525.Az

Elçin İsgəndərzadənin şeirləri


 

Elçin İsgəndərzadənin <b style="color:red">şeirləri</b>

Xoşbəxtlik

Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də  xoşbəxt olmalı,
gözünün ikisi də gülməli-
biri güləndə,
biri ağlamamalı...

Gəzirəm

Tofiq Abdinsizliyə

Gözümdə dünya yolları,
bir yol gəzirəm, gəzirəm.
Əlimi atıb tutmağa
bir kol gəzirəm, gəzirəm.

Ömrün bu itkin çağında,
çölündə, düzdə, dağında,
gəlməyə yolun sağında,
bir sol gəzirəm, gəzirəm.

Namərd, viranlıq dünyada,
qarışıq, toranlıq dünyada,
Bu qədər qaranlıq dünyada,
bir nur gəzirəm, gəzirəm.

Bilmirsən sonrası

Qəfil hava çönür, yağış başlayır,
ömrünə kədərdən naxış başlayır,
dünənə bugündən baxış başlayır,
elə bilirsən ki... göynəməlisən.

Çırpılır üzünə dərdin küləyi,
hər şeyin yerində qalır heç nəyin,
sən belə hər şeyi, belə hər şeyi,
sonunda heç nə tək bilməməlisən.

Gün gəlir, günlərin axarı dönür ,
bacanın tüstüsü, buxarı dönür,
sonra yandırdığın ocaqlar sönür,
bilmirsən sonrası... neynəməlisən.

Bir ovuc

Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.

Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki, ayağımın altında
 yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.

Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.

Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.

Ölü şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.

Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.

Sonuc

bütün yollarını getdim həyatın,
bütün yolları getdim.
Sonra yerlər axtardım getməyə,
və bütün yerlərdə
hər şeyə gec qaldım.

Gec qaldım bir ömürə...
Ancaq ayaqlarım dartındı getməkdən yana.

Heç həyatımın soruları da eynimə gəlmədi...
Eynimə gəlmədi ki,
bu gecqalmışlıq,
bu gicqalmışlıq nədən oldu.

Nədən oldu ki, indi mən hər şeyə
ən ehtiyacsız biri,
ehtiyaclar içində getmələrə bəndəm-
və getmələr axtarıram hamıda.

Amma baxıb görürəm ki,
hamıdan getmişəm,
ən çox da özümdən.

Unutma

Sən getmədən əllərin çıxıb gedirsə,
ayaqların sənsiz yüyürürsə dərdlərin üstünə,
ürəyin hardasa itirsə
və bir hekayədə adın bumbuz keçirsə....

Daha bu yaşamaq deyil,
ömür-gün deyil,
sabahlara oyanmaq deyil,
sabahlara ölməkdi...
Hər sabah belə ölürsənmi, günəş doğanda.
Ya günəşin doğduğunu heç gördünmü,
yoxsa mənim kimi kimsəsizliyin
bir küncündə oturmusan öz qaranlığında.

Sən getmədən bir sevda gedirsə səndən,
yüz bahar da gələ gözəlləşə bilmirsən.
Amma bir baharla gözəlləşərdin,
bunu heç unutma.

Xoşbəxtliyin rəngi

Hər kəs bədbəxtliyin bir küncünə qısılı,
heç kəs xoşbəxt olduğunu bilmir...

Çobanyastığının ləçəkləri kimi
ömür tökümündə bir ümid gözləyir hərə.
Ya gələcək, ya gəlməyəcək.

Hətta... xoşbəxtlikdən anlamır
xoşbəxt olanlar da.
Elə bilirlər ki, xoşbəxtlik nədisə
bir başqadı...
Və tanıdığım bir qadına görə
ala bilmədiyi çox bahalı kürkdü,
Parisə getməkdi,
Eyfelə çıxmaqdı.

Bu bədbəxt balası, bədbəxt
heç xoşbəxtlikdən anlamır.
Anlamır ki, oğlu sağlamdısa,
əri onu sevirsə,
bir damı varsa yaşamağa, xoşbəxtdi.
Sonra bir qadın tanıyıram,
15 ildir xəstə balasını qucağında gəzdirən.
Xoşbəxtlik ona görə,
balasının sağalmasıdır,
balasının yüyürməsidir,
lap özü ölsə də belə.

Və çox xoşbəxtliklər
ağrıların üstündə düyün.

Mən çoxdan xoşbəxtəm,
lap anadan olandan.
Xoşbəxtəm ki, həyatı gördüm...

