525.Az

Odlar Yurdu – Şərqin Qərblə öpüşü


 

Odlar Yurdu – <b style="color:red">Şərqin Qərblə öpüşü</b>

Rusiyanın populyar “Moskovski komsomolets” qəzetində Azərbaycanın turizm potensialına həsr olunan “Odlar Yurdu – Şərqlə Qərbin öpüşü” məqaləsi dərc edilib. Müəllif Cəmilə Qolubitskaya ölkəmizdə istirahət etməyin üstünlükləri, nadir mədəniyyət abidələri və Azərbaycan mətbəxindən söhbət açır.

AzərTAc məqaləni oxuculara təqdim edir. 

Müasir turizmin pəhləvanı Fransa və İtaliyaya güc gəlir

Tapmacanın cavabını tap: Rusiyadan hansı ölkəyə uçuş vaxtı uzun və yorucu deyil, həmin ölkədə birdən-birə dünyanın 11 (!) iqlim qurşağı, üstəlik çimərliklər və xizək kurortları, təbii SPA-lar, qədim abidələr və mədəniyyət xəzinələri, təbiət qoruqları və orijinal mətbəx, lüks otellər və brend şopinq var... Yox, bu nə İtaliyadır, nə də Fransa, bu, daha yaxın və ən yaxşı məkandır. Çünki bu ölkədə hamı rus dilini bilir, rusiyalıları isə doğmaları kimi qarşılayırlar. Bu, son dərəcə müxtəlifliyə malik və qonaqpərvər, qədim zamanlarda “Odlar Yurdu” adlanan mehriban Azərbaycandır. Bu ölkə Avropa turistləri arasında elə sürətlə populyarlaşıb ki, artıq zarafatyana ləqəblər də qazanıb: “Şərqin Qərbi öpdüyü yer” və “Turizm pəhləvanı”. Bu zarafatlarda həqiqət çoxdur: Azərbaycan, doğrudan da, Şərq və Qərbin heyrətamiz dərəcədə istedadlı sintezidir, Azərbaycan pəhləvanları isə ta qədimdən “gəldim-gördüm-qalib gəldim” prinsipi ilə hərəkət ediblər. 

Azərbaycana xoş gəlmisiniz!

“Xoş gəlmisiniz” – bu ölkədə qonağı belə salamlayırlar. Qonaqpərvərlik və xeyirxahlıq - bəlkə də bu çoxmədəniyyətli torpaq haqqında deyiləsi əsas sözlərdir. Odlar Yurdu gözəlliyinə görə çox incə ipək sapların zərgər dəqiqliyi ilə toxunaraq rənglər kəhkəşanını stilistik cəhətdən vahid incəsənət əsərinə çevirən, əllə toxunan bənzərsiz Azərbaycan xalısı kimidir. Bu torpaqda müxtəlif dövrlər bir-birinə üzvi şəkildə qovuşur, üstəlik gənclərin ağsaqqallara münasibəti kimi, enerjili müasirlik də qədim çağlara qayğıkeşliklə yanaşır və onun öyüdlərinə qulaq kəsilir... Odlar Yurdunun çoxsimalılığının kökləri ən qədim zamanlara gedib çıxır: onun şəhərləri İpək Yolunun üstündə yerləşib və ötən əsrlərin mədəniyyətlərinin izlərini özünə hopdurub. Müasir Azərbaycan gələcək nəsillər üçün dünya sivilizasiyasının misilsiz mərhələlərini qoruyub saxlamaqdan ötrü əlindən gələni edib. Bu gün burada köhnə dar küçələr və dəbli memarlıq tikililəri, bütün dinlərin insanla dolu məbədləri və ultramüasir idman kompleksləri bir-biri ilə dostcasına qonşuluq edir... Təbiət də darıxmağa qoymur: əzəmətli dağlar, neft və kürü ilə zəngin olan nəvazişli dəniz, həyatverici bulaqlar və palçıq vulkanları, şəlalələr və bakir təbiət qoruqları, ürkək qızılı rəngli ceyranlar və çəhrayı flaminqolar...

Azərbaycanda hər kəsin marağına uyğun turist marşrut var və hər bir marşrutda da “güc mənbəyi” - möcüzəvi, demək olar ki, sakral, səyyahı əsrlərlə yığılan enerjisi ilə qidalandıran xəritədəki nöqtələr. Məsələn, “Aleksandr Düma Qafqazda” marşrutunda Suraxanıdakı Atəşgah məbədi möcüzəvi təsir bağışlayır. “İpək Yolu” turunda Mərəzədəki Diri Baba mağarası haqqında deyirlər ki, orada niyyət eləsən, arzun mütləq həyata keçəcək! Bundan başqa At turu, Şərab turu, Quba-spa-turu, Xalça turu, Kulinariya turu, Ekotur və digərləri var. Onların hamısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb. Bakıdan başlayan günlər və saatlar dəqiq hesablanıb. Turların episentri isə turun mövzusu ilə birbaşa bağlı olan Azərbaycan incilərindən biridir.

