525.Az

Pambıqçılığın keçmiş şöhrəti özünə qaytarılır


 

Pambıqçılığın keçmiş şöhrəti özünə qaytarılır<b style="color:red"></b>

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dair dövlət strategiyası uğurla həyata keçirilir. Respublika iqtisadiyyatının prioritet sahələrindən olan kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişafı istiqamətində atılan addımlar bu baxımdan diqqəti çəkir.

Görülmüş tədbirlər nəticəsində bölgələrdə pambıq istehsalının artırılması üçün geniş imkanlar yaradılır.
 
Sabirabadda keçirilən müşavirədə prezident İlham Əliyev bununla əlaqədar qarşıda konkret vəzifələr  müəyyənləşdirib və mühüm tapşırıqlar verib.

Dövlət başçısının müşavirədəki çıxışı pambıq istehsalçılarında böyük ruh yüksəkliyi yaradıb,onları daha yaxşı işləməyə səfərbər edib. 

Vaxtilə respublikanın iri pambıqçılıq rayonlarından sayılan Ağcabədidə də bu mühüm kənd təsərrüfatı sahəsinə geniş meydan verilib. Təsadüfi deyil ki, rayonun ayrı-ayrı ərazilərində bu il bol pambıq məhsulu yetişdirilib. Yeni Qaradolaq kəndində fəaliyyət göstərən fermer təsərrüfatında daha yüksək məhsuldarlıq əldə  olunub.

Sahibkar Tofiq İsmayılovun başçılıq etdiyi təsərrüfatda  44 hektar pambıq sahəsinin hər hektarından 40-45 sentner məhsul götürülərək rekord nəticəyə imza atılıb. Təsərrüfat rəhbərinin sözlərinə görə, indiyədək tarlalardan 190 tondan çox pambıq toplanaraq fiziki çəkidə bağlanılan müqavilə əsasında MTK MMC Ağcabədi pambıq zavoduna təhvil verilib. Lakin sahələrdə məhsul hələ çoxdur ,yığım davam etdirilir.

Əvvəllər kolxozda uzun illər sürücü-mexanizator, təsərrüfat briqadiri işləmiş Tofiq İsmayılov bu qədər məhsul gözləmədiyini gizlətmir. Özünün dediyi kimi, sovetlər dönəmində də, kolxoz quruluşu dağıldıqdan sonra da pambıqçılıqla məşğul olub. Lakin hər hektardan 23 sentnerdən yuxarı məhsul əldə edə bilməyib. Son dövrlər pambıqçılığın inkişafı üçün yaradılmış imkanlardan bəhrələnən təsərrüfat rəhbəri  zəngin təcrübəsindən istifadə edərək əkin sahələrinə yaxşı qulluq göstərib, bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirib, çiyid səpininin və becərmə işlərinin yüksək səviyyədə təşkilinə nail olub.

Tofiq İsmayılov qazanılan uğurun hər şeydən öncə,  becərmə işlərinin uğurlu təşkilinin nəticəsi hesab edir. Burada çalışan 23 nəfər işçinin əmək haqları vaxlı-vaxtında ödənilib, onlar üçün hər cür şərait yaradılıb. Söhbət zamanı qeyd olunub ki,təsərrüfatda pambıq ancaq maşınla yığılır. Sözügedən pambıq zavoduna  məxsus  Amerika-İsrail birgə istehsalı olan dördcərgəli pambıqyığan maşınla gün ərzində 10 tondan çox məhsul toplanılıb.              

Gənc sürücü-mexanizator Səfa Bağırov öz vəzifəsinin öhdəsindən bacarıqla gələ bilib. Tədarük edilən pambığın pulunun müntəzəm verilməsi təmin olunub.

Söhbətinin sonunda pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarıldığını sevinc hissi ilə vurğulayan T.İsmayılov bu gəlirli, mühüm əhəmiyyətli təsərrüfat sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib.  

Yəhya PAŞAZADƏ

 





14.10.2016    çap et  çap et