525.Az

“Sənə sarı yol gəlirəm...”


 

“Sənə sarı yol gəlirəm...”<b style="color:red"></b>

Ulu Dədə Qorqud “Gəlimli-gedimli, son ucu ölümlü dünya!” deyirdi. “Qurani-kərim”in Nisa surəsinin 78-ci ayəsində isə deyilir: “Harada olursunuzsa olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə - ölüm sizi haqlayacaq”.

Ustad aşıq Alı təsadüfən “Ölüm haqdı, çıxmaz olmaz əmrdən” söyləmirdi ki?

Əlbəttə, ölüm dünyanın hamı üçün yazılan pozulmaz qanunudur. Məşhur bir türk mahnısında həmin fikirlərin davamı olaraq oxuyurlar:” Dünya gözəl olsaydı, doğulanda ağlamazdıq, təmiz olsaydlı, öləndə yuyulmazdıq”.

Bunlar öz yerində, ölümə kim etiraz edir ki? Amma bu qədərmi tez, bu qədərmi qəfil? 

Ölüm gec-tez, əvvəl-axır hamı üçündür, lakin onu  Çingizə bu tezliklə  heç kim yaraşdırmırdı...

Üzündə nurlu bir təbəssüm var idi, danışmağa başlayanda, azca gülümsəyəndə bütün sifətinə yayılırdı. Heç yadımdan çıxmaz, bir yerdə işlədiyimiz “Səhər” qəzetində iş günü başlayan kimi  səhər tezdən üzbəüz olan otağımıza girər, hal-əhval tutandan sonra əlini- əlinə sürtərək deyərdi:

-Qardaş, necədi vəziyyət?  Bizim şöbədə vəziyyət gərgindir - işçilərdən biri məzuniyyətdə, biri ezamiyyətdə... Bəzi materiallarımız  da günortaya hazır  olmalıdır. Sizdə  necədi?

- Belə də, Çingiz... Uşaqlar işləyirlər, indi telefon zəngi gözləyirəm, yaxşı bir xəbər olmalıdır. Məndə cəbhə xəbərləri var, - deyə cavab verərdim.

-Hə, gör neyləyirsən, sən canın çalışın bu  nömrəni yola verin, bu gün bizdə vəziyyət çətindir...

O,  bunu deyirdi, amma sonra görürdüm ki, onun rəhbərlik etdiyi şöbə heç də bizim şöbədən az material verməyib. Bu, onun yüksək məsuliyyət hissindən, işə ciddi münasibətindən  irəli gəlirdi.

Çingiz hər sahədə belə idi: vicdanlı, məsuliyyətli və səmimi... Onu  hamıya doğmalaşdıran, sevdirən də  elə bu səmimiyyəti idi.

Mətbu fəaliyyəti yalnız “Səhər” qəzeti ilə bağlı olmuşdu.  Buna baxmayaraq yollarımız ayrılandan sonra da tez-tez zəngləşər, hal-əhval tutar, görünməməyimiz barədə giley-güzar edərdi. Onun telefonundan gələn sonuncu çağırışı da  növbəti zənglərdən  biri hesab etdim. Ancaq...

-Çingiz deyil, Süleyman əmi, oğlu Şahindir. Atam artıq yoxdur...

-...

İnanmağım gəlmir...

Heç kimin inanmağı gəlmir. Zəng edib yoldaşlara xəbər verirəm: Məzahir Süleymanzadə, Hidayət Elvüsal, Şakir Yaqubov, Rizvan Hilaloğlu, İmran Bədirxanlı, Mahir Süleymanov, Zemfira Ələkbərova, Səttar Cavadov, Sənubər Əkbərova, Svetlana Şıxəliyeva, Rauf  Umud, Şahin Abbasəliyev... Heç biri inanmır. Tələbə yoldaşları, dostları da: Vahid Əziz, Zərbalı Mirzə, Mirbağır Yaqubzadə, Şahin Əliyev, Məlahət Yusifqızı, Mübariz Məsimoğlu da...

Necə inanasan? Ömür bu qədərmi qısa

dır, dünya bu qədərmi fanidir?

Adam var altmışında duza gedir, adam var altmışından yüzə gedir. Çingiz heç altmışa çatmamışdı axı...

İsmayıllı rayonunun Lahıc qəsəbəsində dünyaya göz açan Çingiz Ələsgər  Bakının Bülbülə qəsəbəsindəki qəbiristanlığa tapşırıldı.  Dünyaya gələn nəvələri Fərəhi, Fatehi, Altayı  doyunca əzizləyə bilmədi. Həyat yoldaşı Sona ilə ayrılığı cəmi  ilyarım çəkdi.

Dünən Çingizin Feysbukda paylaşdığı şeirlərə baxıram. Son şeirlərindən birini həyat yoldaşına həsr etmişdi:

Sonam,
gecə-gündüz
sənə sarı yol gəlirəm.
Bir az da döz,
səbirli ol, gəlirəm...
Yaddaşıma köçürürəm,
gözlərimə yığıram,
sənsiz qalan dünyanı.
Gəlib birgə baxarıq,
toy kasetimiz kimi.
Sonra birgə gəzərik,
səni məndən alan dünyanı...
Elə bil özünə əyan imiş...

Jurnalistlərdən kimsə yazmışdı: atası rəhmətə gedən həmkarlarımızın övladları ilə görüşəndə xəcalət çəkirik. Çingiz öz ölümü ilə bizi övladlarının yanında xəcalətli etdi. Hər dəfə Turalla, Şahinlə və Nigarla üz-üzə gələndə biz də başımızı aşağı salmalı olacağıq...

 





17.10.2016    çap et  çap et