525.Az

Axtarış (hekayə)


 

Axtarış <b style="color:red">(hekayə)</b>

Kamran NƏZİRLİ

Sarpi qəsəbəsindəki turistlərlə dolu olan “Kameo” hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çimən, gecələr isə gürcü mətbəxi və şərabının ləzzətindən yorğunluq çıxaran hotel sakinlərinin şirin yuxusuna mane olmurdu.  Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq tünd mavi şüşəli açıq qapıdan içəri dolurdu. Vestibülün ayaq tərəfində İtaliya istehsalı olan üzü gön dərili, enli, süd rəngli divan və dörd kreslo qoyulmuşdu, kresloların arasındakı dairəvi şüşə stolun üstündə rəngli moda jurnalları vardı. Kreslolardan birində oturan yaşlı qapıçı yuxulu gözlərini ovuşdura-ovuşdura tez-tez həyətə baxırdı; üzündən yorğunluq tökülürdü, əsnəyirdi; o, nəsə mızıldadı, sonra sol əlinin  barmaqlarını şüşə stolun üstünə taqqıldadaraq, sağ əli ilə cibindən çıxartdığı xırda pulları saymağa başladı.

Vestibülün baş tərəfində pardaqlanmış çəhrayı lövhənin üstündə “hotel inzibatçısı” sözləri yazılmışdı; üstü şüşəli enli arakəsmədən səliqə ilə daranmış qısa, şabalıdı qız saçları görünürdü; qızın başı aşağı əyilmişdi, o da nəsə hesablayır, yazıb-pozur, sonra gərgin və narahat halda başını qaldırıb qapıya tərəf,  hotelin qabağındakı baxçada üstüörtülü çardaqda oturub dalğın-dalğın xəyallar quran nimdaş köynəkli oğlana göz qoyurdu; sonra başını yenə aşağı sallayıb kompüterdə nəsə yazırdı; adama elə gəlirdi ki, bu qız da yaşlı qapıçı və bayırdakı cavan oğlan kimi həyat adlı amansız mübarizə xəzinəsindən nəsə axtarır. Batumun hər hansı bir özəl hotelinə gələn adam bu qızın bitib-tükənməyən enerjisini, yüksək xidmət mədəniyyətini, namuslu əmək səyini görüb dərhal başa düşərdi ki, qıraqdan kimsə ona göz qoyur! Yox, yox, hotel sahibinin otağında müasir monitorlar olsa da, gözqoyan  sahibkar deyildi! Bütün gecəni dirigözlü açan, gah vestibülə girib qızla laqqırtı vuran, sonra deyingən qapıçının təkidiylə çölə çıxıb rütubətli gecə havasını udan, gah hotelin qarşısındakı bahalı minik maşınlarına söykənən, gah da gedib yenidən çardağa mıxlanan cavan oğlan idi!

Qızın ilk iş günüydü; demək olar ki, üç aylıq sınaq müddətindən sonra qızı işə götürdülər. Özü də belə bir mötəbər hoteldə! Hər ikisi sevindi, hər ikisi məmnun oldu; hotel sahibi Nodar Canidze dünən dedi ki, bu gecə növbədə Manana qalacaq; növbə səhər saat səkkizə kimi olurdu; səkkizdə növbəni başqa inzibatçı təhvil alırdı. Nodar Canidze oğlanı qızın yanında, özü də əyin-başı pis kökdə görəndə əvvəlcə üz-gözünü turşutdu, yəqin düşündü ki, bu subay oğlan lap mitil yorğan kimidi; biləndə ki, xarici görkəmləri tərs mütənasib olan iki gənc sevgilidi,  bir qədər təəccüb elədi, nəsə demək üçün ətli dodaqlarını qabağa uzatmışdı ki, qız aman vermədi, dedi:

– Biz Tokayla nişanlı kimiyik! Bir az pul toplayan kimi toyumuzu edəcəyik!

Tokay utana-utana gözlərini aşağı dikdi, Nodar Canidze oğlanı bir də başdan-ayağa süzüb “hımmm” elədi, sonra nə düşündüsə:

– Nə işlə məşğulsan?-soruşdu.

– Üzürəm!

– Üzürsən? – Nodar oğlanın arıq vücuduna baxıb təəccüb elədi.

– Hə, hə, o, yaxşı üzür!- Manana elə vəcdlə söylədi ki, elə bil təzə bir şey kəşf eləyirdi, – Dalğıclara kömək edir bütün günü. Az- maz pul da verirlər! Amma fərli iş axtarır!

