525.Az

Sıxlıq və “propka”dan birdəfəlik çözümü yolu nədədir?


 

Sıxlıq və “propka”dan birdəfəlik çözümü yolu nədədir?<b style="color:red"></b>

Bu, paytaxtın Bakıdan Gəncə və ya İsmayıllı-Göyçay zonasına köçürülməsi ola bilər…
 
Artıq neçə illərdir ki, hamı Bakıda əhalinin sayının durmadan artması, insanların regionlardan iş-güzəran dalınca və ya başqa səbəblərdən paytaxta sürətli axın etməsi səbəbindən şəhərdə yaranan sıxlıqdan, şəhər əhlini az qala iflic edəcək “propka” problemindən, baş kəndimizin ekologiyasının dəhşətli dərəcədə korlanmasından şikayətlənir, kükrəyir, müxtəlif çözüm yolları arayır, axtarırlar... Ancaq bugünkü kimi yadımdadır, Bakıda hələ sıxlıq və “propka” problemi yaranmazdan ( bu problem əsasən 2002-2004-cü illətdən yaranmağa başladı və bu gün də davam etməkdədir) çox-çox il əvvəl- təxminən,1991-ci ildə tanınmış jurnalist, sabiq millət vəkili mərhum Tofiq Rüstəmov bu məsələni o zamankı mətbuatda gündəmə gətirmiş, hətta, öz müəllif yazısında qeyd etmişdi ki, vaxtilə Ukraynada paytaxt Lvovdan Kiyevə, Türkiyədə İstanbuldan Ankaraya, ABŞ-da Nyu-Yorkdan Vaşinqtona və sairə, köçürülüb və bu baxımdan, bu məsələyə Azərbaycanda da baxılmalıdır... Ancaq çox təəssüflər olsun ki, o vaxt Tofiq müəllimin təklifi elə təklif olaraq qaldı... Qeyd edim ki, sonradan bu müsbət təcrübədən MDB dövlətlərindən Qazaxıstan da yararlanmalı oldu, yəni, cəmi iki ilin ərzində paytaxt Almatıdan qazaxların daha çox yaşadığı Astanaya köçürüldü və bu gün Astana dünyanın ən gözəl paytaxtlarından birinə çevrilib...

Beləliklə, Azərbaycanda paytaxtın köçürülməsi məsələsi bir də 1999-cu ildə yenidən gündəmə  gətirildi... O zaman mərhum millət vəkili, məşhur “KVN” ustası Anar Məmmədxanlı Bakını yaxın zamanlarda gözləyən bu problemdən çox ağıllı və düşünülmüş çözüm yolunu-paytaxtın Bakıdan ilk müstəqil Cümhuriyyətimizin paytaxtı və sonradan ölkənin ikinci şəhərinə çevrilən Gəncəyə köçürülməsi təklifini irəli sürdü... O vaxt millət vəkilinin təklifinə müsbət yanaşanlar da, özlərini ağıllı sayıb “ vətənpərvərlik” libasına bürünənlərin istehzalı münasibətləri də oldu... Həmin vaxt-1999-cu ildə elə Anar bəyin təklifi və əməkdaşı olduğum “525-ci qəzet”-in baş redaktoru Rəşad müəllimin tapşırığı ilə Azərbaycanın məşhur memarlarından olan Hacıəmi Atakişiyevdan bu məsələ ilə bağlı müsahibə götürdüm və qeyd deyim ki, bu müsahibə o zaman əməlli-başlı səs-küyə səbəb oldu... Əslən bakılı olan Hacıəmi müəllim müsahibəsində bildirmişdi ki, hələ Sovetlər birliyi dönəmində-1973-cü ildə bu məsələ gündəmə gəlmiş və həmin vaxt bir neçə memar həmkarı ilə bu məsələ ətrafında bir araya gələrək, payatxtın Bakıdan Gəncəyə köçürülməsi planını- layihəsini hazırlamışdılar... Ancaq sonradan bəzi səbəblər üzündən onlar həmin məsələnin gündəmə təqdim olunmasından, ictimailəşdirilməsindən çəkinmişdilər...

Onu da qeyd edim ki, Hacıəmi müəllim həmin vaxt 1973-cü ildə hazırlanmış layihənin surətini də mənə təqdim etmiş və mən də “525”-dəki müsahibəmdə ondan istifadə etmişdim... İndi bu məsələ yenidən gündəmə gəlməkdədir. Milli Məclisin sonuncu iclasında millət vəkillərindən Mübariz Qurbanlı, Zahid Oruc, Qüdrət Həsənquluyev Bakıda yaranan sıxlıqdan və tıxacdan ciddi narahatlıqlarını bildirmiş, təkliflərini səsləndirmiş və konkret olaraq bildirmişdilər ki, bu problemin həlli üçün bəzi naziriklər, ali məktəblər və digər obyetklər Bakıdan kənara-bölgələrə köçürülməli, regionlarda düşünülümüş şəkildə sənaye mərkəzləri yaradılmalıdır... Millət vəkillərinin bu təklifləri əlbəttə ki, təqdirəlayiqdir və alqışlanmalıdır... Ancaq bu da məsələdən birdəfəlik qurtuluş, çözüm yolu deyil. Bakıdakı dəhşətli və sonu görünməyən sıxlıq və tıxac probleminin birdəfəlik çözüm yolu paytaxtın Gəncəyə və ya İsmayıllı-Göyçay zonasına köçürülməsi ola bilər ( İsmayıllı-Göyçay variantı hələ ADR (AXC) dövründə də gözdən keçirilibmiş və bu yöndə konkret faktlar da var) ... Burada digər variantlar da istisna deyil... Bəzilərinin təklif etdiyi kimi, paytaxtın Bakıdan Oğuza, Bərdəyə və ya Qarabağa daha yaxın olan Yevlax-Tərtər zonasına köçürülməsi də mümkündür... Hətta, ayrıca yeni paytaxt şəhərinin (məsələn, Yaşmada, Mingəçevirlə Gəncə və ya Gəncə ilə Goranboy arasında) salınması məsələsi də ortalıqda olan təkliflərdəndir...

Bu məqamda onu da deyim ki, bu məsələ təxminən 10 il ərzində (1999-2009-cu illər) geniş müzakirə mövzusu olmasına, əksəriyyətin, xüsusilə, bakılıların müsbət münasibətinə baxmayaraq, təəssüflər olsun ki, sonradan reallaşmadı, elə ideya olaraq qaldı... Ona görə Bakıda yaranan sıxlıqdan, tıxacdan, şəhərin yüklənməsindən qurtulmaq istəyiriksə, o zaman paytaxtın tezliklə və vaxtında başqa bir bölgəyə köçürülməsi ilə bağlı tarixi qərarlar verilməsi istiqamətində qəti addımlar atılmalıdır, atılması lazımdır!

 





18.03.2013    çap et  çap et