525.Az

"Gəlin bir az vətəndaşı da, cəmiyyəti də qınayaq"


 

MİLLİ MƏCLİSİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ HADİ RƏCƏBLİ: “ƏLƏBAXIMLILIQ QƏDƏR YANLIŞ YOL YOXDUR"

"Gəlin bir az vətəndaşı da, cəmiyyəti də qınayaq"<b style="color:red"></b>

- Hadi müəllim, son illər dünyada yaşanan qlobal kataklizmlər şəraitində ölkədə qeyri-neft sektorunun inkişafı, yəni, iqtisadiyyatın, inkişafın neft amilindən asılılığının aradan qaldırılması məsələsi önəmli, az qala bir saylı məsələ kimi qarşıda dayanmaqdadır. Bu məsələ demək olar ki, son iki ildə ölkə başçısının bütün çıxışlarında da qırmızı xətt kimi keçir, hətta, bu yöndə tapşırıqlar, tövsiyələr də ortalıqdadır. Amma bütün bunlarla belə, hələ də istənilən, arzuolunan effektiv nəticə görünmür və ona nail olunmur...

- Əvvəla, xalqımızın bəxti onda gətirdi ki, 1993-cü ilin gərgin hadisələri zamanı Azərbaycan dövlətinin başında ulu öndər Heydər Əliyev durdu, yenidən hakimiyyətə gəldi. Heydər Əliyev də prioritetlərin seçim ustası idi. Onunn üçün Azərbaycanda həmin ərəfədə sabitliyi bərpa etmək, sülh yaratmaq, müharibəni dayandırmaq bir nömrəli prioritet idi.İkincisi, neft kontraktlarına nail olmaq ən önəmli prioritetlərdən idi. Yəni,  həmin iki prisipin üzərində sabitliyi bərpa etmək önəmli məsələ kimi qabardılmışdı. Yadınızdadırsa, ilk neft kontraktlarında bonus var idi. O bonus bizə kömək edirdi ki, pensiyaları ödəyək. Çünki müstəqilliyin ilk-ağır illərində iqtisadiyyat elə  çökmüşdü ki, hətta əmək pensiyalarını ödəmək imkanları yox idi. Həmin o pulları ödəmək üçün neft kontraktlarından gələn bonuslar istifadə edilirdi. Çünki hələ neft gəlirləri başlamamışdı. Beləliklə, ulu öndərimizin neft siyasəti, karbohidrogen siyasəti ona gətirib çıxardı ki, təməl olaraq bəzi maliyyə imkanları Azərbaycanda yarana bildi.Bu maliyyə imkanları da, əlbəttə, şərait yaratdı ki, digər sahələrə kapital qoyuluşu edilsin. Ölkədə sabitliyi tam  bərpa edəndən, inkişafa nail olunandan təxminən 15 il sonra isə məlum proseslərlə əlaqədar neft gəlirlərinin də azalma tendensiyası başladı, yəni, neftin istehsalı azaldı.

Bizim indi daha çox gələcək ümidlərimiz qaz yataqlarından gələn gəlirlərdən asılıdır. Bütün bunlar, o cümlədən, dünyada gedən son proseslər də onu göstərdi ki, təkcə təbii ehtiyatlara güvənmək, arxalanmaq olmaz. Bunu, əlbəttə, xeyli qabaq bizim möhtərəm prezidentimiz İlham Əliyev də bilirdi. Odur ki, bunları önləmək, inkişafı davam etdirmək üçün də  addımlar zaman-zaman atılırdı. Yadınıza gəlirsə, 10 il bundan qabaq əsas prioritet iqtisadiyyatın sahələrinə kredit qoyuluşu yatırmaq idi, güzəştli kreditlər də vardı. Kənd təsərrüfatının inkişafına, iş yerlərinin yaradılmasına kreditlər ayrılırdı.  Beləliklə, həmin o tendensiya  2016-cı ildə daha  sürətlə, daha sistemli və daha köklü ortaya qoyulmağa başlanıldı və 2016-cı ili biz həqiqətən də islahatlar ili adlandırdıq. Açıq etiraf etmək lazımdır ki, hamımızın bildiyi bir sıra neqativ məsələlərin də qarşısı alındı.Əslində bu neqativ hallar keçid dövrünün məhsulu idi.Çünki başqa cür iqtisadiyyatı qurmaq olmurdu, sistem formalaşmamışdı.Təfəkkür dəyişməmişdi. Yəni, sözümün canı odur ki,  2016-cı il düşünürəm ki, Azərbaycanda islahatlar ili kimi tarixə düşəcək. Eyni zamanda, inqilabi dəyişikliklər ili kimi yadda qalacaq.

