525.Az

Vitse-prezidentlik idarəetmədə boşluqları aradan qaldıracaq


 

"İSLAHATLARIN UĞURLA BAŞA ÇATDIRILMASI ÜÇÜN BƏZƏN GECİKƏN KOLLEGİAL QƏRARLAR YERİNƏ, DAHA ÇEVİK VƏ ARDICIL QƏRARLARIN VERİLMƏSİ VACİBDİR"

Vitse-prezidentlik idarəetmədə boşluqları aradan qaldıracaq<b style="color:red"></b>

"Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər tarixi-ictimai şəraitdən doğan təkliflərdir.
 
Ölkədə iqtisadi islahatların aparılması üçün bu prosesdə iştirak edən strukturların daha çevik fəaliyyətinin təmin olunması ilə əlaqədar müəyyən addımların atılması nəzərdə tutulub. Mən düşünürəm ki, referendumun keçirilməsinin hökumət strukturunun daha da təkmilləşməsi ilə daha ciddi əlaqəsi var. Həqiqətən də Nazirlər Kabinetinin hər hansı çevik bir fəaliyyətinin olmaması bu proseslərə ciddi təsir göstərir. Prosesləri tənzimləmək üçün yeni bir struktura zərurət yaranıb. Bu da vitse-prezident institutunun yaradılması ilə bağlıdır". Bu sözləri APA-ya Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O bildirib ki, islahatlara ölkə prezidenti rəhbərlik edir: "Nəzərdə tutulur ki, funksional fəaliyyətin daha da dəqiq tənzimlənməsi üçün bu strukturun Nazirlər Kabinetindən fərqli formada prezidentlə əlaqəli şəkildə fəaliyyət göstərməsi mümkün olsun. Ona görə də bu cür funksional fəaliyyət üçün zəruri olan və birbaşa səlahiyyəti prezidentdən alan, onun islahatlarını həyata keçirmək prinsiplərinə uyğun davranan bir vitse-prezidentlik institutuna ehtiyac var. Yəqin ki, bu təklif də referendumda xalq tərəfindən dəstəklənəcək və ölkədə bu istiqamətdə islahatların həyata keçirilməsi baş tutacaq. Burada nəzərdə tutulan ən prinsipial məsələ budur".

F. Mustafa qeyd edib ki, hakimiyyətin idarə edilməsində boşluq yaranmaması üçün də vitse-prezidentlik institutunun yaradılması önəmlidir: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə ölkə prezidentinin silahlı qüvvələrlə bağlı funksiyasının daha da dəqiqləşdirilməsi, Silahlı Qüvvələrə və sair silahlı birləşmələrə rəhbərlik etməsi istiqamətində dəqiq müddəaların Konstitusiyada yer alması ümumi işlər üçün faydalıdır. Düşünürəm ki, burada da ölkənin təhlükəsizliyi üçün hansısa problem yaranarsa, prezident tərəfindən bütün silahlı qüvvələrin və birliklərin hərəkətə gətirilməsi imkanı daha real və çevik olacaq. Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklər bir sıra müddəalar var ki, idarəetmənin təkmilləşməsinə, insan haqları və azadlıqlarına yönəlib. Azərbaycan elə bir təhlükə zolağında yerləşir ki, hər bir kəsin gözü bu bölgədədir. Bölgədə müəyyən proseslərin yaşanmasına, problemlərin olmasına maraqlı olan qüvvələr çoxdur. Ona görə də idarəetmədə bu cür ardıcıl və boşluq yaratmayan bir formatın tapılması ölkə əhalisinin maraqlarına tam cavab verir. Ümid edirəm ki, referendumda insanlar məhz bu amili əsas götürərək Konstitusiyaya təklif olunmuş əlavə və dəyişiklikləri dəstəkləyəcək. İnsanlar anlayırlar ki, bu gün ölkə üçün başlıca problem təhlükəsizlik problemidir. Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərdə də prezident tərəfindən əhalinin ümumi maraqları nəzərdə tutulub".

Deputat qeyd edib ki, Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklər referendumda qəbul olunduqdan sonra iqtisadi islahatların ağırlığı daha çox prezident və prezidentin tapşırığı ilə vitse-prezidentlərin üzərində olacaq: "Konkret məsuliyyət və islahatların uğurla başa çatdırılması üçün bəzən gecikən kollegial qərarlar yerinə, daha çevik və ardıcıl qərarların verilməsi vacibdir. Belə qərarların verilməsini referendumdan sonra daha rahatlıqla müşahidə edəcəyik".

 Yaş senzi ilə bağlı məsələyə gəlincə, F. Mustafa vurğulayıb ki, əgər cəmiyyətin seçiminə buraxılırsa, cəmiyyət hər şeyi nəzərə alır: "Əgər bir nəfər 20 yaşında olimpiya çempionu olubsa, ölkənin nüfuzlu insanıdır. Əgər ağlı, səviyyəsi varsa, niyə kənarda qalsın? Ancaq kimsə 40-50 yaşında heç bir uğur qazanmayıbsa, onu mütləq yaşına görə seçmirlər ki?! Ona görə də yaş məsələsinin bu qədər spekulyasiya edilməsi düzgün deyil. İnsan azadlıqları baxımından da daha geniş azadlıqların verilməsi lazımdır ki, insanlar seçimlərini daha rahat edə bilsinlər".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. O "İki sahil"ə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib: "Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir.Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, hazırda dövlətimiz siyasi-hüquqi və sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir: "Bu inkişaf əsas qanunumuzda da müəyyən yeniliklərin edilməsini şərtləndirir".

Ş.Hacıyev bildirib ki, Azərbaycan regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi dünyada tanınır. Onun sözlərinə görə, Azərbaycanın qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfi olması Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir: "Konstitusiyaya təklif edilən dəyişikliklər də məhz günün reallıqlarından irəli gəlir. Bu, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir".

Milli Məclisin deputatı Kamilə Əliyeva isə hesab edir ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir: "Konstitutsiya islahatları cəmiyyətimiz tərəfindən müsbət qiymətləndirilir. Xalqımız dünyada baş verən mürəkkəb proseslər fonunda bu islahatları qətiyyətlə dəstəkləyir. Azərbaycan seçicisi öz sözünü qətiyyətlə deməyi bacarır və gələcək hədəfləri indidən müəyyənləşdirmək iqtidarındadır. Yəni, bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir. Əminəm ki, 26 sentyabrda hər bir Azərbaycan vətəndaşı seçki məntəqəsinə gələrək daha xoşbəxt gələcəyə və uğurların davamına səs verəcək".

Ceyhun ABASOV

 





20.09.2016    çap et  çap et