Kim dünyanı sevdisə...

Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan,
çəkib, yığıb gedəsən.

Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla.

Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.

Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.

Dönüşsüzlük

Səhər yelləri günəşdən küsəcək,
gülüşlər dodaqlarından,
ağaclar yarpaqlarından.

səsin əks-səda verib uçrumdan yıxılacaq,
yuvalar boşalacaq,
quşlar yuvaya həsrət qalacaq.

intihar edən arzular gözlərindən asılacaq...
O gəlməyəcək.

necə ki, yağışlar yağış kimi buluda qayıtmır,
necə ki, göz yaşları gözlərinə qayıtmır.

hər şey belədi indi...
gedirlər, qayıtmırlar.

Məchulluq

Səki baxt ağartdım, qaraya qondu,
yaralı quşlar da yaraya qondu,
xəyalım bir uçuq barıya qondu,
uçuq yerlərini nəm dələr, dələr.

Hər şeyi əlimdən elə ötürdüm,
bir ömrü güdaza belə ötürdüm,
ayları, illəri yelə ötürdüm,
ardınca bir yetim gün mələr, mələr.

Bir az havasızam, bir az halsızam,
mənsizəm, kimsizəm, bir az onsuzam,
gözümlə çəkdiyim yolda yolsuzam,
bu da bir yuxudur, kim gələr, gələr.

Ayrılıq türküsü

Sən də bir gün unudulub,
gedəcəksən hamı kimi.
Uzaqlarda lövbər salıb,
qayıtmayan gəmi kimi.

Xəyalının yelkəninə,
qağayılar çırpılacaq.
Ovcundakı ürəyintək,
dalğalar da çırpınacaq.

Sən də bir gün sahillərin,
qumlarında itəcəksən.
Sonra isə bir nəğmətək,
dodağımdan ötəcəksən.

Bir nəğmə ki, dənizləri,
öz rənginə boyayacaq.
O nəğməni səndən başqa,
daha bilən olmayacaq.

Sənli xatirələr

Bütün xatirələr adına bağlı,
indi xatirənin sənsizliyidir.
Şəklimi özündə aparıb gedən,
solğun gözlərinin mənsizliyidir.

Mən sənli dünyanın sənsizliyində,
sən mənli dünyanın mənsizliyində.
Necə tutuşacaq baxışlarımız,
qaranlıq dünyanın günsüzlüyündə.

Beləsi heç olmur, elə sevəsən,
sonra həsrətlərə yovuşmayasan.
Dizində susasan ayrılıqların,
sonra da öləsən, qovuşmayasan.

Sənli xatirələr xatirə deyil,
daha indən belə sənsizlik imiş.
Mən harda varamsa, orda sən yoxsan,
 sən harda varsansa, mənsizlik imiş.

Bütün xatirələr yaralı quşdu,
uçurlar, təzədən mənə dönürlər.
Sənin mənsizliyin qara torpağa,
mənim sənsizliyim sənə dönürlər.

Bəlkə

Bir də o çöllərdə qaça bilsəydim,
bir Xarıbülbülü quca bilsəydim,
bir də o göylərdə uça bilsəydim,
dönüb bir göyərçin olardım bəlkə.

Bir də o yerlərə dəyə bilsəydim,
bir də qapımızı döyə bilsəydim,
Şuşada “can Şuşa”, deyə bilsəydim,
dönüb həmin Elçin olardım bəlkə.

Başladım

Gördüm unuda bilmirəm,
dəli olmağa başladım.
Mən bu ağca dəlilərin,
kürü olmağa başladım.

Ora qaçan, bura qaçan,
küləklərə qapı açan,
sonra küləklərlə uçan,
biri olmağa başladım.

Saçlarım yelə dağıldı,
illərim selə dağıldı,
bir ömür elə dağıldı,
ölü olmağa başladım.

Heçlik

Heç kim heç kimin deyil...
O boyda qara torpaq varkən.

Yarpaq ağacın ola bilmirsə,
balıq dənizin,
quş göyün,
yağış buludun,
canımızdan qopan sevdalar bizim.

Bizim ola bilmirsə bir əlçim külək,
küləyin apardığı səhər qoxusu.

Hər şey torpağındı...
Hətta külək də,
hətta bulud da,
hətta sevda da.

Heç kim heç kimin deyil,
heç mən də özümün deyiləm.

 





17.09.2016    çap et  çap et