Bakı. Azərbaycan paytaxtından aldığım ilk təəssüratı heç vaxt unutmayacağam. Məni bu şəhərə gətirən bütün dünyadan nümayəndələrin toplaşdığı Beynəlxalq Humanitar Forum idi. Müasir Heydər Əliyev aeroportundan rahat avtobuslar qonaqları yüksək təşkilatçılıqla dünya şöhrətli gözəl göydələnə - otelə çatdırırdılar. 23-cü mərtəbənin pəncərəsindən baxanda tipik Qərb meqapolisi gördüm: heç zaman yuxuya getməyən şəhər, geniş, işıqlı xiyabanlar, dəbli, müasir memarlıq və işıqlar, işıqlar, işıqlar... Bakı həmişə rahat və qonaqpərvər şəhər olub, lakin cəmi iyirmi il əvvəl bütün liman şəhərlərinə xas olan nizamsızlığı ilə seçilirdi. Amma indi nizamlı və ahəngdardır, lap kompyuter animasiyasında olduğu kimi: göydələnlər, magistral yollar və təyinatlarını o zaman anlamadığım az qala kosmik tikililər... Sonra öyrənirəm ki, “Mars tikililəri” silsiləsindən olan Heydər Əliyev Mərkəzini dünyanın ən məşhur və ən bahalı memarı, böyük britaniyalı Zaha Hadid layihələndirib. Yəqin ki, İraq əsilli Zaha Hadid Bakının təcəssüm etdirdiyi Şərqlə Qərbin ehtiraslı öpüşünü duyub və öz avanqard ideyalarını köhnə Bakı memarlığının sakit gözəlliyinə zərər vurmadan şəhərin məkanına üzvi şəkildə köçürüb.

Lakin şam yeməyindən qabaq hava almaq üçün çölə çıxdıqda, demək olar ki, tini dönən kimi qəflətən Şəhrizadın əsl nağıllar aləminə düşürəm! Avropasayağı bulvarın iki addımlığında əsl Qədim Şərq başlayır: qüllələr və minarələr, pəncərələrindən qonşuların bir-birinə əl uzadıb salamlaşa, yaxud pay verə biləcəyi daş evlər, ərəb əl yazısını xatırladan əyri-üyrü dar döngələr. Onların birində “Brilyant əl” filmindəki məşhur “Lənət şeytana!” sözləri səslənib. İçərişəhərin “ağbirçəyi” isə V əsrdə inşa edilən Qız Qalasıdır. Rəvayətə görə, sevmədiyi adama ərə getmək istəməyən gözəl bu qaladan özünü Xəzərə atıb.

Müxtəlif dillərdə səslənən kəlmələrə, “özgə nizamnamə”yə dözümlü münasibət Bakının ən qədim divarlarına hopub: Böyük İpək Yolunun keçdiyi İçərişəhərdə Şirvanşahlar Sarayı, Qız Qalası, məscidlər, karvansaralar, hamamlar, məqbərələr, mədrəsələr və rəngarəng xalça və hədiyyə mağazaları Bakıya incə Şərq ətri bəxş edir. Qəşəng mehmanxana və butiklər, teatr və stadionlar, sürətli və müasir avtomobil yolları, ehtiyatla bərpa edilən XIX əsrə aid binalar və yoldan ötən Avropasayağı gülərüzlü insanlar Azərbaycan paytaxtına özünəinam və parlaqlıq verir.

Öz amplualarının çoxluğu sayəsində Azərbaycan paytaxtı filmlər üçün çəkiliş meydançasına çevrilib. Rejissorlar məhz İçərişəhərə qədim Babil və Şəhrizadı ilə birgə Bağdaddan tutmuş müasir hərəmxanaları olan Mərakeşədək Şərqin ən mühüm şəhərlərinin rolunu verirlər.

Bakının milli və Avropa mətbəxinə malik çoxsaylı kafe və restoranlarını isə təsvir etmək niyyətim yoxdur, onsuz da şəxsi təəssürat ən yüksək gözləntini üstələyəcək.

