525.Az

Elxan Əzizovun şeirləri


 

Elxan Əzizovun <b style="color:red">şeirləri </b>

DOĞMA AĞDAŞIM

Xəyallarım gedib çıxır,
Yenə doğma Ağdaşıma.
Hadisə var unudulub,
Ya həkk olub yaddaşıma.

Yayda bizə məlhəm idi,
Türyançayın buz suları.
Bəzən ona mən açardım,
Qəlbimdəki arzuları.

Müəlliməm Saray xanım,
Çoxdan köçüb bu dünyadan.
Yuxuma da girir hərdən,
Daim gülər, daim cavan.

Fatma nənəm qiyməkeşlə
Sanki indi döyür əti.
Bişirərdi qara dolma,
Hardan alım o ləzzəti?

Xalaların, bibilərin
Bezdirərdi nəvazişi.
Nə olardı bir anlığa
Qaytaraydım o keçmişi.

Orta boylu anam gözəl,
Atam uca görkəmi nər.
Gəzişəndə onlar qoşa,
“Göz dəyməsin” deyərdilər.

Uşaqlıqdan Bakıdayam,
Burda boya-başa çatdım.
Ata-ana qayğısıyla
Mən həyatda addım atdım.

Qazandığım çox şey olub,
Əfsuslar ki, qaldım yetim.
Ailəm və dostlarımdır,
İndi mənim qənimətim.

On illər də keçsə belə,
Sıxır məni bir intizar -
Gül-çiçəklər qucağında
Ağdaşdakı qoşa məzar.

ÖMÜR KEÇİR

Nə tez keçir ömür, aman,
Ahıl yaşa çatdım belə.
Yelə dönüb asta zaman,
Qovur məni ildən-ilə.

Cavanlığım harda qaldı?
Mən doymamış baharımdan,
Başımın üstünü aldı,
Görmədiyim gizli xəzan.

Ey həyatın eniş çağı,
Yaşlıların hökmranı!
Söndürürsən gur ocağı,
Yandırırsan kül olanı.
 
Etdiyimiz əməllərin,
Sən bilirsən düz sayını.
Ayırırsan hər nəfərin,
Qazandığı öz payını.

Kimlərəsə nifrət düşür,
Kimlərəsə böyük hörmət.
Sayılmayır burda heç cür
Nə vəzifə, nə mal-dövlət.

Xislətindən xəbərdaram,
Sağlamlığı alacaqsan.
Sən məni də aram-aram
Yaman günə salacaqsan.

Bir anlığa dinlə barı,
Şərtimizi indi kəsək;
Gəncliyimin yadigarı
Ürəyimdən gözünü çək.

ÜRƏK
 
Ömrüm boyu gətirmişəm
Başına min oyun, ürək.
Heç bir kəsin qarşısında
Əyməmişəm boyun, ürək.

Məhəbbəti sən yaratdın,
Canımı da oda atdın,
Əzabıma sevinc qatdın,
Quruldu toy-düyün, ürək.

Xoşbəxt etdi məni yarım,
Yaxşı çıxdı övladlarım,
Nəvəm tacım, nəvəm varım,
Bunlarla sən öyün, ürək.

Arzularım heç tükənmir,
Xəyal göydən yerə enmir,
Nə usanmır, nə də sənmir,
Hələ bir az döyün, ürək.

Görsən yaman qocalmışam,
Yataqdayam səhər-axşam,
Doğmalara yük olmuşam,
Onda dayan, uyun, ürək.

AMAL BALAM

Tərk eləyib qəm məni
Sən dünyaya gələni.
Babanın çoxbiləni,
Amal balam, gül balam,
Hər an sevin, gül balam.

Gözlərin nə mavidir!
Gülüşün səmavidir,
Dişlərin mirvaridir,
Amal balam, gül balam,
Saçları sünbül balam.

Gözlərimin işığı,
Evimin yaraşığı,
Söz-söhbət barışığı,
Amal balam, gül balam,
Ayağı yüngül balam.

Səndən ilham, güc alıb,
Arzularım çoxalıb,
Heyif ömür az qalıb,
Amal balam, gül balam,
Sən yaşa yüz il, balam.

BAKI FƏVVARƏLƏRİ

(nəğmə)

Bəziləri qaynar bulaq,
Bəziləri çiskin yağış.
Şəlaləli olanları
Qırçınlanır naxış-naxış.

Nəqarət

Hər birisi yaraşıqlı,
Bakıdakı fəvvarələr.
Axşamçağı gur işıqlı,
Bakıdakı fəvvarələr.

Nə gözəldir, nə qəşəngdir,
Bakıdakı fəvvarələr.
Xalı kimi rəngarəngdir,
Bakıdakı fəvvarələr.

Bir anlığa durur sakit,
Gah püskürür, gah da sənir.
Həm mülayim, həm də çılğın,
Rəqqasətək cilvələnir.

