525.Az

Böyük yolun zəfər zəngləri - Dördüncü məqalə


 

Unudulmaz həmkarlar, dostlar, tanışlar...

Böyük yolun zəfər zəngləri - <b style="color:red">Dördüncü məqalə</b>

Azərbaycan Televiziyasında işlədiyim 35 ildə nəsil-nəsil söz-sənət adamlarının bu böyük milli mədəniyyət yolunda çoxsaylı uğurlarına şəhid oldum, sevindim, bir sıra həmkarlarımın dünyadan gedişlərinə kədərləndim.

Bu sevinc və kədər vaxtaşırı ürək yazılarına, məqalələrə, esselərə döndü, daha çox “Ekran-efir” qəzetində çap edildi. 

Böyük şairimiz Nəbi Xəzri ilə bağlı “Sözün Nəbisi, şeirin Xəzrisi”, ağsaqqal rejissorumuz Bünyad Məmmədov haqqında “İşıqlı adam”, böyük redaktor Həbibə Məmmədxanlı haqqında “Buz heykəlin bacısı”, şairə-redaktor Həqiqətin soyuq dünyasına üz tutan “Kədərin təbəssümü”, şükür Allaha ki, bu gün sağ-salamat olan Nahid Hacızadə (“Şair təbiətli yazıçı”), İntiqam Mehdizadə (“Təsəlli”nin təsəllisi”), ssenari müəllifi Rahib Qəribin, rejissor-operator Seyidağa Mövsümlünün, aparıcı Şəmistan Əlizamanlının hazırladığı “And” verilişiylə bağlı (“And”ın andı”) məqalələr, başqa neçə-neçə yazılar vaxtında respublika mətbuatında çap olundu, bütövlükdə Azərbaycan Teleradiosunun sənət uğurları haqqında zamanın sözünü dedi.

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyinə həsr etdiyim “Böyük yolun zəfər zəngləri” silsiləsində unudulmaz həmkarlarımın xatirələri qarşısında baş əyir, ayrıca bir məqalə ilə onlardan kiçik bir hissəsinin - yeddi sənətkarın portret cizgilərini təqdim edirəm. Yeddi folklorumuzda, xalqın söz yaddaşında çoxluq rəmzidir; bəli, haqqında söz deyiləsi həmkarlarım, dostlar, tanışlar çoxdur... İlk olaraq Azərbaycan Teleradiosunun Naxçıvan budağında uzun illər fədakarlıqla çalışan, təxminən, 10 il Naxçıvan Teleradiosunun sədri olan unudulmaz dostum, vətənpərvər şair-publisist Elman Həbibi yada salıram. 

Bir ovuc torpağın poeziyası

Kiçik Qafqazın ən uca zirvəsinə, Qapıcıq dağına, Gəmiqayaya söykənən Tivi kəndi; min illərin könül körpüsündən keçib gələn ovuc-ovuc can yığını torpaq-xatirələrin, yorğun yaddaş yollarının yadigar yurd yeri...

Zaman o zaman idi ki, bu yurdun balaca bir uşağı atasının dağları əyninə necə geyinməyini düşünür və heyrətlənirdi. Həbib kişi Qapıcıq dağındakı Molibden mədənində fəhlə işləyirdi və hər dəfə dağın içərilərinə uzanan qaranlıq tunelə girəndə uşağa elə gəlirdi ki, atası dağı qara yapıncı kimi çiyninə salır, işdən qayıdıb tuneldən çıxanda yapıncını çiyinlərindən atıb öz yerinə qoyurdu...

Bu, gələcək şairin heyrətdən yaranan ilk poetik yaşantıları, duyğularda dil açan şeiriyyətin ilk çağırış səsləriydi...

Sonra sirli sühbün, sevdalı səhərin səmalarında sünbül-sünbül ilk misralar gülümsədi. Duyğular elə böyük idi ki, dağlar bir ovuc torpağa oxşayırdı...

Sonra on iki yaşlı uşağın “Yeni Ordubad” qəzetində “Bir lövhə” adlı ilk şeiri işıq üzü gördü. Duyğular elə duru idi ki, yaz səhərinə bənzəyirdi.

Sonra böyük ədəbiyyata doğru gedən böyük yollar başladı. Duyğular elə döyüşkən idi ki, Elman Həbibə kitab-kitab qələbələr gətirirdi...

Və 60 yaşını 30 kitabla qarşıladı Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Elman Həbib.

Günlərin bir günü atasını itirən Elman Həbibin həyatında elə bir möcüzə baş verdi ki, illər, on illər ötsə də, adiləşmədi, sirr, sehr işığı azalmadı. Atası payızda vəfat etmişdi və həyətlərindəki alma ağacı həmin payızda qəfildən çiçəklədi, bəhər verdi. Artıq 30 ildən çoxdur ki, o alma ağacı həm yazda, həm də payızda çiçəkləyir, bol məhsulu ilə ailəni sevindirir, heyrətləndirir...

