525.Az

Fikrət Qocanın halal haqqı


 

Fikrət Qocanın halal haqqı<b style="color:red"></b>

Güləmail MURAD

Xalqımızın ləyaqətli oğlu, xalq şairi Fikrət Qocanı uzun illərdi tanıyıram, gənc yaşlarımdan şeirlərini oxumuşam, şeirlərinə yazılan mahnılara qulaq asmışam, bir sözlə, yeni həyatın nəfəsinin onun şeirlərindən duymuşam. Fikrət Qoca elə bir şairdir ki, onun yaradıcılığını həyatın və ədəbiyyatın müəyyən bir sahəsinə aid etmək olmaz. Məsələn, hərdən görürsən ki, bir şair haqqında deyirlər: təbiət şairi, fəlsəfə şairi, siyası lirikaanın banisi, vətənpərvər şair və s. Ancaq Fikrət Qoca bu məfhumların heç birinə sığmır, sonda belə bir düzgün qənaətə gəlirsən ki, Fikrət Qoca xalqın və həyatın şairidir, vəssalam.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Fikrət Qoca haqqında bir məqalə yazıb: “Fikrət Qoca həqiqəti”. Bu yazını dönə-dönə oxudum və Fikrət Qocanın görünməyən tərəflərini də bu yazıdan öyrəndim. Doğrudan da, Fikrət Qoca həyat, dost, cəmiyyət insanıdı və onun düşüncəsi bu insanlığın, bu varlığın ən kamilidir, daimi insanları öz arxasınca apara biləcək ədəbi qüdrət sahibidir.

Fikrət Qoca müdrik şairdir. Onun şeirlərindəki müdriklik indinin işi deyil, “Füzulidən ona kimi” olan bir vaxtın, zamanın təcürbəsi və müdrikliyidir. Bu elə-belə qazanılmayıb. damla-damla həyat ümmanından götrülüb, qəlpə-qəlpə min ilin qayalarından qoparılıb, bir şair ömrünün alovundan yoğrulub.

Şairin bu yaxınlarda çap olunan “Sönən deyil bu ocaq” kitabını dönə-dönə vərəqlədim, oxudum, hər misrada yaşanmış həyatın ecazkar enerjisini hiss elədim və bu qənaət gəldim ki, enerjisi olmayan şeirlər uzun yaşamır, uzaqlara getmir və Fikrət Qocanın şeirlərindəki hərəkət enerjisi insan yaşayan və ölən, sevən və qalib gələn yerə qədər gedib çıxıb. Ruhdan qopan enerji şeirin, fikrin yaşam tərzidir.

Kitaba ön söz yazan mərhum akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti” yazısı Fikrət Qoca stixiyasını çox doğru-düzgün xarakterizə edir, təfəkkürünün miqyasını açıb göstərir.

Məsələn, şairin dörd misradan ibarət olan aşağıdakı şeiri böyük bir anlayışı, insan duyğularını çox dəqiqliklə əks etdirir:

Bir az ağır işdir ömür,

Bir ağrıyan dişdir ömür.

Yüz il sonra kəssə ağrı,

Deyərsən, tez keçdi ömür.

Ədəbiyyatada ömrü, həyatı, dünyanı çox şeyə bənzədiblər, ancaq diş ağrısına yox. Demək, bu şeirdə şairin həm də bədii kəşfi odur ki, ömrün bir adı da ağrıdır. Şairin “Kasıblıq” şeiri ilk baxışda çox adi görünür.

Kasıb qız Leyli olar,

Kasıb Məcnun dəlidir.

Kasıb Leyli Məcnunun

Axırı gülməlidir.

Burda qəribə bir ironiya da var. Şeirin enerjisi və gücü də elə burdadır. Leyli və Məcnun faciəsinin adının gülməli qoyulması şeirdə yenlik hesab oluna bilər.

