525.Az

Böyük yolun zəfər zəngləri - Beşinci məqalə


 

MƏDƏNİYYƏT: MİLLƏTİN XİLASKAR GÜCÜ

Böyük yolun zəfər zəngləri - <b style="color:red">Beşinci məqalə</b>

Hər dəfə Azərbaycan teleməkanında açılan yeni “Mədəniyyət” kanalı haqqında düşünəndə istər-istəməz dahi dramaturq-filosof Hüseyn Cavidin məşhur misralarını xatırlayıram: 

Turana qılıncdan daha kəskin,
ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!

Bu misralar tarix boyu fateh qılınclarından daha böyük işlər görən, kütlədən xalq, xalqdan millət yaradan, ilkin etnik inanc və etiqadları, milli-mənəvi dəyərləri sistemləşdirən, bütövlük vəhdətində formalaşdıran, nəticə etibarı ilə tərəqqi, inkişaf, intibah yollarına qapı açan MƏDƏNİYYƏT haqqındadır.  Bu, Orxon-Yenisey abidələri və Dədə Qorqud dastanlarının, Qobustan və Gəmiqaya təsvirlərinin, Dəmirqapı Dərbənd və Ərk qalalarının, xalça və miniatür, muğam və aşıq dünyamızın Mahmud Kaşğarı və Sultan Məhəmməd, Nizami Gəncəvi və İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli zirvələrinin, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli dühalarının, bütünlüklə Azərbaycan ədəbiyyatı və incəsənətinin qeyri-adi sənət, mənəviyyat enerjisini, məğlubedilməz ruhi gücünü əhatə və ehtiva edən milli mədəniyyətimizə inam və ehtiramın böyük həqiqətidir.

Heç kimə sirr deyil ki, Azərbaycan Televiziyası yarandığı vaxtdan dövrün sosial-ideoloji tələb və təkliflərinə cavab vermək, dövlətin müəyyən təbliğat və təşviqat ehtiyaclarını həyata keçirməklə yanaşı, həm də milli mədəniyyət potensialının genişmiqyaslı öyrənilməsi və kütləvi təqdimi ilə məşğul olmuş, necə deyərlər, əsl mədəniyyət tribunasına çevrilmişdir.  Burada istehsal olunan, sayı minləri keçən bədii, sənədli və cizgi filmləri, tamaşalar, verilişlər, bir sözlə, Azərbaycan Televiziyasının QIZIL FONDU son 60 illik milli mədəniyyət tariximizin bütöv bir hissəsidir.  Bu 60 ildə, Azərbaycan ədəbiyyat və incəsənətində, bütövlükdə milli mədəniyyətimizdə elə bir ciddi, sanballı hadisə olmayıb ki, Azərbaycan Televiziyasının yaradıcı fəaliyyətindən kənarda qalsın.

Beləliklə, tam cəsarətlə demək olar ki, Azərbaycan Televiziyası milli teleməkanımızda MƏDƏNİYYƏT KANALINA ən çox haqqı olan, onun müasir dünya standartlarına cavab verəcək keyfiyyətli işini təşkil etmək üçün həm maddi-texniki, həm mənəvi-intellektual baxımdan ən güclü potensialı, professional yaradıcılıq imkanları ilə seçilən qurumdur. (Və “Mədəniyyət” kanalının 5 illik fəaliyyəti bunu tam sübut etdi. - S.E.) Azərbaycan Televiziyasının 60 illik tarixinə qısaca nəzər salmaqla buna tam əmin, şahid ola bilərsiniz, bir şərtlə ki, haqq-ədalət tərəzisini əyməyəsən, obyektivliyi itirməyəsən, əsl həqiqətin, real gerçəkliyin gözlərinin içinə düz, mərdi-mərdanə baxa biləsən.

Bəli, düz 60 il bundan əvvəl, yəni 1956-cı ilin 14 fevralında Bakıda mühüm, tarixi bir hadisə baş verdi; Azərbaycan Televiziyası fəaliyyətə başladı. Bu, Qafqazda ilk televiziya idi.

55 il sonra, həmin gün, yəni 2011-ci il fevralın 14-də Azərbaycan Televiziyasında yeni bir telekanal - “Mədəniyyət” televiziya kanalı fəaliyyətə başladı.  Bu da Qafqazda ilk Mədəniyyət telekanalı idi.

Müstəqil Azərbaycan respublikasının sürətli, genişmiqyaslı, böyük inkişafının çoxsaylı bəhrələrindən biri olan “Mədəniyyət” televiziya kanalı qısa bir müddətdə özünü doğrultdu, xalqımıza, dövlətimizə layiqincə xidmət göstərərək, ciddi yaradıcılıq uğurları ilə tamaşaçıları sevindirdi.

