525.Az

...və məbədin ruhani doqquzuncusu


 

...və məbədin ruhani doqquzuncusu<b style="color:red"></b>

Sərxan Xavəri

Fevralın birinci ongünlüyünün sonuncu günü qəfil yayılan xəbər ölkənin informasiya səmasında ildırım kimi çaxdı: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib...” Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov... kimin ağlına gələrdi... Bu şok effekti  elmi-ictimai mühitin hüdudlarını adlayıb bütün ölkə miqyasında əks-səda verdi...

“Ağlın işi heyrət doğurur, ürəyin işi nə isə dəruni bir sevinc”.  Qəribədir ki, Mahmud müəllimin on ildən artıq bir müddətdə ölkənin əsas intellektual beyin mərkəzi olan Elmlər Akademiyasına rəhbərliyi idraki fəaliyyətdən daha çox, həmişə qəlb işi təsiri  bağışladı.

O, sadəcə olaraq yaxşı adam idi... sadə, təvazökar, səmimi, xeyirxah, intizamlı, əxlaqlı, mədəni və daxilən azad. Onu tanıyanların, onunla az-çox  ünsiyyətdə olanların hamısı, şübhəsiz, razılaşar ki, bütün bu sadalanan keyfiyyətlər Mahmud müəllimi xarakterizə edən cəhətlər idi. Lakin onda bütün bunlardan əlavə nə isə vardı ki, onu fərqləndirən əsas xüsusiyyət olmaqla başqalarına dərin mənəvi-psixoloji təsirini şərtləndirirdi. Və məncə, bu nə isə yuxarıda sadalanan  cəhətlərdən nə ayrılıqda  götürülən hər hansısa biri, nə də bunların hamısının birlikdə vəhdətinin doğurduğu mənəvi-əxlaqi effekt idi... Əksinə, sanki bütün bu əxlaqi keyfiyyətlər onun şəxsiyyət bütövlüyünü müəyyənləşdirən mahiyyət statuslu  həmin nə isənin  sönük zahiri təzahürləri, görüntüləri idi. Məşhur fransız linqivisti Qustav Qiyom idrak nəzəriyyəsinin fundamental prinsipi statusuna layiq ola biləcək belə bir maraqlı tezis irəli sürmüşdür: “Elm  belə  bir intuitiv dərketməyə əsaslanır ki, görünən dünyanı daim özündə təcəssüm etdirib, lakin qətiyyən bənzəmədiyi gizli şeylərdən “danışır”.  Dilçi alimin yanaşmasına görə, idraki fəaliyyətin əsas stimulyatoru məhz həmin təzahürlərin dili ilə “danışan” və danışa-danışa idrak sahiblərini  gizli dünyanın daha mübhəm sirlərinə doğru səsləyən nə isələrdir. Artıq aramızda olmayan Mahmud müəllim haqqında düşünərkən Qustaf Qiyomun həmin tezisini bir daha xatırlamalı oldum. Çünki Mahmud Kərimov şəxsiyyəti gerçəkliyin öz strukturu kimi  zahiri sadəliyinin arxasında  dərin  mənəvi zənginlik, idraki  mürəkkəblik gizlədirdi. Bu sadəlik daxili  “Mən”də mükəmməl mənəvi-əxlaqi və mürəkkəb idraki-fəlsəfi əsaslara dayanırdı.

O, Akademiyanın Mirəsədulla Mirqasımovdan başlanan prezidentlər silsiləsinin  doqquzuncusu idi. Azərbaycan elmi elitasının ən görkəmli ziyalılarının təmsil olunduğu bu silsilədə hər prezidentin öz üslubu, öz dəsti-xətti olub. Mahmud Kərimovun Akademiyanı idarəetmə prinsipi  də  tamamilə fərqli idi. O, bu işdə daha çox öz daxilindən gələn mənəvi başlanğıca əsaslanır, qəbul etdiyi qərarlar da daha çox bu prinsiplə şərtlənirdi. Mürəkkəb problemlərin obyektiv həllində, münaqişələrin aradan qaldırılmasında, sağlam və işgüzar mühit yaradılmasında onun bu mənəvi prinsiplərinin əvəzsiz rolu vardır.

