tərəf zülmətə qərq olmuşdu. Bütün söhbətlər həyətdə və foyedə, mənim iştirakımla baş vermişdi”.

Növbəti gün, yəni yanvarın 20-də Komitənin həyətində Vasif Babayev və Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və gecə ikən işğalçı ordu ilə Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikov dayanmışdılar. Əslində Ovçinnikov onları tanımırdı. Eləcə də Vasif müəllimlə Fuad müəllimin onunla tanışlığı yox idi. Bu vaxt həyacan içində gözləri dolmuş xalq şairi Baxtiyar Vahabzadə onlara yaxınlaşır, radio vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək istəyir. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb “Okuppantı” deyib, onun üstünə tüpürür. Onun ətrafında duran bir neçə silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirirlər. Vasif müəllim bu gərgin məqamda öz həyatını təhlükəyə ataraq, vətəndaşlıq mövqeyini ortaya qoyur:

“Bu bizim hörmətli xalq şairimizdir, Millətimizin sevimlisidir, Deputatdır” söyləyir. Nələr baş verə bilərdi? Vasif müəllim sonradan bu barədə ürək yanğısıyla yazır və qeyd edir ki, Fuad Tarverdiyevlə birlikdə bir təhər vəziyyəti sabitləşdir bildilər. Beləcə faciənin qarşısını almışdı. Təəssüf ki, bu gün Respublikanın səkkiz tanınmış siması, mətbuatda, televiziya ekranlarında, müxtəlif məclislərdə ayrı-ayrılıqda bu hadisəni öz adlarına çıxmağa çalışır, Bəxtiyar Vahabzadəni guya onların xilas etdiklərini bəyan edirlər. Amma onlar bu iddianı bir yerə yığışaraq söyləyə bilmirlər. Çünki bu əsassız iddiadır. Sonralar bu barədə Fuad Tarverdiyev öz məqaləsində Bəxtiyar Vahabzadəni xilas edən şəxsin adını və cəsarətini xüsusi vurğulayır. Fakt öz aliliyini qoruyub saxlamaqdadır, Bəxtiyar Vahabzadənin həyatını xilas edən Vasif Babayev və Fuad Tarverdiyev olmuşdular.

Vasif Babayevin ömür sətirlərində belə qətiyyətli məqamlar çoxdur. Bu məqamların hər birinin arxasında Azərbaycan dövlətçiliyinə sədaqət, televiziya və kino sənətinə bəxş edilən misilsiz töhfələr dayanır. Vasif Babayev Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri olduğu illərdə çoxsaylı verilişləri, filmləri ilə Azərbaycanın tanınması, təbliğatı yönündə mühüm işlərə imza atıb. Azərbaycan kino və televiziyası tarixinə ilk Qran-Pri mükafatını da 1979-cu ildə Ümumittifaq Festivalında – indi bu Festivalların statusu beynəlxalq səciyyə daşıyır - “Xuraman” sənədli filminə görə Vasif Babayev qazandırıb.

O, öz yaradıcılığı ilə Azərbaycan xalqının salnaməsini yaradıb. Bu salnamədə tarixdə iz qoymuş görkəmli şəxsiyyətlərin adları, onun onlarla sıx təmasını əks etdirən məqamlar doludur. Vasif müəllim, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən qürurla bunları

deyir: “1969-cu ildən 1982-ci ilə qədər mən Heydər Əliyevin sözün əsl mənasında kölgəsi olmuşam. O hansı rayona, şəhərə gedirdisə, mən də öz peşəmə uyğun olaraq, xüsusi çəkiliş qrupum ilə bu böyük insanı müşayiət edir, onun dəyərli və əvəzolunmaz fəaliyyətini lentin yaddaşına həkk etdirirdim. Canlı yayımlar, qurultaylar, zəhmətkeşlərlə görüşlər, abidələrin açılışı, bütün bunların hamısını mən rejissor olaraq çəkirdim”.

Ümumiyyətlə hələ ötən əsrin 70-80-ci illərində bütün vacib əhəmiyyətli dövlət tədbirlərinin lentə alınması Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən birbaşa Vasif Babayevə həvalə edilirdi. Belə xüsusi tapşırıqlardan biri də 1978-ci ilə təsadüf etmişdi. O zaman SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi L.İ.Brejnev Bakıya gəlirdi, şübhəsiz ki, bu tarixi səfərlə bağlı Vasif müəllim onun çiyinləri üzərinə qoyulan missiyanı yüksək peşəkarlıqla icra etməli idi. Bu həm əlamətdar, həm də gərginliklə müşahidə edilən günlər idi.