Zəngin, qədim və qüdrətli Azərbaycan mədəniyyətini xalqımıza və bütün dünyaya olduğu kimi təqdim edən, eləcə də dünyanın sənət şedevrlərini,sivilizasiya örnəklərini ekranlarımıza gətirən “Mədəniyyət”  kanalı 5 ildir ki, misilsiz maarifçilik missiyasını həyata keçirir, həqiqi yaradıcılıq nailiyyətləri qazanır.

lll          

Müqəddəs səma kitabları soraq verir ki, “Ən əvvəl SÖZ vardı”. Sözlə başlayan dünyanın ruhi gücü, mənəvi, etnogenetik yaddaş enerjisi ən çox sözdə, dildə toplanıb.  Cəsarətlə demək olar ki, dil xalqın tarixi gücünün, etnogenetik yaddaş enerjisinin, maddi və mənəvi mədəniyyət, elm və sənət, qılınc və qələm zirvələrinin əzəli və əbədi xəzinəsi, canlı saxlancıdır. Dil xalqın bütöv varlığının, mənəviyyatının ən mükəmməl ensiklopediyası, ümummilli gücümüzün sarsılmaz qalası, ruhumuzun Ərgənəkon misallı əzəli, əbədi yurd yeri, ana vətənidir.  Ona görə dahi alman alimi Vilhelm Humboldt deyirdi ki, “Xalqın dili onun ruhu, xalqın ruhu onun dilidir. Bundan da güclü olan eynilik təsəvvür etmək çətindir”.  Bu səbəbdən tarix boyu hər bir xalq öz dilinin keşiyində dayanıb, onu varlığının ən böyük həqiqəti, ən böyük sərvəti kimi qoruyub, yad, yabançı hücumlardan müdafiə edib.

Son illər Azərbaycan Televiziyasında Azərbaycan dili və ədəbiyyatına məhz xatırlatdığımız geniş miqyasda, strateji istiqamətdə yüksək elmi və bədii-estetik səviyyəli yeni bir münasibətin göstərilməsi haqlı razılıq hissi doğurur.  Azərbaycan teleməkanında yeganə olan “Azərbaycan dili” elmi-kütləvi proqramının, “Poeziya”, “Ədəbi abidələr”, eləcə də bir sıra sayları milli dilçilik elmimizin korifeylərinə həsr olunan “Zamanın sorağında” verilişlərinin uğurları hamının yadındadır.  Həftəlik rejimdə təqdim olunan bu verilişlər xalqın tarixi ədəbi gücünün, etnolinqvistik yaddaş enerjisinin oyadılmasına, səfərbərliyinə, bu günə nəqlinə, transformasiyasına - belə böyük milli, strateji məqsədlərə xidmət edib. Bu, ümummilli liderimiz, dahi dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatı ilə bağlı daim tövsiyə etdiyi bir xətt, Azərbaycançılıq ideologiyasının, milli istiqlalçı təfəkkürün praktik kütləviləşməsinə yardımçı olan bir istiqamətdir.

Təfəkkür və zövq məngənəsinə dönən köhnə qəliblərdən, uzun illər əngələ çevrilən “forma və məzmun” ştamplarından cəsarətlə imtina edilməsi, yeni, novator teleestetikanın praktik tətbiqi, ssenari - çəkiliş - montaj üçbucağında sağlam yaradıcı mühitin formalaşdırılması “Ədəbi-dram verilişləri” baş redaksiyasının da uğurlarına zəmin yaratmışdır. Milli-mənəvi dəyərlərimizə, müstəqil dövlətimizə və dövlətçiliyimizə sevgi və sədaqətin müasir teleestetika ilə qovuşması - bunu Azərbaycan Televiziyasının son illərdə qazandığı yeni imicin ən xarakterik cəhəti adlandırmaq olar.

