525.Az

Turizm günü silsilə tədbirlərlə qeyd olunur


 

Turizm günü silsilə tədbirlərlə qeyd olunur<b style="color:red"></b>

Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir.

Ölkəmiz öz təbii gözəllikləri ilə yanaşı, qədim tarixi abidələrimizin qorunması, onların təkcə xalqımıza deyil, vətənimizə gələn xarici turistlərə də nümayiş olunması üçün mədəniyyət və turizm sahəsində daim böyük  işlər görür.

Son  illər Azərbaycanda turizm çox sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən respublikamızda "Turizm işçiləri günü" peşə  bayramının təsis edilməsi  haqqında 1 sentyabr 2016-cı il tarixində Sərəncam imzalanıb.

Sərəncama əsasən, hər il sentyabr ayının 27-si ölkədə "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd ediləcək.

Bu məqsədlə  Cəfər Cabbarlı adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyində   27 sentyabr 2016-cı il tarixində bu günə qədər sərgilənməyən fond materiallarından  ibarət "Eskizdən səhnəyə" adlı sərgi təşkil olunacaq. Burada müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara  Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək.

Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edib. "Turizm həftəsi" çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin, gənclər arasında təbliği və onların  bu sahədə məlumatlandırılması məqsədi ilə Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri  üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar 27 sentyabr saat 11:00-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, 28 sentyabr saat 15:00 -da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 29 sentyabr saat 15:00 -da Milli Azərbaycan Tarixi  Muzeyinə, 30 sentyabr saat 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi  Sənəti Dövlət Muzeyinə təşkil ediləcək.

Həmçinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. İdarənin şəbəkəsinə daxil olan müəssisələr (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) tərəfindən müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar təşkil olunacaq.

 





27.09.2016    çap et  çap et