525.Az

Azərbaycandan Ermənistana son şərt


 

SARKİSYAN DAĞLIQ QARABAĞA YÜKSƏK STATUSLU MUXTARİYYATIN VERİLMƏSİ TƏKLİFİNƏ RAZILIQ VERİB KONSTRUKTİV DANIŞIQLAR PROSESİNƏ QOŞULACAQMI?

Azərbaycandan Ermənistana son şərt<b style="color:red"></b>

Məlum olduğu kimi, oktyabrın 17-də prezident İlham Əliyev Rusiyanın "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib.
 
Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə problemin həlli istiqamətində aparılan danışıqlarda bir sıra məsələlərdə Azərbaycanın Ermənistana kompromislərini açıqlayıb. İlham Əliyev Dağlıq Qarabağda yerli özünüidarəçilik məsələsində güzəştin mümkünlüyündən danışıb: "Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər". Prezident onu da vurğulayıb ki, Dağlıq Qarabağa veriləcək ən yüksək status Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipinə uyğun olmalıdır. Bir sözlə rəsmi Bakı torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getmək fikrində deyil.

Prezidentin bu fikirləri son günlər ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində vasitəçilik missiyasını həyata keçirən dövlətlərin bəzi rəsmi şəxslərinin verdiyi bəyanata da cavab xarakteri daşıyır.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşak tərəfindən bir-birinə zidd açıqlamalar səsləndirmişdi. Əgər M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərin ola biləcəyini, hətta ətraf rayonlardan 5-nin geri qaytarılma ehtimalının çox yüksək olduğunu bəyan etmişdisə, bunun üzərindən bir neçə saat keçməmiş Y.Uşakov öz açıqlamasında dolayısı ilə belə bir irəliləyişin mümkünlüyünü inkar etmişdi. Lakin sonradan rəsmi Bakının məsələylə bağlı Rusiyanın mövqeyindən narahatlığı Kremli öz fikirlərində müəyyən korrektələr etməyə vadar etmişdi. Nəticədə, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında münaqişənin nizamlanması istiqamətində Moskva ilə Ankaranın birgə əməkdaşlığının mümkünlüyünü qeyd edib və belə bir fəaliyyətin problemin həllinə mümkün töhfələrindən danışıb.

Daha sonra isə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayondan beşinin qaytarılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb. Nizamlama prosesinin vahid paket olduğunu qeyd edən həmsədr problemin həllində bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsini qeyri-produktiv sayıb.

Ən əsası isə hazırda ortada Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş təklif var. Ən böyük sual işğalçı Ermənistan prezidentinin bu təklifə cavabıdır: Serj Sarkisyan Dağlıq Qarabağa yüksək statuslu muxtariyyatın verilməsi təklifinə razılıq verib konstruktiv danışıqlar prosesinə qoşulacaqmı? Yoxsa, əvvəlki mövqeyindən əl çəkməyib regionda müharibə riskini artıracaq?

Əlbəttə ki, bu sualın cavabı ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərin mövqeyindən də asılıdır. İstənilən halda nə Rusiya, nə ABŞ, nə də Fransa Cənubi Qafqazda müharibənin baş verməsində maraqlıdır. Ona görə də, böyük dövlətlər Ermənistana təsir edib problemin ədalətli həllinə nail olmalıdır. Əks halda regionda müharibə qaçılmazdır.

Məsələ ilə bağlı siyasi şərhçi Arzu Nağıyev qeyd edib ki, Azərbaycan prezidenti hər zaman Qarabağ probleminin həllinin yalnız Azərbaycanın suverenliyi çərçivəsində mümkün olduğunu deyib. O "Eurasia Diary"yə bildirib ki, ilk növbədə işğalçı ordu Azərbaycan ərazisini tərk etməlidir: "Qaçqınlar öz yurd-yuvalarına, dədə-baba torpaqlarına qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə qayıtmaq lazımdır".

Politoloqun sözlərinə görə, hər hansı bir formada, istər muxtar respublika, istərsə də hansısa qurum formasında Azərbaycana tabe olmaqla bu məsələ həll edilməlidir: "Mərhələli şəkildə bu problem həll olmalıdır. Status məsələsinə gəldikdə isə, Azərbaycan ərazisində ikinci müstəqil dövlətin yaradılmasına imkan verməyəcək".

A.Nağıyev qeyd edib ki, əgər BMT Azərbaycanın ərazisini Dağlıq Qarabağ da daxil edilməklə təsdiq edibsə, ikinci bir müstəqil dövlətin yaradılmasından söhbət gedə bilməz: "Azərbaycana tabe olmaqla hər hansı bir qurumun yaradılması ikinci plandır. Ermənilər işğal etdikləri əraziləri boşaltmamaq üçün müxtəlif oyunlar qururlar. Bundan sonra ermənilər bəhanə gətirməsinlər ki, bizi yer üzündən kimsə silmək istəyir. Bizim istədiyimiz yalnız odur ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaranmasın".

Politoloq Fikrət Sadıqov isə söyləyib ki, Ermənistan nə qədər bundan imtina etsə də, Azərbaycan mərhələli həll variantına "hə" deyib və rəsmi Bakı hazırda diqtə edən tərəfdir. O "axar.az"a bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək status verməyə hazır olması çox ciddi bir addımdır: "Bu, faktiki olaraq Azərbaycan tərəfindən kompromis anlamına gəlir. Yəni, Dağlıq Qarabağı vilayət əvəzinə muxtar respublika kimi tanımağa hazırıq. Çünki Dağlıq Qarabağı nə vaxtsa, Azərbaycanın ərazi bütövlüyündən kənar bir qurum kimi tanıyacağımızı düşünən xarici qüvvələr yanılır. Bu məsələ dəfələrlə müxtəlif sammitlərdə, o cümlədən, Vyana və Sankt-Peterburqda müzakirə olunub. Ortada Madrid prinsipləri var və münaqişə birmənalı olaraq mərhələli plan əsasında həll olunmalıdır. Kremldən isə paket həll variantına dair mesajlar gəlir. Bu, birbaşa Ermənistanın maraqlarına uyğundur. Paket həll variantından söhbət belə gedə bilməz. Azərbaycan mərhələli həll variantına "hə" deyib. Ancaq Ermənistan tərəfi bundan imtina edib. Ermənistan və Rusiya yaxşı bilməlidir ki, Azərbaycan öz prinsipial mövqeyindən imtina etmək fikrində deyil".

Ceyhun ABASOV

 





21.10.2016    çap et  çap et