525.Az

Xudu Məmmədovun şəxsi kitab kolleksiyasının təqdimatı oldu


 

Xudu Məmmədovun şəxsi kitab kolleksiyasının təqdimatı oldu<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim və ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib.

MEK-nın şöbə müdiri Mübariz Göyüşlü hər həftənin dördüncü günü kitab kolleksiyalarının təqdimatlarını keçirdiklərini bildirərək, bunlardan bir neçəsi haqda məlumat verib.

Kitabxananın əməkdaşı Alidə Həsənova X. Məmmədovun həyat və yaradıcılığı haqqında geniş danışıb: "Kolleksiya 666 kitabdan ibarətdir. Burada istər kimya elmi, istər ədəbiyyat, istər naxışlara aid, demək olar ki, bütün elm sahələrini əhatə edən qiymətli kitablar tapmaq mümkündür. Kolleksiya kitabxanaya 2008-ci ildə Xudu Məmmədovun ailəsi tərəfindən təqdim olunub. Nüsxələrin 21-i ana dilimizdə, əksəriyyəti isə rusca və digər dillərdədir. Bu kitablar Xudu Məmmədovun kitabxanasında onun öz şəxsi möhürü ilə qorunub saxlanılıb".

BDU-nin Jurnalistika fakültəsinin dekanı, professsor Cahangir Məmmədli Xudu Məmmədovu qeyri-adi dərəcədə üstün keyfiyyətlərə malik insan, dahi alim və mahir publisist kimi səciyyələndirib. X.Məmmədovun alimliyinin, elmi fəaliyyətinin şəxsiyyətini təbii şəkildə tamamladığını deyən Cahangir Məmmədli onun xalqımızın yaxın tarixdə yetişdirdiyi unikal simalardan biri olduğunu vurğulayıb.

Mərhum alimin yetirmələrindən olan kimya üzrə fəlsəfə doktoru Vaqif Qasımov X.Məmmədovla bağlı xatirələrini bölüşüb, onu xarakterizə edən məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas X.Məmmədovun həm unudulmaz insan, həm böyük alim, həm də layiqli vətəndaş kimi məziyyətlərindən söz açaraq, onun bir ziyalı kimi örnək sayıldığını bildirib. X.Məmmədovun özündə bir çox dahiyə xas cəhətləri birləşdirdiyini deyən millət vəkili onu hələ Sovet rejiminin çox güclü olduğu dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri kimi dəyərləndirib.

X.Məmmədovla bir vaxtlar ünsiyyətdə olmuş ziyalılardan Səlim Əzimov, Yusif Səmədov, Şahlar Baba, eləcə də Ramiz Əliyev, "Lütfi-Zadə irsi və süni intellekt assosiasiyası"nın təmsilçisi Şamil Mehdi, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli görkəmli alim barədə xatirələrini, onun elmi və publisistik irsi barədə düşüncələrini paylaşıblar.

Sonda X.Məmmədovun kitab kolleksiyasının kiçik bir hissəsindən təşkil edilmiş sərgiyə baxış keçirilib.

CAVİD

 





07.10.2016    çap et  çap et