1981-ci ildə “Günəş qatarı” adlı ilk şeirlər kitabı çap olunanda Elman Həbibin 32 yaşı vardı. Cəmi 45 şeirdən ibarət olan bu ilk kitab uzun illərin həsrətinə, ağrısına son qoydu, sanki günəşli duyğular qaynayan bulağın gözünü açdı. Və dağların qoynunda qaynayan dumduru bulaq düzlərin sinəsində qarşısıalınmaz duyğular çayına, ümidlər ümmanına çevrildi...

1966-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olan, bu ali məktəbi fərqlənmə diplomu ilə bitirən Elman Həbib düz 31 il Naxçıvan televiziyasında çalışdı; rejissor assistenti, kiçik redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor, nəhayət, 10 il komitə sədri oldu. Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, sonra Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi fəxri adlarına, “Şöhrət” ordeninə layiq görüldü. Bir müddət Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri oldu. Bütün bu illər ərzində ədəbiyyatsız, poeziyasız bircə gün də yaşamadı Elman Həbib. Ədəbi düşüncə onun əbədi yol yoldaşı, daimi dostu oldu...

Onun poeziyası təbiətin səslərindən, ahənglərindən başlayır, Vətənin neçə min illik yaddaş yollarından keçir, tarixin həlledici, taleyüklü məqamlarında düşünür və zamanın sözünü sözün zamanında deməyə tələsir. Poetik nəfəs səslərin, sözlərin texniki gözəlliyindən, deyimin bədii ustalığından daha çox mənaların, həqiqətlərin aydınlığına, aşkarlığına köklənir. Ona görə Elman Həbibin poeziyasından haqqın, həqiqətin, adilikdəki qeyri-adiliklərin, aşkar gizlinlərin səsi gəlir. Bu məqamda unudulmaz Xalq şairi Məmməd Arazın həqiqətə şam yandıran sözlərini xatırlamaq yerinə düşər:

“...söz xalqın dərdini xalqa deməlidir; bu söz əsl həqiqətə söykənəndə daha güclü olur. Elmanın sözü eşidiləndir. O, torpağa söykənən poetik səsdir...

Elman sakit, qışqırıqsız, hay-küysüz danışan, çoxlarının eşidə bilmədiyini eşidə bilən, görmədiyini görə bilən şairdir”.

Bir vaxtlar “Şərq qapısı” qəzetində “Poeziya sizin üçün nə deməkdir?” sualına Elman Həbib belə cavab verib:

“Poeziya mənə görə sərbəst düşünmək və azad yaşamaq yoludur. Poeziya əsl şeir adamının yerlə göy arası hərəkət xətti və çarpışmasıdır. Nə vaxt uçuşda olduğunu bilməyən bir qəlbin adamların qulağına pıçıldadığı müqəddəs sözlərdir. Poeziya məhəbbətsiz yaşaya bilməməkdir”.

Bu sözlərlə Elman Həbib öz poeziya dünyasının qırxıncı qapısını açır, o sirli qapının arxasındakı görünməz həqiqətləri göstərir.

O, özünün də etiraf etdiyi kimi, “duyğularının burulğanlı vədəsində şair, sakitləşən anında publisist, dramatik anında daha çox dramaturq” olur, lakin ədəbi sözün əbədi bazarında mizan-tərəzini daim diqqətdə saxlayır. Elman Həbibin ədəbi təsərrüfatında janrların asanı, çətini yoxdur; burada bədii sözün sənətkarlıq məcəlləsi, həqiqət qanunları işləyir...

İlandağ, Əshabi-Kəhf, Nuhəcir zirvələrinin qonşuluğunda təzə bir yurd salmışdı Elman Həbib. Evindən, həyətindən baxanda o müqəddəs zirvələri başının üstündə görürdü. “Belə anlarda sanki min illərin ruhuna, yaddaşına qoşuluram, qəfil dağ selləri kimi qanım qaynayır. Bəlkə buna görədir ki, bu təzə yurdda ədəbiyyatın əbədiyyət səslərini daha yaxından eşidirəm...” Tez-tez qonaq gələn bu duyğularla yanaşı heyrətli bir möcüzəsi də var bu təzə yurdun; Tivi kəndindən, dədə-baba yurdundakı qoca alma ağacından kəsilib bu təzə bağda əkilən cavan pöhrə də ildə iki dəfə - yazda və payızda çiçəkləyib məhsul verir.

