525.Az

Böyük yolun zəfər zəngləri - Üçüncü məqalə


 

HƏQİQİ VƏTƏN EŞQİ, TÜKƏNMƏZ AZƏRBAYCAN SEVGİSİYLƏ

Böyük yolun zəfər zəngləri - <b style="color:red">Üçüncü məqalə</b>

1969-cu ilin 14 iyulundan sonra bütün respublikamızda olduğu kimi Azərbaycan televiziyasının və radiosunun həyatında da yeni bir inkişaf mərhələsi başlandı. 

Həmin tarixdə respublika rəhbəri seçilən Heydər Əliyev bütün strateji sahələr kimi milli televiziya və radioya da xüsusi önəm verir, yaradıcı diqqət və qayğı göstərirdi.   Milli televiziya sistemi maddi-texniki baxımdan təkmilləşir, yeni nəsil avadanlıqlarla təchiz edilərək zənginləşir, professional kadrların hazırlanması üçün kompleks işlər görülür, əyani, praktik addımlar atılırdı.  

1970-ci ildən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində televiziya üçün ədəbi işçilər, uyğun peşəkar kadrlar hazırlanmasına başlanıldı.  1971-ci ildə kompleks şəkildə  istifadəyə verilən “Kadr-3” video sistemi keyfiyyətli montaj üçün əlverişli şərait yaratdı.   Bir il sonra Azərbaycan televiziyasında ilk rəngli televiziya tamaşası göstərildi.   Bir qədər sonra isə təkmilləşdirmə işlərinin miqyası daha da genişləndirildi, respublika televiziyasında yeni modifikasiyalı “Kadr-3” video-maqnitofonundan istifadəyə başlandı ki, bu da müxtəlif yönlü teleməhsulların texniki  keyfiyyətini, bədii-estetik səviyyəsinin texniki əsaslarını, necə deyərlər, forma və məzmun vəhdətini xeyli yüksəltdi.

1975-80-ci illərdə bir sıra rayonlarda, ilk növbədə isə İranla həmsərhəd bölgələrdə radiorele qurğuları tikilir, ardıcıl şəkildə güclü, texniki rəqabətə davamlı televiziya ötürücüləri quraşdırılıb istifadəyə verilirdi.  Bakıda 310 metrlik daha müasir, dünya standartlarına cavab verən televiziya qülləsi tikilirdi. 1980-ci ildə televerilişlərin kosmik rabitə vasitəsiylə yayımlanmasına dair nüfuzlu beynəlxalq konfransın Azərbaycanın paytaxtında, məhz Bakıda keçirilməsi təsadüfi deyildi.   Bu, Azərbaycan televiziyasına Heydər Əliyev diqqət və qayğısının, bu strateji sahənin gələcək perspektivlərini düşünən həqiqi rəhbər uzaqgörənliyinin nəticəsi idi.   Bu, həm də Azərbaycanı, onun televiziyasını beynəlxalq tədbir vasitəsi ilə dünyanın gündəminə gətirmək, diqqət mərkəzinə çəkmək idi.

Bu gün qətiyyətlə, inamla, fəxrlə deyə bilərik ki, Azərbaycan televiziyası son on illiklərdəki inkişafına, uğurlarına görə ümummilli liderimiz Heydər Əliyevə BORCLUDUR, MİNNƏTDARDIR.  Azərbaycan Televiziyası həm də Heydər Əliyevin əsəridir, onun xalqımıza bəxş etdiyi çoxsaylı töhfələrindən biridir.

1969-cu ilin yayından başlayaraq Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan televiziyası Heydər Əliyevin təkanverici diqqət və qayğısı ilə əhatə olunub.  Bu ardıcıl, tələbkar, yaradıcı diqqət və qayğı nəticəsində Azərbaycan teleradiosu maddi-texniki, mənəvi-intellektual baxımdan həqiqətən böyük inkişaf yolu keçib, müasir yüksək səviyyəsinə qovuşub.

Ulu öndər Heydər Əliyevin Azərbaycan teleradiosunun ünvanına dediyi unudulmaz sözlər bu məqamda yada düşür, qəlbimizdə haqlı qürur hissi doğurur, həm də bir sıra nadanlara tarixi cavab kimi səslənərək ciddi, sağlam düşüncələrə əsas verir:

“Azərbaycan televiziyası və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir.  Bu gün Milli televiziya və radiomuz, sözün əsl mənasında, xalqın tribunasıdır.

Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır”.

“Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliği” sözlərində, əslində, Azərbaycan televiziyasının əsas strategiyası, bütöv dövlət fəlsəfəsi əbədiləşib.

