525.Az

Ermənistanda istefa, yeni hökumət və perspektivləri


 

Ermənistanda istefa, <b style="color:red">yeni hökumət və perspektivləri</b>

Ermənistanın baş naziri Ovik Abramyan 8 sentyabrda istefaya getdi.

Bu istefanın səbəbi ölkənin son 25 ildə qarşılaşdığı və artıq sümükləşdiyi iqtisadi, sosial problemlərin Abramyanın da həll edə bilməməsi və son zamanlarda ölkədə cərəyan edən siyasi hadisələrlə bağlıdır. Bu hadisələri qısaca aşağıdakı kimi təsnif etmək olar:

-2015-ci il 6 dekabrda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçidi təmin edən referendumdan sonra siyasi hakimiyyət uğrunda yaşanan mübarizənin yeni müstəviyə keçməsi;

-cari ilin aprel ayında Ermənistanın atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlaması və nəticə olaraq Azərbaycan ordusunun əks hücumu nəticəsində işğal altında olan bəzi əraziləri geri alması;

-17 iyulda Təsisedici Parlament hərəkatına bağlı "Sasna Çrer'' silahlı qrupunun Erebunidə post-patrul alayını ələ keçirməsi nəticəsində üç nəfər polis əməkdaşının öldürülməsi və bu zaman hökumətin, xüsusilə də baş nazir Ovik Abramyanın nümayiş etdirdiyi passiv mövqe.

Ermənistanda son 25 ildə 13 baş nazir dəyişmişdir və bu o deməkdir ki, baş nazirlər ortalama 1.9 il hakimiyyətdə qalmışdır. Ən az müddətdə baş nazir Vazqen Manukyan (1 sentyabr 1990-30 yanvar 1991, beş ay), ən çox müddətdə baş nazir isə Andranik Marqaryan (12 may 2000-25 mart 2007, yeddi il) olmuşdur.

Bu prosesi və siyasi hakimiyyət uğrunda yaşanan mübarizənin yeni müstəviyə keçməsini anlamaq üçün referendumdan sonra Ermənistanda nələrin dəyişdiyini bilmək vacibdir. Referendum nəticəsinə görə:

-prezident yeddi il müddətinə seçilir (əvvəllər beş illiyə və iki dəfə seçilmə haqqı vardı);

-prezidenti xalq yox, millət vəkilləri və yerli özünüidarəetmə orqanlarının nümayəndələri seçir. Bu nümayəndələr millət vəkillərinin sayı qədər olacaq;

-prezidentin bir dəfə seçilmə haqqı var;

-ali icraedici orqan dövlətin xarici və daxili siyasətini həyata keçirən hökumət olur;

-hökumət, eyni zamanda, dövlət idarəetmə sisteminə rəhbərlik edir;

-prezident parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın və yaxud blokun liderini baş nazir təyin edir;

-parlamentdə təmsil olunan siyasi partiyalar baş nazir məsələsində razılığa gəlməsə parlament buraxılır;

-silahlı qüvvələr hökumətə tabe olur və baş nazir Ali Baş Komandan olur;

-proporsional sistemə görə seçilən parlament 101 deputatdan ibarət olur;

-parlamentdə milli azlıqlara yer ayrılır;

-parlamentdə sabit çoxluq təmin edilmədikdə səsvermənin ikinci mərhələsi keçirilir. Bu zaman sadəcə ən çox səs toplayan iki partiya iştirak edir;

-Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişir. Komissiya üzvləri deputatların ümumi sayının 3/5-nün səsverməsi ilə seçilir və ardıcıl olaraq,  iki dəfə seçilmə haqqına malikdir.

Referendumun keçirilməsinin əsas məqsədi Ermənistan prezidenti Serj Sərkisyanın hakimiyyət müddətini uzatmaq və yeni Konstitusiyaya görə ilk və son dəfə yeddi illik prezident seçilməsini təmin etmək idi. Qeyd edək ki, Sərkisyan iki dəfə prezident seçilmişdir və 2018-ci ildə hakimiyyətinin on ili tamam olacaq.

Konstitusiya dəyişikliyinə görə prezident simvolik xarakter daşıyacaq, icraedici orqan baş nazir timsalında hökumətə veriləcəkdir. Bu o deməkdir ki, Sərkisyan Dağlıq Qarabağ probleminin həll edilməsində siyasi məsuliyyəti çiyinlərindən atır və yeni konstitusiyaya görə bu məsələdən baş nazir məsuldur.

