525.Az

“Çujoy sredi svoix, svoy sredi çujix”


 

və yaxud SOVETLƏRİN MƏNƏ VERDİYİ “TSENNIY PODAROK”

“Çujoy sredi svoix, svoy sredi çujix”<b style="color:red"></b>

1982-ci il, Liviya...

Tripoli yaxınlığında Tacura qəsəbəsində sovetlərin obyektində - Atom Tədqiqatları Mərkəzinin inşasını həyata keçirən SSRİ “Atomenerqoeksport” Birliyinin baş ofisində mütərcim işləyirəm. Şərqşünaslıq fakültəsini bitirən kimi buraya ezam edilmişəm. Qısa müddətdə Sovet inzibatçıları arasında nüfuz qazanmışam. İştirak etdiyim bütün mürəkkəb, çətin danışıqlar uğurla nəticələnir. Yerli Sovet rəhbərliyi hesab edir ki, qazanılan uğurlarda mənim də payım var və bu təkcə mükəmməl ərəbcəmə görə deyil. Ərəblər nədənsə hər məni gördüklərində təbəsümlə qarşılayır, danışıqlara birbaşa məsul Sovet mütəxəssislərindən əvvəl məni salamlayır, mənimlə hal-əhval tuturlar və s. Xasiyyətcə qəliz, hamı ilə Kaddafi ədasınca  təkəbbürlü davranan liviyalıların rəğbətini qazanmağın özü də qəliz məsələdir. Fəaliyyətimi dəyərləndirirlər və bir gün hətta vəzifəmin mütərcimlikdən danışıqlara məsul əməkdaş statusuna dəyişdirilməsi xahişilə Moskvaya rəsmən müraciət də edirlər. Belə əsaslandırırlar ki, bu azərbaycanlı şəxsin statusu mütərcim yox, danışıqlara məsul vəzifə qismində olsa, ən vacib işləri daha böyük uğurla görmək mümkündür və s. Moskvadakı rəhbərlik hansısa mülahizələrə görə razılıq vermir...

Mənim üçünsə əslində fərqi yox, başımı salıb, necə deyərlər, can-başla Sovet hökumətinə qulluq edirəm, əvəzində valyuta qazanıram...

Bir gün Sovet KQB-sinin bizimlə çalışan əməkdaşı Boris İvanoviç Kotelnikov həyəcanla yanıma gəlib deyir: “Bilirsən, əməkdaşlarımızdan ikisi - fotoqraf Yura ilə makinaçı Marina (hər ikisi ilə şəxsən dost münasibətdəyəm) yoxa çıxıb, evə qayıtmayıblar, nə edək?” Deyirəm: “Rəsmi axtarış üçün liviyalılara müraciət etməyə hələ tələsməyək, bir az gözləyək, sonra baxarıq”. Razılaşır.  Düz bir sutka keçib, itkinlərdən xəbər-ətər yox, axşam tərəfidir, bir də məlumat gətirirlər ki, üç nəfər liviyalı məskunlaşdığımız ünvana gəlib bizimlə görüş istəyir. Görüşürük. Özlərini Liviyanın əks-kəşfiyyat idarəsinin əməkdaşları kimi təqdim edirlər, Yura ilə Marinanın əməkdaşlarımız olub-olmadıqlarını soruşurlar. Təsdiq cavabı alandan sonra deyirlər “onlarla əlaqədar bir əhvalat baş verib, məsələ durulana kimi idarəmizdə qalacaqlar”. Dərhal xahiş edirik onlarla görüşə icazə versinlər arxayın olaq ki, sağlıq durumları qaydasındadır, onları incidən yoxdur və s. Deyirlər “arxayın olun, amma istərsəniz görüşdürə bilərik”. Vədələşərik ki, bir saatdan sonra birlikdə paytaxt Tripoliyə yola düşəcəyik. Bu arada Boris İvanoviç Sovet konsuluna zəng edib vəziyyəti məruzə edir, o da vaxt itirmədən yanımıza gəlir ki, bizimlə birgə getsin.

Konsul öz maşınında, mən də Boris İvanoviçlə liviyalı əks-kəşfiyyat işçilərinin maşınında yola düşürük Tripoliyə. Yolda bizimkinə deyirəm, çalışsın bütün yolu sussun, dinməsin, yolboyu onlarla özüm söhbət edərəm, sonra nə danışdığımızı imkan düşüncə danışaram.

