525.Az

General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu


 

General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu<b style="color:red"></b>

Görkəmli ictimai-siyasi xadim, inqilabçı, Azərbaycan Demokrat Firqəsinə uzun illər sədrlik edən general Qulam Yəhya Daneşaninin anadan olmasının 110 illik yubileyi dünən "Mübarizədə keçən ömür" silsiləsindən tədbirlərlə yadda qalıb.
 
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin həyata keçirdiyi  həmin tədbirlərdə bu qurumun üzvləri ilə yanaşı müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin, Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətinin rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin, general Qulam Yəhyanın Fəxri Xiyabandakı abidələrini ziyarət ediblər. Burada səslənən çıxışlarda yubilyarın həmin şəxslərlə taleyinin kəsişdiyi məqamlara xüsusi diqqət çəkilib, Ümummilli Liderin mühacirət illərində Qulam Yəhyaya, onun sədri olduğu təşkilatlara, mühacirlərə necə həssas yanaşması ehtiram hissi ilə yad edilib.

Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən tədbiri isə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Valeh Quluzadə açıb. Sədr "Mühacir" qəzetinin yeni sayının yubilyarın həyat və mübarizə yoluna, onu yaxından tanıyan insanların xatirələrinə, təəssüratlarına həsr olunduğunu deyərək çıxışında əsas diqqəti şəxsi keyfiyyətlərinə,  prinsipiallığına yönəldib: "Firqəmiz və mühacir təşkilatımız 71 ildir ki, varlığını qorumaqda, funksional fəaliyyətini davam etdirməkdədir. Bu, qurumlara rəhbərlik etmiş hər şəxsin müstəsna xidmətinin nəticəsi olsa da Qulam Yəhya faktoru  daim mühüm əhəmiyyət daşıyıb".

Sonra iştirakçılar 71 il əvvəl Təbrizdə bəstələnən, naməlum şəxs tərəfindən ifa olunan "Yaşasın general Qulam Yəhyanı" marşını alqışlarla dinləyiblər. "İranlı Mühacirlər Cəmiyyəti" İB-nin sədri Rəhim Hüseynzadə 1906-cı ildə Sərab mahalının Əskərabad kəndində dünyaya gələn Qulam Yəhyanın ömür qismətinə düşən üç mühacirətin  hər bir mərhələsi barədə müfəssəl məlumat verib. Rahatlığın onun yaşam tərzinə zidd olduğunu deyərək istər Azərbaycanda Sovet hakimiyyətinin qurulmasınadək həmkarlar ittifaqı rəhbəri, sonralar isə  bir sıra vəzifələrdəki fəaliyyəti, istər  "21 Azər" Hərəkatının qələbəsinədək qarşılaşdığı üzüntülər, istərsə də  mühacirətdə  minlərin hərtərəfli   qayğılarının həlli yolundakı  cəfakeşliyi barədə konkret misallar gətirib.

R.Hüseynzadə  məhz bunlar nəzərə alınaraq ADF və İMC tərəfindən "Qulam Yəhya - 110" fəxri diplomunun təsis olunduğunu bildirib. Əlavə edib ki, ilk  diplomun yubilyarın oğlu, cəmiyyətin İdarə Heyətinin üzvü, mühəndis  Bəhram Daneşaniyə verilməsi qərara alınıb: "İstərdik ki, yubilyarla uzun illər çiyin-çiyinə işləmiş, onu İrandan tanıyan, 85 yaşlı həkim, həm də İdarə  heyətinin üzvü Adilə Çernikbülənd mükafatı təqdim etsin ".

Adilə xanım diplomu təqdim etməzdən əvvəl son 70 ildə şahidi olduğu hadisələrdən danışıb, Qulam Yəhyanı bir rəhbər və insan kimi xarakterizə edib.

Tədbirdə iştirak edən Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Niyaz Eyvazov B.Daneşaniyə diplom, "Dədə Qorğud Fondu"nun rəhbəri, "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayıl xüsusi mükafat təqdim ediblər. Ə.Çernikbülənə isə "Dədə Qorqud" mükafatı  verilib.

Tədbirdə İsveçdən, Almaniyadan, Hollandiyadan, Qazaxıstandan İMC-yə ünvanlanan təbriklər olunub. İran Xalq Partiyasından Məhəmməd  Müqəddəm və Xalq Fədailəri Partiyasından İbrahim  Şiri həmin təşkilatlardan göndərilən təbriklər də oxunub.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova (Tohidi), politoloq Məmməd Əlizadə və başqaları  çıxışlarında  bu kimi tədbirlərin tariximizin daha dərindən öyrənilməsi, təbliği baxımından əhəmiyyətindən söhbət açıblar.

 





14.10.2016    çap et  çap et