525.Az

"Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır"


 

"Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır"<b style="color:red"></b>

İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin yekunları müsbət qiymətləndirilir. Ekspertlər, politoloqlar hesab edirlər ki, konqres çərçivəsində keçirilmiş görüşlər regional əməkdaşlığı, o cümlədən, Azərbaycan, Türkiyə və Rusiya arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. Bundan əlavə, "Türk axını" sazişinin imzalanması da müsbət qiymətləndirilir və bunun qaz bazarında Azərbaycanın imkanlarını məhdudlaşdırmadığı deyilir. 

Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması region, ilk növbədə isə Azərbaycan üçün müsbət bir hadisədir. Onun sözlərinə görə, bu gün Rusiya Türkiyənin qaz bazarının 60  faizindən çoxuna nəzarət edir: "Bu layihənin reallaşması  faktiki olaraq hazırda Ukraynadan, Balkanlardan keçərək Türkiyəyə daxil olan qazın əvəzlənməsi olacaq. Eyni zamanda "Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır. Ona görə ki, Türkiyədən Avropaya keçəcək ikinci xətt hələ Avropa İttifaqının xeyir-duasını almalıdır. Halbuki, Azərbaycanın layihəsi dəstəklənib və Rusiyanın layihəsindən fərqli olaraq inşa edilir".

R.Musabəyov ABŞ-ın Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına qarşı  sərgiləyə biləcəyi mövqeyinə də toxunub: "Düşünmürəm ki, ABŞ açıq şəkildə bu məsələlərə müdaxilə edəcək və Türkiyə Rusiya münasibətlərinə gərginlik gətirəcək. Amerika nə edə bilər axı?! Gəlib Türkiyədə çevrilişmi təşkil edəcək?! Türkiyə müstəqil və kifayət qədər özünə arxayın olan bir dövlətdir, qonşuları, o cümlədən, Rusiya ilə siyasətini ABŞ-ın diqtəsi ilə qurmur. Amma təbii ki, Türkiyə NATO-nun üzvüdür, orda götürdüyü bütün öhdəliklər qüvvədədir".

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib ki, 23-cü Dünya Enerji Konqresi regionda yeni bir sülhün təməli kimi də qiymətləndirilə bilər. O xatırladıb ki, Suriyada başlayan, Ukraynada davam edən regional böhran, daha sonra  Türkiyə və Rusiya arasındakı təyyarə olayı regionu döyüş vəziyyətinə gətirdi: "Amerika başda olmaqla Qərb dövlətləri Türkiyəni Ukraynada Rusiyaya qarşı cəbhəyə cəlb etmək istəyirdilər. İstanbulda imzalanmış "Türk axını" sazişi iki il oncə imzalanmalı idi. Lakin ABŞ başda olmaqla Qərb ittifaqı bu anlaşmaya maneə törətmək üçün əlindən gələni etdi. Sonra isə Suriya üzərindən Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoydular.

Rusiya hökuməti də baş verənləri lazımi qədər dəyərləndirə bilmədi. Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra Ankara və Moskva səlahiyyətliləri yenidən düşündülər və gərginliyə son qoyaraq İstanbulda "Türk axını" sazişin imzaladılar.

"Türk axını"nın  "TANAP" və "TAP" layihələri ilə birləşərək böyük bir enerji potensialının Avropaya nəqli müzakirə mövzusudur. İndi Rusiya, Azərbaycan və Türkiyə üçün öncə Suriya probleminin həll edilməsi və Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanma yolunun tapılmasıdır. Regional inkişaf və enerji sahəsindəki imkanlar bunu reallaşdıra bilər".

Politoloq hesab edir ki, Rusiya ilə Türkiyə arasındakı problemlər tez bir zamanda həll ediləcək və regional güc olma yolunda hər iki dövlət əhəmiyyətli addımlar atacaq: "Azərbaycan bu iki super güc arasında balanslı bir siyasət apararaq Qafqaz bölgəsində regional gücə çevrilə bilər. Azərbaycanın enerji potensialı buna imkan verir".

PƏRVANƏ

 





14.10.2016    çap et  çap et