Ərəblər kimliyimi soruşurlar, biləndə inanmaq istəmirlər, deyirlər, “ya livanlısan, ya suriyalı”. Əl-qərəz, anladıram ki, sovetlərin içində belə bir millət var, mən də onlardanam, müsəlmanam və s. Təkid edirlər onda kəlmeyi-şəhadətimi deyim. Dilimdən “lə iləhə illəllah va Muhammədun rəsullullah” eşidincə razılıqla gülümsünürlər. Sonra onları söhbətə tutub öyrənirəm ki, bizimkiləri hansısa üçüncü ölkəyə işlədiklərindən şübhələndiklərinə görə həbs ediblər, çünki Yura ilə Marina atom mərkəzinin inşası mərhələlərini əks etdirən fotoların neqativlərini bir fotoatelyeyə veriblərmiş ki, surətlərini çıxarsınlar. Deyirəm: “Onların üçüncü ölkəyə şpionluğu məsələsini qoyun bir qırağa, gülməli məsələdir, sovetlərin dost-doğmaca adamlarıdır, mənim də şəxsən dostlarım, xahiş edirəm, təcili azad edəsiniz”. Gülüşürlər... Ardınca da deyirlər: “Narahat olmayın, istintaq müəyyənləşdirər”.

Gəlib çatırıq bir binanın qarşısına. Bizi binanın birinci mərtəbəsində bir otağa aparırlar. Konsul da onların rəhbərliyi ilə görüş istəyir. Xahişimizi nəzərə alırlar. Çox keçmir Yurayla Marinanı həmin otağa gətirirlər. Görüşüb hal-əhval tuturuq. Marina bizi görən kimi başlayır ağlamağa. Onlarla necə davrandıqlarını soruşuruq. Deyirlər narazılıqları yoxdur, amma niyə axı həbsxanaya düşməlidirlər, nədir axı təqsirləri. Sakitləşdirməyə çalışırıq. Bir azdan sonra liviyalı əks-kəşfiyyatçılardan biri gəlib deyir “Marinanı buraxırıq, amma Yura istintaq bitənədək dustaq qalmalıdır”. Məsələni bizimkilərə anladıram. Yura yazıq-yazıq üzümə baxır.

Elə bu dəm nadincliyim tutur, nə tutur... Cavanlığıma salıb onları möhkəmcə acılayıram,  səsimi qaldıra-qaldıra həmin ərəblərə “nakişisiniz” və s. qəbildən sözləri yağış kimi yağdırıram üstlərinə. Bizim keqebeşnik təəccüblə üzümə baxır ki, yəni bu nə ərköyünlükdür edirsən, bunlar səni əlli-ayaqlı itirərlər. İnsafən mənim bu ərköyümlüyümə yetərincə səbr göstərirlər, yəni cavab qaytarıb demirlər ki, özünsən filan-filan. Deyirlər: “Gedə bilərsiniz”. Deyirəm: “Getməyəcəyəm”. Yuranın qoluna girib: “Məndən möhkəm yapış, bu əclaflara göstərmək lazımdır ki, elə-belə təslim olan deyilik” - deyirəm. Əlbəttə, onların da şıltaqlığıma daha dözmək fikirləri yoxdur. Güc tətbiq edib məni Yuradan aralayırlar, müqavimət göstərirəm. Bu zaman iki nəfər məni yerə yıxıb sürümək istəyəndə təpik də atıram. Dediyim ağır sözlərin hərəsinin də qiyməti bir qəpik, necə deyərlər. Məni stulda əyləşdirib başa salmağa çalışırlar ki, özümü yaxşı aparım.

