525.Az

Vətənpərvərlik Vətən üçündü!..


 

Vətənpərvərlik Vətən üçündü!..<b style="color:red"></b>

Gənc əsgərlərin andiçmə mərasimlərində hərbi səhra geyimli 5-7 yaşlı uşaqlar da görmüşəm. Onlardan birindən soruşmuşdum: "Böyüyəndə kim olacaqsan?" "Əsgər olacam!" - demişdi. Bu, vətənpərvərlikdi...

Orta məktəbi bu il bitirən gənc aprel döyüşlərində iştirak edənlərin sırasında olmaq üçün qəbul imtahanı vermədi - hərbi xidmətə getdi. Bu, vətənpərvərlikdi...

Uşaqların, yeniyetmələrin, gənclərin bu ruhda böyüməsi dövlət üçündü, dövlətçilik üçündü. Bu ruhun möhkəm təməllər üzərində daha geniş şəbəkəli yüksəlişi istiqamətində keçirilən vacib tədbirlər də vətənpərvərlikdi.

Vətənpərvərlik tərbiyəsində sözün-ədəbiyyatın, musiqinin rolu danılmazdır. Ədəbiyyatla musiqinin vəhdətinin ictimailəşdirilməsi də vətənpərvərlikdi...

Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbir də bu baxımdan gərəkliyiylə səciyyəviydi - Xalq artisti, Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyi orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadənin 70 illik yubileyinə həsr olunmuş tədbirin də əsas qayəsi vətənpərvərliyiydi - müstəqilliyi bərpa edilmiş Azərbaycanda hərbi musiqinin, bu sıradan hərbi orkestrin yaradıcısına, bu mühüm strukturu böyük vətənpərvərlik duyğularıyla yerinə yetirən istedadlı bir hərbçiyə ehtiram anlarıydı...

"Vətənpərvərlik tərbiyəsində musiqinin rolu" adlı tədbiri AYB vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu açaraq qeyd etdi ki, tədbir eyni mahiyyətli üç amilin vəhdətidi - yubiley, yubilyara həsr olunmuş kitabın təqdimatı və yubilyarın ömür yoluna istinadən vətənpərvərlik ruhunun daha da yüksəldilməsi yollarına baxış.

Şahin Musaoğlu yubilyarı toplaşanlara Azərbaycanda incəsənət sahəsində ilk general kimi təqdim etdi və bu təqdimi də vətənpərvərlik məqamı bilmək suç deyil...

Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən kütləvi tədbirlərlə bugünkü tədbir arasında müəyyən bağlılıq görürəm: o tədbirlər Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu yüksəldir, ordu ilə xalqın birliyini möhkəmləndirir, orkestr xidməti yubilyarın rəhbərliyi ilə şəxsi heyətin yüksək döyüş ruhunu süsləyir, möhkəmləndirir, əsgərlərimizin ürəyini gözlədiyimiz QƏlƏbƏ gününə kökləyir..

Zamanında döyüşlərə musiqinin (marşların) müşayiətiylə gedərdilər; sərkərdələr marşları döyüş ruhu bilərdi. İndi də belədi - ordumuzda hər gün döyüş ərəfəsidi və istər marşlar, istərsə də digər musiqilər əsgərlərimizin döyüş ruhunun - vətənpərvərliyinin xidmətindədi. General-mayor Yusif Axundzadənin rəhbərliyiylə.

Yusif  Axundzadə uzun illərdi Silahlı Qüvvələrimizin orkestr xidmətinə rəhbərlik edir, istedadlı gənclərin bu xidmətə cəlb olunmasında, böyük tədbirlərin keçirilməsində müstəsna xidmətləri var. Onun bəstələri də, bu və ya digər mahnının ruhuna orkestr vasitəsilə yeni, bənzərsiz  yaşam verməsi də, Azərbaycanla diplomatik əlaqələri olan dövlətlərin himnlərinin eyni həssaslıqla səsləndirilməsi də vətənpərvərlikdi, həm də kimsəyə bənzəmədən yaşadılan vətənpərvərlikdi...

Xalq artisti Ramiz Quliyev, Xalq artisti Oqtay Mirqasımov, Xalq artisti Natəvan Şeyxova, Mərkəzi Zabitlər Evinin əməkdaşı Zəminə Xınalı, şair Oqtay Rza, jurnalist Zemfira Məhərrəmli, şərqşünas alim, elmlər doktoru Tofiq Cahangirov və başqaları Yusif Axundzadənin ömür yolundan, dəyərli yaradıcılığından danışdılar. Hər fikirdə ehtiram, hər fikirdə vətənpərvərlik işığı, hər fikirdə Silahlı Qüvvələrimizə sayğı, hər fikirdə Qələbəyə inam.

Tədbirdə Qarabağ müharibəsi veteranlarının iştirakını bir mətləbə düşən işıq bildim: Yusif Axundzadənin yenidən işlədiyi bu və yazdığı mahnılar, marşlar zamanında döyüşənlərin döyüş ruhunun səngərdaşı olub. Bu mənada Yusif Axundzadənin yaradıcılığının vətənpərvərlik səviyyəsini aydınlığıyla görürük, duyuruq, sevirik, yaşadırıq...

Çıxışların qayəsini belə ümumiləşdirməyə cəsarət edirəm və insafən haqlıyam: Qazanacağımız Böyük Qələbədə general-mayor Yusif Axundzadənin də böyük xidmətləri olacaq!..

Yusif Axundzadə elə bir janr üçün yaşayıb ki, bu janr bilavasitə ruhun çağırışı üçündü, ruhun səfərbəredici xarakteri üçündü. Yubilyar ömrünün 52 ilini belə yaşayıb: Vətənin hər bir vətəndaşı istənilən an döyüşə hazır olduğunu hiss eləsin!..

Tədbir iştirakçıları da, general-mayor Yusif Axundzadə də belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə Azərbaycan Yazıçılar Birliyinə, onun sədri Xalq yazıçısı Anara minnətdarlığını bildirdi...

General-mayor Yusif Axundzadənin 70 illik yubileyi, tədbirdə səslənən səmimi fikirlər mənə də könül xoşluğu verdi, mənim də ürəyimi telləndirdi, yubilyara xitabən dedim ki: 

Hamımız əsgərik bu Vətən üçün,
Bu şirin kəlamdan sən də halısan.
Rütbən generaldı, hamı bilir ki,
Həm də bəşərilik generalısan!.. 

Rəşid FAXRALI

 





19.10.2016    çap et  çap et