525.Az

Soyuq, amma etibarlı dost


 

Soyuq, amma etibarlı dost<b style="color:red"></b>

Həyatda hər şey axır, hər şey dəyişir. Sonun tamamında başlanğıc gəlir. Nə varsa diferensial qaydada bir-birini tamamlayır və əvəz edir. Xeyir Şərdən törəyir, ağıl şüursuzluqdan, qəhrəmanlıq qorxudan, əxlaq əxlaqsızlıqdan, kamillik nadanlıqdan. Bunlar bir-biri üçün güzgüdür.

Bəşəriyyətin ən saf məhək daşı, əxlaq və mənəviyyat cövhəri,  hikmət saxlancı isə kitablar, kitabələr, qədim əlyazma və salnamələrdir... Həyatda, qeyd etdiyimiz dəyişən və dəyişməyən dəyərlərin ən böyük toplumu da bu yazılı abidələrdir. Eləcə, cəsarətlə deyə bilərik ki, özündə dünyanın bütün elmi, mənəvi-əxlaqi kəşflərini yaşadan kitabın özü bəşəriyyətin ən böyük kəşfidir. Kitaba, təsadüfən, sirrlər xəzinəsi demirlər. Hər şeyin ilki və sonu kitabdır. Nəsillərin fantastik-təhtəlşüur, bioloji-genetik və varislik ənənələrindən  tutmuş, rasional-irrasional elmi-praktik bilikləri, vərdişləri, mənəvi-əxlaqi dəyərlərinədək hər şey kitabla ötürülür. Kitab siqnaldır, kosmik əlaqədən tutmuş yerüstü, yeraltı informasiyaların ötürücüsüdür. Ən nəhayət, Tanrı ilə insanın ən sıx, munis və etibarlı ünsiyyət vasitəsidir.

İdealist filosoflar güman edirdilər ki, tale bütün dünya üzərində kor, şüursuz qüvvə şəklində süzür. İlahiyyatçılar isə bunu da əlavə edirdilər ki, bu, hər kəsin gələcəyindən xəbərdar olan bir xarici qüvvədir və insanı müəyyən cığırla öz finalına aparır. Bu yöndə insan  aciz və çarəsizdir.  Zaman-zaman cahanşümul tarixi möcüzələrə imza atmış insan, yəni  bu qədər aciz və çarəsiz ola bilərmi? Plutarx Makedoniyalı İskəndər haqqında demişdi ki, əgər hakimiyyətin İskəndərə taleyin hədiyyəsi kimi çatdığını hesab etsək, düzgün olmaz. Doğrudan da, qüdrətli insanlar özünütəkmilləşdirmə, özünüformalaşdırma, özünükamilləşdirmələrlə öz talelərinin fövqünə qalxa bilirlərsə, taleyin kor axınını belə, müəyyən məcraya yönəldirlərsə, belələrinin bəşəri uğurlarında asan hədiyyə və ucuz ərməğan axtarmağa dəyərmi?.. Əgər hakimiyyət, qüdrət və kamil insani sifətlər İskəndərə taleyin hədiyyəsi kimi verilmişdisə, onun şəxsi keyfiyyətləri, mərdlikləri, döyüş və mübarizə ruhu harda qalmış olsun? Onun ünlü yunan filosoflarından aldığı dərsi, oxuduğu kitabları hansı hesaba yazaq?.. İskəndər qısa ömründə fantastik və qeyri-adi həvəs və şövqlə bütün biliklərə - fəlsəfə, nücum, hüquq, tarix elmlərinə yiyələnmiş və başqa dəyərləri incəliklərinədək əxz etmişdir. O, döyüşdə, qısa fasilələr zamanı da kitabdan  ayrılmır, onu əlindən yerə qoymurmuş. Çünki o, bütün dəyərləri bu kitablarda tapmışdı.