Və şair qəlbinin səmalarında ata ruhunun sirli xeyir-duası, möcüzəli himayəsi gün işığı kimi gülümsəyir...

Və bir ovuc torpağın planet boyda möcüzə yükünü çəkib aparan “Günəş qatarı” sözün son sahillərində ədəbiyyatın əbədiyyət yolunu davam etdirir...

Fikirlər qəbiristanının böyük yazıçısı 

O, fantast idi; öz dövründən didərgin düşmüşdü. Onun cilovsuz bədii-fantastik duyumlarında, didərgin, dəlisov düşüncələrində kağıza-qələmə yatmayan yazıçı qəlbinin kədərli göz yaşları nə müddətdi leysana dönmüşdü. “Əlim sözə baxmır, yaza bilmirəm, ürəyim mövzular qəbristanıdır” - deyirdi. O qəmli qəbiristanda - doğulmadan ölən hekayələr, romanlar səltənətində küskün-küskün, kövrək-kövrək, kədərli-kədərli dolanırdı Namiq Abdullayev. Elə küsdürmüşdülər ki, bir qəzet müsahibəsində “ölmək istəyirəm” deyirdi; elə kövrəltmişdilər ki, qoca tut ağacı kimi hər an sına bilərdi. Hərdən elə kədərli olurdu ki, baxışları ruhu dondurur, damarı-iliyi üşüdürdü. Bir az Don Kixota, bir az Kefli İskəndərlə Bəhlul Danəndəyə, bir az Mircavadın miflərinə bənzəyirdi; amma daha çox özünə, bir də özüylə eyniləşən kədərə bənzəyirdi Namiq Abdullayev.

O, deyilə bilməyən sözün, yazıla bilməyən əsərin canlı heykəliydi. Tale ona böyük istedad, yazıçı təxəyyülü vermişdi. Amma həmin istedad dəyirmanının, bədii təxəyyül adlı bərəkətli “buğda qalaqlarının” yanında çörəksiz, ac-susuz qalmışdı Namiq Abdullayev. O, öz cəmiyyətinin faciəsiydi. Və hamı o faciənin kədərli səhnələrinə baxırdı. Yazıçılar İttifaqının sədr və katibləri də, Azərbaycan Milli Televiziyasının rəhbərliyi də, bütün dost-tanışları da. Tale elə gətirmişdi ki, yaza bilmədiyi kədəri yaşayırdı o. Bir vaxtlar Azərbaycan Televiziyasının məşhur baş redaktoru olmuşdu, “Evrika” kimi maraqlı silsilə verilişlər yaratmışdı...

Sonralar AzTV-də “İncəsənət” şöbəsinin müdiri olanda hər ay ona müxtəlif verilişlər, ssenarilər sifariş edirdim ki, cibləri boş qalmasın; boş cib yalquzaq kədərlə birləşəndə fəlakət olur...

İndi mənə çox qəribə gəlir ki, on beş il tanışlığım ərzində onun bircə bədii yazısını da oxumamışdım. Deyəsən, onun əsas bədii yazıları, məşhur verilişləri də 60-70-ci illərdə qalmışdı; mən həmişə çağdaş ədəbi prosesin bir neçə xəttini izləməklə kifayətlənmişəm... Lakin onun hər bir söhbəti maraqlı, qeyri-adi hekayə idi. Bu mənada N.Abdullayevin xeyli hekayəsini dinləmişəm. O hekayələrdən böyük yazıçı nəfəsi gəlirdi. O hekayələrdə Yer planeti çox kiçik idi; N.Abdullayev qalaktikalar, kosmik ənginliklər, “bu” və “o” dünyalar miqyasında danışmağı xoşlayırdı. İndi, görəsən, “o dünyada” bu dünyada danışdıqlarını, klinik ölüm haqqında dediklərini xatırlayırmı... Və xatırlayırmı ki, yazıçı taleyi onun qəlbində halal ağac kimi əkilmişdi, bitib boy atmışdı; lakin o ağacın meyvələrini dərən olmadı.

Dünya miqyasına çıxan böyük fantast yazıçı ola bilərdi, gündəlik qayğıların qara otağından çıxa bilməyən talesiz sənətkar - doğulmadan ölən əsərlər qəbiristanı oldu. Cavan yazıçıların inadlı tələbi, təkidi ilə ömrünün son illərində Yazıçılar İttifaqına qəbul etmişdilər, kiçik bir daxma vermişdilər. O daxmanın yarımqaranlıq, səbrli sükutuna, çığıran sirli səslərinə sığınıb sonunu gözləyirdi. Getdiyi ən uzaq yer respublika televiziyasının binası, ən çox gözlədiyi qapı televiziya kassasının qapısı idi. Ölümündən iki gün əvvəl həmin qapının ağzında dayanmışdı, yaxınlaşıb salam verdim, hal-əhval soruşdum. Başını bulayıb, özündən ağır bir kədərlə “Daha gözləyə bilmirəm” dedi. Kədərin soyuğunu ovutmaq üçün isti bir söz axtarırdım ki, əlavə etdi:

