525.Az

Azərbaycan inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb


 

“DÖVLƏTİMİZİN QARŞIYA QOYDUĞU MƏQSƏDLƏRƏ ÇATMASI ÜÇÜN UNİKAL İDARƏÇİLİK SİSTEMİNƏ EHTİYAC VAR”

Azərbaycan inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb<b style="color:red"></b>

“Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatlar fəlsəfəsindən irəli gəlir. Sirr deyil ki, ölkəmizdə siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə, o cümlədən, idarəetmə sistemində ardıcıl islahatlar həyata keçirilir. Yəni, davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək”.

Bu sözləri Milli Məclisin deputatı, Hüseynbala Mirələmov deyib. Deputat “Olaylar”a bildirib ki, start verilən islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir: “Bu islahatlar müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz maliyyə-iqtisadi və siyasi böhranlarla müqayisədə Azərbaycanın davamlı inkişaf göstəriciləri ölkənin hər bir vətəndaşında böyük nikbinlik və sonsuz qürur doğurur. Çünki respublikamız dünya üçün çətin keçən illərdə də öz inkişafını inamla davam etdirir və bütün sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın nailiyyətlərinin təməlində isə ölkədə məqsədyönlü siyasət sayəsində əldə olunan möhkəm daxili sabitlik, xalqla iqtidar arasındakı güclü həmrəylik dayanır. Prezident İlham Əliyevin xalqın iradəsinə əsaslanan və respublikanın davamlı iqtisadi inkişafına, cəmiyyətdən gələn sosial sifarişlərin dolğun şəkildə ödənilməsinə yönələn siyasəti ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən dərin rəğbətlə qarşılanaraq güclü şəkildə dəstəklənir. Yəni Azərbaycanın spesifik milli inkişaf yolunun ən xarakterik cəhəti məhz bu amillə şərtlənir”.

H.Mirələmov qeyd edib ki, ölkəmizdə reallaşdırılan islahatlar sırasında ardıcıl və davamlı xarakter daşıyan demokratik islahatları xüsusi qeyd etmək lazımdır: “Əlbəttə, burada başlıca məqsəd hüquqi dövlətin təməllərinin daha da möhkəmləndirilməsidir. Hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən, neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması kimi amilləri də xüsusi qeyd etmək lazımdır. Bütün bu sadalananların timsalında qeyd edə bilərəm ki, Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq və islahatların səmərəliliyini təmin edəcək”.

Milli Məclisin deputatı Elman Nəsirov isə hesab edir ki, dəyişən geosiyasi şərait, regionda baş verən proseslər, eyni zamanda Azərbaycanın öz daxili inkişaf məntiqindən doğan proseslər dövlət idarəçiliyi sistemində institutlaşma proseslərində müəyyən dəyişikliklərin edilməsini zəruri edir. O “Trend”ə bildirib ki, bu dəyişikliklər ilk növbədə idarəçilik sisteminin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: “Bu baxımdan hesab edirəm ki, sentyabrın 26-da ölkə Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir. Bu dəyişikliklər dövlət idarəçilik sistemini əhatə edir. İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir”.

E.Nəsirovun sözlərinə görə, diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır. Bunu olduqca vacib addımlardan biri sayan deputatın fikrincə, bu dəyişikliyin edilməsini şərtləndirən vacib amil odur ki, bir çox hallarda dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar üçün zamana ehtiyac yaranır: “Biz prezidentin səlahiyyət müddətinin 7 il olmasına keçirik, dünyada isə 7 illik prezidentlik yoxdur” kimi yanaşma düzgün deyil. Bu baxımdan biz “pioner” deyilik. Çünki bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada isə 6 illik prezidentlik müddəti var. Burada əsas məqsəd Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu təminatına nail olmaq üçün zaman qazanmaqdır”.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisə sayan E.Nəsirovun sözlərinə görə, məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir: “Vitse-prezidentlik institutunun daha çevik olacağına heç kəsin şəkk-şübhəsi yoxdur. Azərbaycanda Prezident və administrasiyasının kifayət qədər çevik və qətiyyətli fəaliyyət göstərdiyi heç birimizə sirr deyil”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb: “Buna nail olmaq üçün Azərbaycanın unikal idarəçilik sistemi olmalıdır”.

Azərbaycanda prezident idarəçiliyinin, eyni zamanda Nazirlər Kabinetinin olduğunu xatırladan institut direktoru bildirib ki, hökumət bir çox hallarda çox sürətlə dəyişən reallıqlara, çevik qərar verilməsi tələb olunan proseslərə adekvat reaksiya verə bilmir. Onun fikrincə, bu, heç də Nazirlər Kabinetinin pis işləməsinin nəticəsi deyil: “Sadəcə olaraq, qurumun işlək mexanizmi belədir. Burada kollegiallıq prinsipi var ki, bu da zaman baxımından çevikliyi məhdudlaşdıran amildir”.

Ceyhun ABASOV

 





17.09.2016    çap et  çap et