Yoxlamaların 2 il müddətinə aradan qaldırılması, investisiya qoyuluşu ilə bağlı olan addımlar, bank  sistemində olan dəyişikliklər, gömrük-vergi sistemində olan pozitiv dəyişikliklər şərait yaradır ki, Azərbaycanın iqtisadiyyatı qeyri-neft istiqamətində inkişaf etsin. Bunun da bir neçə vacib qolu var ki, biz onu unutmamalıyıq. Birinci qol aqrardır, kənd təsərrüfatı, emal müəssisələridir. Bununla əlaqədar görün nə qədər böyük işlər görülüb. Ənənəvi pambıq istehsalına artıq başlanılıb. Heyvandarlıq və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. İkinci qol, ondan az vacib olmayan turizm və istirahət biznesinin təşkili məsələsidir. Görün  bu sahədə də ölkəmizdə nə qədər inkişaf var, otellər tikilib, Azərbaycan dünyadan turist qəbul edən ölkəyə çevrilib və bura gələn turistlər dövlətimizin iqtisadiyyatına, büdcəsinə xeyli fayda verirlər. Bu, ikinci baş istiqamətlərdir. Üçüncü istiqamət isə dünyada geniş yayılmış  xidmət sahəsidir. Yəni, insanlar özü-özünün başını saxlamaq üçün bu sahədə özlərini sınayırlar və bunun da  mahiyyətində ələbaxımlıqdan qurtarmaq dayanır. Bəzən cəmiyyətdə ağıllı adamların, siyasətçilərin, bu problemləri bilənlərin fikirlərini təhrif edirik. Ələbaxımlılıq qədər yanlış, ölkəni tənəzzülə, uçuruma aparan ikinci yol yoxdu. Yunanıstan bu yolu seçib. Görün nə gündədir, hələ də əmələ gəlmir. Ələbaxımlılıq, bunu ver, onu ver, ver xərcləyim. Ver xərcliyimlə iqtisadiyyat qurmaq olar? Bu baxımdan, bugün ortadan özünəməşğulluq və xidmət məsələsi önəmli sahə kimi diqqət mərkəzində dayanır.

Yerlərdə hər kəs özünü dolandırmaq üçün addımlar atır. Məsələn, möhtərəm prezidentimizin son çıxışlarının birində səsləndi ki, ünvanlı yardım alan adamların 70 faizi sağlam adamlardır. Əli-ayağı üstündə olan sağ-salamat adamlardır. O 70 faizin 75 faizinin torpaq sahəsi var. Əkinə yararlı, məhsuldar torpaq sahəsi var. Bax, bu boyda potensial imkanı olan adama dövlət pul verir, ye, iç, yat. Görün nə qədər yanlışdır. Azərbaycan dövləti, onun prezidenti heç vaxt inkar etmir ki, əlsiz-ayaqsıza, əli-ayağı üstündə olmayana, yiyəsizə, yetimə, kasıba kömək edilməlidir və edilir də. Qarabağ əlillərinə olan yardım, qaçqın-köçkünlərə yaradılan şərait, digər sosial qruplar var ki, bu qruplar dövlət tərəfindən müdafiə olunurlar və dövlət də o müdafiə məbləğini ilbəil artırır, azaltmır. Amma əli-ayağı üstündə olan sağ-salamat adama sən pul ver ki, get, heç nə etmə, ye, yat,   bu yanlış tendensiyadır. Möhtərəm prezidentimiz də bunu pisləyir, yeni-yeni istiqamətlər tapıb, tətbiqini bizə tövsiyə edir.

- Bəs bu məsələ həllini necə tapmalıdır?

- Həllini o cür tapır və tapmalıdır ki, məsələn, kənd yerində kəndçiyə nə verirsən, mal-qara, qoyun-quzu, bal arısı, iki pətək, iki-üç inək verirlər, hətta,  bunun üçün 16 milyon manat pul da ayrılıb. Məqsəd nə idi?Həmin o dediyimiz sistemi qurmaq.Yəni, sənə pulu vermir xərcləməyə, sənə arı pətəyi verir. Gəl bundan arı yetişdir, baxıram, nəzarət edirəm, qulluq edirəm, sənə lazım olan nəticəni alıram. Sonradan isə sən bu arıdan bal götür apar sat, ondan sonra dolan... Ondan sonra sənə hökumət nə kömək edəcək, özün öz başını saxla. Bunu öyrətmək lazımdır. Eyni zamanda mal-qara vermək, eyni zamanda qoyun vermək. Eyni zamanda, şəhər yerində tikiş sexi yaratmaq -individual fərdi evlərdə. Toxuculuq yaratmaq. Belə-belə özünüməşğulluq elementləri ilə çalışmağa, dolanışığı təmin etməyə nail olmaq lazımdır və bu təşviq olunmalıdır. İqtisadiyyata daxil olsun, inteqrasiya etsin, iqtisadiyyatın tərkib hissəsi olsun.Amma təsəvvür edin ki, bizim Azərbaycanda dünyada ən çox qrup insanlara yardım olunur. Bizdə 36 adda sosial  "strat" var ki, qruplar sosial yardım alırlar. Dünyada 16-17-dən çox deyil.Qaçqın və məcburi köçkünlər, Əfqanıstan döyüşü iştirakçıları, Çernobl əlilləri, Qarabağ döyüşçüləri, şəhid ailələri var, 3 yaşa qədər uşağı olan ailələr var, hamilə qadınlarımız və sair. Bilirsən, bunları belə-belə sayanda görün nə qədər qrup insanlar var ki, bunlar yardım alır, bəziləri dövlətin pulundan alıb heç bir işlə məşğul olmurlar. Evi var, mənzili var, maşını var, yenə dövlətdən yardım alır. Bunlar hamısı yenidən baxış tələb edir. Belə olanda cəmiyyətin bütün təbəqələrinin iqtisadiyyatda iştirakı təmin olunur, cəmiyyət daha çox sosial dövlətə çevrilir.

K.HƏMZƏOĞLU

 





04.10.2016    çap et  çap et