On il əvvəl “Ədəbiyyat və publisistika”, “Teatr və incəsənət” redaksiyalarının birləşməsiylə yaradılan, necə deyərlər, əvvəlki klassik modelinə qayıdan “Ədəbi-dram verilişləri” baş redaksiyası öz fəaliyyətinə məhz bu yeni keyfiyyət tələbləri ilə başlamışdı.  Ədəbiyyat və incəsənət yollarıyla dünyaya çıxmaq, ədəbi-mədəni dünyanın səsini-sözünü Azərbaycan televiziyasının ekranına gətirmək əsas hədəflərdən biri oldu.  Qısa bir vaxtda Homerin “İliada” və “Odisseya”sı, 3500 yaşlı hind dastanı “Mahabharata”, beş min illik Şumer dastanı “Çılqamış”, 1000 yaşlı “Manas” dastanı, Leonardo do Vinçinin, Mikelancelonun, Şekspirin sənət dünyası, “Avesta” hikmətləri, İbn Sina, Əbu Reyhan Biruni, Dövlətşah Səmərqəndi, Fəridəddin Əttar, Ə.Marağayi irsi, M.Nostradamus möcüzələri, L.Tolstoy, F.Dostoyevski, Kafka, Kamyu, S.Ekzüperi, Voynıç, E.Hemenquey nəsri, 800 yaşlı Mövlana Cəlaləddin Rumi zirvəsi, Yunis İmrə, Rudəki, Əlişir Nəvai, Sədi Şirazi,  Əmir Xosrov Dəhləvi, Tofiq Fikrət, Namiq Kamal, Şəhriyar poeziyası, Ə.Firdovsinin “Şahnamə”si, Azərbaycanın bütöv silsilə təşkil edən tarixi ədəbi abidələri və sadalamadığımız digər çoxsaylı ədəbi incilər  fundamental elmi təqdimatla gəldi ekranlarımıza. Bu, redaksiyanın təkcə bir istiqamətdəki işinin tam olmayan mənzərəsidir.  Kitab mütaliəsinin kəskin azaldığı bir vaxtda bu ədəbi və əbədi əsərləri, dahi sənətkarları  ekranlara gətirmək müasir Azərbaycan Televiziyasının, “Mədəniyyət” kanalının tarixi xidmətidir, əsl yaradıcılıq uğurudur; bu, reallığa çevrilən mədəniyyət hadisəsi, fədakar vətəndaşlıq missiyasıdır.

Son illərdə “Ədəbi-dram verilişləri” baş redaksiyasının uğurlu, yaddaqalan filmləri, verilişləri çox olub. Dahi dövlət və siyasət xadimi, ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” film-tamaşaları, milli mətbuatımızn korifeylərindən olan Nəsir İmanquliyevə həsr edilmiş “Mətbuat fədaisi”, böyük alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi münasibətilə çəkilən “Üç zirvənin fatehi”, eləcə də “Tarixin  yollarında”, “Naxçıvan: İnkişafın yeni mərhələsi”, “Şərqdə doğan günəş”, “Zərif işığın Zərifəsi”, “Ağ işığın möcüzəsi”, “Həmid Araslı həqiqəti”, “Ziyalı ömrü” (Elman Araslı), “İnam və iman yeri”, “Sirli adanın sakini”, “Hüseyn İbrahimov”, “Qədim yurdun baharı”, “Bir ömrün xatirəsi”, “Qu rəqsi”, “Zərurət”, “Anarın anları”, “Mirzə Cəlil möcüzəsi” və başqa filmləri, “Gürzə”, “Tahirənin intiqamı”, “Dələduzlar” teleseriallarını, başqa çoxsaylı teleməhsulları da yada sala bilərik.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın aparıcısı olduğu “Poeziya” verilişinin uğurları, Azərbaycan Televiziyasının bu bənzərsiz layihəsi haqqında mətbuatımızda, müxtəlif qəzet və jurnallarda çox söz deyilib, ona layiqincə yüksək qiymət verilib.

2009-cu ilin əvvəllərindən həftəlik rejimdə təqdim olunan “Poeziya” verilişi ən qədim dövrlərdən, 1500 il əvvəlin Orxon-Yenisey abidələrindən, bəngüdaşlara yazılan ilkin ədəbi-poetik nümunələrdən başlayaraq Oğuz-Türk-Azərbaycan poeziyasının inkişaf yollarını izləyib, necə deyərlər, ədəbiyyatımızın ən uğurlu səhifələrini, ən uca zirvə məqamlarını ön plana gətirib.  “Ədəbiyyat qəzeti”ndə bu verilişə həsr edilən böyük bir məqalə haqlı olaraq “Poeziya dərsləri” adlandırılmışdır.  Başqa bir nüfuzlu alimimiz isə “Poeziya” verilişinin gördüyü işi bütöv bir institutun əməyi ilə müqayisə etmişdir...  “Poeziya” tarix yollarında unudulanları və qəsdən unutdurulanları Azərbaycan televiziyasının ekranlarında bərpa edən, yada salan, “aşkarlığın” gizlinlərini üzə çıxaran sanballı veriliş, müasir Azərbaycan teleməkanında ciddi mədəniyyət hadisəsi kimi tarixə düşdü.  Növbəti məqalədə bu haqda daha geniş danışılacaq...