80-ci illərin sonlarında başlayan xalq hərəkatında, meydan hadisələrində Azərbaycan televiziyası da öz tarixi sözünü dedi...  Qanlı 20 Yanvar hadisələri ərəfəsində Azərbaycan televiziyasının enerji blokunun partladılması ən əvvəl bu qurumun qəti xalq mövqeyində dayanmasının, heç bir xəyanət yoluna dönməyəcəyinin təsdiqi idi.  İmperiya ağaları və onların yerli qulluqçuları bunu bilirdilər və ona görə enerji blokunun partladılmasıyla Azərbaycan televiziyasının  tam susdurulmasına qərar verilmişdi.  Beləliklə, Azərbaycan teleradiosu tarixində ən faciəli hadisə baş verdi - enerji bloku partladıldı.   Lakin Azərbaycan televiziyasını, radiosunu susdurmaq mümkün olmadı.

15 iyun 1993-cü il...  Həmin gün xalqın arzusu, ümidi, təkidli çağırışı, tarixi ehtiyacıyla yenidən hakimiyyətə qayıdan dahi siyasətçi Heydər Əliyev Vətən və xalq naminə, azad, müstəqil, bütöv Azərbaycan naminə qüdrətli xilaskarlıq fəaliyyətinə başladı.

Azadlığına yenicə qovuşan Azərbaycan respublikası daxili və xarici düşmən fitnələriylə, imperiya maraqları ilə parçalanaraq bölüşdürülmə faciəsindən xilas edildi.

Heydər Əliyev 1993-cü ilin böhranlı yayında xilaskar qayıdışıyla milli istiqlal yolumuzun dahi öndəri, azad, müstəqil, yeni Azərbaycan dövlətinin BANİSİ, MEMARI OLDU.

Bu böyük, tarixi dövrün hər günü, hər ayı, hər ili müdrik rəhbər hünərinin işığıyla nurlanıb, uzaqgörən dövlət xadimi Heydər Əliyev dühasının azad, müstəqil Azərbaycan naminə qazandığı tarixi uğurlarla yadda qalıb.

Bütün xalqımız, bütün dünya şahiddir ki, ümummilli lider Heydər Əliyev öz müqəddəs andına, Azərbaycan uğrunda fədakar mübarizəsinə, bütün nəsillərə örnək olan Azərbaycan sevgisinə həmişə sadiq qalıb.  O böyük sevginin tarixləşən faktlarına, Heydər Əliyev töhfələrinə bütün respublikamızın hər guşəsində rast gəlmək olar.

Xalqa, Vətənə, Azərbaycana sədaqət Heydər Əliyev ömrünün ən böyük mənası, ilahi qismətidir.  Bəli, onun ömrü azad, müstəqil Azərbaycan naminə yaşanıb, Azərbaycan uğrunda mübarizəyə həsr olunub.

Bu tarixi mübarizədə Heydər Əliyev ideyaları ƏBƏDİ XİLASKAR, ƏBƏDİ QALİBDİR.

Bütün bu tarixi hadisələrdə Azərbaycan Televiziyası və Radiosu şərəfli xidmətiylə müstəqil dövlətimizi və dövlətçiliyimizi müdafiə etdi, həmişə ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin yanında oldu, onun xilaskar ideyalarına böyük sədaqət, əyilməz mərdanəliklə səs verdi.  Bu müqəddəs yolda bir sıra həmkarlarımız canlarını qurban verdilər, şəhidlik zirvəsinə ucalaraq and yerimizə döndülər.    Azərbaycan Teleradiosunun həyətində yaradılan Şəhidlər memarlıq kompleksini hər gün qürurla ziyarət edir, şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyirik...

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi on illər boyu yaradılan silsilə sənədli ekran əsərləriylə - dahi dövlət və siyasət xadimi Heydər Əliyevin qeyri-adi, fədakar, fenomenal fəaliyyətindən bəhs edən çoxsaylı verilişlər, silsilə televiziya filmləri ilə haqlı olaraq fəxr edir.   Bunlar bütünlüklə Azərbaycana həsr olunan, Azərbaycan və Azərbaycançılıq naminə yaşanılan böyük ömrün anları, xalqın öz xilaskarına hüdudsuz sevgisinin, hörmət və ehtiramının əbədiləşən ekran həqiqətləridir.

lll

Adları Azərbaycan teleradiosunun tarixinə əbədilik yazılan söz, sənət adamları, görkəmli ziyalılar çox olub.   Azərbaycan mədəniyyətinin neçə-neçə nəsli bu doğma ünvanda işləyib.

Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov və Müslüm Maqomayev, böyük yazıçılarımız Məmməd Səid Ordubadi və Cəfər Cabbarlı, unudulmaz elm və sənət, söz və mədəniyyət adamlarımız Mehdi Hüseyn, Lətif Kərimov, Cəfər Xəndan, Məmməd Rahim, Nəsir İmanquliyev, Adil Əfəndiyev, Məmməd Arif, Hüseyn Natiq, Zeynal Xəlil, Səid Rüstəmov, Arif Babayev, Rauf Kazımovski, Ənvər Əlibəyli, Tofiq Bayram, Mirvarid Dilbazi, Nəbi Xəzri, Əzizə Cəfərzadə, Anar, Qabil, Fikrət Qoca, Teymur Əliyev, Elşad Quliyev, Fuad Tarıverdiyev, Məmməd İsmayıl, Aqşin Babayev, Nahid Hacızadə, Nazim Abbas, Həbibə Məmmədxanlı, Gəray Fəzli, Firudin Ağayev, Cəlal Bərgüşad, Hafiz Baxış, Eldar Baxış, Bünyad Məmmədov, İbrahim Göyçaylı, Mailə Muradxanlı, Afaq Məsud, Vaqif Əlixanlı, Məmməd Oruc, Rafiq Səməndər, Ağalar Mirzə, Kərim Kərimov, Rəhman Babaxanlı,Səyavuş Məmmədov, Ramiz Həsənoğlu, Məhərrəm Bədirzadə, Nəriman Şıxəliyev, Telli Pənahqızı, Rafiq Savalan, İntiqam Mehdizadə, Şəfəq Sultan Əlixanlı, Camal Yusifzadə, Ələmdar Quluzadə, Bəxtiyar Qaraca, Tahir Talıblı, Əhməd Oğuz, Avdı Qoşqar, neçə-neçə başqaları müxtəlif vaxtlarda Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı olublar və çoxları (Allah ömürlərini uzun eləsin. - S.E.) bu gün də bu mədəniyyət məbədində çalışırlar.

Ümumiyyətlə, cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatı, bütövlükdə milli mədəniyyətimiz Azərbaycan Teleradiosunun inkişafına böyük töhfələr vermişdir.

90 yaşlı Azərbaycan Radiosu və 60 yaşlı Azərbaycan Televiziyası yarandıqları gündən Azərbaycan ədəbiyyatı ilə çiyin-çiyinə, nəfəs-nəfəsə yaşayıb, ədəbi sözün əbədi ucalığına sığınıb.  Milli ədəbiyyatımız - poeziya və nəsrimiz, dramaturgiya və folklorumuz, ədəbi tənqid və bədii publisistikamız milli televiziya və radiomuzun ən sədaqətli, etibarlı yol yoldaşı, ən doğma müsahibi olub.  

Təsadüfi deyil ki, artıq dediyim kimi, ədəbiyyatımızın bir sıra görkəmli şəxsiyyətləri, böyük sənətkarlarımız müxtəlif vaxtlarda milli teleradiomuzda işləmiş, bu misilsiz yaradıcılıq dünyasına öz layiqli töhfələrini vermişlər. 

1930-cu ildə məhz ədəbiyyat adamının - böyük yazıçı Məmməd Səid Ordubadinin rəhbərliyi ilə Azərbaycan radiosunda “Ədəbi-dram verilişləri” redaksiyası yaradılmışdır.   İstər klassik, istər müasir ədəbiyyatımızın ən uğurlu nümunələri zaman-zaman milli teleradiomuzun bədii-estetik təkmilləşməsinə, zənginləşməsinə kömək göstərmiş, təkan vermiş, bütövlükdə Azərbaycan Televiziyası və Radiosu tarixində mühüm, taleyüklü rol oynamışdır.  Bu, milli teleradio tariximizin ən önəmli faktlarından,bədii-estetik sənətkarlıq məziyyətlərindən biridir. M.S.Ordubadi “Qovorit SSSR” jurnalının 1935-ci il mart buraxılışında yazırdı:  “Bakı radiosunun neçə illərdən bəridir ki, maraqlı proqramlar hazırlayan Dram redaksiyası...  Azərbaycan Böyük Akademik Teatrının ən yaxşı tamaşalarını efirə verməyə başlamışdır.  “Hamlet”,  “Boris Qodunov”, “1905-ci ildə”, “Özgə uşağı”, “Yaşar”, “Sevil”, “Hacı Qara”, “Dağılan tifaq” və s.tamaşalar artıq mikrofon qarşısında səslənmişdir”.