Yenə kitab, yenə oxumaq və mütaliə. Çünki  çıxış yolları, nicat və xilas kitabların səhifələri arasındadır. Bəşəriyyət zaman-zaman öz elmi, mənəvi, əxlaqi təcrübələrini və biliklərini bir-birinə kitablar vasitəsilə ötürmüş və bölüşmüşlər. Belə olmasaydı, bir bölgənin, etnosun, yaxud müəyyən bir dini görüşlər toplumunun əqidəsini əks etdirən kitablar məhəlli çərçivədən çıxıb, bütün xalqların sərvətinə çevrilməzdi.  Məgər vaxtilə lokal bir dünyanın konkret tarixini əks etdirən Homerin “Odisseya”sı və “İliada”sı sonralar bütün xalqların mübarizə simvolu kimi tarixdə qalmamışdımı?.. Yaxud bir etnosun arzularının, yaşam tərzinin, mübarizə və mücadilə təcrübəsinin təntənəsini yaşadan “Dədə Qorqud”, “Manas” dastanı,  yaxud almanların igid Ziqfrid haqqında yarıməfsanəvi qəhrəmanlıq eposu sonradan bütün bəşəriyyətin ümumi mənəvi əmlakına çevrilmədimi?.. Başqa bir misal: konkret bir dini hərəkatın ideoloji, əxlaqi və ruhi toplumu olan “Avesta”, “Tövrat”, “İncil”, “Qurani-Kərim” zaman-zaman bəşəri bir mahiyyət kəsb edib hamının mənəvi-ruhi istinad nöqtəsi olmadımı?.. Bəli, bütün  bunlar kitab möcüzəsidir. Dünyanın  inkişafı kitabdan keçir, insanın kamilliyi isə mütaliədən.

Görünür, həyatda heç nə təsadüfən baş vermir. Həyatın axarından və daxili nüvəsindən qaynaqlanan motivitasiya, görünür, bir ölçü də ola bilər. Hər şeyin motivi, qaynağı, yaranma səbəbi olduğu kimi, yekunu və nəticəsi də var. Nəsə nəyisə doğurur, görürsən, hansısa bir adi duyğu coşğun bir yüksəlişin başlanğıc nöqtəsinə çevrilir, aşırı bir fikir, düşüncə dərin bir elmi araşdırmanın təməl prinsipini təşkil edir. Nəyəsə həvəs, təşviq, stimul da beləcə formalaşır.  Və fikirdən fikir doğur, arzudan arzu, hərəkətdən hərəkət...

Mən kitabı, mütaliəni sevir və yorulmadan, usanmadan oxuyuram. Düşünürəm ki, bundan böyük həzz mənbəyi yoxdur. Kitab oxuduqca, mütaliə etdikcə, dünyaya, həyata daha çox bağlanıram, insanları daha çox sevirəm.  Belədə, yaşamaq gözəl və dadlı olur. Bundan gözəl hiss, bundan zərif  duyğu?.. Bəlkə  sözlərimdə pafos da yetərincədir... Sevdiyin şey haqqında, məgər, pafossuz danışmaq mümkündürmü?.. Məhəbbət, sevgi özü elə pafos deyilmi?.. Üstəlik, mən həqiqətdən danışıram. Pafosa bürünsə də həqiqətdir. (Əslində hər bir həqiqətin bürüncəyi, başqa sözlə, mantiyası olmalıdır. Baxmayaraq ki, çox vaxt həqiqət sözünə bir “çılpaq” epiteti qoşurlar). İbrahim Nəbioğlu da Ayna.az saytında bunlardan  yazıb: mənim mütaliə tərzimdən, mütaliə vərdişimdən  və oxucu mədəniyyətimdən. Əslində, mənim oxucularla həmsöhbət olduğum bu yazının bir səbəbkarı da İbrahim Nəbioğludur, desəm, bu dəfə pafossuz alınar. Adətən, nəticəni səbəb doğurur. Bu dəfə isə başqa cür oldu. Bütün klassik fəlsəfi qanunlara rəğmən, bu dəfə səbəb nəticədən qaynaqlandı. İbrahim, ola bilsin ki, mənim mütaliə tərzimə bir az rəng qatıb, boyalı təqdim edib. Hər halda, diqqətinə görə ona minnətdaram!...

Mən mütaliəni sevirəm. Göründüyü kimi heç nəyə iddialı deyiləm. Ağlım kəsəndən kitab oxumuşam, ehtirasla, xüsusi bir şövq və həvəslə. Nə gözəl ki, kitaba olan sevgim, mütaliəyə həvəsim bu gün də öz təbii axarındadır. Demək artıqdır ki, mənim də özümə görə kitabxanam var. Elə kitablar var ki, ondan bir neçə nüsxədir və zövqünə, savadına, istedadına inandığım dostlarıma hədiyyə edirəm. Bu da mənim bir növ, kitab  qarşısında missiyamdır. Nə bilim, bunu mənəvi, həm də əxlaqi bir borc hesab edirəm.