“Gün işığı, yaralı miflər və qan qoxusu” adlı məqaləni dünən təzədən oxudum, o qəzeti saxlamışam. Mircavad haqqında yazdığına paxıllığım tutdu. Öləndən sonra mənim haqqımda da yazarsan... - Tez də sözünü dəyişdi. - Görəsən, bu gün pul verəcəklər?.. - Heç nə demədim, daha doğrusu, deyə bilmədim. Pul adlı hakimin qapısı ağzında dayanıb gözləyən və bütün ümidlərini bu gün kassadan alacağı kağızlara bağlayan yazıçı ilə vidalaşdım...

Deyirdi, bir povest bitirmişəm. Deyirdi, təzə bir kitab hazırlayıram. Deyirdi, kinostudiyadan sifariş veriblər, ürəyimə yatan mövzudur. Deyirdi, Siyəzən yaman könlümə düşüb, nə sirdisə, son günlər doğma yerlər tilsim kimi kamına çəkir məni. Və deyirdi ki, “ölmək istəyirəm”. İstəyinə qovuşdu, ölüb Siyəzənə qayıtdı, ulu bir qəbiristanın əbədi sakini oldu...

Elə sürətlə qocalmışdı ki, qəlbi yadından çıxıb uşaqlıqda qalmışdı. Qoca uşaq idi Namiq Abdullayev. O uşaq böyüyüb böyük yazıçı-fantast olmalıydı... Bacarmadı, ona görə qəfil qocalığıyla barışa bilmirdi. Dostlarının xatirəsində eləcə qalacaq - xeyirxah, inadkar, böyümək həvəsli qoca uşaq kimi, böyük yazıçı-fantast kimi...

Bir Eldar Baxış vardı... 

Ən böyük var-dövləti istedadıydı. Torpaq kimi bar-bəhərli istedadına güvənirdi, ədəbi sözünün əbədiyyətinə inanırdı, şeirlərinin sevgi yollarında yaşayırdı Eldar Baxış. Sözün yalanlarına etiraz edir, "Yalan, yalan, hamısı yalan - yalanın ayaq açması doğru" deyir və doğruların gün işığına doğru gedirdi.

"Girib dəryada çimdim,
Sonra gördüm ki, arxdı..."

- İkicə misraya sığınan bu böyük təəccüb və təəssüf Eldar Baxışa məxsusdur.

Ruhunun dərdli mənzərəsini çəkən bu bircə misra da Eldar Baxışındır:

"Dərdim quşdu, qəfəsəm mən..."

Azərbaycan Teleradiosunun dəhlizlərində, həyətində ara-sıra görüşür, söhbətləşirdik və onun qürbət adamı olduğunu, bədənində ruhunun qəribsədiyini görürdüm; Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" misrasına oxşayırdı o...

"Otuz yaşım" adlı şeirini belə bitirmişdi Eldar Baxış: 

Bostanım olmadı, bağım olmadı,
Şamamam olmadı, tağım olmadı,
Yıxılıb ölərdim, ağlım olmadı,
Vurdum, gəldim, çıxdım otuz yaşıma.

O, Azərbaycan radiosuna könül vermişdi. Uşaq verilişləri redaksiyasında işləyirdi. Ömrünün son illərində Azərbaycan Televiziyası ilə də əməkdaşlıq edir, sənət və sənətkarlar haqqında müəllif proqramları hazırlayırdı. O verilişlərdə lampa işığında söhbətləri qalıb yadımda. Lakin onun ən böyük həqiqəti poeziya idi. Yalanlardan bezəndə poeziyasının doğrularına sığınırdı, sözün səmalarında xoşbəxtliyinə salam verə bilirdi Eldar Baxış. Ömrünün əllinci ilində yubileyi əvəzinə zəhərlənmiş ölümünü qarşıladı, əsərlərinin yaddaşında yaşayacaq əbədi sənətkar ömrünə "xoş gəldin" dedi. Və bu gün şeirlərində yaşadığı görünür, xoşbəxtliyi gülür Eldar Baxışın...

Dostum Ağalar Mirzənin ruhuna rəhmət duası 

Onun ömür karvanı soyuq bir qış günündə yola çıxdı, bahara üz tutan sevdalı bir gündə qəfildən dayandı. 1954-cü il dekabrın 25-dən 2008-ci il martın 5-dək yol getdi Ağalar Mirzə ünvanlı ömür karvanı...