lll          

MƏDƏNİYYƏT, xüsusilə, onun strateji hədəflərindən biri və birincisi olan maarifçilik xətti, adətən, Azərbaycan Televiziyasının əsas yaradıcılıq istiqamətini, konseptual fəaliyyət modelini təşkil edib.  Qədim Türk tarixinin, xüsusilə, Oğuz qrupu xalqlarının, o cümlədən, əsasən Azərbaycan xalqının etnogenetik YADDAŞ ENERJİSİNİ oyatmaq, bu qeyri-adi milli-mənəvi gücü yenidən çağdaş sahibinə qaytarmaq, beləliklə, zaman-zaman istiqlalçı səfərbərliyə, ruhi özünəqayıdışa, özgürlüyə doğru getmək Azərbaycan Televiziyasının başlıca konsepsiyası, strateji tendensiyası olub desək, yəqin ki, yanılmarıq.  Mənim düşüncəmə görə, məhz bu strategiya 5 il əvvəl  yaradılan MƏDƏNİYYƏT KANALININ da əsas konsepsiyası, ana hədəfi olmalı idi və şübhəsiz ki, belə də oldu. Çünki bu, zamanın qaçılmaz tələbi, təklifidir, qloballaşan dünyada milli ilə beynəlmiləlliyin, dünyəviliklə regionallı-ğın, tolerantlıqla özünəsahibliyin ahəngdar vəhdətinə, yaradıcı sintezinə nail olmağın çox mühüm amilidir. Bu, milli-mənəvi, etnokulturoloji, multikultural dəyərlərin bütöv sintezidir.

Teletexnologiyanın, xüsusilə, internet sahəsinin ildırımsürətli inkişafı əvvəllər çox böyük, əlçatmaz olan Yer planetini indi sanki istənilən anda hər bir güşəsinə əl çatan kiçik bir adaya çevirmişdir.  İndi dini, mədəni, etik-estetik, sosial-ideoloji, hətta deyək ki, demoqrafik... missiyaları, missioner hücumları, təbliğat-təşviqat fəaliyyətini hər hansı bölgədə həyata keçirmək üçün Orta əsrlərdə olduğu kimi aylarla yol getməyə, xaç, səlib yürüşlərinə çıxmağa ehtiyac yoxdur; planetimizi hörümçək toru kimi bürüyən peyk telerabitəsi, internet şəbəkəsi həmin ÇƏTİN İŞİ xeyli asanlaşdırıb; istənilən anda hansısa xalqa, millətə, dövlətə qarşı total mənəvi təzyiq, iblisanə missioner müdaxilə mümkündür.  Və bütün bunlara qarşı yalnız xalqın, millətin, dövlətin öz milli-mənəvi dəyərləri, öz MƏDƏNİYYƏT YADDAŞI İLƏ səfərbər olunmasıyla çıxmaq olar.

Minnətdarlıqla bir daha bu məqamda xatırlayıram ki, möhtərəm Prezidentimiz İlham Əliyev bir qrup şair və yazıçıyla görüşdə son əsrlərdə imperiyalar poliqonuna dönən Azərbaycanın assimilyasiya olunmamasında əsas qüvvə, taleyüklü şərt kimi ədəbiyyatımızın və dilimizin  rolunu xüsusi vurğulamışdı.  Bəli, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, bütövlükdə AZƏRBAYCAN MƏDƏNİYYƏTİ məhz belə qüdrətli qüvvəyə, XİLASKAR GÜCƏ MALİKDİR.  Və mən inanıram ki, 5 il əvvəl Azərbaycan Televiziyasının nəzdində yaradılan MƏDƏNİYYƏT kanalı bundan sonra da belə bir xilaskar gücdən tam səmərə ilə istifadə edəcək. İndiki halda “Mədəniyyət” kanalının belə ümummilli strateji hədəflərə yönələn dolğun, tam keyfiyyətli fəaliyyətini yeganə Azərbaycan Televiziyası bütövlüklə reallaşdıra bilərdi;  artıq dediyim kimi, “Mədəniyyət” telekanalı 5 illik fəaliyyəti ilə bunu təsdiq etdi.

Çoxsaylı sanballı verilişləri, həyata keçirilən silsilə uğurlu layihələri ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilən 5 yaşlı “Mədəniyyət” telekanalı bu gün yaradıcılığının əlamətdar dövrünü, yüksək keyfiyyət mərhələsini yaşayır.

İnanırıq, qəti əminik ki, bu ilin 14 fevralında 5 yaşı tamam olan “Mədəniyyət” telekanalı qədim milli-mənəvi dəyərlərimizin, möhtəşəm ədəbi-mədəni sərvətimizin dünyaya layiqincə təqdimində, eləcə də bəşəriyyətin elm və sənət zirvələrinin xalqımıza daha dolğun şəkildə çatdırılmasında bundan sonra da mühüm rol oynayacaq, yeni-yeni uğurlar qazanacaq.

 





17.10.2016    çap et  çap et