Kitabı uşaqlıqdan sevmişəm. Müəllim ailəsində dünyaya göz açmışam. Anam müəllimə olub, ziyalı bir mühitdə böyümüşəm. Atam gecə-gündüz yazır, yazır, hey yazırdı. Təbii ki,  o vaxtlar mən onun yazdıqlarını oxuya bilməzdim. Amma anam, mənim gözəl, qayğıkeş anam daim nəzərlərini mənim üstümdən əskik etmirdi. Oxumaq, yazmaq öyrədirdi, şeir əzbərlətdirirdi, məni mütaliəyə həvəsləndirirdi.

Qeyd etdiyim kimi kitaba, mütaliəyə həvəs anamdan gəlib. A.Linkoln nə gözəl deyib: “...oxuduğum ən qiymətli kitab anamdır.” Naxçıvandakı evimizin yaxınlığında Mərkəzi kitabxana yerləşirdi. Günümün çoxu orda keçirdi, desəm yanılmaram. Cefersonun fikridir: “Kitab olmayan ev ölüdür”. Bu yerdə oxuduğum bir əhvalat yadıma düşdü. Məşhur bir türk yazıçısı uzun müddət Fransada, Parisdə birotaqlı, darısqal mənzildə  yaşamaq məcburiyyətində qalır. Kitablarla işləyən bu adamın otağı başdan-başa kitablarla dolu olur. Yatanda da kitabların arasında yatır. Təsəvvür edin, insan kitablarla yatıb-durur, kitablarla nəfəs alır. Gecələr yatanda kitablarla xudahafizləşir, səhərlər duranda ilk gördüyü və salamladığı kitablar olur. İstər-istəməz baxışlarıyla  kitabları oxşayır, əllərini sürtərək nəvazişlə onlara toxunur. Nə qədər isti, doğma, munis bir aura... Sonralar mənzili dəyişməli olur, daha geniş, üçotaqlıya keçir. Və qəribə bir hadisə baş verir. Gecələr yata bilmir, yuxusu sanki, ərşə çəkilir. Həkimlərin yanında olur, psixoloqlarla söhbət edir. Nəhayət, psixoloqlardan biri ondan həyat şəraiti, yaşam tərzi, məişəti, vərdişləri barədə soruşur, həyatındakı dəyişikliklərdən söz açır. Məlum olur ki, yazıçı bu yaxınlarda mənzilini dəyişib, yeni evə köçüb. Demə açar, sirr bundaymış. Həkim ondan köhnə mənzili barədə soruşur, onu təsvir etməyi, oradakı şərait, əşyalar, onların düzümü ilə maraqlanır. Hər şeyi öyrənəndən sonra deyir ki, kitabları yataq otağına qaytar, yatacaqsan. Belə də olur. Borxes cənnəti böyük bir kitabxana kimi təsəvvür etdiyini yazır. Bu, elə, o deyilmi?..

Mən kitaba canlı kimi baxıram, onu məhəbbətlə sevə-sevə oxuyuram. İnsan sevgisinə xəyanət edə bilərmi?.. Kitab oxumadığım gün yoxdur. Norma qoymamışam. Bəzən bu, saatlarla çəkir. Özü də, paralel olaraq bir neçə kitabı eyni vaxtda  oxuyuram. Görünür, bu da ovqat məsələsidr. İnsan ruhi təbaddülatlarla bağlı fərqli vəziyyətlərə düşür, qəlbin, ürəyin arzusu, tələbi dəyişir.  Onda bax, hər kitab insan üçün  həmsöhbətə çevrilir,  qəlbin məlhəmi olur. Bəs etibarlı dost  necə olur?.. Oxuduğum kitablar yataq otağımda mənim yanımda olur. Mən onlarla nəfəs alıram. Bilmirəm yaxşıdı, pisdi, belə qəbul edirəm. Bu, təkcə həyat tərzim deyil, həm də yaşam kredosudur!