Elmlər Akademiyasına mənəvi prinsiplər əsasında rəhbərlik etmək o qədər də asan iş deyil. Burada mənəvi və intellektual inkişaf şkalasının bütün səviyyələrini təmsil edən, ən müxtəlif maraq və ambisiyaların daşıyıcısı olan ziyalılar, gülüş doğuracaq qədər qəribəlikləri ilə fərqlənən titulsuz və dərəcəsiz dərin düşüncə sahibləri, bütün zahiri  göstəriciləri ilə “şıx ziyalı” imicinin tələblərinə cavab verən və elmə heç bir aidiyyatı olmayanlar... var.  Təbii ki, onların içərisində Mahmud Kərimovun aşkar və ya gizli kifayət qədər opponentləri də yox deyildi, bədxahları da... Elmi mühit bunsuz olmaz ki... Mahmud müəllimin şəxsiyyətində elə bir birləşdirici ruh vardı ki, çox asanlıqla, hətta bəzən xüsusi bir enerji sərf etmədən inteqrativ sosial sahə yaratmağa, fərqli rasional fikir və mülahizələri də, antirasional maraq və ambisiyaları da nizama, harmoniyaya tabe etdirərək, son nəticədə Xeyirə yönəltməyi bacarırdı. Qəribədir ki, bir-birini  heç cür anlamayan bu adamların  hamısı Mahmud müəllimin dilini yaxşı başa düşürdülər.

Bu mənada Mahmud müəllimin fəaliyyəti  bir çox hallarda prezidentin Akademiyaya başçılığından daha çox, ruhaninin məbədə rəhbərliyini assosiasiya edirdi. O, özündə işıq daşıyırmış kimi, kin və qəzəb hissindən tamamilə uzaq idi.

Fikrimcə, onun üçün ən böyük günah insan azadlığına qəsd idi. Bu qəsd istər ictimai-siyasi, istər işgüzar münasibətlər, istərsə də ailə-məişət səviyyəsində olsun – fərq etməzdi. Onun iş otağında olanlara yaxşı məlumdur: xadimə, çilingər, fəhlə belə bu otağa daxil olarkən o, oturduğu kreslodan ayağa qalxır, hər kəsi ayaq üstə salamlayırdı. Bu jest etikadan daha çox, İnsana və onda ifadə olunan Mənaya ehtiramın təzahürü idi...

O, sabit daxili ruhi-mənəvi harmoniyaya malik idi. Ən mürəkkəb situasiyalarda, şəxsən öz mənafeyi əleyhinə yönələn vəziyyətlərin yarandığı məqamlarda belə  bu daxili ruhi-mənəvi harmoniya  pozulmurdu. Dimitri Lixaçov deyirdi ki, sən nə qədər öz şəxsi mənafeyindən güzəştə gedə bilirsənsə, bir o qədər ziyalısan. Mahmud müəllimin şəxsində nəinki şəxsi mənafedən güzəştin sərhədini, heç şəxsi mənafeyin özünü  belə  təsəvvür etmək olmurdu. Akademiyaya on ildən artıq rəhbərliyi dövründə  Mahmud müəllimin öz marağını açıq şəkildə ortaya qoymasının, yaxud pərdələnmiş şəkildə təqdim etməsinin heç kəs şahidi olmadı. Qəribəsi də o idi ki, davranış tipologiyası ilə müsəlman mistisizmini assossiyasiya edən bu dərvişanəlik onun şəxsində qətiyyən Şərq əxlaq komponenti deyildi. Mahmud müəllim Şərqi pis bilirdi...

Mənəvi universiumu Şərq və Qərb mədəniyyətlərinin sintezi  məqamlarında formalaşan Azərbaycanda  ziyalıların dünyagörüşünə, əxlaq və davranışına  bu oriyentirlərdən yanaşma ayrıca bir söhbətin mövzusudur.  Son dövrlər Azərbaycan ziyalılığını bu cinahlar aspektindən dəyərləndirmə tendensiyaları hiss olunur. Bu təsnifata görə, Azərbaycan ziyalısı iki fərqli qrupa bölünür: rus mədəni mühitində formalaşmış, ümumbəşəri universalilər kimi təqdim olunan Qərb  dəyərlərinə malik, mədəni, geniş dünyagörüşlü, lakin milli tarixə, milli mədəniyyətə və mənəviyyata, islami dəyərlərə nisbətən yad ziyalı; bir də milli zəmində formalaşmış, milli mədəniyyətimizin ümumtürk və ümumşərq kontekstlərinə bağlı, Azərbaycan mədəni mühitinin yetişdirməsi olan ziyalı. Mahmud Kərimovu bunlardan daha çox birincilərə aid edirdilər. Həqiqətən də, o, bütün parametrləri ilə rus mədəni-intellektual mühiti kontekstində formalaşmış ziyalı idi. Lakin buna baxmayaraq, Akademiyanın prezidenti olduğu müddətdə o bütün varlığı ilə Azərbaycanın tarixinə, mədəniyyətinə və mənəviyyatına doğru təbii bir yol gəldi. Artıq bizim tanıdığımız Mahmud Kərimovun təsəvvüründə Azərbaycanın keçib gəldiyi tarixi təkamül yolu, milli dəyərlər, milli mədəniyyət obrazları tamamilə canlı idi. İxtisasca fizik olmasına baxmayaraq, Azərbaycanın və azərbaycanlıların haradan gəlib hara getdiyi barədə onun nəinki ümumi təsəvvürü, konseptual-elmi baxış sistemi vardı. Bir ziyalı fenomeni olaraq Mahmud Kərimov bütün varlığı ilə Azərbaycan hadisəsi idi. O, ziyalılığın elə bir zirvəsinə qalxmışdı ki, milli universumun özü kimi Şərqi və Qərbi, paytaxt Bakını və ucqar əyaləti də şəxsiyyətində harmonik olaraq birləşdirirdi.

