525.Az

90 yaşlı radiomuz


 

90 yaşlı radiomuz <b style="color:red"></b>

Onun təkcə ötürücü qülləsi yox, özü də hər yerdən görünür.

Fəaliyyət  göstərdiyim 21 il  ərzində düşünmüşəm  ki, dinləyicilərim  həm də məni görürlər. Həm  də  ona görə həmişə studiyada, mikrafon  arxasında, efir  zamanı  oturub-duruşumdan tutmuş  əyin-başıma qədər hər şeyə diqqət yetirmişəm. Elə bilmişəm  ki, efirin o  üzündən təkcə mənim danışdıqlarıma,  düşündüklərimə deyil,  həm də özümə fikir  verirlər. Və bu  məsuliyyəti hər  zaman, hər  yeni  efir  dəqiqəsində böyük  məsuliyyətlə hiss  edirəm. Çox  dəqiq  bilirəm  ki, təkcə  mən  belə  düşünmürəm. Azərbaycanın televiziya və radio məkanına ayaq  basdığım  ilk  gündən ətrafımdakı  yaradıcı, eyni  zamanda texniki  işçilərin belə bir  ədəb-ərkan sahibi  olduqlarını  gördüm. Geyimlərindən  tutmuş  davranışlarınadək diqqətli, nəzakətli  insanların  arasında  olmaq məndə  bir mühit  auditoriyasının xarizmasını  yaratdı.

Zamanca  qısa,  fəaliyyət  və ömür  yolu mənasında  xeyli  uzun  olan 90  yaşlı  radiomuzun azman, xalq  tərəfindən  sevilə-sevilə dinlənilən  insanların gəzdiyi,  oturduğu  yerlərdə  çalışmaq təkcə  məsuliyyət  deyil. Bura  həm  də  özünü,  sözünü  bilən  insanların qürur  yeridir, fəxr  etdiyi ikinci,  bəlkə  də birinci  evləridir. Hər gün salamlaşdığım, qarşılaşdığım, ünsiyyətdə  olduğum  sənət  fədailəri zaman  olub  ki, az maaşa  da  qane  olublar. Ehtiyacın  çox  üzünü görüblər, ancaq  özlərinə,  sənət  və peşələrinə  heç  vaxt  xəyanət  etməyiblər. Ailə,  uşaq  qınağına,  qohum-əqraba  tənəsinə tuş  gələnlər o fikri üstün  tutublar  ki, onsuz  yaşanan  həyat mənasını  itirə  bilər. Bəlkə də  deyəcəyim  bu  etiraflara  görə  kimsə  məni qınaya  da  bilər. Bəlkə də bu tolerantlıq imitasiyası effekti  verə  bilər,  amma söhbət  həqiqətən  səmimiyyətdən  gedirsə,  mən  artıq  belə düşünürəm ki, radio, televiziya  sahəsində  çalışan  adamlar daha  çox rahib  və rahibələrə  bənzəyirlər. Katolik  kilsəsinin nurani dünyası rahib  və rahibələri  necə  ağuşuna  alırsa, radio  və  televiziya  işçilərini də mühit  və efir elə  o cür assimilyasiya  edir. Bu müqayisədə  digər  bir  uyğunluq  da  var. Cəmiyyət,  ictimaiyyət  arasında radioda, televiziyada  çalışan  adamlara  xüsusi diqqət  və  ehtiram göstərildiyini  heç  kəs  dana  bilməz. Təbii  ki,  söhbət əsl  peşəkarlardan  və sənətkarlardan  gedir. Bu  həm də  ona  bənzəyir  ki, hansısa  bir Avropa  şəhərlərindən  birinin  küçəsindən  keçərkən qarşıdan  gələn uniformalı rahib  və yaxud rahibə üçün çəkilib,  hörmət  və  ehtiramla  yol  verilir. Elə  təkcə  bu  fakta  görə yaxşı  bir  ömür  həsr etməyə dəyərmiş.

Bu günlərdə  90  yaşını  qeyd  edəcəyimiz Ana  Radiomuz haqqında ürəyimdən  keçən  bəzi  fikirləri  yazmaq istədim və özüm  də bilmədən tamam  bir başqa  ovqata  kökləndim. İstədim  həyət-bacasından  tutmuş  iş  otaqlarına,  studiya və  çəkiliş pavilyonlarınadək çox  müasir üslubda  qurulmuş Ana Radiomuzdan,  yaradılmış  şəraitdən, rahatlıqdan  tutmuş bizim  hamımıza  xüsusi  qayğı  göstərən  hörmətli  Arif  Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə etdiyi xidmətlərindən  danışım. Amma  bağışlayın  ki,  daha çox  özümüzdən,  sözün  həqiqi  mənasında şüurlu  həyatını  radioya  bağışlayan  insanlardan  danışdım.

90 yaşın mübarək olsun Radiomuz - bizim hamımızın Radiosu!

Mahəddin ƏSGƏR

 





13.10.2016    çap et  çap et