525.Az

Xaricdə təhsil və gələcək karyera qayğıları


 

Təhsildən sonra Böyük Britaniyada qalmaqmı, Azərbaycana qayıtmaqmı?...

Xaricdə təhsil və gələcək karyera qayğıları<b style="color:red"></b>

İllər öncə xaricdə təhsil almaq imkanı bir çoxlarımıza röya kimi görünürdüsə, yaşadığımız dövrdə həm dövlət, həmçinin müxtəlif iri şirkət və xarici hökümətlərin təklif etdikləri təhsil proqramları vasitəsilə bu arzunu gerçəkləşdirmək üçün daha çox imkanlar peyda olmağa başladı. Xarici ölkəyə təhsil üçün yollanan hər bir gəncimiz Azərbaycanın insan kapitalının formalaşmasına öz töhfəsini vermiş olur.

Bugün Böyük Britaniyadakı hər bir tələbəni ən çox düşündürən mövzulardan biri, bəlkə də, hətta birincisi təhsilini uğurla başa vurduqdan sonra quracağı karyera qayğılarıdır. Bu yöndə əsas dilemma təhsildən sonra Böyük Britaniyada müəyyən müddət qalıb, iş təcrübəsi toplamaq və ya birbaşa Azərbaycana qayıtmaqla bağlı olur.
Yəqin razılaşarsınız ki, Britaniyada qısamüddətli iş təcrübəsini əldə etmək ilk növbədə burada iş standartları ilə tanış olmaq, peşəkər iş münasibətləri mühitində çalışmaq və ən nəhayət gələcəkdə bu dəyərli təcrübəni Azərbaycana gətirmək baxımından çox faydalıdır. Lakin bir çox hallarda Britaniyada karyeraya başlamaq çətinliklə əldə edilir. Bəzi hallarda buna xarici tələbələrlə bağlı sərt qanunlar, bəzənsə, ümumiyyətlə, iş axtarışında uğursuzluğa düçar olma hadisələri səbəb olur.

Böyük Britaniyada iş ovunda uğur qazanmaq arzusunda olan gənc dostlarımız nəzərə almalıdırlar ki, bu yöndə ən önəmli uğur amilləri iş axtararkən səbrli davranmaq, öz sahənə uyğun bir iş axtarışında olmaq və ən nəhayət, işlə təmin olunduqdan sonra yad mühitdə soyuqqanlılığı itirməyərək rəhbərliyin etimadını qazanmağı bacarmaqdır.
Eyni zamanda Böyük Britaniyada və ya qeyri ölkədə iş təcrübəsi qazanmaq imkanı əldə edə bilməyən məzunlarımız da Azərbaycana qayıtdıqdan sonra bir sıra çətinliklərlə qarşılaşırlar. Bu çətinliklər ilk növbədə xarici universitet məzunu olmağın verdiyi ifrat özgüvəndən irəli gəlir. Əksər məzunlarımız xarici diplomları olması səbəbilə tez bir zamanda yüksək vəzifələr tutmağa, karyera pillələrini daha sürətli çıxmağa cəhd edirlər ki, bunun da gec baş tutması bir çox hallarda ruhdandüşmə, işdənsoyuma kimi mənfi hallarla müşayiət olunur. Lakin onu da unutmaq lazım deyil ki, müxtəlif səbəblərdən xaricdə təhsil almaq arzusunu gerçəkləşdirə bilməyən, amma yetərincə rəqabətə davamlı yerli kadrlarımız da az deyildir.

Azərbaycanda işlə təmin olunarkən ortaya çıxan əsas məqamlardan biri də xarici dilin (xüsusən, ingilis dilinin) istifadəsinin azlığı və bunun fəsadı olaraq söz ehtiyatının zəifləməyə məruz qalmasıdır. Odur ki, yeni məzunlarımıza öz sahələrinə uyğun iş axtararkən bu amilə də ən az məvacib qədər önəm vermələrini tövsiyə edərdim. Gündəlik iş həyatında ən azından yazılı sürətdə xarici dildə ünsiyyətqurma təhsil zamanı biçimlənmiş xarici dil ehtiyatının sabit qalmasına və onun peşəkar iş həyatında öyrəndiyiniz terminlərlə zənginləşməsinə xidmət edə bilər.
Hər birinizə müvəffəqiyyətli təhsil və uğurlu karyera arzusu ilə.

Soltan Bayramov
(Uels Universitetinin məzunu)


“Birlik” - Böyük Britaniyada nəşr olunan ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk

 





13.03.2013    çap et  çap et