– Hımmm.- Nodar Canidze yenə ətli dodaqlarını kipləşdirdi. – Axtaran tapır... Əsas odur ki itirməyəsən...- deyə əlavə etdi, sonra heç nə olmayıbmış kimi iri cüssəli bədənini döndərib kabinetinə açılan qapıya tərəf yeridi; birdən yenə nə fikirləşdisə, dərhal geri dönüb üzünü oğlana tutdu:

– Acarsan?

–Yox, azərbaycanlıyam! Sarpidə yaşayıram... SOKAR-ın arxasındakı qalanın yanında...

– Hmmm... Deyirəm axı, qəribə adın var! Bizlərdə belə ad yoxdu!

– Türk adıdır, rəhmətlik babam qoyub. Zəngin və igid deməkdir!- bunu elə qürurla söylədi ki, Nodar Canidzenin üzünə ilıq bir təbəssüm qondu, sahibkar iri gözlərini oğlanın düz solğun bənizinə tuşlayıb hökmlü, lakin bir qədər kinayəli tərzdə dilləndi:

– Bura bax, zəngin və igid oğlan, bəlkə sən mənə lazım oldun! Sabah axşamüstü yanıma gəl, bir şey fikirləşərəm...

Səhər səkkizə iyirmi dəqiqə qalmış hotelin qabağında taksi dayandı; maşından bir qadın, iki uşaq düşdü, xaricdən gəlmişdilər. Manana onların gələcəyini bilirdi, beşinci mərtəbədəki 19 nömrəli otaq onlar üçün hazırlanmışdı. Qız taksidən düşən xariciləri görən kimi qapıçıya səsləndi:

– Aşot əmi, almanlar gəldi, bayıra çıxın...

Aşot elə bil yuxudaydı, kreslodan dik atılıb qapıya sarı cumdu. Qadın taksidən düşəndə Tokay artıq sahildən qayıtmış, yenə gəlib çardaqda bitmişdi. O, ayağa durub taksiyə yaxınlaşanda qadın onun arıq vücuduna,  nimdaş əyin-başına baxıb istehzayla gülümsədi, sonra uşaqlara nəsə pıçıldadı. Tokay bunu duydu, bir qədər üzüldü; Aşot özünü yetirib irişə-irişə canfəşanlıq göstərəndə Tokay dinməzcə kənara çəkildi. Qapıçı qadının təkərli çamadanlarını götürüb hıqqana-hıqqana pilləkənləri qalxdı, liftin qabağına qədər sürüdü. Vestibüldə Manana ilə almaniyalı qadın üz-üzə qarşılaşdı, ikisi də gülümsədi. Manana alman dilində xanım Şraynerə dedi ki, onların hər ikisinin eyni adı daşımalarını biləndə çox sevinib.

Qonaq təbəssümlə cavab verdi, nə barədəsə bir qədər danışdılar; qız qaimə kağızlarını printerdən çıxartdı, qadına verdi, əlavə bir sənəd də uzatdı, qadın hər iki sənədi imazalayandan sonra uşaqları ilə bərabər (uşaqlardan biri qız, o biri oğlan idi) ətrafı maraqla seyr etməyə başladı.

Xanım Şraynerin təxminən qırx-qırx beş yaşı olardı; o, iyirmi beş il bundan qabaq qoyub getdiyi Gürcüstanı tanıya bilmirdi; günəş şəfəqlərinin oxşadığı tünd-mavi hotel şüşələrindən görünən dənizin mürgülü sularına, ətrafdakı dağ-dəniz mənzərələrinə heyrətlə tamaşa edirdi; bir tərəfi dəniz, bir tərəfi zümrüd meşəli dağlar, təpəliklər, güllər, çiçəklər, şam ağacları, limon, portağal, narıngi bağları, cır meyvəliklər, qayalıqların üstündəki restoran və istirahət guşələri, dağətəyi çəmənliklər, bir qədər yuxarılarda gözoxşayan qırmızı, sarı, çəhrayı, yaşıl örtüklü yaşayış evləri, kotteclər, şüşə kimi asfalt magistral yollar, səliqə-səhman... Burda möcüzələr yaratmışdılar! “Gürcü xalqı axır ki ağ günə çıxdı!” Qadın düşündü. “Çimərliklər qaynaşır! Gör nə qədər adam var? Hələ saat səkkiz deyil!”

Xanım Şrayner o tərəf bu tərəfə yüyürən, möhtəşəm təbiət mənzərələrindən vəcdə gəlib almanca bir-birlərinə ucadan nəsə qışqıran, sonra da əlləri ilə artıq adamla dolu çimərliyi göstərən uşaqlarına qayğısız-qayğısız nəzər yetirirdi. Qadın otağın açarını alanda barmağındakı iri qaşlı üzük Manananın diqqətindən yayınmadı. Üzüyün üstünə düşən gün işığı qızın gözlərini qamaşdırdı. “Kaş mənim də belə bir üzüyüm olaydı!” deyə ürəyindən keçirtdi.  Bu, təbii qadın arzusu idi! Amma belə bir üzüyü almaq üçün o, gərək əlli il fasiləsiz işləyəydi və heç nə yeməyəydi! Əlbəttə, qız burasını bilmirdi.

