525.Az

Hürufilik dini-mistik təlim kimi: yaranması, mənbəyi və mahiyyəti


 

Hürufilik dini-mistik təlim kimi: yaranması, mənbəyi və mahiyyəti<b style="color:red"></b>

Azərbaycan və Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında, eləcə də bu məkanın ədəbiyyatında xüsusi yer tutan Hürufilik yarandığı dövrdən etibarən mədəni, ədəbi aləmə və siyasi dairələrə təsir göstərib.

Yayıldığı bölgənin sosial-ictimai vəziyyətini qismən dəyişən hürufilik haqda tədqiqatlar, əslində, düşündüyümüz qədər də çox deyil.

Bu səbəbdən hürufiliyi, onun mahiyyətini, yaranıb intişar tapdığı dövrü bir az ətraflı işıqlandırmağa, bu mövzuda dolğun məlumat öyrənməyə ehtiyac duyduq.

Bunun üçün tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə söhbət etdik.  

(Əvvəli ötən sayımızda) 

Tədqiqatçı Dilavər Əzimli hürufilər üçün hərf və rəqəmlərin müqəddəsliyini bu cür izah edir: "Hürufiliyin təməlində insanların inanc dünyasını təsiri altına almış bir görüş vardır: hərflər və rəqəmlər müqəddəsdir. Onların mahiyyəti açılarsa, batini gerçəkliklərə, yəni ilahi sirlərə çatmaq mümkündür.  İslam aləmində bu ilm-i huruf (hərflər elmi) olaraq bilinir. Hərf və rəqəmlərə ilahi anlamlar vermə  çabasının ən əski örnəkləri Mesopotamiya və Misirdə ortaya çıxmışdır. Mesopotamiya və Misirin təsiri altında yəhudilər hərflərə və rəqəmlərə müqəddəslik gətirmə meyarını dini təlimə keçirmişdilər. Hərflər elmi Tövratda da təmsil olunur və kökəni təfsirə dayanır. "Quran"da lam-əlif, fars əlifbasına qatılmış dörd hərfin yerini alır. Hərflər, yazının, sözün əsas qarşılıqlarıdırlar. İlahi Kəlam, yəni Loqos onlardır. Fars əlifbasının otuz iki hərfi Tanrının Birliyinin, İlahi Vəhdətin rəmzidir və insanoğlunun üzündə, vücudunda, ruhunda təcəlla edir. Fəzlullah otuz iki hərfin gerçəkdə bir tək hərf olduğunu və hər hərfdə Varlığın Birliyinin (Vəhdəti- Vücud) görüldüyünü söyləyir. Hər hərf dörd formadan ibarətdir. Bu da torpaq, hava, su və od deməkdir. İnsan özündə bütün aləmləri toplamış bir kiçik kainatdır. İnsanın ilahiləşdirilməsi hürufi təliminin təməlini təşkil edir. Yaradıcı özünün kamalını yaratdığı insanda əks etdirir".

Səadət Şıxıyevanın fikrincə, hürufilik Şərq fəlsəfəsinə söykənir: "Orta çağ mütəfəkkirlərinə görə, Quranın görünən və görünməyən tərəfi var. Yəni, Quran mətni zahiri və batini anlamlara malikdir. Hürufilər də digər batini təriqətlərin nümayəndələri kimi Quranda söylənilənləri hərfi mənada qəbul etmirdilər. Onların məqsədi Quran mətninin arxa planındakı sirri açmaq və insanlara çatdırmaq idi. Əslində, hürufilər Quranı fərqli tərzdə izah etmək və ya bilərəkdən təhrif etmək məqsədi güdmürdülər. Quran şərhçiləri, hətta orta çağ filosofları, şairlər də surələrin başında keçən tək-tək hərfləri mənalandıraraq, onlara müxtəlif yozumlar veriblər. Ümumiyyətlə, islami çevrələrdə Quranın bu özəlliyini  təfsir etmək artıq bir ənənə şəklində var idi. Fəzlullahın da bu təlimi həmin Şərq fəlsəfi, dini, bədii və təsəvvüfi fikrinə söykənir. Bu mənada hürufilik heç  də, bəzi türk tədqiqatçılarının dediyi kimi, "uydurma bir din" deyildi, əksinə, dərin fəlsəfi-fikri zəmini var idi. Fəzlullah bu ənənənin içindən sadəcə bir istiqaməti seçərək, onu ön plana çıxardı və öz təliminə fərqli bir ad, fərqli bir biçim vermiş oldu".

Dilavər Əzimli hürufilərin Qurana batini və zahiri yanaşmalarını aşağıdakı şəkildə açıqlayır: "Sufilər,  o cümlədən, hürufilər üçün iki Quran var. Şəriətdəki Quran və bir də Batini Quran. Onlar düşünürlər ki, Allahın vəhylərini hər kəs aça bilməz, bunun üçün batini elmə malik olmalısan. Bax, əsl Quran da odur! Batini elm Məhəmməd  peyğəmbərə verilib, o isə bunu Həzrət Əliyə ötürüb. Ondan isə sonrakı imamlara keçibdir. Sonuncu imam da Mehdi, yəni, Fəzlullahın özüdür. O, hürufilərə məhz həmin batini elmdən xəbərlər verirdi". Dilavər Əzimli əlavə edir ki, hürufilər kainatın tarixini üç dövrə bölürlər: "Kainata (Kosmos) üç dönəm hakim olmuşdur. Birincisi, Adəmlə başlayan və Məhəmmədlə sona çatan peyğəmbərlik dönəmidir. İkincisi, Əli ilə başlayan və on birinci İmam Həsən əl-Əskəri ilə sona yetən imamlar dönəmidir. Və nəhayət üçüncüsü, Fəzlullahla başlayan Uluhiyət (Tanrısallıq) dönəmidir. Göndərilənlərin ən mükəmməli və sonuncusu Mehdidir ki, o da Fəzlullahdan başqası deyildir...Tanrı insandan başqa yerdə axtarılmaz. Tanrının taxtı insanoğlunun könlündədir. Fəqət Tanrı onda ancaq kamalın ən yüksək nöqtəsinə yetişdiyi zaman təcəssüm edər. Bu da şəhadət iztirabları və özünü fəda etmə yolu ilə əldə edilir". 

