Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT sessiyası çərçivəsində İran prezidenti Mahmud Əhmədinejatla görüşüb. Davudoğlu Əhmədinejatdan Suriyada axan qanın dayanması üçün İranın da nüfuzundan istifadə etməsini istəyib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, proqramda olmayan görüş iki heyətin qarşılaşmasından sonra İran tərəfinin təklifiylə baş tutub. Davudoğlu görüşdə islam dünyasının müxtəlif problemlərinin olduğunu, bunların açıq və şəffaf şəkildə müzakirəsinin faydalı olacağını söyləyib. "Ərəb baharı"na diqqət çəkən nazir Misirdəki yeni hökumətdən bəhs edib.
"Ərəb baharı"nın başlanğıcından etibarən Türkiyənin Əsəd rejiminə verdiyi məsləhətləri xatırladan Davudoğlu Türkiyənin Suriya xalqının yanında olduğunu söyləyib. Nazir bu məsələdə İranın da nüfuzundan istifadə etməsini gözlədiklərini bildirib və Qahirədə keçirilən dördtərəfli toplantıdan məmnunluq ifadə edib.
Əhmədinejat da Suriyada qanın dayanmasını arzu etdiklərini, bu istiqamətdə səylərini davam etdirəcəklərini söyləyib.
Görüşdə terrorla mübarizə və son zamanlar bəzi İran rəsmilərinin Türkiyə ilə bağlı narahatlıq doğuran açıqlamaları da gündəliyə gəlib. Davudoğlu bu açıqlamalardan narahatlıqlarını çatdırıb. Əhmədinejat isə İranın və şəxsən özünün Türkiyə ilə əlaqələrə çox böyük əhəmiyyət verdiyini bildirərək verilən açıqlamaların Tehranın və özünü fikrini ifadə etmədiyini vurğulayıb. Prezident ancaq özü, parlament sədri, xarici işlər naziri kimi rəsmilərin açıqlamalarının İranı təmsil etdiyini bildirib.
çap et