525.Az

Hepatit C xəstəliyi necə müalicə olunmalı?


 

Hepatit C xəstəliyi necə müalicə olunmalı?<b style="color:red"></b>

Hepatit C xəstəliyi eyniadlı virus tərəfindən törədilən xəstəlikdir və geniş yayılıb. Bu virus ilk dəfə 1989-cu ildə kəşf olunub. Hər il təxminən 8-10 min insan bu xəstəliyin ağırlaşmalarından həyatını itirir.

Rəsmi statistikaya görə bu gün dünyada 300 milyon insan HCV-yə yoluxmuşdur. HCV bu günə qədər tapılmış altı hepatit virusundan (A,B,C,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir.

Təəssüf ki, insanlar əsasən HCV ilə yoluxmanı o zaman bilirlər ki, artıq virus qaraciyəri ciddi zədələmiş olur. Bir çox hallarda isə adi profilaktik "check up" (kart test ilə yoxlama) zamanı HCV təyin olunur. - Virusa yoluxmuş insanların əksəriyyətində ilkin zamanlar soyuqdəymə kimi əlamətlər - zəiflik, əzginlik, yorğunluq, hərarət və s. olur, bu əlamətlər heç zaman yoluxmuş şəxsi Hepatit C xəstəliyi haqqında düşundürmür, çünki belə əlamətlər verən digər xəstəliklər də var. Əgər xəstəlik kəskinləşərsə - ümumi zəiflik, halsızlıq, əzginlik, yorğunluq, hərarət, əzələ və oynaq ağrıları, dəri və selikli qişaların rənginin saralması, sidiyin rənginin tündləşməsi, nəcisin rənginin açıqlaşması, qarında xüsusən qaraciyər-mədə nahiyəsində ağrı yaranır. Əgər xəstəlik xroniki gedişli olarsa heç bir əlamət verməyə bilər amma çox vaxt yorğunluq, tezyorulma və tərləmə kimi əlamətlər verir. Xəstəliyin ilkin əlamətləri yoluxmadan 7-8 həftə sonra meydana çıxır. Yadda saxlayın ki, Hepatit C virusu heç bir əlamət verməsə belə qaraciyəri tədricən zədələyir.

Zaman keçdikcə Hepatit C virusu tədricən qaraciyərin xroniki iltihabına, sirrozuna, qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına gətirib çıxardır. Xəstəliyin qeyri -aktiv gedişi müvəqqəti xarakter daşıyır. Hepatit C cinsi yolla (əgər genekoloji xəstəlik yoxdursa) keçmir. HCV yoluxmuş anadan yeni doğulan körpəyə virusun yoluxma ehtimalı 5 faizə qədərdir. Süd əmizdirmə zamanı yoluxma ehtimalı 5 faizi qədərdir.Ər-arvad arasında yoluxma ehtimalı (əgər genekoloji xəstəlik yoxdursa)yoxdur. Tibb işçiləri arasında təsadüfi iynə batma qəzası zamanı yoluxma ehtimalı 3-10 faizdir. Dərin zədələnmələr zamanı bu ehtimal yüksəlir. Xəstəliyin yayılmasında perkutan yol (qanla təmas) əsas yayılma yolu sayılır.

Bu virusa yoluxmuş hamilə olan və ya hamiləliyi planlaşdıran xanımlarımızın və onun ailə üzvlərinin narahat olmasına əsas yoxdur. Hepatit C virusuna yoluxmaq hamiləliyin pozulmasına, keysəriyyə əməliyyatı ilə körpənin dünyaya gətirilməsinə, ananın süd verməməsinə əsas vermir. Bu fikirlər tam əsassızdır. Bəzən körpə dünyaya gələn kimi qan nümunəsi götürülərək Hepatit C-nin təyini məqsədi ilə Anti-HCV müayinəsi aparılır. Belə bir addım atmaq yanlışdır.

Virusa yoluxmuş xanımlarda normal hamiləlik, normal doğuş, ana südü ilə qidalanma virusa yoluxmamışlar (analar) kimi yerinə yetirilir. Digər daha incə məsələlər barəsində İnfeksionist həkimlər tərəfindən məsləhətlər verilməlidir. Genekoloqlar və doğum həkimləri tərəfindən virusla bağlı rəy və məsləhətlərin verilməsi düzgün deyil.

Virusun insan orqanizminə yəni insan ömrünə nə dərəcədə ziyan vurmasını bilmək istəsək virusun qaraciyərə vurduğu zərəri bilməyimiz yetər. Normada qaraciyər hüceyrəsi 400 gün yaşayır. HCV-ə yoluxmuş qaraciyər hüceyrəsi 90 gündən çox yaşamır. Yəni virus ömrümüzü ortalama 5 dəfə azaldır.

