525.Az

Mətbuata həsr olunan mənalı ömür


 

Mətbuata həsr olunan mənalı ömür<b style="color:red"></b>

İstedadlı jurnalist, səmimi dost, mehriban insan İsmət Həbibullah oğlu Səfərov ömrünün yarım əsrini Azərbaycan mətbuatına həsr edib.

O, 1937-ci il sentyabrın 10-da Şəki şəhərində anadan olub. Atası Həbibullah kişi rayonun adlı-sanlı, sayılıb-seçilən sənətkarlarından idi. İkinci Dünya müharibəsi başlananda İsmətin cəmi dörd yaşı var idi. Alman faşistləri artıq Qafqaza yaxınlaşanda əli silah tutan digər vətənpərvərlər kimi Həbibullah kişi də cəbhəyə yollandı və bir daha geri qayıtmadı. Odur ki İsmətin yaddaşında atası haqqında az epizod qalıb. Onun böyük qardaşı Yusif Səfərov da müharibənin ilk günlərindən cəbhədə döyüşdü. Azərbaycan Dövlət Universitetinin III kursundan könüllü olaraq cəbhəyə yollanan Yusif Mozdokdan Berlinədək ağır döyüş yolu keçdi, sinəsi orden və medallarla dolu qoltuq ağacı ilə vətənə döndü. O, yarımçıq qalmış təhsilini davam etdirdi, Moskvada aspiranturanı bitirərək 1954-cü ildə tarix elmləri namizədi kimi universitetin Tarix fakültəsində işə başladı və ömrünün axırınadək fakültədə professor kimi fəaliyyət göstərdi.

İsmət isə ailənin sonbeşiyi kimi ibtidai məktəbi Şəkidə, orta məktəbi isə Bakıda başa vurdu. Çünki ailənin vəziyyəti ağır olduğundan Yusif hər iki qardaşını - Fərhadı və İsməti yanına gətirmişdi. İsmət Bakının 199 saylı məktəbində təhsil alarkən ictimai həyatında fəal iştirak etdi və drujina sovetinin sədri oldu. Hələ şagird ikən ədəbiyyata, yazıb-yaratmağa böyük həvəs göstərdi və bu da istedadlı pedaqoq, metodist, ədəbiyyat fənninin gözəl bilicisi Zülfəli İbrahimovun nəzərindən qaçmadı.

İsmət artıq 10-cu sinifdə oxuyanda təkcə məktəbdə deyil, Yazıçılar İttifaqında, Kinostudiyada, Azərbaycan radiosunda tanınırdı. O, Süleyman Rəhimovun “Su ərizəsi” hekayəsini Gənc Tamaşaçılar Teatrı üçün səhnələşdirdi, ədibin “Şamo” romanından “Qanlı dəsmal” hissəsini radio üçün işləyib hazırladı. O vaxtlar Yazıçılar İttifaqının sədri işləyən Süleyman Rəhimov onu bir neçə dəfə evində qəbul etdi, “Su ərizəsi” və “Qanlı dəsmal”ı ailə üzvləri, Oktay və Şamonun iştirakı ilə oxuyub müzakirə etdikdən sonra hər iki əsərə müsbət rəy yazdı. Daha sonra “Su ərizəsi”ni Gənc Tamaşaçılar Teatrına, “Qanlı dəsmal”ı isə radioya göndərdi. Bundan başqa, İsmət M.S.Ordubadinin “Qılınc və qələm” romanının ssenarisini işlədi və onu tarixi faktlara uyğunlaşdırdı. O, bu məqsədlə “Şairin həyatı” monoqrafiyasının müəllifi Həmid Araslı ilə də görüşdü.

1954-cü ildə M.F.Axundovun yubileyi ilə əlaqədar o, dramaturqun “Aldanmış kəvakib” əsərini səhnələşdirdi və bu işlə əlaqədar Yazıçılar İttifaqında və Gənc Tamaşaçılar Teatrında oldu. Bu dövrdə o, bir neçə orijinal pyes və hekayələr də yazdı.