Nəqarət

Musiqili, təranəli,
Hərəsinin öz nəğməsi.
Ürəklərə məlhəm olur,
Şırıltılı incə səsi.

Nəqarət

Rənglərinə həsəd çəkir,
O füsunkar göy qurşağı.
Mənzərəsi heyran qoyur,
Həm qocanı, həm uşağı.

Nəqarət

Ətrafında gəzənlərə,
Unutdurur qəm-kədəri.
Eşqə düşən cavanların,
Ən istəkli görüş yeri.

Nəqarət

QARABAĞIM

(marş)

Vətənimin cənnət kimi
Dilbər, gözəl guşəsisən.
Muğamların doğma yurdu,
Xalqımızın zil səsisən.

Nəqarət

Uca dağlı, buz bulaqlı,
Qarabağım, Qarabağım.
Sıx meşəli, gen oylaqlı,
Qarabağım, Qarabağım.

Tarix boyu sərvətinə,
Göz dikənlər çox olubdur.
Arzuları puça dönüb,
İzləri də yox olubdur.

Nəqarət

Qoy eşitsin yağı düşmən,
Millətimiz gəlib cuşa.
Yenə bizim olacaqdır,
Cıdır düzü, qədim Şuşa.

Nəqarət

Bütün aləm bilir artıq,
Bölünməzdir torpağımız.
Başın üstə ucalacaq,
Azərbaycan bayrağımız.

Nəqarət

DÖRDLÜKLƏR

Cahildən dünyada iz qala bilməz,
Satqın da vətəndən söz sala bilməz.
“Ot kökü üstündə bitər”,- deyiblər,
Gədadan heç zaman bəy ola bilməz.

Pisliyə nə var ki, asandan asan,
Hər kəs yaxşılığı bacarmır, inan.
Xeyirxah əməllər görmək istəsə,
Gərək bir girəvə güdməsin insan.

Ömrü kişi kimi yaşamaq çətin,
Əsası budur ki, ola qeyrətin.
Nəyi düşünürsən, nəyi edirsən,
Üzə çıxmalıdır təmiz niyyətin.

Kimisə şərləmək - əslən cinayət,
Buna naxələflər etmişlər adət.
Tanrı cəzasıdır, onlara qarşı
Hamının qəlbində yaranır nifrət.

Qorxaqlıq kimləri verməyib bada?
Belə hadisələr çoxdur dünyada.
Yalnız öz canını qorumaq üçün
Adam var vicdanı salmayır yada.

Paxıl bir xəstədir, yoxdur əlacı,
Daim ev yıxmaqdır fikri, amacı.
Ondan uzaq gəzir tanıyanlar da
Çünki həm rəzildir, həm dili acı.

Yaltaq son məqamda tapmayır xeyir,
Bunu çox yaşayıb görənlər deyir.
Hətta düz sözündən şübhələnirlər:
“Yəqin əvəzində nəsə gözləyir”.

Qəribə məxluqdur, vallah, tamahkar,
Nəfsinin nə həddi, nə hüdudu var.
Qınayan olmasa, heç utanmadan,
Hətta dilənçidən bir şey qoparar.

Həyat hər addımı çox dəqiq sayır,
Çalışıb, sən ağı qaradan ayır.
Bəzən yaxşılığı tez unudurlar,
Pislik ömür boyu yaddan çıxmayır.

Düz sözün kəsəri üzə deməkdir,
Arxada danışmaq kimə gərəkdir?
Onda həqiqət də gileyə bənzər,
Ya da düşünərlər: “Bəlkə kələkdir?”

İnsanı hörmətdən salan yalandır,
Fitnə kimi yadda qalan yalandır.
Ülvi məhəbbətə, möhkəm dostluğa
Ömür boyu mane olan yalandır.

Sənə bilərəkdən zərbə vurana,
Elə cavab ver ki, dərs olsun ona.
Yoxsa əməlindən əl çəkən deyil,
Səni zəif bilib, yığacaq cana.

Dostunun xətrinə dəymisən əgər,
Bunu təkrarlama, düşün bir qədər.
Atalar sözünü çıxartma yaddan:
“Mərdi qova-qova namərd edərlər”.

Müəyyən zirvəyə çatıbsa insan,
Zəif durumunu hiss etdiyi an
Vaxtında getməyi bacarmalıdır,
Onda qalib kimi qalar hər zaman.

Xəbisi tanımaq müşkül bir işdir,
Xəlvəti bədxahlıq ona vərdişdir.
Üzündə bir mələk qiyafəsi var,
Qəlbinə elə bil şeytan girmişdir.

Vəzifə törədir əsl möcüzə,
Hər kəsin zatını çıxarır üzə.
Biri əbədilik hörmət qazanır,
Digəri tuş gəlir lənətimizə.
 
Ara qarışdıran şad-xürrəm gəzər,
Bilsə pis niyyəti kimisə əzər.
Məhəl qoymasalar onun sözünə,
Sudan çıxarılmış balığa bənzər.

 





10.10.2016    çap et  çap et