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və öz zəngin tarixinə şahidlik edən çoxsaylı abidələri ilə məşhurdur. Eh, burada kimlər və nələr olmayıb! Hər kəs də Gəncənin adını öz istəyinə uyğun dəyişməyə çalışıb. Məsələn, 1804-cü ildən 1918-ci ilədək bu şəhər Rusiya imperiyasının tərkibində idi və Yelizavetpol adlanırdı... Amma Gəncə gec-tez özünəməxsus, bənzərsiz mahiyyətinə qayıdıb. Bu gün Gəncədə qədimlik son texnologiya ilə yanaşı dayanır: gözəl bərpa edilən, qayğı ilə qorunan kilsə və şəhərin yaxınlığında yerləşən köhnə alman qəsəbəsi – Helenendorf; öz gözəlliyi və monumentallığı ilə Parisin Zəfər Tağı ilə rəqabət apara biləcək Heydər Əliyev Muzeyi və Heydər Əliyevin adını daşıyan tağ; son memarlıq dəbi və texnologiya əsasında tikilmiş otel-sanatoriyalarında çoxsaylı xəstəlikləri xüsusi neft növü ilə müalicə edən, orqanizmi cavanlaşdıran unikal təbii Naftalan kurortu; Şampan, Şabli və Konyak şərabçılarının təcrübə mübadiləsi məqsədilə gəldikləri şərabçılıq təsərrüfatı...

Amma Gəncənin ən cazibədar və sirli məkanı bu şəhərdə doğulmuş və yaşamış, lakin öz lirikası ilə bütün dünyada məşhur olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsidir. Dünyanın dörd bir tərəfindən gələn turistlər ilk növbədə, məhz böyük Nizaminin məzarını ziyarət etməyə tələsirlər. Çünki qədim bir rəvayətdə deyilir: məhəbbətin böyük tərənnümçüsünün üzü bağa baxan məqbərəsinin divarlarına toxunsanız və dahi Nizaminin ruhu ilə xəyalən söhbət etsəniz arzularınız çin olar! Xüsusilə söhbət sevgidən gedirsə...

Şahdağ. Bu yaxınlara qədər Azərbaycan dağ xizəkçiliyi ilə heç cür assosiasiya olunmurdu, halbuki bu yerlərin dağlarının şöhrətini çoxları eşitmişdi. Lakin eyniadlı dağın yaxınlığında dağ-xizək kurortu yaradılan kimi, yeni olmasına baxmayaraq, hətta ən təcrübəli və tələbkar dağ xizəkçiləri arasında belə populyarlıq qazandı. Bunun isə öz səbəbləri var və onlardan biri Azərbaycanın ənənəvi qonaqpərvərliyidir. Odlar Yurdunda, eləcə də hər bir azərbaycanlının evində əgər qonaq qarşılamağa hazırlaşırlarsa, onda bu işi çox yüksək səviyyədə görürlər. Axı yerli adətə görə, qonaq evə təkcə sevinc gətirmir, həm də evin özü üçün yaxşı əlamətdir. Buna görə də Şahdağda yaradılan bütün şərait turistlərin maksimum rahatlığına hesablanıb. Azərbaycanlılar gözəlliyi sevdikləri üçün (bütün mənalarda bu, təbiətin təsiridir) funksional təchizat həm də estetik cəhətdən gözoxşayandır – birbaşa Şahdağa əsrarəngiz mənzərənin açıldığı saray-otelləri hələ demirik.

Azərbaycanın şimal hissəsi yüzlərlə kvadratkilometr meşələr, Alp çəmənləri, bir neçə milli parkın yerləşdiyi qarlı zirvələrdir. Bu parklardan birinin iki min hektardan çox ərazisində ən yüksək Avropa səviyyəsində turizm kompleksi yerləşir.

Dağ-xizək kompleksi üçün seçilmiş yer Qafqazın ən gözəl guşələrindən biri hesab edilir və dövlətin xüsusi ekoloji mühafizəsi altındadır - saf dağ havasını, dağ xizəkçilərinin poetikcəsinə dedikləri kimi, həyat nektarıtək ciyərlərə çəkmək olar, burada əzəmətli mənzərə, bakirə təbiət və dağ xizəkçiləri üçün ideal iqlim var. Ona görə də Azərbaycan dağ-xizək idmanını sevən əziz qonaqlarına məhz ən gözəl dağ guşələrində yer ayırıb.

Şahdağa yayda da gəlirlər ki, “uzunömürlülər havası”nın (Azərbaycan dağları öz sakinlərinin uzunömürlü olmasına görə dünyada ilk üçlüyə daxildir) köməyi ilə cavanlaşsınlar, vüqarlı və harmoniyalı dağlara baxaraq dincəlsinlər, ləzzətli, ekoloji cəhətdən təmiz və faydalı qidalardan dadsınlar, üfüqə söykənən dağ silsilələrinin gözəlliyinə tamaşa etməklə gündəlik yorucu vurnuxmanı unutsunlar...