Xanım Şrayner şəstlə liftin düyməsini basdı və uşaqlarla birgə beşinci mərtəbəyə qalxdı.

Manananı əvəz edəcək növbəti inzibatçı qız gəlmişdi, qızlar bir-birlərinə gürcü dilində nəyisə başa saldılar. Bir azdan Manana hoteldən çıxdı və Tokayla bərabər sahil boyunca evə yollandı.

– Sən bütün gecəni yatmadın!- Manana dedi.- Keşik çəkirdin?

– Əlbəttə! Səni qoruyurdum da...- Tokay güldü.

– Nədən qoruyursan məni, ay dəli?

– Qurd-quşdan... Sən axı qorxaq pişiksən...

– Yaxşı da, Tokay! De görüm mənim ürəyimdən nə keçir?

– Nişan üzüyü!

....İkisi də susdu. Tokay davam etdi:

– Mən pul yığıram, səninçün mütləq üzük alacam. Yüz əlli larim var. Anama demişəm ki, bu pullara dəyməyin... Hotelə işə girsəm bəlkə də tez alaram. Bu dalğıclar xəsis şeydilər. Günə beş lari verirlər... Görəsən Nodar məni işə götürəcək? Lap Aşot kimi qapıçı da olmağa razıyam. Təki bir yerdə işləyək...

Qız gözünə düşən açıq şabalıdı tellərini əliylə geri itələdi, dalğın-dalğın dənizi seyr etdi, sanki orda əsrarlı, nazlı gözləriylə nəyisə axtarırdı; birdən mövzunu dəyişmək qərarına gəldi.

– Bilirsən bayaq gələn o qadın kim idi? Frankfurtda yaşayan gürcü qadın. İyirmi beş ildi köçüb ora, almana ərə gedib. Deyir, bu iyirmi beş ildə birinci dəfədi gəlir buralara. Gözlərinə inanmır. Hər şey dəyişib. Adı da Mananadır. Almanca danışır...

– Bəlkə heç gürcü dilini bilmir?

–Soruşdum, bilir. Özü danışmır. Deyir, Yurgenlə Klara gürcü dilində danışa bilmirlər. Ona görə də məcburdu almanca danışsın... On günlük istirahətə gəliblər.

– Nə əcəb ərsiz gəlib?

– Soruşmaq ayıbdı! Sən də ki, əməlli-başlı qısqancsanmış! Nəyinə lazımdır axı, ərsiz, ya ərli gəlib! Bir də ki, onlarda bunun əhəmiyyəti bir o qədər yoxdur. Ər də, arvad da ayrı-ayrı istirahət edir. Ruslar da belədir də! Amma siz... Allah eləməsin... Qoyma, vay, birdən yeyərlər! Kişilər arvadlarını, arvadlar da kişilərini gözlərindən qırağa qoymurlar!

– Bu pisdi ki?

– Pisdi, əlbəttə! İndi hansı dövrdü? Mən bax, dünən gecə Nodarın yanında biabır oldum! Bunu sənə demədim! Axı o, nə fikirləşər, hə?

– Heç nə!

– Necə yəni heç nə! Hələ o, bilsə ki, sən səhərədək hotelin qabağında keşik çəkmisən, nə düşünər? Aşot əmi xəbərləməsə yaxşıdı!

– Xəbərləsin də! Uzaqbaşı məni bu gün qəbul etməyəcək, vəssalam! Mən də yaxşı iş tapan kimi səni ordan...

– Nə? Nə dedin?-qız püskürdü,- Tokay, bu nə sözdür danışırsan? Səni tanıya bilmirəm!

– Zarafat edirəm, əzizim! – Tokay ucadan güldü. – Qaşqabağını sallama!

– Necə yəni zarafat edirsən! Belə də zarafat olar? Heç bir gün deyil işləyirəm! Axı mən də işləməliyəm! Toyumuza pul yığmalıyam... Belə çıxır ki, sən mənə inanmırsan, hə?

– Mən səni xoşbəxt etmək istəyirəm!

– Elə də! Kim mane olur ki?-Manana dodaqucu dedi.

– Dalğıc!

Qız şaqqanaq çəkib güldü. O, Tokayın zarafatlarını çox eşitmişdi, onun yumor hissini qiymətləndirirdi; Tokay söz üçün əlini cibinə salan oğlan deyildi.