Artıq neçə ildir ki, haqq dünyasındadır; onu tanıyanların yaddaş dünyasında, ondan xatirə qalan şeir və publisistika kitablarında, elmi və bədii əsərlərində, film və verilişlərində yaşayır Ağalar Mirzə. Bir ömürlük xatirəyə dönüb, ailəsinin, dostlarının, kitablarının sevgisində əbədiyyət yolunu davam etdirir... Ağ mərmərdə əbədiləşib ağappaq yollar gedir; başı qarlı silsilə dağlara, 1600 yaşlı sənət yadigarı Çıraqqalanın daş inadına söykənib üzü dənizə, gündoğana baxır Ağalar Mirzə...

Orta təhsilini dədə-baba yurdu Dəvəçidə-Şabranda alan Ağalar Mirzə 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist kimi əmək fəaliyyətinə başladı. Milli radiomuzda "Bulaq" verilişinin əsas müəlliflərindən biri oldu, daha sonra milli televiziyamızda "Oğuz", "Qala", "Karvan", "Dəmirqapı Dərbənd", "Ustadnamə" kimi sayılıb-seçilən verilişlər yaratdı... İllər ötdükcə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü oldu, "Qızıl qələm" mükafatına, əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü. Taleyinə yazılan yollardan keçdi, qismətinə yazılan verilişləri çəkdi, onu gözləyən elmi və ədəbi əsərlərini yaratdı.

O, peşəkar jurnalist, fədakar ziyalı, cəsarətli alim, istedadlı şair idi. "Ömrün bənövşə fəsli", "Ovçunu tut yağışa", "Mən baxdığım pəncərə", "Dünənə məktub", "Bayramlar, adətlər, ənənələr", "Novruz töhfələri", "Radio televiziya: informasiyanın, bədii düşüncənin yeni forması kimi", "Xaltanlı Tağı", "Tanışlıq", "Gecə zəngləri", "Karvan", "Xalqın milli sərvəti", "Şirvana binə gəlləm", "Şirvan aşıq yaradıcılığı" və başqa çoxsaylı kitabları, elmi monoqrafiyaları Ağalar Mirzənin elmdə, poeziya və publisistikada qazandığı uğurlardan xəbər verirdi. Poeziyasında da, publisistikasında da, elmi əsərlərində də xalqın milli-mənəvi dəyərlərindən çıxış edirdi, tariximizin Çıraqqala, Dəmirqapı Dərbənd kimi enməz ucalıqlarına söykənirdi Əməkdar incəsənət xadimi Ağalar Mirzə.

O, tanrı payı olan öz taleyinin, özünəməxsus söz-sənət qismətinin yolçusuydu. Bədii düşüncələri radionun "Bulağ"ında duruldu, televiziyanın "Karvan"ıyla el-el, ölkə-ölkə gəzdi; yazılarında Qorqud xatirəli Dərbəndlə, Borçalıyla, Xətai qüdrətli Təbrizlə, Ərdəbillə, Füzuli yaddaşlı Bağdadla, Kərbəla ilə həmsöhbət, HƏMDƏRD OLDU. Şeirlərindən tarix baxır, VƏTƏNİN RUHU boylanır, yaralı yaddaşımızın göynəmli göz yaşları süzülürdü. "Hu-hu" deyincə qapılar açılacaq" - Ulu Oğuz-hun yaddaşının sirli səsi, heyrətli diqtəsidir bu misra. "Başım fikirdən asılıb, Ayaqlarım Yer üzündən" - Şair ruhunun narahat axtarışı, laməkan böyüklüyündən soraq verir bu misra. "Dərdə bükülüb gəzirəm" - Dövrün dərdlərini daşıyan vətəndaş şairin, ziyalının iddiasız etirafı idi bu... Əsası odur ki, Ağalar Mirzənin poeziyası, radio və telepublisistikası bu günün qəlbində min illərin milli yaddaş GÜCÜNÜ, yuxulu böyüklüyünü, xalqın etno-genetik potensial tarixi imkanlarını OYATMAĞA xidmət edirdi. Bu baxımdan, xüsusilə, çağdaş televiziya publisistikamızda A.Mirzə sakit sözü, sabit mövqeyi, kütlədə xalq oyatmaq istəyi ilə seçilirdi.