Kitabları oxumuram, onlarla danışıram. Bu gün qazandıqlarımın hamısı oxuduğum kitabların, mütaliənin, bir də anamın verdiyi tərbiyənin nəticəsidir. Mütaliə eyni zamanda dilimizin gözəlliyini, ecazkar zənginliyini bizə öyrədir. Kitaba sevgim sonsuzdur. Bəlkə bu, atamın yazıçı olmağından, anamın məndə ədəbiyyata sonsuz maraq oyatmasından qaynaqlanır?.. Nəticə budur ki, mən kitabla birlikdəyəm, kitabla boy-boyayam. Kitab elə dostdur ki, heç vaxt səni aldatmır, sənə xəyanət etmir, yarı yolda qoymur. Kitab təmənnasız dostdur. Mənə heç vaxt xəyanət etməyən, məndən üz döndərməyən, sevgisini, məhəbbətini, mərhəmətini, sədaqət və etibarını əsirgəməyən bir dosta necə laqeyd ola bilərəm?.. Məsələ bizim kitaba olan məhəbbətimizlə bitmir. Bu, qarşılıqlıdır. Axı, kitablar da bizi sevir, biz onların munis ağuşunda və aurasında özümüzü təhlükəsiz və xoşbəxt hiss edirik. Kitab bizə həm də düz yol göstərir, sevməyi öyrədir.  Deyək ki, “Qurani-Kərim” bizə nə öyrədir, nəyi təlqin edir?.. Ananı sev, atanı sev, torpağını, Vətənini sev, el-obanı sev!.. Biz başa düşməliyik ki, hər şey burdan başlayır: oxumaq, oxumaq, yenə də oxumaq. Sokrat deyir ki, oxumadıqlarımı ayağımın altına yığsaydılar, başım asimana dəyərdi. Lunaçarski isə deyirdi ki,  savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. Kitab sevgidən başqa, həm də öz eyiblərimizi özümüzə göstərməklə bizi tərbiyə edir. Təsadüfi deyil ki, fransız yazıçısı, Rey Bredberi “Kitablar bizə həyat çöhrəsindəki çapıqları göstərir”, - yazırdı. Digər bir fransız yazıçısı isə “Kitablar az olduqca, axmaqlar çoxalır”- deyə həyəcan təbili çalır. Bəli, dünyamızın nadanlardan və nadanlıqdan qorumağın yeganə bir yolu mütaliədir, oxumaq, oxumaq və oxumaqdır!...

Mən yenə İbrahimə qayıdıram. O, mənim mütaliəmdən söz açır, lakin Hölderleni bizə tanıdan Stefan Sveyqi qeyd etmir. Sveyq mənim üçün dünya korifeyləri arasında, ən ön sıradadır. Şübhəsiz, L.Tolstoy, Dostoyevski, Hüqo, Borxes və sair başqa dünya klassikləri də mənim müntəzəm mütaliə etdiyim korifeylərdir. Amma Sveyq bir başqa aləmdir. Sveyqin psixologizmi və haqqında söhbət açdığı insana məhəbbəti, bir ayrı dünyadır. O, Balzak haqda da avtobioqrafik roman yazıb, həm də  özünəməxsus dahiliklə yazıb. Həssas oxucu onun Balzak üzərindəki himayəsini duyur. Sveyq Balzakın şəxsiyyətindəki çatışmazlıqları, bir yazıçı kimi öz böyüklüyü fonunda  insani qüsurlarını gizlətməyə çalışır. S.Sveyq, bu bəraətində bəlkə də haqlıdır. Bu da Balzaka olan sevginin böyüklüyündəndir.

S.Sveyqin Hölderlin haqqında qeyri-adi bir povesti var. Mən onu dilimizə çevirtdirib çap elətdirmək istəyindəyəm. Bu məqsədlə bir şair və bir alim dostuma ağız açdım. Yəqin ki, bir xəbər çıxar?!