Otaqdakı telefonla etdiyim hərəkətləri kiməsə məruzə edirlər. O şəxs də əks-kəşfiyyat idarəsinin başçısı imiş. Bunlara əmr edir məni yanına gətirsinlər. Deyirlər: “Bizimlə getməlisən”. Deyirəm: “Ok, amma qolumu buraxın, özüm gedirəm”. Anladırlar ki: “Bir az öncə azad birisi olan sən özün indi dustaq durumundasan, səni qolundan tutub aparmalıyıq”. Bir-iki mərtəbə qalxırıq. Koridorda konsulla üzləşirik, mat-məəttəl baxır ki, məni də dustaq kimi harasa aparırlar. Müşayiətçilərim gətirib məni bir otağa salırlar. Baxıram böyük otaqdır, nəhəng bir stol arxasında bədheybət birisi əyləşib. Stolunun qarşısında da iri bir kreslo. İşarə edir ki, oturum.  Kreslonun oturacağı da elədir ki, əyləşdinmi, görürsən qarşısındakı səndən xeyli yuxarıda qərar tutub. Elə oturub nəfəsimi dərməmiş həmin o bədheybət kişi əyləşdiyi yerdən qalxır, üzünə bir az da qorxunc ifadə verib mənə nə desə yaxşıdır, deyir “bilirsən haradasan, bilirsən biz kimik?”. Cavab gözləmədən üyüdüb tökür: “Biz insanların başını kəsirik, onlara işgəncə veririk, istədiyimiz adamı dünyanın hansı yerində olsa da tapıb cəzalandırırıq, sən kimsən ki, hələ  bizim içimizdə ola-ola özünü belə aparırsan? Qorxmursan ki, səni də o dünyalıq edərik?” İddialı-iddialı deyirəm: “Yox, qorxmuram, arxamda Sovet hökuməti dayanıb, heç nə edə bilməzsiniz və sizin bu mənasız şpiontutma əməliyyatınız Sovet-Liviya münasibətlərinə kölgə salır. İnanıram ki, Miammar Kaddafinin bundan xəbəri yoxdur. Əlbəttə, xəbəri yaxın vaxtlarda olacaq, çünki əlac ona qalır ki, Sovet rəhbərliyi birbaşa onun özünə müraciət etsin. Onda bilmirəm sizin halınız nə olacaq. Bəlkə də Kaddafi sizi bu mənasızlığa görə cəzalandırdı”. Arxayın-arxayın danışmağım təsirsiz qalmır, səsinin tonunu xeyli azaldıb soruşur sovetlərlə çoxdanmı işləyirəm. Deyirəm: “Elə mən özüm sovetlərdənəm, Sovet müsəlmanlarından”. “Yaxşı, azadsan” deyib zəng eləyir ki, məni aparıb sərbəst buraxsınlar gedim. Otaqdan çıxıram, daha qoluma girib aparmırlar, pilləkanları özüm enirəm. Bizimkilər intizar içində imişlər ki, görəsən mənidəmi həbs ediblər. Onları qısaca məlumatlandırıram.

Yola düşürük. Bu dəfə konsul, Kotelnikov, mən və Marina bir maşında gedirik. Konsulun kefi yuxarıdır, deyir: “Neçə ildir axtarırdım ki, bunların əks-kəşfiyyat idarəsinin gizli “yavka”ları haradadır, özləri bizə göstərdilər”. Öz-özümə düşünürəm, biz nə hayda, bu nə hayda. Yolda Kotelnikov ünvanıma təriflər söyləyir, orada mənim sərgilədiyim davranışları konsula təkrar nəql edir və gülərək qayıdıb mənə deyir: “Tı çujoy sredi svoix, svoy sredi çujix”. Əlbəttə, bilirəm nəyə işarə edir, yəni sən rus deyilsən, müsəlmansan deyə Sovet vətəndaşı olsan da bizə yadsan, yadların - liviyalıların içində isə onlara doğmasan. Onun bu yersiz dəyərləndirməsindən pərt olsam da özümü o yerə qoymuram, sadəcə yüngülcə dərs vermək təriqilə deyirəm: “Ümumi iş üçün çalışırıq”.

Qayıdırıq yaşadığımız yerə. Cümə axşamıdır. Ertəsi gün ərəblərdə istirahət günüdür. İşləyən olmayacaq. Narahatdırlar ki, sabah heç kimlə görüşmək mümkün deyil. Yoxsa hökumətdə bizimlə yaxın münasibətdə olan, yüksək vəzifə tutan birisi var, onunla məsələni müzakirə etmək olardı ki, Yuranı necə tez buraxdıraq. Əmindirlər ki, buraxdıracaqlar, ancaq düşünürlər ki, Yura həbsxanada nə qədər çox qalsa onun liviyalılar tərəfindən ələ alınması ehtimalı bir o qədər çox ola bilər. Ona görə tələsirlər. O zaman sovetlərin xaricdə işləyənlərə aid “rəsmən” belə şübhəsi vardı ki, adamlarımızdan kimsə polisə düşsə qara siyahıya alınmalıdır, beləsini “verbovat” edə bilərlər deyə... Məsləhət görürəm həmin şəxslə elə cümə günü də görüşək. Deyirlər yaşadığı ünvanı bilmirlər, bildikləri yalnız odur ki, bizdən 50-60 km aralıda yerləşən kiçik bir şəhərdə yaşayır. Arxayın edirəm ki, taparıq.

Səhərisi günü tezdən yola çıxırıq. “Vesim” bir az artıb, mənim təlimatımla hərəkət edirlər. Sürücüyə deyirəm “ilk növbədə bazarı axtarıb tapmaq lazımdır”. Soruşa-soruşa gəlib çatırıq bazara. Maşındakıları içəridə buraxıb düşürəm, girirəm bazarda bir dükana. Satıcıdan həmin şəxsi soraqlayıram. Tanımadığını deyir. Utandırıram ki: “Əşi, sən necə adamsan, balaca bir şəhərdən o cür böyük adam çıxıb, sən də öz həmyerlini tanımırsan”. Deyir: “Bilirsən, mən savadsız adamam. Bir dəqiqə gözlə gedim dostumdan soruşum, yazı-pozu bilən şəxsdir, o tanımamış olmaz”. Heç bir dəqiqə də keçmir, baxıram, həmin satıcı bir nəfərlə mənə yaxınlaşır, o da gülə-gülə deyir “şəhərimizə xoş gəlmisiniz, gedək qonağımız ol”. Həmin adamı tanıdığını deyir, üstəlik də dəqiq ünvanını. Xülasə, həmin ünvana gedib çatırıq. Qapını döyürük.