Lakin aludə olmuş xizəkçiləri konkret informasiya heyrətləndirəcək: Şahdağ trası dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir, burada cəmi 19 tras var, kurortun qonaqlarını ora buqelli, kreslolu kanat yollar aparır. Traslara generator vasitəsilə yağdırılan süni qar onları daha keyfiyyətli və sürüşkən edir. Bütün bunlar xizək mövsümünü uzatmağa imkan yaradır. Burada istənilən hazırlıq səviyyəsi – dağ yamacında peşəkar xizəkçilər üçün də, yenicə başlayanlar üçün də tras var. Kiçik yaşlı qonaqlar üçün yamacda “xalça cığırı” salınıb, əgər yorulsalar, onları uşaq kompleksinə göndərmək olar. Burada uşaqları maraqlı oyunlar və təcrübəli tərbiyəçilər gözləyir. Mövsüm vaxtı Şahdağda dağ-xizəkçilik məktəbi fəaliyyət göstərir: orada eyni vaxtda snoubordu öyrənmək olar, habelə xizək təchizatı və snoubord inventar kirayəsi məntəqələri, yüksəklikdə tibbi yardım məntəqəsi və qonaqların rahatlığı və təhlükəsizliyi üçün bütün digər xidmətlər fəaliyyət göstərir. Bilavasitə xizəkdə sürüşməklə yanaşı, Şahdağda snoutyubinqlə məşğul olmaq, at belində ətrafdakı mənzərəli yerlərin seyrinə çıxmaq, “sneqostup”da piyada və ya snoumobillərdə gəzmək olar.

“Apres-ski” - xizəkdən sonrakı vaxt Şahdağda Fransa və İtaliyanın Alp kurortlarından heç nə ilə geri qalmır: bütün otellər öz qonaqlarına təchiz edilmiş SPA–zonaları, hamam kompleksləri, müxtəlif masaj növü və əlbəttə ki, heç kəsi laqeyd qoymayan bənzərsiz Azərbaycan mətbəxinin əsl ustalarının – aşpazların çalışdıqları rahat restoranları təqdim edir. Bu heyrətamiz məkanın yolu Qusar rayon mərkəzindən keçir (Bakı Beynəlxalq Avtovağzalından Qusara müntəzəm avtobus reysləri var, yolun müddəti 3 saat, qiyməti 6 manatdır). Qusardan Şahdağ kompleksinə 25 kilometrdir, yuxarıya ən yeni texnologiya ilə torpaq sürüşməsinin qarşısı alınan abad avtomobil yolu çəkilib. Qusardan Şahdağa taksi ilə getməyin standart qiyməti 5 manatdır. 

X X X

Azərbaycanı bir söhbətə sığışdırmaq olmaz: burada haqlı olaraq Azərbaycanın İsveçrəsi adlandırılan Qəbələ də var. Hər il Qəbələ klassik və caz musiqilərinin, muğamın səsləndirildiyi Beynəlxalq Musiqi Festivalına layiqincə ev sahibliyi edir. Quba alma diyarı, Lerik şəhəri uzunömürlülər məskənidir. Heydər Əliyevin vətəni - Naxçıvan şəhəri isə Gilançay vadisində qədim Xarabagilan şəhərinin qalıqları, şərq sərhədində əfsanəvi “Gəmiqaya” – Qapıcıq dağı (qeyri-rəsmi adı Gəmiqayadır) ilə məşhurdur. Qədim Xınalıq kəndinin özünəməxsus mədəniyyəti, memarlığı və ayrıca dili var. Lənkəran şəhəri ətrafında buz dövrünü yaşamış nadir relikt meşələri olan Hirkan Milli Parkı uzanır... Şirvan Milli Parkının məşhur “Quş Venesiyası”nda – əsl şəhərdəki kimi, yolları, məhəllələri və rayonları olan bu 4 hektar təmiz suda quşlar azad yaşayır. Habelə dağ gölləri, şəlalələr və məşhur “karamel dağları”!

Hər regionda sizi unikal yeməklərə qonaq edəcəklər, axı Azərbaycan mətbəxi ölkənin özü kimi rəngarəngdir. Lakin Azərbaycan kulinariyasında bütün regionların yeməklərini birləşdirən şeylər var – bu, istənilən milli yeməyə xüsusi dad verən nar və sumaxdır. Lakin bunun üçün dəqiq proporsiyasını bilmək lazımdır, yəni onlardan göy qutabı və dolmaya, döyməcə və şah plovuna, balıq dolmasına və gürzəyə nə qədər qatmaq lazımdır. Bu mühüm sirləri isə həmin yeməklərin vətənində öyrənmək olar... Odur ki, qulaq asmağınız bəsdir, sadəcə olaraq gəlin! Odlar Yurduna xoş gəlmisiniz!

 





10.10.2016    çap et  çap et