Bu gün tam cəsarətlə demək olar ki,60 illik Azərbaycan Televiziyası, 90 yaşlı Azərbaycan Radiosu 1500 illik Türk-Azərbaycan ədəbiyyatının, neçə min illik şifahi xalq ədəbiyyatımızın ən layiqli güzgüsü, ən mükəmməl təqdim və təbliğ vasitəsi, deməli, ən fədakar xidmətçisi olmuşdur.   Azərbaycan ədəbiyyatına bu misilsiz tarixi xidmət, əslində, xalqımıza, onun inkişaf və intibahına göstərilən böyük xidməti idi.     Sirr deyil ki, hər bir xalqın tarixi yaddaş enerjisi, bədii-estetik fikir yükü, daha çox ona mənsub olan sənət abidələrində, xüsusilə, ədəbiyyatda, ədəbi sözdə toplanır.   Və bu toplanan misilsiz mənəvi xəzinənin yenidən xalqa qaytarılmasında, daim diri, canlı şəkildə xalqın həyatında, taleyində, mənəviyyatında yaşamasında doğma teleradiomuz özünəməxsus, əvəzedilməz rol oynayıb və oynamaqdadır.  Bu baxımdan Azərbaycan teleradiosunun tarixi ümummilli tariximizin, xüsusilə, ədəbiyyat və mədəniyyət dünyamızın ayrılmaz, şərəfli bir hissəsidir.

60 yaşlı Azərbaycan Televiziyasının tarixində son altmış illik ədəbiyyatımızın ayaq izləri aydın görünür,ürək döyüntüləri aşkar eşidilir.  Məşhur ədəbiyyat adamlarının - şair, yazıçı və tənqidçilərin, dilçi və filoloqların milli televiziyamıza verdiyi sənət töhfələri, yaradıcılıq enerjisi danılmaz tarixi faktdır.  Təkcə onların adlarını sadalamaq kifayətdir ki, ədəbiyyatımızın Azərbaycan Televiziyasında oynadığı tarixi rol bütün miqyası, möhtəşəmliyi ilə görünsün.   Bəli, Azərbaycan Teleradiosu daim ədəbiyyatla, ədəbiyyat adamlarının yaradıcılıq dünyası, bədii-estetik fikir enerjisi ilə nəfəs almış, yaşamış, uğurlar qazanmışdır.   Lakin əsası odur ki, bu və digər sənət,  ədəbiyyat adamları təkcə özlərinin yaradıcılıq enerjisini yox, daha çox dərəcədə bütöv Azərbaycan ədəbiyyatının, 1500 illik ədəbi-bədii düşüncəmizin yenilməz ruhunu, xilaskar gücünü gətirmişdilər Azərbaycan Televiziya və Radiosuna.

“Avesta” və Orxon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları, Mahmud Kaşğari və Nizami Gəncəvi, Füzuli və Nəsimi, Xətai və M.F.Axundzadə, Sabir və Cəlil Məmmədquluzadə, Hadi və Hüseyn Cavid, Səməd Vurğun və Rəsul Rza... bütün bu və digər sənət abidələri və sənətkarlar haqqında hazırlanan minlərlə verilişlər, çəkilən çoxsaylı tamaşalar, bədii və sənədli televiziya filmləri televiziyamızın qızıl fondunu təşkil edir.  Bu verilişlər, tamaşalar,bədii və sənədli telefilmlər Azərbaycan ədəbiyyatının Azərbaycan televiziyasına sənət töhfələridir. Və bunlar sübut edir ki, 60 yaşlı Azərbaycan Televiziyası öz böyük uğurları, tarixi inkişafı üçün həm də ədəbiyyatımıza, milli mədəniyyətimizə borcludur.  Bu baxımdan cəsarətlə, fəxrlə deyə, bir daha vurğulaya bilərik ki, Azərbaycan Televiziyasının və Radiosunun tarixi həm də Azərbaycan ədəbiyyatının tarixidir.   Bu, qəlbi VƏTƏN EŞQİ, AZƏRBAYCAN SEVGİSİYLƏ çırpınan, səmalarında ruhumuzun yurd yeri - Azərbaycan bayrağı dalğalanan bütöv, qalib bir dünyadır.  Bu, Azərbaycan xalqına,dövlətinə həqiqi xidmət, halal sevgi və sədaqət dünyasıdır...

 





03.10.2016    çap et  çap et