Heç də təsadüfi deyil ki, İsmət Səfərov 1954-cü ildə keçirilən Azərbaycan Yazıçılarının qurultayına dəvət olundu və o, böyük iftixar hissi ilə bu mötəbər məclisdə iştirak etdi.

Ədəbiyyata olan bu böyük həvəs onu Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gətirdi. 1954-cü ildə o, Filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldu və elə ilk gündən 1959-cu ilə qədər qrup rəhbəri kimi fəaliyyət göstərdi.

Üçüncü kursda oxuyarkən universitetin orqanı olan “Lenin tərbiyəsi uğrunda” qəzetinə isə yarımştat düzəldi. Bu, onun jurnalist kimi yetişməsində gözəl bir təcrübə məktəbi oldu. Elə o dövrdən də şair dostu Teyyub Qurbanla birlikdə Nizami Gəncəvi adına fəxri təqaüdlə təhsilini davam etdirdi.

1959-cu ildə universiteti bitirən kimi Azərbaycan Radiosu və Televiziya Komitəsinə təyinatla işə göndərildi. Əvvəlcə radionun “Son xəbərlər” redaksiyasında işlədi, bir qədər sonra Xarici Verilişlər İdarəsinin İran redaksiyasına redaktor vəzifəsinə keçirildi. Tezliklə idarə rəhbərliyinin hörmətini qazandı, bir-birinin ardınca məqalə və oçerkləri efirə verildi. Eyni zamanda respublikanın müxtəlif mətbuat orqanlarında da yazıları işıq üzü gördü.

1961-ci ildə universitetin jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev onu kafedrada işə dəvət etdi. O, hörmətli müəllimi, diplom işinin rəhbəri ilə razılaşaraq getmək üçün sədrə ərizə ilə müraciət etdi. Komitənin o zamankı sədri Teymur Əliyev onu bu fikirdən daşındırmaq istəsə də, o, elmi işlə məşğul olmaq arzusunda olduğunu bildirdi və sənədlərini götürüb kafedraya gəldi. Lakin Həsən müəllim onu çox pərt qarşılayıb dedi ki, vəziyyət dəyişib, yuxarıdan bu vəzifəyə başqa bir adamı götürməyi xahiş ediblər.

Və bu dövrdən gənc İsmətin həyatında sərgüzəştlər başladı. Yarım ilə qədər işsiz qaldıqdan sonra onu yeni təyinatla “Şəki fəhləsi” qəzetinə göndərdilər. Orada da boş yer olmadı.

İsmət Səfərov yenidən Bakıya qayıtdı. Bir müddətdən sonra Respublika Elmlər Akademiyasının Əsaslı kitabxanasında (indiki Mərkəzi Elmi Kitabxanada) işə düzəldi. Əvvəlcə mütəxəssis redaktor, bir müddət komplektləşdirmə, sonra isə elmi-biblioqrafiya şöbəsinə müdir təyin edildi.

Filologiya elmləri doktoru, professor Nazim Axundovun rəhbərlik etdiyi bu gözəl kollektiv onun ürəyinə yatdı. Çünki bu şöbədə o, jurnalistik, naşirlik, kitabçılıq fəaliyyətini davam etdirə bildi. Müxtəlif biblioqrafik göstəricilərin naşiri və redaktoru oldu. İlk dəfə onun vaxtında “Azərbaycanın elmi və mədəniyyət xadimləri” seriyasından EA-nın birinci prezidenti M.A.Mirqasımovun şəxsi biblioqrafiyası işıq üzü gördü.

Bu yenilik böyük bir işin əsasını, bünövrəsini qoydu. Elə o dövrdən də bu seriya altında neçə-neçə elmi biblioqrafik vəsaitlər tərtib edildi. Tərtibçi-müəllifi və redaktoru olduğu neçə-neçə göstərici ilə Azərbaycanın görkəmli alimlərini dünyaya tanıtdı.