Səadət Şıxıyeva Fəzlullahın təsəvvüfi etiqadını bu cür mənalandırır: "Fəzlullah özünü heç vaxt Tanrının eyni bilmir. Sadəcə, ilahi ruhun onda təcəlla etdiyini düşünür və özünü onun məzhəri bilir. Özünü ilahi ruhun daşıyıcısı bilmək mənəvi təkamülün, mənəvi paklanmanın nəticəsi idi. Fəzlullahdan əvvəl də, sonra da bir çox təsəvvüf şeyxləri özünü o ali varlığın - Allahın yer üzündə təmsilçisi, məzhəri olaraq görürdü. Fəzlullahın özünü Allah hesab etməsi ilə bağlı heç bir hürufi mənbəsində məlumat yoxdur və ola da bilməz... "Bəqərə" surəsində təqribən bu məzmunda bir ayə yer alır: "Adəm Allahın yer üzündə xəlifəsidir". Fəzlullah da bu ayənin təsiri ilə "Cavidannamə"də əsaslandırır ki, o, Adəmin - ilk insan və ilk peyğəmbərin ruhunun daşıyıcısıdır. Ümumiyyətlə, hürufilər bəşərin mənəvi təkamülündə üç mərhələni vurğulayırdılar: nübüvvət, vilayət və uluhiyyət. Fəzlullah da birbaşa deyil, dolayısı ilə, maddiliyin asılılığından azad olan varlığı ilə uluhiyyət mərhələsinə çatdığını deyirdi".  

Günümüzdə hürufilik... 

Dilavər Əzimli hürufiliyin mahiyyətində tolerantlıq və humanizm olduğunu düşünür: "Hürufilər kamil insana söykənən yeni sistem yaratdılar və bu sistemin ardınca kütlələr getdi. Onlar insanı Allahın təcəllası kimi görürdü. İnsanlar cahil və kamil olurlar. Cahil dağıdır, kamil isə yaradır. Allah insanı çox sevir. Çünki insan ondan ayrılmış parçadır. Kamil insan da Allahı sevir və ona qovuşur, onda itir, Tanrısallaşır. Bu bəşəri bir sistemdir. Bu sistemə yiyələnən qan tökərmi, müharibələr edərmi, torpaqlar işğal edərmi? Hamı şad və xürrəm yaşayar. Xürrəmilik də, hürufilik də buna söykənirdi. Onlar çoxlu sayda insanları saf işığa çağırdılar, dünyagörüşünü dəyişdilər. Bu gün insanlara tolerantlıq və humanizmdən mühazirələr deyənlər, elə hürufiliyə müraciət etsinlər. Məncə, bu kifayət edər. Tolerantlıq və humanizmi bizə XX əsr Avropa mədəniyyəti təqdim etməyib... Hürufilər bizə insanı sevməyi, onu Allahın bir parçası bilməyi öyrədirdilər. İnsan Allahın özünə bənzər yaratdığı bir möcüzədir. Onu sadəcə sevmək lazımdır. İnsana milliliyinə, etnikliyinə görə yanaşılmaz. Əlbəttə, bu millət həmin düşüncələrin, duyğuların genetik daşıyıcısıdır. Ümumiyyətlə, Azərbaycan dünya mədəniyyətini yaradan ərazilərdən biridir. Bu prosesdə təkcə hürufilik yox, xürrəmilik, xəlvətilik və qızılbaşlıq da rol oynayıb".

Səadət Şıxıyeva deyir ki, hürufilik günümüzdə də yaşamaqdadır: "Bu gün hürufilik görüşlərinin bir qismi Türkiyədəki ələvi-bəktaşi dairələrində yaşamaqdadır. İranda gizli fəaliyyət göstərən əhli-həqlərin də həmin təlimin davamçıları olduğu düşünülür. Fəaliyyəti ərəb torpaqları ilə bağlı olan kakaiye ilə hürufilik arasında  səsləşmə olması barədə də qənaətlər var".

Dilavər Əzimli hürufilərin bugün də fəaliyyət göstərdiklərini bildirir: "Xürrəmiliyin hürufiliyə, hürufiliyin isə bəktaşiliyə, qızılbaşlığa böyük təsiri olub. Xətai şeirlərində hürufiliyə böyük yer ayırır. Deməli, hürufilər Fəzlullahın ölümündən sonra yoxa çıxmadılar, Azərbaycanda qızılbaşların içərisində öz ideyalarını davam etdirdilər. Onlar əhli-haqqlar idilər. Bu gün  isə hürufilər əhli-haqlar və ələvilər içərisində fəaliyyətlərini davam etdirirlər".

Müşfiq ŞÜKÜRLÜ

 





29.09.2016    çap et  çap et