O, filologiya elmləri namizədi idi, aşıq sənəti ilə bağlı doktorluq işini - sanballı elmi monoqrafiyasını yazıb tamamlamış, kitab halında çap etdirmişdi; yaxın vaxtlarda filologiya elmləri doktoru olacağını deyirdi. Dədə-baba yurdu Dəvəçidə təzə ev tikdirmişdi: "Bu evdə, bu həyətdə elə şirin yuxu yatıram, ruhum elə dincəlir ki..." - deyirdi Ağalar Mirzə. Özəl universitetdəki saathesabı işindən, yaratmaq istədiyi təzə verilişlərindən, çap etdirəcəyi təzə kitablarından, yazmağı planlaşdırdığı yeni elmi və bədii əsərlərindən danışırdı; ömür karvanını böyük arzular, sonsuz ümidlərlə çəkib aparır, tələsə-tələsə yaşayırdı. Və tələsə-tələsə ömür karvanından baş qaldırıb, şeirlərində tez-tez ölümə boylanırdı Ağalar Mirzə.

...Yenə qapımıza Əzrayıl gəlib,
Bəlkə ötən ildən borcumuz qalıb?
Boyları gödəldən şirindil gəlib,
Səsləri batıran uca səs gəlib. 

Qəm yemə, mənimlə boşalan, dolar,
Ölümün, qalımın ölçüsü gəlib.
Əzrayıl olanda axı nə olar, -
Qapıma Allahın elçisi gəlib. 

Ölümündən əvvəl belə yazırdı, artıq neçə ildir ki, şeirlərində yenə belə düşünür, bu misralarla oxucularına üz tutur Ağalar Mirzə. Bu, şeirin, şairin əbədiyyət yolu, ədəbi düşüncənin bir ömürlük xatirəyə sığmayan əbədi xoşbəxtliyidir. Gənclik, tələbəlik dostum, yerlim, həmkarım, Azərbaycan Televiziyasının "Ədəbi-dram verilişləri" baş redaksiyasında müavinim olan Ağalar Mirzənin ruhuna rəhmət duası ilə bitirirəm bu yazını: Ruhun əbədi xoşbəxt olsun, qardaş; alın yazılarında redaktə etmək, nəyi isə düzəltmək mümkünsə, Allahdan arzu edirəm ki, ruhunun yollarına bol-bol İŞIQ YAZSIN... 

Bir ömrün yollarında 

Azərbaycan Televiziyasının 60 illik tarixində neçə-neçə rejissor nəsilləri bir-birini əvəz edib. Ciddi tamaşaları, bədii və sənədli telefilmləri, daim gözlənilən, sevilən verilişləri ilə adını milli mədəniyyət tariximizə yazan ustad rejissorlarımız çox olub. Onlardan biri idi Kərim Kərimov... O, televiziyaya könül bağlamışdı; bir ömrün yollarından televiziya rejissoru kimi keçdi; özünəməxsus uğurlara imza atdı, maraqlı verilişləri ilə bol-bol tamaşaçı sevgisi qazandı, sadəliyi, səmimiyyəti, iddiasız rejissor taleyi ilə adını milli televiziya tariximizə əbədilik yazdı.

Ürəyinin qapıları hər zaman taybatay açıq olardı; o qapılardan içəri boylanıb Kərim Kərimovun duyğular dünyasına düşmək, o sadə, səmimi, təbəssüm dolu dünyanın qonağı olmaq çətin deyildi...

İşin sonuna yaxın otağımın qapısını yüngülcə açıb içəri boylananda, "Vaxtdı, qədeş" deyib əllərini bir-birinə sürtəndə, dumduru bir təbəssümlə baxanda, hamı bilirdi ki, Kərim Kərimov nə demək istəyir. Nə böyük sənətkar iddiası, nə var-dövlət hərisliyi vardı. Sevinmək, xoşbəxt olmaq üçün ona dəryalar yox, damlalar da bəs idi... Bütün bunlara, yəni həm sənətinə, həm də şəxsiyyətinə görə hamı onu sevir, xətrini əziz tutur, qayğısına qalırdı. Verilişlərini məsuliyyətlə, yüksək peşəkarlıqla hazırlayır, həyatını rəngsiz, boyasız, olduğu kimi yaşayırdı Kərim Kərimov...

1937-ci il iyulun 21-də Bakı şəhərində, vaxtı ilə "İkinci paralelni", "Sovetski" adlandırılan indiki Balababa Məcidov küçəsindəki doqquz saylı evdə dünyaya gəlib. Zəifliyinə baxıb nigaran olublar, amma ümidlərini üzməyiblər, Allah kərimdi deyiblər, Kərim adı veriblər ona. Tezliklə ümidləri doğrulub; hətta 17 saylı məktəbin ikinci sinfində oxuyarkən "Əla müvəfəqqiyyəti və nümunəvi əxlaqına görə" tərifnamə də alıb...

Teatra böyük sevgi uşaq yaşlarında Kərimi Əbilov adına kluba, sonralar isə keçmiş 26 Bakı komissarları adına mədəniyyət sarayının xalq teatrına, Lütfi Məmmədbəyovun dərnəyinə gətirib. Xalq teatrında gənc aktyor Kərim Kərimov "Respublika özfəaliyyət incəsənəti festivalının laureatı" adına layiq görülüb.