HCV ilə yoluxmaya səbəb ola bilən risk faktorları:

- Qan köçürmələri zamanı effektiv qan skrininqinin həyata keçirilməsi HCV ilə yoluxma hallarını azaltsa da, müəyyən risk yenə də qalmaqdadır. Bundan əlavə, aşağıdakı hallarda HCV ilə yoluxma riski var:

- Əgər işlənmiş şprislə venadaxili inyeksiya edirsinizsə;

- Əgər HCV-yə görə yoxlanmamış qan köçürülübsə;

- Qanla ehtiyatsız davranan tibb işçisisinizsə;

- Tez-tez qan və ya laxtalanma faktorlarının köçürülməsi tələb olunan xəstəliyiniz varsa (məs. hemofiliya)

- Əgər sizə xəstə insanın orqanını köçürüblərsə;

- Böyrək çatışmazlığına görə hemodializ alırsınızsa;

- Çirkli iynələrlə döymə etdirmisinizsə;

- Azacıq da olsa, digərlərinin diş fırçalarından, ülgücündən istifadə edirsinizsə;

- Cinsi partnyorunuz HCV daşıyıcısıdır və genekoloji xəstəliyi varsa;

- Sizə tibbi müdaxilə (stomatoloq baxışı, cərrahi əməliyyat, doğum zamanı tibbi müdaxilə, sünnət əməliyyatı) olunubsa;

- Kosmetoloji xidmət (manikur, pedikür, qulaq deşdirmək) göstərilibsə;

- Bərbərdə üz qırxdırıbsınızsa ,boyun arxasına ülgüc dəyibsə;

Ağırlaşmalar : - Xroniki hepatit - Qaraciyər sirrozu

- Qaraciyər çatışmazlığı - Hepatosellülar Karsinoma

Hepatit C xəstəliyinin qaraciyərdən kənar təzahürləri:

- Revmatik xəstəliklərin aktivləşməsi, vaskulit;

- Dəri xəstəlikləri;

- Limfomalar;

- Böyrək xəstəlikləri;

- Şəkərli diabet;

- Autoimmun tiroidit;

- İdiopatik ağciyər fibrozisi;

-Miokardit.

Həkimə nə zaman müraciət etməli:

- Yuxarıda sadalanan risk faktorlarından biri belə mövcuddursa, HCV-yə görə yoxlanmaq üçün həkimə və ya etibar etdiyiniz laboratoriyaya müraciət edin;

- Əgər sizdə qeyd olunan əlamətlərdən biri və ya bir neçəsi varsa infeksionistə və ya qastroenteroloqa müraciət edin;

Müayinələr:

- Sizə ilk növbədə qanın seroloji analizi təklif ediləcək. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin olub-olmaması yoxlanılır (Anti-HCV antibody). Amma yadda saxlayın ki, anticisimlərin tapılması heç də həmişə virusun olmasına dəlalət etmir. Bir çox hallarda virusun yox olmasına baxmayaraq qanda HCV-yə qarşı anticisimlər tapıla bilir. Odur ki, əgər cavab pozitiv alınıbsa mütləq onun digər daha dəqiq üsul olan PCR vasitəsilə (HCV RNT, Keyfiyyət) təsdiqlənməsi vacibdir.

- Həkim müalicə taktikasını müəyyən etmək üçün qanda virusun miqdarını və genotipi təyin etmək istəyəcək. Qanda virusun miqdarı Real Time PCR deyilən metodla təyin edilir və virus RNT-sinin (HCV RNT, Kəmiyyət) sayılmasına əsaslanır.

Müalicə:

- Xəstəliyin müalicəsi dünyada olan 3 assesasiya tərəfindən tənzimlənir. HCV virusunun tapılması müalicə olması anlamını verir. Aşağıdakı hallarda isə mütləq müalicəni başlamaq lazımdır:

- Qan müayinəsində HCV virusu tapılmışdır və qaraciyər biopsiyası və ya fibrometr qaraciyərdə ciddi zədələnməni təsdiq edir;

- Qaraciyərin funksional vəziyyətinin müayinəsi qaraciyər enzimlərinin (ALT, AST, QQT), xüsusilə də ALT-nin yüksəlməsini təsdiq edirsə;

-Heç bir şikayəti olmayan və normal göstəricilərə malik Hepatit C xəstələri müalicə qərarını öz həkimləri ilə müzakirə edərək verməlidir. Müalicənin 4-cü həftəsi HCV RNT neqativləşməsi sağalmanın əsas şərtidir.

Profilaktika:

Hepatit A və B əleyhinə vaksinlər olsa da, Hepatit C üçün vaksinlər mövcud deyil.Ən yaxşısı bu virusa yoluxmamaqdır. Bunun üçün yuxarıda qeyd olunan risk faktorlarından çəkinməniz yetər.Bu xəstəliyin müalicəsi var.

Sakit HÜMBƏTOV
Terapevt-hepatoloq

 





06.10.2016    çap et  çap et