– Cənab dalğıc! Məni xoşbəxt etmək üçün Tokay olmaq lazımdır! Həm də unutma ki, söz sandığa girmir...

Qızın ikibaşlı sözləri Tokayı uzun müddət düşünməyə məcbur etdi; o, Manananı evə ötürəndən sonra da bu barədə xeyli götür-qoy elədi. Əvvəllər Tokaya elə gəlirdi ki, sevmək, sevdiyin qızla evlənib ailə qurmaq, oğul-qız atası olmaq su içmək kimi bir şeydir. Lakin o, elə bu anlarda qəti əmin oldu ki, kişini səadətə aparan yol axtarmaqdan başlanır; bəli, bəli, kişi gərək daim axtarsın! Ölənədək axtarsın! Axtarmaq hər zaman yaxşı şeydi! Əslində biz hamımız axtarışdayıq! Kimi tapır, kimi tapdığını itirir, kimi itirdiyini tapır, kimi tapmır, heç vaxt tapmır! Çünki axtarmır! Mən onu xoşbəxt etmək üçün axtarmalıyam! İlk növbədə iş axtarmalıyam!

Axşamüstü Nodar Canidzenin yanından çıxan Tokay çox ürəkli görünürdü; sahibkar ona hələlik hotelin həyətindəki bağçaya baxmağı tapşırmışdı; o, sabahdan gündə üç dəfə gülləri suvarmalı, ağacların dibini yumşaltmalı, dağın ətəyində salınan ekzotik bağın qeydinə qalmalı, yaşıllıqları göz bəbəyi kimi qorumalı idi. Bunun müqabilində həftəlik yetmiş beş lari alacaqdı. On beş həftə işləsə 1125 lari qazanacaq! Bir qədər qənaət eləsələr, min lariyə Mananaya nişan üzüyü də ala bilər! Əlbəttə, bu, müvəqqəti iş idi, yaxşı bağban tapan kimi Nodar onu başqa işə keçirəcək. Məsələn, onu hotelin maşın qarajına verə bilər; maşınlardan başı çıxır, vaxtilə tələbəlik illərində yay tətilləri zamanı rəhmətlik atasının gürcü dostlarının avtomobil təmiri emalatxanalarında motorçu işləmişdi.

Hotel sahibinin ona iş təklifini Mananaya çatdırmaq üçün tələsirdi. Yolu keçib  sahilə düşdü. Yekəpər dalğıc dostları günəmuzd işə götürdükləri cavan oğlanı görüb onunla zarafat eləməyə başladılar:

– Deyəsən daha gündəlik beş lari qazanmaq istəmirsən, oğlan?!

– Səni bir-iki dəfə qızla görmüşəm... Adama salam da vermirsən!

– Hey bico, sən gözəl üzgüçüsən, sənin əsl yerin bax buradır. Gəl danışaq bizim xilasedicilər cəmiyyəti ilə, səni götürək, rəsmi müqaviləylə bizdə işlə də...

– Nə deyirsən, hə? Günəmuzd yaxşıdı, yoxsa?...

Bütün bunlara Tokay yalnız utancaq təbəssümlə cavab verdi. Sonra gündən qoruyan iri qırmızı güllü çətirin altında oturub pivə içən dostları onu stola dəvət etdilər. Doğrudur, dalğıcların yanına qayıtmışdı desin ki, sabahdan hotelə işə gedəcək. Amma dalğıclar onu qabaqladılar, zarafata saldılar, onu pivə və isti xaçapuriyə qonaq elədilər. Tokay da təzə işi barədə onlara heç nə demədi.

Sahildə, ləpədöyəndə oynayan alman uşaqları bir-birlərinin üstünə su çiləyirdilər, oğlan qızı qovur, qız qışqırır, yalın çiyinlərinə yapışan islanmış uzun saçlarını bağlamaq üçün qardaşından möhlət istəyirdi. Tokay uşaqların anasını aradı, qadın gözə dəymirdi; oğlan qeyri-ixtiyari suda boyverən ərazilərdə çimən adamlara göz yetirdi, xanım Şrayneri tanıya bilmədi, ya da qadın onların arasında deyildi. Birdən sahildən təxminən əlli metr aralıdakı ərazidə qadını gördü; xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edirdi. “Deməli üzə bilir! Yoxsa bu qədər uzağa gedə bilməzdi!” düşündü.