Daha sonra teatr sevgisi Kərim Kərimovu Azərbaycan Dövlət Teatr İnstitutuna, Mədəni-maarif fakültəsinə gətirdi. 1961-ci ildə başlayan tələbəlik dövründə institutun əsas futbol komandasının kapitanı da oldu.

Teatr İnstitutunu müvəffəqiyyətlə bitirən Kərim Kərimov 1967-ci ildə Azərbaycan Dövlət Televiziyasına gəlir, ustad rejissor Rauf Kazımovskinin yanında assistent kimi əmək fəaliyyətinə başlayır.

70-ci illərin əvvəllərindən müstəqil rejissor kimi fəaliyyət göstərən Kərim Kərimov tez bir zamanda istedadı, əməksevərliyi, özünəməxsus yaradıcılıq yolu ilə seçildi. Onun hazırladığı "Komediyalar aləminə səyahət", "Hekayə axşamı", "Gül gülməcə" kimi verilişlər bu gün də xatırlanır, aktyor kimi çəkildiyi "Mən və mən", "Ac həriflər", "Sabiqlər", "Nigarançılıq" tamaşaları bu gün də sevilə-sevilə baxılır, tamaşaçıları güldürür, düşündürür. Deməli, televiziya rejissoru Kərim Kərimovun özünəməxsus sənət yolları davam edir. Bu, sənət yollarında uğur qazananların tale yazısı, xoşbəxtliyidir.

Belə deyirlər ki, xatirələrin əlyazması olmur, onları tale özü yazır - yaddaşlara həkk edir. Bir ömrün yollarından rejissor kimi keçən, öz xatirələr dünyasını yaradan Kərim Kərimov bu gün həm insanların, həm də lentlərin, müxtəlif tamaşa, film və verilişlərin yaddaşında yaşayır, təbəssüm, işıq dolu sənətkar taleyinin xoşbəxtliyini bizimlə bölüşür və hərdən həyat dolu bir səs də gəlir: "Vaxtdı, qədeş..." 

O səsin səmaları 

Hər bir xalqın öz dili, o dili canlı şəkildə yaradan və yaşadan öz səsi var. Xalqın dili kimi səsi də milli sərvətdir. O səs və dil bir-birini tamamlayanda, bütöv, kamil vəhdətdə birləşəndə əsl möcüzə yaranır. Anam Məşədi Gülsura Kalba Xudu qızının laylalarında, namazüstü dualarında, Cabbarın, Xanın, Qədirin oxumalarında, Səməndər Rzayev və Məhluqə Sadıqovanın "Bulağ"ında, Həsənağa Turabovun Məhəmməd Hadi şeirlərini canlandıran ifasında, Rafiq Hüseynlinin, Roza Tağıyevanın Azərbaycan Televiziyasındakı özünəməxsus SƏS MƏTNLƏRİNDƏ... o möcüzənin sirli-sehrli anlarına dönə-dönə şahid olmuşam. Və bu sözləri yaza-yaza unudulmaz diktorumuz Davud Əhmədovun özünəməxsus səs sehrini də xatırlayıram...

Onun səsində adiliklə qeyri-adiliyin qəribə qovuşuğu, sirli sintezi vardı; sanki qədimlərdən, min illərin o tayından baş alıb gələn köhnə karvanın yorulmaz, əbədi ləngərinə köklənmişdi o səs; göz işləməyən üfüqlərin genişliyi, sonsuzluğu, köhnəlməyən köhnə yurd yerinin qəribə doğmalığı, unudulmaz yaxınlığı vardı o səsdə; nağıl kimi deyilməz-bilinməz gizli cazibəsiylə seçilirdi Davud Əhmədovun səsi. "Səhər görüşləri"ndə, Yeni il və Novruz bayram proqramlarında, müxtəlif ədəbi kompozisiyalarda, çoxsaylı ciddi publisistik verilişlərdə o gizli cazibənin tilsiminə düşürdük... 

lll               

Yadıma unudulmaz bir görüş, qəmli bir xatirə düşür.

