525.Az

Birinci Türkoloji Konqresdən qeydlər


 

Birinci Türkoloji Konqresdən qeydlər<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Professor Malov (S.E.Malov, rus türkoloqu, əski türk yazılı abidələri üzrə mütəxəssis. Məruzəsi: "Qədim türk dillərinin öyrənilməsi" - V.Q.) Orhun yazısından, Uyğur yazısından, daha sonra ərəb əlifbasından istifadə edən türklərin əlifbalarını təkmilləşdirmək, daha mükəmməl şəkillər tapmaq xüsusiyyətini vurğulamışdır.

Maqsudov tatarca nitqində dildə xalqa doğru getmək fikrini müdafiə etdi. Səməd Ağam Aliyev "Osmanlı" təbiri yerinə "Anadolu türkü" deyilməsi fikrini irəli sürdü. Özü qurultayın rəsmi başçısıdır. Krımlı şair Şevki Bektöre (qurultayda Dağıstanı təmsil edən Krım əsilli Dobruca tatarı, türk dillərinə dair bir sıra əsərlərin müəllifi, şair - V.Q.)  təmiz, aydın Türk dilində danışdı.

Professor Yakovlev Qafqaz ölkələrində fərqli əlifbalardan istifadə məsələsinə toxundu. Bu baxımdan uğuru təmin edən şəhər əhalisinin kənd əhalisinə faiz nisbətinin yüksək olmasıdır. Ən yüksək faiz Azərbaycanda 10, Qazanda isə 4.3-dir. Bəzi nöqsanlarına görə rus əlifbasının mənimsənilməsi o qədər də əlverişli deyil. Bu nöqsanlar üzündən hətta rus əlifbası bir sıra slavyan əsilli millətlər tərəfindən də qəbul edilməmişdir. Ərəb əlifbasının xristian dininə sitayiş edən xalqlara təklif olunmasını yersiz sayır. Bütün bu amilləri nəzərə aldıqda ən əlverişlisi latın əlifbasıdır.

Qazanlı Alparos (İ.X.Alparov -türkoloq, qazax və türkmən əlifbalarının müəllifi - V.Q.) əlifba məsələsində mühafizəkar mövqe tutaraq ərəb hərflərinin estetik dəyərindən, hər biri ayrıca bir sənət əsəri olan cami divarlarındakı lövhələrdən söz etdi. Nəşriyyatlarda istifadə olunan 250-300 hərfi müəyyən bir həddə qədər azaltmaq mümkündür. Hərf dəyişdirmək isə zəruri deyildir.

Qazax Turyakov (əslində N.T.Turyakulov, publisist, filoloq, partiya və dövlət xadimi, diplomat. Qurultayın on birinci iclasında latın əlifbasına keçidi zərurətə çevirən səbəblər haqqında məruzəsi dinlənilmişdi - V.Q.) Ərəb əlifbasının əleyhinə danışdı. Qazaxıstanda tətbiq olunan ərəb əlifbasının tamamilə iflasa uğradığını bildirdi. O, radikal əhval-ruhiyyədədir və qeyd-şərtsiz latın əlifbasına keçilməsinin tərəfdarıdır.

Qaraçay nümayəndəsi Ömər Əliyev (Ö.C.Əliyev, Qaraçay maarifçisi, qaraçay-balkar dili qrammatikasının müəllifi. Qurultaydakı məruzəsi qrafika sistemlərinə həsr olunmuşdu - V.Q.) Şimali Qafqazdakı məktəblərdə latın əlifbası ilə aparılan təlimin ərəb əlifbasından daha uğurlu olduğunu bildirdi. Min illər bundan əvvəl ixtira edilmiş bir çox alətlər, vasitələr, üsullar hazırkı dövrdə işə yaramadığı kimi  yazıçının iş aləti olan ərəb əlifbasının da bu gün bir işə yaramadığı fikrini ortaya sürdü. Fikirlərini əsaslandırmaq üçün ərəb yazıçısı Cürci Zeydana istinad etdi.

Berqayev (əslində B.E.Berdıyev, pedaqoq, Türkmənistan Xalq Maarif Komissarlığının əməkdaşı, qurultaydakı məruzəsi əlifba islahatı məsələsinə həsr olunmuşdu - V.Q.) bildirdi ki, latın hərfləri ilə yazı hər zaman soldan sağa yazıldığı halda ərəb yazısı tamamilə fərqli şəkildə dəyişmişdir. Bəzən soldan sağa, bəzən sağdan sola, bəzən isə yuxarıdan aşağı dəyişilmişdir. Bir sıra digər qüsurları da vardır. Terminologiya mütəxəssislərinin də səyləri boşuna gedir.

Xivəli Rəhimi (Ş.R,Rəhimi, özbək maarifçisi, pedaqoq - V.Q.) də ərəb əlifbası üzərində dayandı. Özbəkistanda latın əlifbasına meylin olduğunu dedi. Halbuki hərflərin islahı yolu tutulursa, bu işin illərlə, yüz illərlə davam edəcəyi və sonda heç bir səmərə verməyəcəyi fikrinə inandırmağa çalışdı. Türklər arasında ortaq əlifbanın latın əlifbası olması fikrinə tərəfdar çıxdığını bildirdi.

