525.Az

Anti-Azərbaycan dairələrin ölkədə sabitliyi pozmaq cəhdləri


 

SİYAVUŞ NOVRUZOV: "SON HADİSƏLƏR MÜXALİFƏTİN XARİCDƏN MALİYYƏ DƏSTƏYİ ALMAQ VƏ AZƏRBAYCANDA GEDƏN UĞURLU İŞLƏRƏ KÖLGƏ SALMAQ CƏHDİ KİMİ DƏYƏRLƏNDİRİLMƏLİDİR"

Anti-Azərbaycan dairələrin ölkədə sabitliyi pozmaq cəhdləri<b style="color:red"></b>

Ötən bazar günü Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılıqlı olaraq təşkil etdiyi mitinq neçə gündür ki, ictimaiyyətin gündəmindən düşmür.

Məsələ burasındadır ki, referendum ərəfəsində müxalif qüvvələrin etiraz aksiyası keçirməsi cəmiyyətdə birmənalı qarşılanmır. Ayrı-ayrı ekspertlər hesab edir ki, Milli Şura xarici anti-Azərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmağa çalışır.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bildirib ki, AXCP 1990-cı illərdəki səviyyəsində qalıb: "Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın. Həbslərə başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub. Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar".

Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, onlar Seçki Məcəlləsinin əleyhinə olaraq mitinq keçirirlər: "Çünki nə Milli Şura, nə də Musavat partiyası referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Ona görə də onların keçirdiyi mitinq qanunsuzdur".

 YAP rəsmisi "Femida.az"a bildirib ki, referendumla bağlı bütün mitinq və tədbirlərin keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənir: "Son hadisələr müxalifətin xaricdən maliyyə dəstəyi almaq və Azərbaycanda gedən uğurlu işlərə kölgə salmaq cəhdi kimi dəyərləndirilməlidir. Qısaca olaraq, öz qohum-əqrabalarını, dost -tanışlarını və pulla tutub yığdıqları adamlarla tədbir keçirirlər. Mitinq keçirmək hər bir insanın, təşkilatın hüququdur. Amma əgər kimsə referendumun lehinə (və yaxud da əleyhinə) mitinq keçirmək istəyirsə, mütləq Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməlidir. Əgər keçməyibsə, onların təşviqat qrupu kimi mitinq keçirməsi qeyri-qanunidir. Buna görə də bunlara nə icazə verilməlidir, nə də şərait yaradılmalıdır. Onlar Bakı Şəhər İcra Hakimiyyətinə tamamilə başqa ad altında müraciət ediblər. Edilən xəbərdarlıqlara baxmayaraq, mitinqdə istər irqi ayrıseçkilik, istər şərəf və ləyaqətin pozulması, istərsə də referendumla bağlı qeyri-qanuni şüarlar səsləndirildi. Yəqin ki, onlar mitinq üçün bir daha müraciət etsələr, bu məsələyə baxılar. Referendumla bağlı kimsə tədbir keçirirsə, bu, artıq seçki məcəlləsi ilə tənzimlənir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, bir neçə il öncə Azərbaycanın xarici siyasətinin strateji hədəflərinin dəyişdirilməsi üçün referendum keçirməyə hazır olanlar indi ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş ümumxalq səsverməsinin əleyhinə çıxış edirlər. O SİA-ya bildirib ki, ABŞ-Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışırlar və öz ənənəvi metodlarından əl çəkməyiblər: "Bu şəbəkənin idarəçiliyində olanlar da təbii ki, öz mahiyyətlərini dəyişməyiblər. Yəni, görünən odur ki, Əli Kərimli və onun ətrafı anti-Azərbaycan dairələrinin sifarişlərini yerinə yetirməkdə israrlıdır. Onlar yenə də hər zaman olduğu kimi Azərbaycanın imicini ləkələmək və ölkədə gərginlik yaratmaq üçün konkret sifariş icra edirlər".

Politoloq qeyd edib ki, sentyabrın 11-də keçirilmiş mitinqə Qərb dairələrinin, habelə bəzi region ölkələrinin yaxından dəstəyi açıq şəkildə müşahidə olunub: "Nəzərə almaq lazımdır ki, son vaxtlar AXCP ilə Gülən camaatı arasında əlaqələr müəyyən edilib, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb. Bu barədə irəli sürülən təkzibolunmaz faktları diqqətə alsaq, proseslərin vahid mərkəzdən idarə olunduğunu, bəzi maraqlı qüvvələrin isə situasiyadan istifadə etmək niyyətini görmək olar. Göründüyü kimi, ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər. Əli Kərimli müxtəlif istiqamətlərdən Azərbaycana qarşı yönəlmiş həmlələri dəstəkləməklə, ənənəvi olaraq anti-Azərbaycan dairələrin sifarişlərini icra etməklə istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir".

AZAD

 





16.09.2016    çap et  çap et