Ermənistanda müxalif siyasi partiyaların parlament üsul-idarəsində fəaliyyət təcrübəsi yoxdur, Ermənistan vətəndaşlarının da həmçinin. Konstitusiyada göstərilməsinə baxmayaraq, siyasi partiyaların hansı qanunlar çərçivəsində fəaliyyət göstərəcəyi məlum deyil. Hakim partiyanın mövqeləri güclənmişdir. Yaxın gələcəkdə Ermənistandakı bir çox kiçik siyasi partiyanın siyasi səhnədən silinməsi ehtimalı var.

Aprel hadisələrindən sonra Ermənistanda ciddi siyasi böhran yaşandı. Bu böhran həm iqtidarda təmsil olunan güclər arasında, həm müxalif partiyaların hökumətə münasibətində, həm də ictimai rəydə hiss edildi. Ermənistanın son 25 ildə iddia edildiyi kimi güclü dövlət olmadığı, ordu quruculuğunda ciddi problemlərin, siyasi və iqtisadi həyatın bütün sahələrində rüşvətin və korrupsiyanın yüksək səviyyədə olduğu, xalq və hökumət arasında dərin uçurumun olduğu gerçəkliyi ortaya çıxdı.

Ermənistan son 25 ildə yanlış iqtisadi, sosial, xarici və təhlükəsizlik siyasəti həyata keçirdiyi reallığı ilə qarşı-qarşıya qaldı. Sərkisyan iqtidarı bu böhrandan minimum itkilərlə çıxmağa çalışsa da, ciddi yaralar aldı və yaşanması ehtimal edilən başqa siyasi böhranın qarşısının alınmasında nə qədər çətin vəziyyətə düşəcəyi ehtimalı artdı. Belə ki, 17 iyulda silahlı qrupun post-patrul alayına hücum etməsindən sonra iqtidarın nə qədər aciz vəziyyətdə qaldığı ortaya çıxdı. 

Sərkisyan iqtidarı aprel hadisələrindən sonra yaşanan siyasi böhrandan çıxmadan "Sasna Çrer'' silahlı qrupunun törətdiyi terror aktı hökumətə ciddi zərbə vurdu. Ölkədə yaşanan iqtisadi, sosial və siyasi problemlər, Dağlıq Qarabağ problemində Ermənistanın mövqeyinin zəifləməsi, xarici və təhlükəsizlik siyasətinin iflas etməsi xalqı meydanlara topladı. "Sasna Çrer'' silahlı qrupunun törətdiyi terror aktı xalqın meydanlara çıxmasını tətikləyən əsas amil oldu. Doğrudur, Ermənistanın digər bölgələrində ciddi etiraz dalğası başlamadı, amma təkcə İrəvanda yaşananlar, meydana çıxanların sosial, siyasi tələbləri gündəmə gətirmələri hökuməti qorxuya saldı. Avqustun 1-də "Sasna Çrer'' silahlı qrupu könüllü şəkildə təslim oldu və böhran bitdi. Diqqət ediləsi məqam odur ki, böhran hökumətin aldığı tədbirlər nəticəsində deyil, silahlı qrupun könüllü təslim olması ilə bitdi. Bu prosesdə Ovik Abramyan hökumətinin nə qədər yarıtmaz fəaliyyət göstərdiyi məlum oldu. Üç həftəyə yaxın davam edən "Sasna Çrer'' böhranında baş nazir heç bir bəyanat vermədi, sanki bu hadisələr başqa bir dövlətdə baş verirdi. Baş prokuror Qevorq Kostanyanın istefa etməsi, Erebuni polis rəisi və Daxili İşlər Nazirliyində və Milli Təhlükəsizlik Xidmətində bir neçə yüksək rütbəli zabitin işdən çıxarılması hakimiyyət daxilində ciddi anlaşılmazlıqların yaşandığını göstərir.

"Sasna Çrer'' silahlı qrupunun törətdiyi terror aktından sonra Serj Sərkisyan yeni hökumətin qurulacağı barədə fikir bildirərək bunun "milli razılaşma hökuməti'' olacağını dedi. Nəhayət Sərkisyan Ovik Abraamyanın istefasını qəbul edib yeni hökumətin qurulmasını Karen Karapetyana həval etdi.