Havanın üzü birdən-birə dönmüşdü; Tokay gördü ki, xanım Şrayner üzə-üzə sahilə gəlir. Dalğıclar narahat olmağa başladılar: tufan qopa bilərdi. Sağ və sol tərəflərdəki qadağan olunmuş ərazilərdə də iki-üç nəfər gözə dəyirdi; dalğıclar səsgücləndirici götürüb dizəcən suya girdilər, uzaqda görunən adamlara xəbərdarlıq elədilər; sahilə iyirmi-otuz  metr qalmış Tokay gördü ki, xanım Şraynerin başı itdi. Arxadan isə nəhəng dalğa gəlirdi; dənizçilər bəzən buna “ölüm dalğası”  da deyirlər. Dalğa o qədər güclü oldu ki, qadının ayaqları suyun üzündə oynamağa başladı, əl-qolu görünmədi. Uşaqlar onların yanında duran adamlarla bərabər qorxa-qorxa “ana!” deyə çağırır, qız ağlayır, oğlan isə həyəcan keçirə-keçirə almanca nəsə deyirdi. Tokay bir andaca suya şığıdı, növbəti dalğanın içinə baş vurdu; dalğıclar onun dalınca nəsə qışqırıb motorlu qayığı işə saldılar; qadın batıb-çıxır, arası kəsilməyən dalğalar ona əl-qol atmağa imkan vermirdi...

Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini sahilə dartan oğlanı göstərib deyirdilər:

– Uşaqda cəsarətə bax e!

Tokay sahilə çatanda daha bir nəhəng dalğa gəlib onların ikisini də kəllə-mayallaq sahilə vurdu; o biri dalğıclar, ətrafdakı kişilər qadını və Tokayı sudan çıxartdılar. Qadın boğulmuş, üz-gözü, əl-ayağı gömgöy olmuşdu. Tokay taqətdən düşüb ayaq üstə güclə dayanırdı. Hamı qadının başına yığışdı, dalğıclar ilk yardım göstərir, qadının buza dönmüş bədənini başı aşağı sallayır, ona nəfəs verməyə çalışırdılar. Tokay bir qədər aralıda daşların üstündə oturub camaata tamaşa edirdi; uşaqlar ağlaşa-ağlaşa bir-birlərinə baxır, şiddətli dalğaların qərib ölkə qayalıqlarına çırpdığı gəminin sərnişinlərini xatırladırdılar. Qadının ağzından ağ köpüklər gəlməyə başladı; kimsə dedi:

– Uzadın yerə! Sinəsindən basın!

– Bax belə! Bir də! Bir də!

– Nəfəsi gəlir! Dilini çıxart! Nəfəs ver! Ay oğlan, niyə çəkinirsən, dodaqlarını arala, ağzınla nəfəs ver! Hə, bax belə!

– Rəngi özünə gəlir!

Səhər çağı Tokay Nodar Canidzenin kabinetinə girəndə sahibkar ayağa durdu, Tokayın qabağına yeriyib gülərüzlə onun boynunu qucaqladı, dedi:

– Tokaycan, sən çox böyük igidlik eləmisən! Afərin! Belə bir müştərinin həyatını xilas etmək bilirsən nə deməkdir? İmicdir, imic!

Tokay məsumanə gülümsədi, dedi:

– Mən sadəcə üzə bilirdim! Vəssalam!

Tokay sahibkarı tanıya bilmirdi. O, təəccüblə çiyinlərini çəkib gözlərini Nodara zillədi.

– Dünən alman səfirliyindən zəng vurmuşdular, xanım Şraynerin səhhəti ilə maraqlandılar; biləndə ki, xanım Şrayneri bizim hotelin işçisi xilas edib, təşəkkür elədilər. Almanlar öz vətəndaşları üçün gör necə narahat olurlar?! Dövlət belə olar e! Hə, Tokaycan, xanım Şrayner dünən gecədən səni axtarır. Gecə zəng eləmədim Mananaya! Yəqin onun xəbəri var? Bax belə, zəngin və igid oğlan! İndi get işini gör! Al, bu da sənin avansın!- deyə hotel sahibi əvvəlcədən hazırladığı paketi Tokaya uzatdı.

İnsanın həyatı hər an dəyişə bilər; gərək yaşadığın hər anı gözləməyi bacarasan!  Gərək hər zaman hər ana hazır ola biləsən! Tokay bu düşüncələrin qanadı altında bayıra çıxdı və qəflətən onun içini elə bir sevinc hissi bürüdü ki, quş olsaydı uçardı. Onun üçün adi görünən bu hadisəyə gör nə qədər önəm vermişdilər! “Gürcülərin xasiyyətidi, onlara iynənin ucu boyda olsa da xidmət  göstərsən, onu dağ boyda görürlər! Bu Nodar çox yaxşı adamdı! Dünən nahaq onun barəsində pis fikrə düşmüşdüm!”

Manana növbəni təhvil alanda Aşot ona yaxınlaşıb gülə-gülə dedi:

– Xanım Şrayner bayaq səni axtarırdı!