Tapşırıq təkcə respublika səviyyəsində deyil, Mərkəzi Televiziya tərəfindən verilmişdi. Vasif müəllim biliyinə, bacarığına, peşəkarlığına güvənərək, var gücü ilə işə başlamışdı. O, L.İ.Brejnevin gəlişi ilə bağlı deyir: “Brejnevin gəlişi ərəfəsində Komitənin o vaxtkı sədr müavini Elşad Quliyev məni yanına çağırıb dedi ki, bu rəsmi səfərlə bağlı film çəkmək lazımdır. Sifariş Mərkəzi Televiziyadandır. Bəli, qatarla gəlməli idilər. Sonra avtomobil kartecinə əyləşərək, indiki Neftçilər prosoekti ilə hərəkət edəcəkdilər. Fikirləşdim və Elşad Quliyevin yanına gəlib, icazə məktubunun yazılmasını xahiş etdim. Bu vacib idi, çünki mən qərara gəlmişdim ki, karteci həmişəki kimi aşağı nöqtələrdən çəkməyim, mütləq kameraları yuxarı nöqtələrdə quraşdırım. Əla kompozisiya görürdüm – Bakının mənzərəsi, alqışlayan insanlar, avtomobil karvanının asta-asta keçməsi və s. Amma buna görə mütləq şəkildə yüksək dövlət qurumlarından razılıq alınmalı idi. Elşad müəllim təklifimi bəyəndi, bildirdi ki, mən bu barədə Mərkəzi Komitəyə məlumat verərəm ki, onlar da öz növbəsində Heydər Əliyevə məruzə etsinlər. Razılıq alınmışdı, amma nöqtələri müəyyənləşdirmək tələb olunurdu.

Brejnevin gəlişinə iki gün qalmış Elşad Quliyev məni yanına çağırıb dedi ki, get Dəmiryolu Vağzalına. Heydər Əliyev və digər dövlət nümayəndələri də orada olacaq. Mən Dəmiryolu Vağzalına gəlməli oldum. Mənə dedilər ki, Heydər Əliyevi aparan maşının arxasındakı maşınla gedəcəksən. Harada Heydər Əliyev dayanacaqsa, düşüb ona yaxınlaşacaqsan. İndiki “28 may” küçəsində, “Nizami” kinoteatrının yanında dayandıq. Heydər Əliyev məni çağırıb, kameranı hara qoyacağımı soruşdu. Mən nəzərdə tutuduğum çoxmərtəbəli evi göstərib, buradan çəkəcəyimi söylədim. Orada bir sıra dövlət nümayəndələri, DTK əməkdaşları dayanmışdılar və diqqətlə mənə qulaq asırdılar. Sonra indiki Bülbül prospekti ilə aşağı düşdük və vaxtilə indiki Zərifə Əliyeva küçəsində yerləşən, vaxtilə Heydər Əliyevin yaşadığı evin qarşısında dayandıq. Bu evin damı kameranın yüksək nöqtədə quraşdırılması baxımından əlverişli idi. Mən həmin binanı göstərib, planımı açıqladım, Heydər Əliyevə məruzə etdim ki, orada daha bir kamera dayanacaq. Onu da deyim ki, kamera çatmırdı, buna görə də bir neçə kameranı “Azərbaycanfilm” kinostudiyasından götürdük.

Qərara almışdım ki, kameralardan birini də Vağzalın üstündə olan mehmanxananın dördüncü, yaxud beşinci mərtəbəsinə yerləşdirim. Bu barədə rəsmi şəxslərə məlumat verdim. Çünki həmin nöqtədən bütün platforma görünürdü. Mənə vacib olan L.İ.Brejnevin hansı vaqonda olacağı, hətta hansı qapıdan düşəcəyini bilməyim idi. Bu sualı dövlət rəsmilərinə verəndə sualıma cavab tapa bilmədim, onları qınamıram, çünki bunu bəri başdan bilmək çətin idi. Təviş içində idilər. İstəyirdim ki, kameranı həmin qapı ilə üzbəüz qoyum. Burada zərgər dəqiqliyi lazım idi. Ölçüb-biçsələr də, dəqiq məlumatları yox idi. Bu sorğum Heydər Əliyevə çatdırıldı və məsələ dərhal öz həllini tapdı. Bilirsiniz, peşəkarlıqda güzəştə getmək olmaz. Beləliklə mən filmi çəkdim. Adı “Azərbaycan geniş addımlayır” idi. Filmin rejissoru olmaqla yanaşı həm də ssenari müəlliflərindən biri idim. Amma filmə mətni Vladimr Siniçin yazmışdım. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ton studiyasında Heydər Əliyev və bəzi büro üzvlərinin iştirakı ilə filmə baxış keçirilərkən, Heydər Əliyev mətnlə bağlı öz qeydlərini vurğulayaraq əlimi sıxdı və mənə “Sən həmişə olduğu kimi öndəsən!” söylədi. Vasif Babayev ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini dəfələrlə müxtəlif vaxtlarda mətbuat səhifələrində, televiziya ekranlarında bölüşüb.

Vasif müəllimin ömür yolu zəngin bir irsdir. Bu irsdə həm peşəkarlıq sirlərinə rast gəlmək olar, həm də vətənə əsl sevginin mahiyyətinə. O, şəxsiyyət və vətəndaş anlayışlarını öz xarakterində mükəmməl birləşdirib və sonucda əsl portret yaratmağa müvəffəq olub. Bu portretin digər portretlərindən fərqli cəhətləri var və onlar kifayət qədər çoxdur. Çünki o, tarixin özüdür. Tarixi Daşıyan İnsanın Portreti!

P.S. 16 sentyabrda televiziya və kino rejissoru, Xalq artisti, Prezident təqaüdçüsü Vasif Babayevin 76 yaşı tamam olur.

Kamran QASIMOV
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Kinoşünaslıq” kafedrasının müəllimi

 





16.09.2016    çap et  çap et