Xan qızı Natəvana həsr olunan bir verilişin kadrarxası mətnini Davud Əhmədovun oxumasını xahiş etmişdim. Məmnuniyyətlə razılaşdı. Dəfələrlə iş otağıma gəldi, mətnin ümumi ruhu, müxtəlif hissələrinin ab-havası, psixologiyası haqqında söhbət etdik. Onun işə necə məsuliyyətlə yanaşdığına, səsini ruhən necə köklədiyinə, daha doğrusu, səsini necə SƏFƏRBƏR ETDİYİNƏ bir daha şahid oldum. Yurdu xaraba xan qızının kədərini, Şuşası işğal soyuğunda, həsrət buzlağında üşüyən Xurşud Banu Natəvan ruhunun nigaran səs portretini yaratdı Davud Əhmədov. Bu, xalqın kədərinə köklənən, Qarabağın qəm qalağına yana-yana qovrulan, gizli-gizli göz yaşı tökən, QİYAM QALDIRAN səs möcüzəsiydi. Davud Əhmədovun yurd kədəri körüklənən səsinin səmalarında zamanın küləkləri əsir, milli ruhun rüzgarları dolaşırdı... Və Azərbaycan bayrağının gün işığında sayrışan şəfəqləri bahar yağışı kimi yağırdı Qarabağa... 

lll 

İşıqlı hücrənin adamı və ya TALE KİTABININ nigarançılığı 

O, Qarabağda, Ağdamın Üçoğlan kəndində dünyaya gəldi. Dəqiq elmlərə xüsusi həvəsi vardı. Elə bu həvəsin işığında Bakıda ali təhsil aldı. Lakin ədəbiyyata böyük məhəbbət, sonsuz poeziya sevgisi bütün taleyini dəyişdi. Ədəbi sözün əbədi tilsimində, şeirin-sənətin möcüzələr dünyasında bütöv bir ömür yaşadı şair-publisist Rəhman Babaxanlı...

O, Füzuli aşiqi idi. Dahi Məhəmməd Füzulinin onlarla qəzələni əzbər deməkdən, özünəməxsus bir sevgi və sayğı ilə izah etməkdən xüsusi zövq alardı. Füzulinin möcüzəli şeirlərinin, heyrətamiz misra-kəşflərinin duyğu sahillərində orijinal söz demək, yeni fikir söyləmək qüdrəti, intellekt və istedadı vardı Rəhman Babaxanlının.

Ədəbiyyatımızın, bütövlükdə dünya poeziyasının ən uca zirvə əsərlərindən olan Füzuli "Leyli və Məcnun"u Rəhman Babaxanlının ən çox sevdiyi ədəbi abidə idi. O, Füzulinin "Leyli və Məcnun" poemasını bütünlüklə əzbər bilir, bu misilsiz sənət möcüzəsi haqqında danışmaqdan doymurdu.

Müxtəlif yerlərdə, Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Radiosunun "Ədəbiyyat və incəsənət" redaksiyasında işləmişdi. On beş ildən artıq idi ki, yaradıcılıq taleyini Azərbaycan Televiziyası ilə bağlamışdı. "Repressiya qurbanları" verilişiylə otuzuncu illərin bolşevizm kabusuna, qırmızı qaranlıqlarına üz tuturdu, böyük elm və sənət adamlarının bağlı həyat səhifələrini açırdı, "Axar" verilişiylə dünyanın, zamanın ədəbi-fəlsəfi gedişatına güzgü tuturdu. "Ədəbi abidələr" verilişiylə bəşəriyyətin min illər boyu yaratdığı "Avesta" və "Bilqamıs", "Dədə Qorqud kitabı" və "Mahabharata", "İliada" və "Odisseya", "Faust" və "İlahi komediya", "Qutadqu Bilik" və "Xəmsə", "Romeo və Cülyetta" və "Leyli və Məcnun" kimi möhtəşəm sənət zirvələrinə telesəyahətə bələdçilik edir, ədəbi sözün əbədi hüzurunda əbədiyyət həqiqətlərindən danışırdı Rəhman Babaxanlı...

Şair-publisist, "Ədəbi-dram verilişləri" baş redaksiyasının böyük redaktoru Rəhman Babaxanlı işlədiyi kollektivdə xətir-hörmət sahibi idi. Bir neçə il əvvəl Azərbaycan Televiziyasında 60 illik yubileyi layiqincə qeyd olunmuşdu... Həmin yubileydə etdiyim çıxışdakı bu fikir xeyli xoşuna gəlmişdi: "Allah Rəhman Babaxanlıya böyük poetik istedad verib;böyük zəhmətkeşlik də versəydi, indi o, məşhur xalq şairi idi" Rəhman bu sözləri tez-tez yada salır, şövqlə gülür və deyirdi ki, böyük bir şeirlər kitabı hazırlayıram, görərsən, bu mənim tale kitabım olacaq...

Və arzu edirəm ki, istedadlı ziyalı kimi tanıdığım şərqşünas oğlu Rəhman Babaxanlının o TALE KİTABINI, nəhayət, çap etdirsin, şair ruhu nigarançılıqdan qurtarsın, işıqlı hücrəsində əbədi xoşbəxt olsun...

 





10.10.2016    çap et  çap et