525.Az

Azərbaycan Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq


 

Azərbaycan Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq<b style="color:red"></b>

Oktyabrın 19-dan 23-dək Frankfurt Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə Azərbaycan da təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, ölkəmizi, onun zəngin mədəniyyətini, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə nazirliyin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniyanın Frankfurt-Mayn şəhərinə səfər edəcək.

56 kvadratmetr sahədə, Qız qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə, o cümlədən, ölkəmizin turizm potensialına aid nəşrlər barədə sərgi iştirakçılarına məlumat veriləcək.

Sərgi çərçivəsində 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi də nəzərdə tutulub.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən nümayəndələr qatılır.

Cavid QƏDİR

 





06.10.2016    çap et  çap et