Bir dəfə söhbətlərinin birində zarafatla dedi ki, regional baxımdan mənim bəxtim gətirib. Atam Naxçıvanda doğulub, naxçıvanlılar deyir ki, Mahmud naxçıvanlıdır. Özüm İrəvanda doğulub bir yaşıma qədər orada yaşamışam, tərcümeyi-hal sənədlərimdən İrəvan qırmızı xətlə keçir. Buna görə də ermənistanlılar deyir, yox, Mahmud ermənistanlıdır. Uşaqlıq illərindən Bakının rusdilli mühitində böyüyüb boya-başa çatmış, burada təhsil almışam. Buna görə də bakılılıar da deyir, yox, Mahmud “şəhər uşağı”dır. Bunları danışıb xeyli gülmüşdük. Əslində bu zarafatda bir həqiqət gizlənirdi. Onun həm “Vətənin qıraqda qalan yeri” olan  tarixi Azərbaycan torpaqları və qədim Naxçıvanla,  həm də sovet dövrü, xüsusən 60-70-ci illərdə ciddi bir intibah mədəniyyəti mərhələsindən keçmiş Bakı mühiti ilə bağlılığı şəxsiyyətinin əsas cizgilərinin müəyyənləşməsində rol oynamışdı. Atası Kərim Kərimov Azərbaycan milli mədəniyyəti ilə professional-elmi səviyyədə bağlı bir adam kimi ailə kontekstində özünün doğulub boya-başa çatdığı Naxçıvan mühitinə xas milli dəyərləri ona ötürmüşdü. 60-70-ci illərin Bakı mədəni mühiti isə onun şəxsiyyətini Vaqif Mustafazadənin muğam-caz sintezində olduğu qədər universal və cazibədar etmişdi. Həqiqi mənada həmin illərdə təbii kulturoloji proseslərin nəticəsi olaraq arxetip inkişaf təmayüllərinə (Şirvan mədəniyyətinin tarixən kulturoloji sintezə meyilliliyi) əsaslanaraq, Bakıda Şərqlə Qərbin yeni kulturoloji əsasda sintezi gedirdi. Həmin illərdə Mahmud müəllim bu sintez proseslərinin lap mərkəzində, cazla muğamın qovuşduğu məqamın içində idi. O sintez Azərbaycana indi də milli mədəniyyətimizin simasını müəyyənləşdirməkdə davam edən yeni bir ziyalı elitası bəxş etdi. Mahmud Kərimov bu elitanın ən parlaq nümayəndələrindən biri idi...