– Bilirəm, bilirəm, Aşot əmi, zəng vururam, otaqda heç kim yoxdu!

– Çimərliyə getdilər! Nəsə narahat görünürdü!

– Görünür dünənki hadisədən sonra özünə hələ də gəlməyib!- Manana kompüteri yoxlaya-yoxlaya cavab verdi. Bu vaxt Tokay içəri girdi, Aşot bu dəfə onunla çox ehtiramla salamlaşdı və dinməzcə gedib qapıda durdu.

Tokay çimərliyə çatanda gördü ki, xanım Şrayner uşaqlarıyla birgə yenə həminki ərazidədir, onlar boy verən yerdə çimirlər. Bir qədər yaxına gəlib dalğıclarla salamlaşdı, sonra çimərlikdə dəniz çarpayılarında uzanıb özlərini günə verən adamların arasıyla  restorana tərəf getdi. Birdən xanım Şrayner onu görüb səslədi, əli ilə işarə elədi ki, onların yanına gəlsin. Tokay sevincək qadının yanına qaçdı; uşaqlar ona maraq və heyrətlə baxırdılar, qadın doğurdan da narahat görünürdü. Xanım Şrayner gürcü dilində danışdı, dedi:

– Dünənki əhvalata görə məni bağışlayın! Az qala sizi də... Sizə təşəkkür eləmək istəyirəm, uşaqlarım hələ də sizin igidliyinizdən danışırlar,- deyə oğlana iltifatlı və mehriban baxışlarını tuşlayan Yurgenlə Klaranı göstərdi.

– Xanım Şrayner, təşəkkür eləməyə dəyməz. Xahiş edirəm, özünüzü rahat hiss edin. Mən başqa cür hərəkət edə bilməzdim! Siz Allah, bunu unudun getsin!

– Heç bilmirəm bu necə baş verdi!- deyə xanım Şrayner qayğılı-qayğılı sakit sulara baxdı. – Bilirsiz, mən çox qiymətli bir üzüyümü itirmişəm. Deyəsən suya düşüb! Hər halda, dalğalar böyük idi... İndi biz uşaqlarla birlikdə səhərdən suyun altına baş vururuq, bəlkə gözümüzə sataşdı?

– Çətin tapılsın!- Tokay təəssüflə bildirdi.- Bu sular o qədər qiymətli şeylər udub ki!

– Hə...- qadın kövrəldi, – Biz həmişə itirəndə axtarırıq. Qorumaq barədə düşünmürük. O üzük çox qiymətliydi, ərimdən mənə toy hədiyyəsi idi... Heyf!

Qadın başını bulaya-bulaya Tokayı süzdü; oğlan onun bu dəfə baxışlarında istehza sezmədi, orda sanki minnətdarlıq və yalvarış bir-birinə qarışmışdı. Tokay o baxışların mənasını anlamadı, o da başını buladı və xudahafizləşib geriyə, restorana tərəf yeridi.

Gənclərin sevgisi də, sevinci də, əyləncəsi də, kədəri də şıltaq olur; gənclərin qayğıları da özləri kimi çevik, bərkgedən və coşğun olur. Nə olur-olsun, o, tezliklə Mananaya toy edəcək, onu evinə gəlin gətirəcək; o, düşünürdü, gülürdü, suya təpik vurur, dənizin qaralmış üzünə dişlərini ağardıb ucadan deyirdi:

– Sən məni xoşbəxt etdin, dəniz! Mən səni necə xoşbəxt edə bilərəm?

Qeyri-ixtiyari ağlına gələn rabitəsiz sözləri ürəkdən deməsi özünə də ləzzət verirdi; o, söyünür, fərəhlənir, sanki bu sevincinə ləpələrin şırıltısını də şərik qoşmaq istəyirdi. Birdən yadına xanım Şraynerin bayaqkı sözləri düşdü. “Qiymətli, əziz... itki... üzük...” Doğrudan da itki pis şeydi! Adam beş lari itirəndə bütün günü narahat olur. Yüz lari qazananda narahat olmursan, əksinə, sevinirsən, onu ehtiyaclarına xərcləyəndə də uf demirsən! Amma itirəndə... O ki qaldı yadigar üzük ola... Qadının barmağındakı üzüyün qaşı zeytun rəngində idi, günəş şüası düşən kimi qırmızıya çalır və yanırdı; daşın qıraqlarında xırda beşguşəli darçın rəngli yaqut və sapfirlər vardı; onu qadının əri Erix toy günündə arvadına bağışlamışdı. Üzüyün təxminən iki əsr yaşı vardı, Erixin nənəsinə məxsus idi; ərinin dediyinə görə, vaxtilə nənəsi ailənin nəsildən nəslə ötürülən bu qiymətli üzüyü barmağına taxıb bal gecələrinə gedəndə Frankfurtda bütün kübar qadınlar ona həsəd aparırlarmış; üzüyün ortasındakı iri dairəvi qaş almaz idi; Erixin nənəsi deyirmiş ki, bu daş qəzəbi söndürür, insanın ruhunu sakitləşdirir. Bəli, bəli, bunu gürcü qızı Mananaya hədiyyə verəndə əri, Erix Şrayner söyləmişdi! Qadın bayaq bunları Tokaya danışanda kövrəldi, gözləri doldu! Oğlan bütün bunların nə demək olduğunu anlamasa da, zənn etdi ki, bu üzük elə belə şey deyil! Görünür, üzükdə qeyri-adi nəsə bir cazibə qüvvəsi var.