Axtardığımız şəxsin özü üzündə təbəssüm, həm də təəccüb dolu ifadə ilə çıxır qarşımıza.. Elə üz-gözündən oxuyuram ki, sovetlərin görəsən ona nə işi düşüb ki, bu istirahət günündə, paytaxtdan uzaq bir əyalət şəhərində gəlib onu tapıblar. Hal-qəziyyəni danışırıq. Kömək edəcəyinə söz verir.

Ertəsi gün Sovet səfirliyi qaynayır, məni də dəvət ediblər. Müzakirə gedir ki, görəsən hansı variantı seçsinlər: liviyalılara siyasi yolla təzyiqimi, yəni Brejnevin işə qarışmasınımı təklif etsinlər Moskvadakı rəhbərliyə, yoxsa tutulan şəxsin yerli imkanlar hesabına azadlığa çıxarılmasını. Söhbətdə Sovet kəşfiyyatının rezidenti Kim Axmedoviç deyə müraciət olunan şəxs də fəal iştirak edir. Mövqelər haçalansa da, hələlik belə bir qərarın üstündə dayanırlar ki, siyasi təzyiqin ilkin əlaməti olaraq səfir yox, konsul Liviyanın xarici işlər komissarlığına getsin, orada sovetlərin narazılığını şifahi şəkildə çatdırsın. Səfirliyin tərcüməçisi qalır bir yanda, liviyalı diplomatlarla görüşdə konsulla mənim iştirakımı qərarlaşdırırlar. Deyirəm: “Rəsmi qiyafədə deyiləm, qalstuksuzam, qoyun sürücü məni evimə aparsın, paltarımı dəyişib gələrəm”. Konsul razılaşmır, öz qalstukunu verir ki, taxım. Maşına əyləşirik, sükan arxasında özüdür, qalstuku elə maşındaca boynuma keçirəndə mənə deyir: “Təki bu iş düzəlsin, bütün qarderobumu sənə bağışlayacağam”. Gülürəm, qalstuka baxıb öz-özümə fikirləşirəm ki, yəqin bunun qarderobundakılar da elə bu cür zövqsüz qalstuklardan ibarətdir.

Gəlib çatırıq xarici işlər komissarlığına. Müvafiq şöbənin müdiri bizi qəbul edir. Konsul Sovet-liviya münasibətlərinin inkişafından danışır, ardınca da əhvalatı danışaraq yerli kəşfiyyatın yaramaz əməliyyatından şikayətlə bildirir ki, elə etməliyik belə hadisələr münasibətlərimizə xələl gətirməsin, məsələ Brejnev-Kaddafi müstəvisinə çıxarılmasın. Liviyalı diplomat məsələni rəhbərliyə çatdıracağını vəd edir. Sonra da mənə işarə ilə konsula deyir: “İstərdik sizin, yaxud başqa diplomatların hər dəfə bizim idarəyə gəlişində bu şəxs də iştirak etsin”. Liviyalı diplomat tərcüməyə ara verib azacıq duruxduğumu görüb təkid edir ki, dediyini olduğu kimi konsula çatdırım. Tərcümə edirəm, konsulun da cavabı sadəcə bundan ibarət olur: “əgər ehtiyac olarsa”.

İki gündən sonra xəbər gəlir ki, artıq Yuranı azadlığa buraxıblar. Düşünürəm bu işdə cümə günü  görüşdüyümüz o nüfuzlu şəxsin də rolu olmamış deyil. Bizimlə işləyən keqebeşnik Kotelnikov mənə deyir: “Sənin fəaliyyətini rəhbərlik yüksək dəyərləndirdiyinə görə qiymətli hədiyyə ilə mükafatlandırılacaqsan”.

Həqiqətən də bir neçə gün sonra o “üennıy podarok” dediklərini mənə təqdim edirlər. Və bu qiymətli hədiyyə nə olsa yaxşıdır? 6-7 dollarlıq ucuz bir üzqırxan.  Mənimlə Liviyada birgə çalışan azərbaycanlı uşaqlar gülürlər: “O boyda Sovet hökumətinin verdiyi qiymətli hədiyyəyə bax”.

Və çox keçmir bütün qarderobunu vəd edən konsuldan da bir ismarış alıram ki, maşında mənə verdiyi qalstuku göndərim onun özünə...

 





03.10.2016    çap et  çap et