525.Az

Borxesin evi - Ramil Əhməd İstanbuldan yazır


 

Borxesin evi - <b style="color:red">Ramil Əhməd İstanbuldan yazır</b>

Əllili yaşlarında Borxes görmə qabiliyyətini bütünlüklə itirmişdi. Bu ona ailəsindən miras qalmışdı, nənəsi və atası da müəyyən yaşdan sonra kor olmuşdular.
 
1927-1958-ci illər arasında səkkiz dəfə gözündən əməliyyat olunsa da, yazıçı ən başından bunun heç bir faydası olmayacağının fərqində idi. Öncələri böyük şriftlərlə yazılmış kitabları oxuya bilən Borxes 1955-dən sonra oxumaqdan məhrum oldu...

lll

“... Və görə bildiyi yeganə rəng olan sarını bağrına basardı, çox sevdiyi aslanların və güllərin rəngiydi bu, ona görə də dostları hər ad günündə parlaq sarı qalstuklar hədiyyə edər və Borxes də Oskar Uayldın bir cümləsini təkrarlayardı: “Ancaq korlar belə qalstuk taxa bilər”.

lll

“Mənim üçün kitab oxuyarsınız?” Görməsini itirdikdən sonra bu sualı çox adama vermişdi. Hamıdan bir-bir soruşardı: tələbələrdən, ondan müsahibə alan jurnalistlərdən, yazıçılardan... Bir zamanlar onun üçün kitab oxuyan böyük bir qrup formalaşsa da, bu adamların demək olar ki, bir-birləri ilə əlaqələri yoxuydu. Borxesin anası və bir neçə addan başqa digərlərinin kimliyi  naməlumdur.

Kimiydi onlar? Bir gün ədəbiyyat dünyasının gəlmiş keçmiş ən böyük yazıçısına, fenomenal yaddaş sahibinə kitab oxuduqlarının fərqinə varıb bu barədə müsahibələr verib, xatirələr danışdılarmı? Bəlkə də, yerli mətbuatda bu barədə çoxlarının çıxışları olub, ancaq dünyanın bir çox dillərinə tərcümə olunan kitabı isə o oxucu qrupun içində olan bir nəfər yazıb: Alberto.

O zaman Alberto on altı yaşındaydı və Buenos-Ayresdəki “Pygmalion Kitab evi”ndə işləyirdi. Bu kitab mağazasının davamlı müştəriləri arasında Borxes də vardı. Borxes o məşhur sualını Albertoya da vermişdi. Beləcə, 1964-1968-ci illər arasında o, həftənin 3-4 günü Borxesin evinə gedərək ona kitab oxumağa, Borxesin “gözü” olmağa başladı. Və uzun illər sonra Alberto Borxesin evində...

- ...bir dəqiqə, bir dəqiqə axı kimdi bu Alberto?

- Alberto Manguel.

- Argentinalı esseist Alberto Manguel?

- Bəli, o...

... Və uzun illər sonra Alberto Borxesin evində keçirdiyi dörd ildən kitab yazdı. Orijinal adı “With Borges” (“Borxeslə”) olan kitab türkcəyə “Borxesin evində” olaraq çevrilib. Kitabın bu adda təqdim olunması nə qədər yerində və nə qədər dəqiqdir. Çünki Alberto Manguel Borxesə kitablar oxumaq üçün onun evinə gedirdi. O, bu xatirə yazısında Borxesin evi, kitabxanası barədə də söz açır. Eyni zamanda kitabda argentinalı fotoqraf Sara Facionun Borxesin evində çəkdiyi bir çox şəkillər var. Bu kitabın ən çox sevdiyim yanı məni həm hərfi, həm də məcazi anlamda Borxesin eviylə tanış etməsidir...

Bu balaca kitabda Alberto Manguel Borxeslə keçirdiyi günlərdən bəhs edir. O, məktəbi bitirdikdən sonra Buenos-Ayresdə “Pygmalion” adlı kitab dükanında işləməyə başlayıb. Borxes axşamüstü milli kitabxanadakı işini bitirib evinə gedərkən baş çəkdiyi məkanlardan biri bura idi. Beləcə ustayla şagirdin hekayəsi başlayır. Borxes hələ dünyada məşhur olmasa da, ölkəsində böyük hörməti vardı, məktəblərdə müəllimlər onun mətnlərinin qurğusundan, ədəbi düşüncələrindən danışırdılar. Beləliklə, A.Manguellə Borxeslə tanış olan, ona kitab oxuyan şanslı insanlar sırasına adını yazdıra bilir.