...Xanım Şrayner Almaniyaya yola düşən gün hotelin foyesində Manana və Tokayla çox səmimi görüşdü,  elə bil bu gəncləri yüz ildi tanıyırdı. Bu on gündə o, uşaqlarıyla birgə həm Tokaygildə, həm də Mananagildə iki dəfə oldu; Tokayın anası Dilrubə xanım qonaqlara təzə yarpaq dolması bişirdi,  Mananagildə anası Nino xanımın bişirdiyi yeddi cür xaçapuridən yedilər. Hər iki qonaqlıq xüsusilə uşaqlara unudulmaz təəssürat bağışladı. Xanım Şrayner oğlana bir daha təşəkkür elədi, qızı qucaqlayıb öpdü.

– Toydan sonra “bal ayını” bizim şəhərdə keçirsəniz pis olmaz! Narahat olmayın, Erix yaxşı adamdır, bütün xərclərinizi ödəyər!..

Bir aydan sonra Tokay axşamüstü üzüyü tapdı; dəniz gün işığında xumar-xumar sakitcə ləpələnirdi. Suyun dibi, daşların rəngi apaydın görünürdü. Tokay şəffaf suya baş vuranda parlaq, işıldayan bir şey gözünə dəydi. Üzük idi. Tokay çox qarışıq, həyəcanlı hisslər yaşadı, cəld geyinib hotelə, Manananın yanına qaçdı.

Növbə bitər-bitməz Manana tələsik bayıra çıxdı; Tokay onu evə yola salmalı, saat doqquza qədər təzədən işə qayıtmalıydı. Onlar dənizdən bir qədər aralıda yerləşən yaxındakı kafelərin birinə getdilər; səhər yeməyi sifariş verdilər və bir küncə çəkilib oturdular. Qəhvə gəlməmiş Tokay dedi:

– Bu, bizim qismətimizdi! Nənəm həmişə deyərdi ki, qismətdən qaçmaq olmaz!

Manana üzüyü Tokaydan alıb yenə barmağına taxdı, əlini qabağa uzatdı, barmaqlarını o tərəf bu tərəfə çevirdi, üzüyün qaşları gün işığında müxtəlif rənglərə çaldı. Qız üzüyə yuxu kimi baxırdı. Amma bu, həyat idi, dünya idi, aləm idi; dünyayi-aləm onun barmağında idi. Qız dedi:

– Mən elə ilk dəfə bunu görəndə ürəyimdən keçdi ki... Kaş mənim də belə bir üzüyüm olaydı...

– O, indi sənindi, əzizim!

– Mən o qadının göz yaşlarını unuda bilmirəm. İçim çox narahatdır. Bəlkə özümüz göndərək?

–Əlbəttə göndərək. Mən səni yoxlayırdım.

... Bir necə həftədən sonra “Kameo” hotelinin sahibi Nodar Canidze Almaniyadan belə bir məktub aldı: “Ailəmiz üçün çox qiymətli üzüyü tapdığınıza və yolladığınıza görə sizə dərin minnətdarlığımızı bildiririk. Xahiş edirik üzüyü tapan əməkdaşınıza bizim adımızdan təşəkkür elan edin. Hörmətlə, Erix Şrayner, “Mersedes” zavodunun Frankfurt üzrə meneceri.”

