525.Az

İrfan Çiftçi və Qəşəm Nəcəfzadənin gənc ədiblərlə görüşü oldu - Fotoreportaj


 

İrfan Çiftçi və Qəşəm Nəcəfzadənin gənc ədiblərlə görüşü oldu - <b style="color:red">Fotoreportaj</b>

Oktyabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) şair Qəşəm Nəcəfzadə ilə görüşü keçirilib.

Görüşdə türkiyəli yazıçı, şair, İstanbul Universitetinin professoru, AYB-nin Türkiyədəki nümayəndəsi İrfan Çiftçi də iştirak edib.

AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid öncə İ. Çiftçini gənc yazarlara daha yaxından tanıdıb: “İrfan Çiftçi daxilən çox zəngin insandır. Yazarın Bakıda olmasından istifadə edib onu sizlərlə görüşdürmək istədim. Ümid edirəm, gənclər həm Qəşəm Nəcəfzadə, həm də İrfan Çiftçi ilə söhbətdən ədəbi baxımdan yararlanacaqlar”.

İrfan Çiftçi sənət və ədəbiyyatla bağlı düşüncələrini bölüşüb: “Şeir və sənət haqda danışarkən çox məşhur olan “hər şeydən öncə söz vardı” fikri yada düşür. Bu ifadə çox qədim bir düşüncədən gəlsə də, sonrakı illərdə həm fəlsəfə, həm də ədəbiyyata birmənalı olaraq təsirini göstərib. Umberto Ekonun da bununla bağlı maraqlı bir fikri var. O deyir ki, dünya öz mövcudiyyətini söz üzərində qurur. Dolayısı ilə, dünya sözlə  inşa olunur. Bu, ədəbiyyatın və sənətin böyüklüyünü, əzəmətini göstərir”.

Ədəbi-ictimai fəaliyyətindən söz açan yazar Türkiyə və Azərbaycan ədəbiyyatından, mədəni əlaqələrimizdən danışıb. Onun fikrincə, incəsənət təkcə ədəbi yönüylə inkişaf edə bilməz, mədəni inkişaf özünü sənətin bütün sahələrində göstərir.

İ. Çiftçi şeir sənətinin mütləq bədii istedadla yarandığını vurğulayıb: “Mənim ustad yazıçım Rilkedir. Onun “Gənc şairə məktublar” kitabı var. Orada da qeyd edildiyi kimi bəzi şeylər zoraki şəkildə əldə olunmur. Yaxud çalışaraq qazanılması mümkün olmayan şeylər var. Onlardan biri də istedad və şeir yazmaq bacarığıdır. Rilke başqa bir əsərində “şeir yazmağın” nə olduğunu açıqlayır. Şeir həyatın içinə atılmaq, onu doyunca yaşamaq, sonra yaşadıqlarını unutmaq və nəhayət, o unutduqların arasından gerçək misranı tapmaqdır”.

Sonra Qəşəm Nəcəfzadə ilə birlikdə gənc ədiblərin “Ulduz” jurnalında dərc olunan yazıları müzakirə edilib.

Şair bildirib ki, müəllif hər şeydən əvvəl şeirdə özünü təqdim etdiyini unutmamalıdır. Ancaq bunu düşünərək, məqsədli şəkildə həyata keçirməlidir. Gənclərin şeirlərində bəzən məchulluq, ideyasızlıq gördüyünü qeyd edən Q. Nəcəfzadə ədəbiyyatın, ilk növbədə, obrazlılıq olduğunu deyib: “Ədəbiyyatın ən başlıca meyarı bədiilik, obrazlılıqdır. Siz gənclər üçün önəmli olan poeziya axtarışıdır”.

Şair deyib ki, bəzi gənclərdə təcrübə və mütaliə azdır. Ancaq kitab oxumaqla da kifayətlənmək olmaz. Oxunulanları əxz etmək vacibdir.

Q. Nəcəfzadə gənclərə şeirin əsas özəlliklərindən danışıb: “İlk öncə şeirə ad seçərkən diqqətli olmalısınız. Çətin, uzun birləşmələrdən qaçmaq lazımdır. Ritorik ifadələrdən də uzaq durun. Bəzilərinizin şeirlərində hiss etdim ki, hətta özünüzə qaranlıq qalan məqamlar da var. Amma unutmaq olmaz ki, hər misranın bir izahı olmalıdır. Şeirdə ən önəmli məqamlardan biri onda detalların, əlamətlərin olmasıdır”.

Gənc ədiblərdən Nigar Arif, Emin Akif, Turan Novruzlu, Mahmud Məmmədov, Arzu Rüstəmsoy, Fuad Cəfərli, Gülnarə Sadiq, Gülnarə İsrafil, Ulucay Akif, Günay Həmid, Məhəmməd Turan, Allahşükür Alışarlı və Elvin Nuri, Allahşükür Ağa şeirlərini oxuyublar. Tədbirdə şairlər Qulu Ağsəs və Nuranə Nur da iştirak edib, gənclərin şeirləri barədə fikirlərini bölüşüblər.

Sonda Qəşəm Nəcəfzadə şeirlərini səsləndirib.

Müşfiq ŞÜKÜRLÜ

 





15.10.2016    çap et  çap et