Professor Jirkov (L.İ.Jirkov, rus dilçisi, orfoqrafiya və lüğətçilik üzrə mütəxəssis. Qurultayın altıncı iclasında orfoqrafiya, doqquzuncu iclasda isə türk dillərinə uyğunlaşdırılacaq latın əlifbasının texniki problemləri barədə məruzələrlə çıxış etmişdi - V.Q.) ərəb hərflərindən çox qısa müddətdə imtina olunması fikrini dəstəkləmir. Onun fikrincə, indiyə qədər bu hərflərin təkmilləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdür. Bundan sonra da davam etdirilə bilər. Bu baxımdan da hələlik tələsməməyi, bir neçə il də gözləməyi və təkmilləşdirmə işini davam etdirməyi daha məqsədəuyğun sayır.

Moskva universitetinin professorlarından Yakovlev türk xalqlarının latın əlifbası vasitəsi ilə birləşməsi fikrinə önəm verir.

Özbək Xalid açıq və çox aydın anlaşılan türkcə nitqində ortaq türk dili məsələsinə toxundu. "Bütün Türklərin biri-birlərini anlamaları üçün ortaq ədəbi bir dil olmalıdır". Açaryan da müxtəlif türk ulusları arasında rabitə qurmaq üçün ortaq bir dilin olması məsələsinə toxundu və natiqin fikirlərinə şərik çıxdı.

Qorxmazov (C.Ə.Qorxmazov, qumuq maarifçisi, dövlət xadimi, diplomat və publisist - V.Q.)  və Alimcan Şərəf (Q.A.Şarafiyev, tatar əsilli türkoloq-linqvist, etnoqraf. Qurultayın altıncı iclasında "Ərəb və latın şriftlər sistemi və onların türk-tatar xalqlarının yazısı üçün istifadə problemi" adlı məruzə ilə çıxış etmişdi - V.Q.) də ortaq türkcə ədəbi dilinin lehinə danışdılar.

Alimcan İbrahimov (A.Q.İbrahimov, tatar yazıçısı, dilçi və ictimai xadim. Qurultayın altıncı iclasında türk dillərinin orfoqrafiyası ilə bağlı məruzə etmişdi - V.Q.)  Qazandakı nəşriyyat və mətbuat fəaliyyətindən bəhs etdi. "Biz bura hərflər ətrafında mübahisə açmaq üçün gəlmədik. Hər iki fikrə tərəfdarıq (söhbət ərəb və latın əlifbalarının tətbiqindən gedir - V.Q.) Yerinə görə ikisindən də istifadə oluna bilər. Ancaq artıq ortada islah edilmiş ərəb əlifbası ilə bir nəşriyyat və mətbuat olduğu üçün latın əlifbasına keçid birinci dərəcəli zəruriliyə malik bir məsələ deyildir".

Toplantıda Mustafa Quliyev Mustafa Kamalın maarif sahəsindəki işləri barədə danışdı. Fuad Köprülüzadə (türk ədəbiyyatşünası, siyasətçi və dövlət xadimi. Qurultayın on dördüncü iclasında "Türk xalqlarında ədəbi dilin inkişafı" mövzusunda məruzə etmişdi - V.Q.)  onun fikirlərini tamamladı. Atam Aliyev Mustafa Kamal Paşanın şərəfinə badə qaldırdı. Sarabski musiqinin müşayiəti ilə Mustafa Kamal Paşanın şəninə qoşulmuş mahnını oxudu. O arada mən də bir nitq söylədim. Samoyloviç də öz nitqini türkcə söylədi. Mesaroş söz alaraq özünün yabançı olmadığını dedi və belə fikirlər səsləndirənlərə etirazını bildirdi. Nahar fasiləsindən sonra professor Zirkov (mətndə bu şəkildə getmişdir, əslində Jirkov olmaldır - V.Q.) " Ərəb hərflərini qəbul edin, hərf dəyişməkdə tələskənliyə yol verməməyiniz çox vacibdir. Daha bir neçə il gözləmək və çalışmaları davam etdirmək lazımdır" - deyə məsləhət verdi. "İki reallıqdan ən yaxşısını seçin" - sözləri ilə fikrini tamamladı.

5 mart 1926-cı ildə ümumi ədəbi türk dili haqqında toplantı oldu. Samoyloviç ümumi ədəbi türk dilinin lehinə uzun bir nitq söylədi. "Daşkənd küçələrində gəzərkən məktəb görmüş yeni nəslin danışığında bir dəyişiklik baş verdiyi dərhal hiss olunur" -dedi. Təhsilini Sorbonnada almış Feyzul Kırımlı (söhbət tanınmış Ukrayna alimi, akademik-şərqşünas, mənşə etibarı ilə Litva tatarı olan A.E.Krımskidən gedir. Onun daşıdığı "Aqafangel" adı qədim yunan dilində "feyz", "xeyirxahlıq", "xeyir xəbər" mənalarını bildirir. Görünür, alimi yaxından tanıyan və  həyat tarixçəsinə yaxşı bələd olan Əli bəy bir qədər də xəfif yumor hissi ilə ad və soy adını türkləşdirmişdi - V.Q.)  Türkcə danışdı. Ümumi ədəbi türk dilindən bəhs etdi və belə bir dilin mövcudluğunun türk xalqlarını birləşdirəcəyi məsələsində Samoyloviçin fikrinə tərəfdar çıxdı.

(Ardı var)

 

 





20.09.2016    çap et  çap et