...Bu hadisədən düz bir il ötdü;Tokay Manana ilə evlənmişdi. Manananı hotelə baş inzibatçı qoymuşdular; Tokay hotelin bütün təsərrüfat, texniki-təşkilati işləri üzrə menecer təyin edilmişdi. Gənclər Batumda ipoteka ilə (mənzilin dəyərinin əlli faizini hotel ödədi, özü də faizsiz!) üçotaqlı  mənzil də almışdılar; ailədə artım gözlənilirdi. Manananın bətnində səkkiz aylıq uşağı vardı. Bir neçə gün bundan qabaq hər ikisi məzuniyyətə çıxdı; hotel bu gənclərə öz hesabına putyovka aldı, onların sığorta məsələlərini həll etdi və rəhbərlik qərara gəldi ki, namusla işləyən bu gəncləri Frankfurta bir həftəlik turist səyahətinə göndərsin: həm gəzərlər, həm də Manana özünü həkimə göstərər. Əslində isə Manananın könlündən keçirdi ki, uşaq orda doğulsun. Hər ehtimala qarşı Frankfurtda yaşayan xanım Şraynerin də ünvan və telefonunu götürdülər. Alman uşaqlarına hədiyyə də alındı...

Onlar bütün həftəni Frankfurtu gəzib dolandılar. Bazarlıq elədilər. Manana özünü həkimə göstərdi. Hər şey rahat və öz qaydasınca getdi. Uşaq sağlam idi, lakin həkim dedi ki, doğuşa təxminən dörd-beş həftə var. Manana çox istəyirdi ki, körpə burda doğulsun, alman vətəndaşı olsun. Görünür, qismət deyilmiş, neyləmək olar? Evə qayıtmağa bir gün qalmış Manana dedi:

– Köhnə dostlarımıza zəng vursaq və görüş təyin eləsək pis olmaz!

– Çox yaxşı olar. Gəl arayaq, görüşə bilsək, uşaqların hədiyyəsini də verərik...

Manana qadının vizit kartındakı nömrəni yığdı. Kişi səsi gəldi.

– Alo! – Manana sevincək qulağının dibinə yapışan Tokaya göz vurdu.- Alooo! Cənab Şrayner? Erix Şrayner? Mən Mananayam, Gürcüstandan, Batumdan gəlmişik... Xanım Şraynerin... Necə? Nə dediniz? Biz Tokayla Batumdan gəlmişik, “Hilton” hotelindən zəng vururam... Cənab Erix Şrayner...

....

Dəstək Manananın əlində qaldı; gənc qadın qurumuşdu. Telefon dəstəyini çarpayının üstünə tulladı. Tokay heç nə başa düşmədi, heyrətlə soruşdu:

– Nooldu? Bir şey baş verib? Nə dedi?

Manana pörtmüş halda qabağa çıxmış qarnını tutdu, ehmalca çarpayının üstünə əyləşdi, sonra bir əli ilə Tokayın qolundan yapışıb qəhərlənmiş qara gözlərini qarnında tərpənən və görünür, işıqlı dünyaya gəlmək üçün darıxan o əziz varlığa dikdi, sanki Tokayla yox, onunla danışırdı, dedi:

– Tələsmə! Mən səni Sarpidə doğacam!

Tokay yenə heç nə başa düşmədi və qadınının qarşısında diz çöküb onun qarnını qucaqladı, pıçıltıyla dedi:

– Əzizim, sakit ol! Sənə həyəcanlanmaq olmaz! Erix nə dedi, Mananaya bir şey olub?

– Yox! O, bizi tanımadı!

– Tanımadı?

–Yox, tanımadı! Dedi yadıma gəlmir!

       .....

Hər ikisi susdu, sonra Tokay:

– Ehhhh! Canın sağ olsun! Buna görə qanını qaraltma!- deyə qətiyyətlə bildirdi.

–Doğurdan, o, bizi tanımadı... Gərək heç zəng vurmayaydım!

...Gənc ər-arvad Frankfurtdakı hoteldə sonuncu gecəni yatmadı. Manana bir neçə həftədən sonra dünyaya gətirəcəyi körpəsi barədə düşünürdü. Tokay isə düşünürdü ki, axtarmaq heç də hər zaman yaxşı şey deyilmiş. Oğlan onların yolunu intizarla gözləyən doğma anası üçün, Sarpi üçün, “Kameo” üçün darıxmışdı. Sübh tezdən taksi onları Frankfurt aeroportuna gətirdi. Bir azdan Lufthanza beynəlxalq Hava Şirkətinə məxsus təyyarə havaya qalxıb Tbilisiyə uçacaqdı. Sərnişinlər bir-bir gəlib qeydiyyatdan keçir, salona getmək üçün nəzarətçilərin işarəsini gözləyirdilər.  Elə bu vaxt Tokay uzaqdan adamları yara-yara onların uçuş qapısına tərəf tələsən xanım Şrayneri və  uşaqlarını görüb tanıdı; başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü vuran boylu qadınını dümsüklədi.

– Ora bax, gör bizə tərəf kimlər gəlir?..

Batum, iyul, 2012-ci il.

 





18.03.2013    çap et  çap et