Mən belə düşünürəm ki, biz dünya çapında, yalnız ədəbiyyatımızla mücadilə edə bilərik. Nizami, Füzuli, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid... Bunların hər biri bir məktəb, bir ədəbi mərhələdir. Klassiklərimizi oxumağı çox sevirəm. Nizami isə tamam başqa dünyadır. Nizami  haqqında saysız-hesabsız tədqiqat əsərləri var... Amma onlar Nizami dühasının hələ də zərrələrinə, belə, gəlib çatmayıblar. Bertels deyir ki, Nizamini müqayisə eləmək lazım gəlsəydi, onu yalnız özü ilə müqayisə etmək olardı. Bu tədqiqatlar içərisində M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyası çox dəyərli bir nümunədir.

Yüz il sonra sorsan ki, o hardadır
Hər beyiti söyləyər, burda - burdadır!

Bax, Nizami budur.

Müasirlərimizi də məmnuniyyətlə mütaliə edirəm. Həm də onların əksəriyyətiylə tanışam, şəxsi münasibətlərim, dostluğum var. Ruhları şad olsun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə ilə dostluğumuz olub. Ramiz Rövşənlə, Rüstəm Behrudi ilə  dostluğumuz bu gün də davam edir.

Atamı da müntəzəm mütaliə edirəm. Hələ əlyazma halında belə,  onun əsərlərini oxuyuram. Təbii, hər bir yazıçı  özünü yazır, əsərlərində öz şəxsiyyətini ortaya qoyur. Əslində də yazıçılıq özünüetirafdır. Atamın qəhrəmanları özünə bənzəyir - mərd, qürurlu, dönməz, prinsipial... Əli İldırımoğlunun həyat hadisələrinə münasibətində də bir özgürlük var. O, sovet dövründə yazdığı əsərlərində belə, zamanın eybəcərliklərini cəsarətlə, özü də yüksək bədii məziyyətlərlə qələmə alıb. Bu, məni sevindirir. Bunun üçün təkcə “Zorən jurnalist” romanını oxumaq kifayətdir.

Qədim yunan filosofları, sufilər, orta əsr ortodoksal ideya daşıyıcıları, intibah dövrünün fikir mücahidlərindən tutmuş, müasir dövrümüzün mütəfəkkirlərinədək hər kəs kitaba borcludur. Həyat kitabla başlayır, kitabla bitir. Mütaliə və oxumaq insan mənəviyyatının cövhəri, onun əxlaqi lokomotivi, daxili inkişafın enerji mənbəyi, başqa sözlə, daim özü-özünü zənginləşdirən və hərəkətə gətirən nüvəsidir.

İnsanlara mesajım təkcə kitab oxumaq deyil. Kitab oxuyan, mütaliə eləyən, kitabı sevən adam getdikcə kamilləşir. Kitabı sevən həyatı sevər və ömrünü mənasız yaşamaz. Kitab bizim ömür kompasımız, yolgöstərənimiz, bələdçimizdir. Kitab yolu haqq yoludur. Kitab əxlaq, mənəviyyat düsturudur. Bir halda ki, adi ibtidai düşüncə tərzindən tutmuş, ilahi hikmətlərə qədər hər şey kitablarda cəm olub, demək, ona əxlaq kodeksimiz, mənəviyyat düsturumuz deyə bilərik. Deyəsən, Dostoyevski deyir ki, oxuyun, amma yaxşı kitablar oxuyun. “Yaxşı kitab ata kimi sənə doğru yol göstərər”. Bunu da Bəxtiyar Vahabzadə deyib.

Mütaliə həm də həssas bir yazıçı - oxucu münasibəti yaradır, onları qırılmaz tellərlə bir-birinə bağlayır. Biz kitaba dost dedik. Əslində, o dost elə yazıçıların özüdür. Yazıçılıq səmimiyyətdir, ilahi qüdrət və ruhun xüsusi təcallasıdır. Bu məqamda akademik Kamal Abdulla ilə razılaşmamaq olmaz. O, deyir: “Yazıçı olmurlar, yazıçılığı yaşayırlar”. Yaxşı sözdür. Bunu isə hər adam bacarmır. Yaxşı oxucu özü də potensial yazıçıdır. Mütaliə həvəskarı kitab sevdalısı nə vaxtsa əlinə qələm də ala bilər, hiss və duyğularını bölüşmək üçün. Mən də lazım gələndə hiss və duyğularımı dostlarla, tanışlarla, doğmalarla, bir də elə hamıyla  bölüşmək üçün yazıram.

30.09.2016

 





30.09.2016    çap et  çap et