525.Az

Gülər Əhmədova “Bank Standard”dan 27 min dollarını niyə ala bilmir?


 

DEPUTATLAR BANKLARIN VƏTƏNDAŞLARI İNCİTMƏSİNDƏN NARAHATLIQLARINI İFADƏ ETDİLƏR

Gülər Əhmədova “Bank Standard”dan 27 min dollarını niyə ala bilmir?<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə (ikinci oxunuşda) çıxarılıb. Komitənin üzvü Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların bağlanmasının əleyhinə olduğunu deyib. Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V.Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb: “Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır”.

Bundan başqa V.Əhmədov “Bank Standard”ın fəaliyyətinin dayandırılmasından sonra yaranan problemlərə də toxunaraq bildirib ki, hazırda depozitlərin vətəndaşlara qaytarılması istiqamətində ciddi problemlər yaranıb: “Bu yaxınlarda sabiq millət vəkili Gülər Əhmədova mənə müraciət edərək dedi ki, 27 min ABŞ dolları məbləğində əmanətini bu gün “Bank Standard”dan geri ala bilmir. Bank vətəndaşın əmanətini geri qaytarmaq istəmir. Bank bunun səbəbini onunla izah edir ki, əmanət vaxtı ilə dolların məzənnəsi 0,78 AZN olanda qoyulub. İndi isə dolların məzənnəsi 1.60 AZN-dən yuxarıdır. Bank manatın dollar qarşısında dəyər itirməsini əsas gətirərək, əmanətin yalnız 17 min ABŞ dollarını geri qaytarmaq istəyir. Yerdə qalan 10 min ABŞ dollarını qaytarmaq istəmirlər”. V.Əhmədov bildirib ki, bu məsələlər tezliklə öz həllini tapmalıdır, vətəndaşlar incidilməməlidir.

Komitənin digər üzvü Əli Məsimli bildirib ki, bankların sağlamlaşdırılması istiqamətində işlər sürətləndirilməlidir: “Əks halda bu sahədə islahatların həyata keçirilməsində ciddi problemlər yarana bilər. Bundan başqa problemli kreditlərlə bağlı məsələ tezliklə həll olunmalıdır. Məhz problemli kreditlərin qaytarılması ilə bağlı hökumətə təkliflər paketi təqdim olunub. Lakin təkliflər paketinin üzərindən 6 ay keçməsinə baxmayaraq, hələ də bundan bir xəbər yoxdur”. Millət vəkilinin sözlərinə görə, yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası təkliflə bağlı rəy verib: “Qurumun verdiyi rəy isə bizi qane etmir. Bunu bizə qarşı sayğısızlıq kimi dəyərləndirmək olar. Bu gün banklar insanlara zülm edir. Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bu fikirlərlə razılaşmayıb: “Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47 faizini təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur”. R. Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: “2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır”.

Kamil HƏMZƏOĞLU

 





23.10.2016    çap et  çap et