O, Azərbaycan ziyalılarının – ən  yaxşı nümayəndələrinin belə! – itirdiyi dəyərləri: fərdi vicdan, şəxsi məsuliyyət, daxili azadlıq, həqiqətpərəstlik, səmimi dövlətçilik və ədalət hissini özündə qoruyub saxlaya bilmişdi. Məhz bunun nəticəsi idi ki, o, əsl ziyalı kimi heysiyyət və ləyaqət bütövlüyünü ən mürəkkəb situasiyalarda da qoruyub saxlaya bilirdi. Xidmətkeş, təşəbbüskarlıqdan və sərbəst mühakimə qabiliyyətindən məhrum bəzi Azərbaycan ziyalılarının kütləvi tipinin boz-bulanıq axınında Mahmud müəllimin daxili azadlığı, səmimi və sadəlövh həqiqətpərəstliyi, bayağı səslənsə də, böyük mənəvi-tərbiyəvi əhəmiyyətə malik idi. Eynşteyn deyirdi ki, insanları öyrətməyin yeganə ağıllı üsulu onlara nümunə göstərməkdir. Bəşəriyyətin sosial tərəqqisində sivilizasiyaları  epoxadan epoxaya inkişaf etdirən peyğəmbərlik institutları (mənəvi-ruhani dəyərlərin şəxsiyyətdən cəmiyyətə ötürülməsi mexanizmləri) Eynşteynin dediyi bu modelə əsaslanmışdır. Mahmud müəllimin  şəxsiyyətində belə bir ilahi örnək missiyası son dərəcə qabarıq idi. O da fəaliyyəti ilə daha çox insanlıq, sadəlik, mədəniyyət, ədalət nümunəsi göstərirdi.

Mahmud Kərimov o dərəcədə sadə idi ki, bu utancaq ziyalının yalnız elmi miqyasda deyil, müasir Azərbaycanın ictimai-mədəni mühitində, hətta beynəlxalq elmi səviyyədə əvəzolunmaz xüsusi əhəmiyyətə nəyin hesabına nail olduğunu rasional olaraq müəyyənləşdirməyə çətinlik çəkirdin... Məncə, cəmiyyətin mənəvi balansının qorunması, mənəvi prinsiplər əsasında davranış modellərinin kütləvi olaraq normativləşdirilməsi üçün belə şəxsiyyətlərin sadəliyindəki  mükəmməllik və mürəkkəbliyin professional elmi tədqiqatın predmetinə çevrilməsi ümumi işin xeyrinə olardı.

“Sadəlik” özü də bir prestij və brenddir. Bu mənada hər yaxşı şeyə nəyin bahasına olur-olsun sahiblənməyə vərdiş etmiş, hər cür markaya aludə olan bəzi  vəzifəli ziyalılar bu brendə də biganə qala bilmirlər. Sadəliyi  qamarlamağın isə rolunu oynamaqdan başqa yolu yoxdur. Buna görə də bizim ziyalı mühitimizdə səmimi eqoistdən daha eybəcər görünən “saxta səmimilər” də kifayət qədərdir. Mahmud müəllimin səmimi sadəliyi və sadə səmimiyyəti saxta sadəliyin və saxta səmimiyyətin əyarını müəyyənləşdirmə etalonu funksiyasını da yerinə yetirirdi.  Uzun illər ərzindəki Akademiyaya prezidentliyi onun bu sadəliyinə zərrə qədər də olsun xələl gətirə bilmədi. O, əsl ziyalı kimi, yeni dövrün dəbdəbələr epoxasının eyforiyasına qapılmadı. Əlində nəhəng bir yazı-pozu təsisatı olmasına baxmayaraq, özü haqqında nəinki təbliğat kampaniyasının aparılmasına, heç adi bir tərifin söylənilməsinə də razı olmadı. Bunun da nəticəsində onun şəxsiyyəti populist təbliğat predmetinə çevrilərək bayağılaşmaqdan, işığını itirməkdən  qurtula bilirdi.

Mahmud Kərimov ixtisasca fizik idi. O, 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını almışdır. 2001-ci ildə akademik və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilənədək ciddi elmi fəaliyyətlə məşğul olmuş, zəngin elmi nailiyyətləri ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Geniş oxucu kütləsi üçün o qədər də anlaşıqlı olmayan dielektriklər fizikası,  yaddaş elementləri,  informasiyanın ötürülməsi və çevrilməsi sistemlər və s. bu kimi dünya elmində prioritet hesab olunan məsələlər onun tədqiqat sahəsinə daxil idi. Vəfat etdiyi gün şəxsi işləri ilə tanış olarkən həmişə təvazökar olmuş bu adamın necə bir ciddi elmi yaradıcılığa malik olduğunun bir daha şahidi oldum: əsasən prezidentliyindən əvvəlki dövrləri əhatə edən, əksəriyyəti Rusiyanın və Avropa ölkələrinin nüfuzlu elmi dərgilərində müxtəlif xarici dillərdə nəşr olunmuş yüzlərlə elmi əsər... Biz humanitar sahə mütəxəssisləri bu elm sahəsi üzrə təfərrüatlara vara bilməkdən uzağıq. Amma onunla ünsiyyətdə mənəvi məsumluğun miqyassızlığı kimi, idraki dərinliyin dibsizliyini də müşahidə edə bilirdik. Mahmud muəllimin düşüncə tərzinə ilk baxışdan sezilməyən, lakin sonradan tədricən müəyyənləşən dərinlik və  genişlik xas idi.  Gərgin iş rejiminə baxmayaraq, ən xırda fürsəti belə kitab oxumağa sərf edən Mahmud müəllimin dünya elminin ən müasir inkişaf tendensiyaları ilə bağlı zəngin informasiyası, həmin informasiyaları aydın şəkildə sistemləşdirən səlis məntiqi vardı. İstənilən elmi məsələdə (bu, ictimai-humanitar elm sahələrini də əhatə edə bilərdi) birbaşa mahiyyətə varmaq qabiliyyəti vardı. Məntiqi səlist və anlaşıqlı idi.

