525.Az

"Konstitusiyaya əlavə və dəyişikliklərin qəbul olunması vacibdir"


 

VÜQAR BAYRAMOV: "TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏRİN QƏBULU İQTİSADİYYATIN DİVERSİFİKASİYASI İLƏ BAĞLI DAHA GENİŞ MİQYASLI İSLAHATLARIN APARILMASINA ZƏMİN VƏ BAZA YARADACAQ"

"Konstitusiyaya əlavə və dəyişikliklərin qəbul olunması vacibdir"<b style="color:red"></b>

"Azərbaycan cəmiyyəti inkişaf edir. Bu, istisadiyyatda, cəmiyyətdə, həm də qanunvericilik bazasının təkmilləşməsində özünü göstərir. Ölkədə insan haqlarına yüksək dəyər verilir, ölkə başçısının apardığı düzgün və gələcəyə hesablanmış siyasi kursu sayəsində siyasi sabitlik tam təmin olunub".

Bunu SİA-ya Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, inkişafın yeni mərhələsinə qədəm qoyması və daha böyük uğurlara imzalar atılması üçün 26 sentyabrda ümumxalq səsverməyə təqdim olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin qəbul olunması vacibdir: "Referendum aktına təqdim olunmuş məsələlər Azərbaycan xalqının maraqlarına tam cavab verir və xalqımızın yaxşı yaşamasına, ölkəmizin gələcək təhlükələrdən qorunmasına xidmət edəcək".

Millət vəkili bildirib ki, ölkəmiz üçün belə əhəmiyyətli dəyişikliklər ölkəmizdəki sabit və inkişaf edən həyatını görməyən xarici və daxili qüvvələri narahat etməyə başlayıb: "Əgər ölkədə müxalifət mitinq keçirirsə, sərbəst toplaşaraq öz fikirlərini ifadə edə bilirsə, bu da Azərbaycanda mövcud insan haqlarına hörmətlə yanaşmasının və ölkədə olan yüksək demokratiyanın göstəricisidir. Çox təəssüf ki, özlərini radikal müxalifət adlandıran bir qrupun mitinq keçirmək fikirləri də ölkədəki inkişafın gözü götürməzliyinə və bəd niyyətli xarici qüvvələrə xidmətinə əsaslanır. Bu qrupun istəyi xarici havadarların maraqlarını ölkəmizdə həyata keçirməsi və mövcud sabitliyi pozmaqla sabitlik adası adlanan Azərbaycanı müharibə ocağına çevirməkdir. Amma onlar burada bir məqamı yaddan çıxarıblar ki, Azərbaycanda öz yaxın qohumlarından başqa onları dəstəkləyən heç kim yoxdur. Artıq Azərbaycan xalqı əyrini düzdən ayıra bilir. Onlar unudublar ki, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birliyə heç bir xarici qüvvə xələl gətirə bilməz. Referendumla bağlı yerlərdə, görüşlərdə ölkə vətəndaşlarının Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri yüksək dəstəklədiklərini görürük və birmənalı olaraq hamı ölkəmizin gələcəyini, ölkə başçısının yanında birləşməklə onun siyasi kursunu dəstəkləməkdə gördüklərini ifadə edirlər".

İqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklər eyni zamanda ölkəmizdə aparılan iqtisadi islahatların miqyasının genişlənməsinə, idarəetmə sistemin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan yaradacaq. O "Olaylar"a bildirib ki, bu dəyişikliklər post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən islahatların sürətləndirilməsinə geniş baza formalaşdıracaq:

"Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108,110) idarəetmə sisteminin institutsional təkmilləşməsi, onların səlahiyyətlərinin optimallaşdırılması və dəqiqləşdirilməsinə imkan yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsinə imkan yaradacaqdır. Həmin dəyişikliklərə əsasən, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanın siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulub. İstər birinci vitse-prezident, istərsə də vitse-prezidentlər institutlarının yaradılması islahatların idarəedilməsinə və qərarların optimallaşdırılmasına imkan yaradacaq. Bir sıra inkişaf etmiş ölkələrdə vitse-prezident institutunun uğurla fəaliyyət göstərdiyini nəzərə alsaq bu praktika Azərbaycan üçün də əlverişli olacağını söyləmək mümkündür.
 
Belə ki, bu islahatların aparılmasına daha modern və fərqli yanaşmasının reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında çevikliyi də artıra biləcək. Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinin islahatların daha dərindən dəstəklənməsi istiqamətində qurulması demək olacaq. Bu iqtisadi islahatların genişləndirilməsi üçün koordinasiya edilmiş və eləcə də modernləşmiş yeni idarəetmə aparatının formalaşması deməkdir. Belə ki, idarəetmə sistemində həyata keçiriləcək dəyişikliklər iqtisadiyyatın şaxələnməsinə hədəflənən islahatlar üçün institutsional baza formalaşdıracaq. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər iqtisadiyyatın diversifikasiyası ilə bağlı daha geniş miqyaslı islahatların aparılmasına zəmin və baza yaradacaq".

Ceyhun ABASOV

 





16.09.2016    çap et  çap et