Akademiklərdən Mirəli Qaşqay, Musa Əliyev, Həsən Əliyev, Mirzə İbrahimov, Heydər Hüseynov, Zərifə Əliyeva, müxbir üzvlərdən Heydər Əfəndiyev, Xudu Məmmədov, Cəfər Qiyaslı, Aqil Əliyev və başqalarının biblioqrafik göstəriciləri məhz onun əməyinin bəhrəsidir. 1983-cü ildə çapdan çıxmış 900 səhifəlik “Azərbaycan ədəbiyyatşünaslığı”nın da redaktoru İsmət Səfərov oldu.

1969-cu ilin martından onun həyatında yeni dövr başlandı. O, Azərbaycan SSR “Bilik” Cəmiyyətinin nəşriyyat işinə rəhbərliyə dəvət olundu. 30 ilə yaxın müddətdə elmi və siyasi biliklərin təbliğinə dair yüzlərlə kitab və broşur nəşr etdirdi.

40 mindən çox ziyalını öz ətrafında birləşdirən, sözün həqiqi mənasında, “ziyalılar evi” hesab olunan “Bilik” Cəmiyyətinin çap məhsullarının müəllifləri EA-nın akademikləri, müxbir üzvləri, elmlər doktorları və namizədləri idilər.

1970-ci ildə Moskvada keçirilən “Azərbaycan elm günləri”nin təşkilində fəallıq göstərdiyinə görə İsmət Səfərov Ümumittifaq “Bilik” Cəmiyyətinin “Fəal işə görə” medalı və Fəxri fərmanı, o cümlədən, respublika zəhmətkeşləri arasında biliklərin yayılmasında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində apardığı işlərə görə ÜİLKGİ MK-nın, Sovet Müharibə Veteranları Komitəsinin fəxri fərmanları və döş nişanları, Fərdi-C Sübhan-C Muğan Beynəlxalq şirkətinin (İran) təşkil etdiyi “Ziya” Mərkəzinin Fəxri diplomu, Sülhün təbliği sahəsində fəal xidmətlərinə görə “Qalib Sultan” Diplomu ilə təltif edildi.

1972-ci ildə SSRİ və AFR arasında bağlanmış Moskva müqaviləsinin ratifikasiyası ilə əlaqədar Sovet nümayəndə heyətinin tərkibində Almaniya Federativ Respublikasında Azərbaycanın ləyaqətli təmsilçisi oldu. Bundan başqa, Almaniyanın “Rot-Front” və “Rot-Fane” qəzetlərinin keçici bayraqları uğrunda Bakı proletariatının tarixi qələbəsi haqqında Sarbrugen Universitetində çıxış etdi.

1979-cu ildə SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul olundu.

İsmət Səfərov sonra fəaliyyətini “Respublika” qəzeti redaksiyasında davam etdirdi. O, Beynəlxalq həyat şöbəsinin müdiri oldu. “Dünya bugün” gündəlik rubrikası altında gedən materiallar oxucular tərəfindən rəğbətlə qarşılanır. Orijinal yazıları, xüsusən kitablar haqqında rəyləri ilə “Respublika”, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Kredo” və “Təhsil problemləri” qəzetlərində çıxış edir.

Azərbaycan mətbuatının tarixindən bəhs edən “Xalqlar dostluğunun parlaq səhifəsi” kitabının, bir neçə tərcümə kitablarının, 500-dən çox məqalə və oçerkin müəllifi, neçə-neçə biblioqrafik göstəricinin tərtibçisi və redaktoru olan İsmət Səfərov 2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti Nəşriyyatının baş redaktoru kimi öz jurnalistlik fəaliyyətini davam etdirir.

 





17.10.2016    çap et  çap et