Kitabdan öyrənirik ki, Borxesin kitabxanası dünyaya kitabxana demiş və cənnəti kitabxana şəklində xəyal edən biri üçün həddindən çox balacaymış. Onun yanına gələnlər hər yerdə kitab görəcəklərini, böyük kitab rəflərinin olduğunu gözləsələr də, əvəzində gözdən uzaq bir-iki küncdə səliqəylə yığılmış kitabları olan sadə bir evlə qarşılaşırlar. Borxes 800 minlik bir kitabxananın müdürüydü, kor olmasını ona kitabları və gecəni bağışlayan Tanrının bir ironiyası olaraq görürdü.

lll

“Gənc Mariya Varqas Lyosa 1950-ci illərin ortalarında Borxesə baş çəkdiyində evinin sadəliyindən söz açmış və onun niyə daha böyük, rahat evdə yaşamadığını soruşmuşdu. Borxes bu sözdən incidi və dedi ki, bəlkə də, Limada belə edirlər, amma burada, Buenos-Ayresdə, göstərişdən xoşlanmırlar”.

lll

Sən demə, Borxes kitabları sonacan oxumağa məcbur olmadığını düşünən oxucuymuş, rahatlıqla kitabı yarıda qoyurmuş və evdəki kitabxanasında kitabların düzülüşü təxminlər və xaosun qaydalarına uyğun şəkildə yığılıbmış...

lll

“Finneqansayağı ağı”nı heç vaxt sonacan oxumadığı halda Coysun dil ekperimentləri ilə dolu bu əsəri üzərinə rahatca dərs vermişdi”...

lll

Borxesin evində özünün bircə kitabı da yoxuymuş: “Özümü hər şeydən əvvəl bir oxucu olaraq görürəm və ətrafımda da olmasını istədiyim şey başqalarının kitablarıdır”...

lll

Kitabda ən çox sevdiyim fikirlərdən biri də tərcüməylə bağlıdır. Mətni tərcümə edərkən mümkün dərəcədə orijinallıq saxlanılmalıdır, yoxsa yox? Özəlliklə şeir tərcümələrində şairin üslubunu, şeirin bütün çalarlarını necə qoruyub saxlamaq olar? Dünyada bir çox həddindən artıq yaradıcı yanaşmalar olub. Məsələn, “Olmaq, ya da olmamaq bütün məsələ bu” məşhur Hamletin dialoqu “Olmaq-olmamaq”, “Olum-ölüm”, “Var olmaq, ya da olmamaq” bir sözlə aşağı-yuxarı buna bənzər şəkildə çevrilib, ancaq bu məşhur misranı  (To be or not to be!) “Bir ihtimal daha var, o da ölmek mi dersin” kimi çevirən Can Yücelin Şekspir tərcümələri dillərə dastandır. Borxesə görə isə doğru tərcümə necə olmalıdır sualının bir cümləlik cavabı var: “Şekspiri tərcümə edəcəksənsə, Şekspir yazarkən nə qədər azadıydısa, o qədər azad olacaqsan”...

lll

“Borxesin bəyənmədiyi yazarlardan ibarət qəbul edilə bilən bir ədəbiyyat tarixi yaratmaq mümkündür: Ceyn Ostin, Höte, Fransua Rable, Kalderon, Mopassan, Bokkaço, Prust, Stendal, Zolya, Balzak, Neruda, Karpantiyer, Lope de Veqa, Lorka... gəncliyindəki eksperimentlərdən sonra daha yenilik naminə edilən yeniliklərlə maraqlanmırdı”...

lll

1968-ci ildə Alberto Manguel və Borxesin yolları ayrılır. Alberto axırıncı dəfə ona Henri Ceymsin hekayəsini oxuyur və uzun illərdən sonra Borxeslə 1985-ci ildə, ölümündən bir il öncə Parisdə I`Hotelin yemək salonunda görüşürlər. Son günə qədər isə Borxesin dilindən düşməyən bir sual vardı: Mənim üçün kitab oxuyarsınız? Ömrünü başa vurduğu Cenevrədəki xəstəxanada onun üçün kitab oxuyan sonuncu adam almanca danışan tibb bacısı oldu...

 





10.10.2016    çap et  çap et