Bəzən ciddi bir işə qeyri-ciddi münasibət və yaxud əksinə olan proseslər şeirə gözəlik, yeni hiss, duyğu gətirir. Demək, Leyli və Məcnunun əsas dərdi kasıb olmalarıdır. Varlı, imkanlı olsaydılar, faciə yaşamazdılar. Beləliklə, şair ənənəvi bir görüntüyə yeni bir baxış əlavə edib.

Xalqda belə bir missal var. Mərdi qova-qova namərd eləmə. Hamıya məlum olan ənənəvi bir deyimə şairin poetik müdaxiləsi böyük maraq doğurur. Atalar sözü var, aydın və qısa: “Mərdi qova-qova namərd eləmə”.

 

Bir mərd qovulanda namərd olursa,

Sən bunu özünə bir dərd eləmə.

 

Fikrət Qoca şeiri tarixi düşüncənin dərinliklərindən gəlir. Torpaq və insan anlayışlarına hər zaman müxtəlif prizmalardan baxılıb, amma mənə elə gəlir ki, Fikrət Qocanın şair baxışı daha orijinal və dəqiqdir. Şair göstərir ki, insan ən gec dəyən meyvədir. Torpaq onu yetişdirir ki, yesin.

Həyatın dilindən, dediklərindən,

Hər şey öyrənərsən, qansan, anlasan.

Torpaq yetişdirib yediklərindən

Ən gec dəyən meyvə insandı, insan.

Dünyada çox çətin işlər var. Yəni bizim bildiymiz çətin işlər, bir də var insanın özünün anlamadığı və fərqinə varmadığı çətin iş... Görək Fikrət Qoca bu haqda nə deyir:

Ölmək çətin işdi,

Yaşamaq ondan da betər.

Onların arasından bir cığır seçdim,

Keçdim,

Bu da mənə yetər.

Demək, ömrümüz həyatla ölüm arasında bir cığırmış...

Fikrət Qoca bəzən həyatı öz şair müdaxiləsi ilə kəşf etmir, hadisəni hadisə ilə işıqlandırır. Özü də çox sadə və aydın.

Araq həyat kimi acıdı,

Hərdən həyatın verdiyi acıların

İlacıdı.

Araq acısı ilə həyatın acısının qarşılaşdırılması poeziya effekti yaradır. Acılardan yaranan reaksiyanın həlli çıxış nöqtəsi yenə həyatdır.

Şairin başqa bir şeirinə diqqət yetirək.

 

Məhəbbətsiz adamın

Mehriban baxışı da olmur.

Məhəbbətsiz adamın

Ağlamağa göz yaşı da olmur.

Məhəbbətsiz adam

Necə olur ki, doğulur?

Bu cavabsız sualdı,

Cavabsız da qaldı.

Şairin sualı çox haqlı sualdır. Doğurdan da, məhəbbətsiz adam necə doğula bilər? Axı insan sevgidən yaranır. Bu məqamın özü ədəbiyyat üçün tədqiqat obyektinə çevrilir.

 Şairin kitabda “Şəhidlər xiyabanı”, “Bakı- Quba yolu”, “Gərək bu günləri görəydin”, “Qəbələ”, “Dörd adam”, “Cənnətdən qovulanlar” poemaları yer alıb. Poemalar Azərbaycanımızın ağrı-acılarıyla yanaşı, həm də onun surətli inkişafını, gözəlliklərini əks etdirir. Müasir tənqidimiz şairin poemalarını ətraflı araşdırmalı, tədqiq və təhlil etməlidir.

Fikrət Qoca poeziyası 50-ci illərdən sonra ədəbiyyatımızda xüsusi bir mərhələ təşkil edir. Bu elə bir mərhələdir ki, Azərbaycan ədəbiyyatından harda söz düşsə, istəsən də, istəməsən də, bu mərhələnin içindən keçməli olursan. Həmişə də belə olacaq. Çünki bu, şair Fikrət Qocanın halal haqqıdır. 

 





15.03.2013    çap et  çap et