525.Az

"Folklorumuz və Qobustan" seminarı keçirilib (Fotolar)


 

"Folklorumuz və Qobustan" seminarı keçirilib <b style="color:red">(Fotolar)</b>

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Qobustan Milli tarix-bədii qoruğunda "Folklorumuz və Qobustan" mövzusunda mədəni irs seminarı keçirilib. 

525.az-ın məlumatına görə, Azərbaycan folklorunda Axır çərşənbə və Novruz ənənələrinin araşdırılması və təbliğinə həsr olunan seminarda Nazirliyin Mədəni irs şöbəsinin sektor müdiri Könül Cəfərova, Qobustan Milli tarix-bədii qoruğunun direktoru Məlahət Fərəcova, AMEA Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq doktoru Nailə Rəhimbəyli, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və başqaları çıxış ediblər.

Azərbaycan folklorunda Axır çərşənbə və Novruz ənənələrinin araşdırılması və təbliğinə həsr olunan seminar Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərovanın çıxışı ilə başlayıb. Könül Cəfərova, həm Qobustan abidəsinin, həm də Novruz bayramının YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş incilər olduğunu vurğulayaraq onlar arasındakı qarşılıqlı əlaqələrdən danışıb. Qobustan Milli Tarix və Bədii Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova qoruq haqqında ətraflı məlumat verib. Azərbaycan ərazisində 4 yerdə - Qobustanda, Dübəndidə, Kəlbəcərdə və Naxçıvanda (Gəmiqaya) qayaüstü təsvirlərə rast gəlindiyini vurğulayan Məlahət Fərəcova Qobustanın onlardan ən qədimi olduğunu bildirib və bunu sübut edən faktlardan danışdı. Eyni zamanda, Novruz bayramı ilə bağlı milli adət-ənənələrinə qayaüstü rəsmlərdə rast gəlindiyini diqqətə çatdırıb.

AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin əməkdaşı, sənətşünaslıq doktoru Nailə Rəhimbəyli Novruz ənənələri, çərşənbələr haqqında ətraflı məlumat verib.

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə, birliyin fəaliyyəti, o cümlədən folklorumuzun araşdırılması və təbliği istiqamətində gördüyü haqqında geniş danışıb. Seminarda Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Aktiv Medianın birgə istehsalı olan Azərbaycanın türk obalarının Axır çərşənbələrindən bəhs edən "Tərəkəmə çərşənbəsi" filmi nümayiş olunub.

Tədbirin sonunda Miras musiqi qrupunun muğam ifaçıları Novruz ab-havası canlandıran muğam parçaları ifa ediblər.
Sonda iştirakçılar Qobustan abidələri ilə tanış olublar.

GÜNEL

 





14.03.2013    çap et  çap et