525.Az

"Müxalifətin keçirdiyi mitinqlərin heç bir effekti yoxdur"


 

ELŞƏN MUSAYEV: "ONSUZDA ONLARIN HƏM BİRGƏ, HƏM DƏ AYRILIQDA MİTİNQ KEÇİRMƏSİ İLƏ HEÇ NƏ DƏYİŞƏN DEYİL"

"Müxalifətin keçirdiyi mitinqlərin heç bir effekti yoxdur"<b style="color:red"></b>

Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu siyasət, əsrlərin sınağından çıxmış tolerant mühit, ölkədə mövcud olan sabitlik Azərbaycanı yerləşdiyimiz coğrafiyanın və müsəlman Şərqinin xaoslar, vətəndaş qarşıdurmaları yaşanmayan azsaylı ölkələrindən birinə çevirib.
 
Azərbaycanın davamlı inkişafını istəməyən bəzi xarici dairələr isə milli dövlətçiliyimizi yeni keyfiyyət mərhələsinə daşıyacaq ümumxalq səsverməsi ərəfəsində mövcud sabitliyi pozmaq üçün birgə fəaliyyətə keçiblər.

Ekspertlər hesab edir ki, radikal müxalifət başçıları Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra Milli Şura və Müsavat mitinq keçirmək haqda qərar verib. Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də bəzi Qərb dairələrinin Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçdiyini sübut edir. Ekspertlərin gəldiyi qənaətə görə, qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal "Müsəlman Birliyi"nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. Məlumata görə, AXCP ilə Gülən camaatı arasında illərlə əvvəl yaranmış sıx əlaqələr bu gün də davam edir, FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir. Bildirilir ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq" radiosu müasir jurnalistikasının ən elementar şərtlərini, media ilə bağlı qanunvericilik tələblərin, hətta öz nizamnaməsini belə kobud şəkildə pozaraq aksiyaların həm təbliğatçısı, həm də təşkilatçısı kimi çıxış edir, canlı yayım, iştirakçılardan müsahibələr, sosial şəbəkələrdə aktiv müzakirələr vasitəsilə müxalif kəsimi yönləndirir.Uzun müddətli monitorinqlər göstərir ki, Azərbaycan oxucusu və dinləyicisinə ünvanlanan neobolşevik "İskra" və "Pravda"ların fəaliyyəti yalnız ölkədə vətəndaş-hakimiyyət münasibətlərinin gərginləşməsinə yönəlib. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər.

Lakin keçirilmiş üç mitinqin fiaskoya uğraması radikal qrupların və onların xaricdəki havadarlarının planlarını alt-üst edib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşən Musayev deyib ki, AXCP ilə Müsavatın birgə mitinq keçirmələri haqqında təlimat çoxdan verilib. O SİA-ya bildirib ki, sadəcə olaraq hər iki partiya bir-birlərinə qarşı olan kin-küdurət üzündən heç cür biraya gələ bilmirlər: "Onsuzda onların həm birgə, həm də ayrılıqda mitinq keçirməsi ilə heç nə dəyişən deyil".

Deputatın sözlərinə görə, müxalifətin keçirdikləri uğursuz mitinqin hər kəs şahidi olub: "Məsələ ondandır ki, müxalifətin keçirəcəyi mitinqdən heç bir gözləntilər yoxdur. Hesab edirəm ki, istər xarici dairələr, erməni lobbisi, istərsə də səfirliklər müxalifətə pul müqabilində Azərbaycan hakimiyyətinə qarşı çıxmağa tələb etməsinin belə heç bir effekti olmayacaq. Onlar buna nail ola bilməyəcəklər".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, radikal düşərgədə bu günə qədər siyasi proseslərə yanaşma tərzi, demək olar ki, dəyişməyib. O "Milli.az"a bildirib ki, bu insanların düçüncələri də 90-cı illərdən bu günədək, təəssüflər olsun ki, bir addım da irəliləməyib: "Bu fəaliyyət təkcə həmin o düşərgənin özünə və orada vaxtını itirən bir qrup azsaylı insana deyil, eyni zamanda Azərbaycanda çoxpartiyalı sistemin və siyasi partiyalar arasında münasibətlərin daha da inkişaf etməsinə maneə yaradır. Bu insanların ölkə siyasətində uzun müddət mövcud olması son nəticədə Azərbaycanın daxili siyasətinə də müəyyən təsir göstərib".

E. Mirzəbəylinin sözlərinə görə, mitinqə cəlb edilən insanların bir qismi muzdlular olub: "Müsavat" "Milli Şura" ilə birgə mitinq keçirməyi planlaşdırır. Yaxşı baxsaq, görərik ki, bəzi adamlar həm "Milli Şura"nın, həm "Müsavat"ın mitinqində iştirak ediblər. Eyni adamların iki fərqli mitinqdə iştirak etməsi göstərir ki, onların böyük əksəriyyəti muzdlu insanlardır və bu barədə çoxsaylı faktlar var. "Milli Şura" ilə "Müsavat" arasında bu mitinq yarışının əslində səbəbi ayrılan vəsaitlərin bölüşdürülməsi və ayrı-ayrı qüvvələr tərəfindən həmin qruplara ötürülən vəsaitlərin silinməsidir. Mitinqlərin təşkilinə nə qədər vəsaitin ayrılması ilə bağlı artıq mətbuatda məlumatlar gedib. Bunların müəyyən hissəsi dəqiq faktlara söykənir. Həmin o vəsaitlərin köməyi ilə insanları mitinqə cəlb etməyə çalışırlar. Eyni zamanda, sosial şəbəkələrdə yayılan şəkillərdə fotoşop effekti ilə insanların sayının artırılmasına cəhd göstərirlər ki, pul aldıqları dairələrin qarşısında öhdəliklərinə əməl etdiklərini nümayiş etdirsinlər. Bu, artıq uzun illərdir ki, həmin siyasi dairədə, radikal qütbdə davam edən mənzərədir".

AZAD

 





20.09.2016    çap et  çap et