Müsahibələrinin birində son dərəcə sadə və anlaşıqlı bir şəkildə bildirirdi ki,  mən də razıyam ki, hər şeydən əvvəl söz olub (müqəddəs kitablarda yazıldığı kimi), amma bilik, həm də bu “bilik” sözü elə məntiqin özü olub. Onun qənaətinə görə, bu məntiq özünün ən ideal ifadəsini  riyazi dildə tapır.

Məncə, onun idraki gücü heç nəyi, ən əsası isə öz şəxsi elmi qənaətini belə   mütləqləşdirib onun əsirinə çevrilməməsində idi. Onun obyektiv xarakterli subyektiv elmi qənaətləri belə, alimlərin əksəriyyətində müşahidə etdiyimizdən fərqli olaraq,  idraki üfüqlərin sonsuzluğuna boylanmaqda ona mane ola bilmirdi.

“Bircə onu bilirəm ki, heç nəyi bilmirəm” – deyən Sokratdan üzü bəri biliyə münasibətdə bir müdrik yanaşma zaman-zaman ən müxtəlif fikir nəhəngləri tərəfindən təkrar-təkrar interpretasiya olunub. Azərbaycan elmi-ictimai təfəkkürü-nün XX əsrdə yetişdirdiyi mütəfəkkirlərdən olan Yaşar Qarayev də bu məlum həqiqəti özünəməxsus şəkildə ifadədən özünü saxlaya bilməyib: “Kainatın işıq-qaranlıq arifmetikasında “məlum” adi nisbətlə dəyişəndə “naməlum” həndəsi nisbətlə dəyişir. Nurun, işığın hər zərrəsi bir dəfə artanda, ondan görünən qaranlığın (məchulluğun) sahəsi, həcmi yüz dəfə böyüyür. Təkcə o, – heç nəyi bilməyən qafil (!) hər şeyi bildiyini zənn edir və bilmir ki, nəyi isə öyrənəndə (yalnız onda!) sən nəyi bilmədiyini də dərk edirsən...” Bu mənada Mahmud müəllim Elmin bəşəriyyətin min illər ərzindəki praktiki və nəzəri təcrübəsini akkumulyasiya edən, bir insan ömründə zərrəsinə belə sahib olmağın qeyri-mümkün olduğu intəhasız bir yaddaş bankı olduğunu çoxdan anlamışdı.

Azərbaycan elmi üslubunun ifadə imkanlarının genişləndirilməsi zərurətindən tez-tez söhbət açırdı. Hesab edirdi ki, Azərbaycan dilinin təfəkkür standartları ilə düşünərək  müasir dünya elminin ən son nailiyyətləri səviyyəsində biliklər yaratmaq üçün mütəxəssislər hələ çox iş görməlidirlər.

O da bütün dahi şəxsiyyətlər kimi hətta ziyalılar, alimlər tərəfindən anlaşılmırdı, onun təvazökarlığı, mədəniyyəti, hər kəsə fəaliyyət üçün meydan yaratması bəzən iradəsizlik kimi dəyərləndirilirdi. Mən dəfələrlə şahidi olmuşam ki, onun haqqında danışanlar əllərini yumruq kimi sıxıb stolun üstünə vuraraq,  “bax, Mahmud müəllimdə bu çatışmır” deyərdilər. Görkəmli tarixçi alimimiz Yaqub Mahmudov  ətrafdakılarla onun arasında dərin uçurum olduğunu nəzərdə tutaraq, onu “XXIII əsrin adamı” adlandırırdı.