14 avqust 1963-cü ildə doğulan Karapetyan 1986-cı ildə İrəvan Universitetinin tətbiqi riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib, 2001-2010-cu illərdə Armrosqazprom (indiki Qazprom-Armeniya) kompaniyasının baş direktoru, 2010-cu ilin dekabr ayından 2011-ci il oktyabr ayına qədər İrəvan meri, 2011-ci ildən Qazprombankın vitse-prezidenti, 2012-ci ilin noyabr ayından isə Qazprom mejreqionqaz kompaniyasının baş direktorunun strateji inkişaf üzrə müavini vəzifələrində işləyib. Karapetyanın iş təcrübəsinə diqqət edərkən, bir illik İrəvan meri işləməsindən başqa dövlət idarəçilik mexanizmində ciddi təcrübəsi olmadığını müşahidə etmək mümkündür. Hakim Respublika Partiyasının üzvü olması haqqında da məlumat yoxdur. Nazirlər Kabinetindən birinin baş nazir təyin edilməməsi onu göstərir ki, Sərkisyan dövlət idarəçiliyində təcrübəsi olmayan birini baş nazir təyin edərək, 2017-ci ildə keçiriləcək parlament, 2018-ci ildə keçiriləcək prezident seçkilərində daha rahat işləyə biləcəyi, sözə baxan birini seçmişdir. Beynəlxalq şirkətlərdə təcrübəsinin olmasına baxmayaraq, böyük bir ehtimalla Karapetyan hakimiyyət kulislərində nələrin baş verdiyindən, siyasi mübarizənin dinamiklərindən o qədər də məlumatlı deyil.

Bəzi Ermənistan mətbu orqanları Karapetyanı "dəyişikliklərin simvolu'' və hakimiyyət daxilində "konsensusun simvolu'' kimi görsə də, bəziləri Rusiyanın adamı kimi xarakterizə edir. Hətta bu mənbələr "Moskva Karapetyanı buraxıb və Ermənistana ezamiyyətə göndərib?'' kimi informasiyaları manşetdən verib. Bəzi mənbələr isə Rusiyanın adamı olduğu bilinən Karapetyanın baş nazir postuna gətirilməsinin son zamanlarda gərginləşən Ermənistan-Rusiya münasibətlərinin qaydaya salınmasına vəsilə olacağını iddia edir. Amma iki ölkə arasındakı gərginliyə diqqət etdikdə bunun son 25 ildə Ermənistanın həyata keçirdiyi yanlış xarici və təhlükəsizlik siyasətinin nəticəsində yaşandığını görmək mümkündür. Karapetyan bəlkə bu gərginliyi müəyyən qədər azalda bilər, amma həll edə bilməz.

Karapetyanın baş nazir postuna namizədliyi böyük bir ehtimalla Rusiya ilə də razılaşdırılıb. Rusiyaya aid beynəlxalq kompaniyada yüksək vəzifə tutan Karapetyan Qərb siyasi düşüncəsi və demokratiya anlayışına sahib olacaq biri deyil. Karapetyanın baş nazir postuna gətirilməsi Avropa və ABŞ ilə münasibətlərdə müəyyən dərəcədə soyuqluq yaranmasına səbəb ola bilər. Ermənistanın ictimai-siyasi həyatında tanınmayan, klanlararası mübarizədə iştirak etməyən, özünün böyük biznesi olmayan Karapetyanın "konsensus simvolu'' və ya "Rusiyanın adamı'' olub olmaması işə başlamasından 2-3 ay sonra bəlli olacaq.

Karapetyan 2017-ci ildə keçiriləcək parlament seçkilərinə və yaxud 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər baş nazir postunda qala bilər. Konstitusiya islahatından sonra parlament və prezident seçkiləri yeni sistemlə keçiriləcək. Bilinən heç bir siyasi partiyada təmsil olunmayan Karapetyanın bu yeni sistemdə baş nazir postunda qalacağı ehtimalı prezident ilə münasibətlərinə və iqtisadi islahatların uğurlu nəticələr əldə etməsinə bağlıdır. Karapetyanın baş nazir postunda uzun müddət qalmasında əsas rolu onun oliqarx klanlarından heç birinə daxil olmaması faktı oynayacaqdır. Amma Ermənistanın daxili ictimai-siyasi həyatının dinamikası və iqtisadi islahatların həyata keçirilməsi prosesi dəyərləndirilərsə, Karapetyan özü oliqarx ola və ya hər hansı bir oliqarx klanı yanında yer ala bilər. Bir başqa ifadə ilə Karapetyan hələlik yeni keçid dövrünün baş naziri olacaq.

Newtimes.az
Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 





17.09.2016    çap et  çap et