Belə bir  ifadə var: “Əgər peşəkara kömək etmək istəyirsənsə, ona mane olma!”. Mahmud müəllimin idarəçiliyində bu prinsip qabarıq hiss olunurdu. Fəaliyyətə inzibati baxımdan mane olmamaq... Bu tipli idarəçilik bir çox hallarda özünü doğruldurdu. Tez-tez deyirdi ki, Akademiyanın idarəçiliyində mənim rolum həddindən artıq azdır. Mən sadəcə sənədlərə dərkənar yazmaqla işimi bitmiş hesab edirəm. Əsas icraçılar mənim komandamdır. Hər bir sahə üzrə komanda üzvlərinə etimad göstərirdi. Çünki ümumiyyətlə, İnsana inanırdı.

Səmimi bir dövlətçilik sevgisinə malik Mahmud Kərimovun rəhbərliyi dövründə Akademiya ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi və mədəni-mənəvi proseslərə daha yaxından qoşularaq işlək mexanizmə çevrildi. Məhz onun akademik idarəetməsi nəticəsində on minlik bir yaradıcı kollektiv vahid bir məcraya yönəldildi. Nə qədər formal səslənsə də, məhz Mahmud Kərimovun prezidentliyi dövründə Azərbaycan elminin beynəlxalq əlaqələri görünməmiş miqyasda genişləndi, infrastrukturu təkmilləşdi, maddi-texniki bazası xeyli dərəcədə yeniləşdi, kadr potensialı gücləndi, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra əməli addımlar atıldı.

Onun rəhbərliyi ilə Azərbaycan elminin 2009-2015-ci illəri əhatə edən Milli İnkişaf Strategiyası qəbul olundu və ... bu sənədin əhəmiyyətlərindən biri də Azərbaycan elminin və elmşünaslığının müasir ritorika sistemini yarada bilməsi oldu. Burada yalnız inkişafın istiqamətləri yox, həmçinin anlayışların oriyentirləri də müəyyənləşdi. Qədim müdrik kəlamda deyildiyi kimi, əvvəl sözlər azadlığını itirir, sonra insanlar...Ona görə də əvvəl sözləri azad etmək lazımdır, sonra insanları...

Alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması zərurətindən Mahmud müəllimdən daha kəskin heç kim danışmırdı. “Azərbaycan” qəzetində nəşr olunan “Humanitar və ictimai elmlər: reallıqlar və perspektivlər” məqaləsində aşağıdakı sətirlər olduğu kimi ilə getmişdi: “Biz ilk növbədə Azərbaycan alimini sosial çətinlikdən daha tez necə çıxarmaq problemini həll etməliyik. Həm də bu məsələni sosial-iqtisadi problem olaraq  yox, əxlaq problemi, milli təhlükəsizlik problemi, ölkənin milli maraqlarının qorunması problemi olaraq həll etməliyik! Çünki söhbət əhalinin o qədər də çox olmayan bir qisminin aşağı həyat səviyyəsində yaşamasından getmir, söhbət milli sərvətə dəyən zərərdən, ölkənin intellektual potensialının dağılması və nəticədə milli mənliyi təşkil edən etnik-mənəvi nüvənin zədələnməsi təhlükəsindən gedir!”

Həqiqətən də, onun Elmlər Akademiyasına prezidentliyi dövründə alimlərin sosial müdafiəsinin təmin olunması istiqamətində hiss olunacaq dinamika yarandı. Ömrünün ən son günlərində imza atdığı ən son sənədlərin əksəriyyəti Akademiya əməkdaşlarına mənzil tikintisi ilə bağlı idi. Ümumiyyətlə, bu imza həmişə xeyirə xidmət etdi...

O, sonda bizə həyatı kimi ölümün  də sadə bir nümunəsini göstərdi. Sən demə, ölüm formulu da, yaşam formulu kimi bu qədər sadə imiş... Sən demə, cümə günü iş masasının arxasında yarımçıq qalmış sənədlərə baxaraq,  “bazar ertəsi davam edərik” deyib, istirahət günü əbədi yolçuluğa çıxmaq  olarmış... Bu qədər sadə. Nə illərlə çəkən uzun xəstəlik, nə şikayət, nə inilti, nə sızıltı. Sən demə, ömrü də başa çatmış iş həftəsi kimi dostlarla, həmkarlarla mehribancasına sağollaşıb, “sağlıq olsun, görüşərik” deyərək başa vurmaq olarmış...

Sağlıq olsun, görüşərik, Mahmud müəllim...

 





14.03.2013    çap et  çap et