525.Az

Bir az gücüm vardı payız apardı, qışımız bir ömrü yorğuna düşdü... - (şeir)


 

Bir az gücüm vardı payız apardı, qışımız bir ömrü yorğuna düşdü... - <b style="color:red">(şeir)</b>

Üzü üstə yatan söyüd
Böyrü üstə düşüb qalan,
Üzü üstə yatan söyüd...
Nə vaxt yıxıb tufan səni?..
Bu torpaqda kökün yoxsa,
Saxlamaz bu aman səni.

Ana köksüz, ata köksüz
Neyləyirsən yetim bala?
Sınıq-salxaq budağınla
Göyərməyin çətin, bala...
Yayın quru torpağında
İlan kimi qıvrılmağın,
Gün altında yana-yana
Qovrulmağın...

Bu nə inad, bu nə tabdı?..
Zülmün ölüm yatağında
Bu çəkdiyin nə əzabdı?..
Ya öl qurtar,
Ya ol qurtar...

Gecə sənin iniltini
Bir buludun axarında,
Göyə yalvar-yaxarında
                        eşidirəm:
“Topa bulud,
bir üzünü döndər mənə!
Bircə qətrə, bircə damcı,
Bir az nəmiş göndər mənə...”

Tut buludun ətəyindən
Bəlkə sənə nəm gətirir.
Yaman şeydi qoca dünya
Həm aparır, həm gətirir.
O quşu al budağına
Balasına yem gətirir.

Üzü üstə yatan söyüd!
Mən səndəki bu dözümdən,
Sənə baxıb öz-özümdən
                             utanıram...

Biz insanlar, ayıq, sayıq,
Suyumuz bol, yerimiz bol,
Sən bir zərrə torpağınla
Can verirsən göyərməyə -
Biz bir dünya torpaqdayıq
Dilimizdə giley-güzar...
Çayın axır - yaxşı axmır -
                             yenə giley,
Ayın baxır, mənə baxmır,
                          yenə giley.
Dilimizin günahı çox
Bu torpağa səcdəmiz yox,
Özümüzdən küsənlərik,
Bəlkə də bir ağac əkib
Yüz ağacı kəsənlərik...

Üzü üstə yatan söyüd!
Dörd yanını çəpərləyib
Altında ot bitirmisən
Sarmaşıqlar sarmanıblar
                             budağına
Bunları sən yetirmisən?
Palıd, çinar olsa idi,
Ömrü çoxdan bitmiş idi -
Ölmüş idi, getmiş idi...

Sən qəribə bir ağacsan -
Başqa tale yükün varmış,
Budaqda da, yarpaqda da
Kökün varmış, rişən varmış,
Bir göyərmək peşən varmış -
Solla sağın arasında,
Qabığınla, oduncağın
                           arasında
Bir ağ ümid axıb gedir -
Yapış görüm o ümiddən
                          qalx ayağa
Yapış qonşun o söyüddən,
                         qalx ayağa!
Dirsəyini bas torpağa,
Tinglərinlə yaşıl yazı
                            yaz torpağa!
Bir pöhrədə tumurcuğun,
Bir pöhrədə göz muncuğun -
Quzuqulaq yarpaqların
                            açılacaq!

İnada bax, dözümə bax,
Tale ağa, ümid ağa,
Söyüd ağa, üzümə bax -
Bəzən səni qınamışam
Birdən ahın tutar məni.
Ya ol qurtar, ya öl qurtar
Xəcalətdən qurtar məni,
İntizardan qurtar məni.

Üzü üstə yatan söyüd,
Dayanışın keçmiş olsun
Oyanışın mübarəkdir,
Söyüd ağa, ümid ağa,
                 qalx ayağa.

fevral - iyun 2016
Bakı - Buynuz

lll

Yüzünü kəsdilər, birin əkdilər,
Neçə quş yuvası çıxmaz sabaha.
Talandan qalana hasar çəkdilər,
Nə yaxşı,  meşəmiz üşüməz daha.

Bakı 2015

Həsrət burulğanı

Daha bundan betər yaman günüm yox,
Adi görüşə də güman günüm yox.
Daha o cığırlar keçilməyəcək...
Gözümün acısı qədəh doldurur
Daha o badələr içilməyəcək,
Gözümün qorası sıxılmayacaq,
Üstünə arılar yığılmayacaq...

Hündür ağaclarda alabaxtalar
Yuvaya enməyə fürsət axtarar.
Mənim fürsətim yox, bir ağacım yox
Dözməkdən savayı bir əlacım yox.

Yox, daha ürəyim ram olmayacaq -
Aramından keçib, ramından keçib
Hər cür gözlənəsi kamımdan keçib...
Bala, Sevinc bacı, yaxamdan əl çək
Mənim qara daşım göyərməyəcək.
İndi mən başqayam, tam başqa adam,
Dərd yükü altında çalışqan adam,
Yəni taleyilə barışqan adam.

Ehey, yazıq qoca nə ağlayırsan?
Bəs ayıb deyilmi arvad-uşaqdan?..
Təsəlli səsləri gəlsin uzaqdan
Nə deyim, lap elə yaxından keçə,
Fələyin fırlanan çarxından keçə,
Mənə veriləsi təsəlli yoxdu,
Bu dərdin axırı, əzəli yoxdu,
Dilimdə Füzuli qəzəli yoxdu
“Heç kəsə dərdi-dil
                   lazım deyil dərman üçün”.
Kimə lazımdı ki, bu göz yaşları?
Torpaqda güllərim əkilməyəcək
Bəlkə ruh axtarır, mələk axtarır,
Gözlərim göylərdən çəkilməyəcək -
Mən başqa adamam, mən başqa adam,
Bu həsrət altında çalışqan adam,
İçində qalanıb, çölündə yanan,
Kibriti cibimdə alışqan adam.

18 may, 2016
Bakı - Buynuz

Qış gəlir

Xırdaca budaqlar qırov bağladı,
Hər ağac başına bir cuna düşdü.
Keçdi ildırımdan gümüş dolular
Yerdə xəzəllərin ovcuna düşdü.

Dərənin dibini sel-su xışladı,
Bir keçəl təpəni dolu daşladı.
Qış da ilk dərsinə belə başladı,
Bir yaşıl səltənət çovğuna düşdü.

Qırov çəmənlərdən rəngi ovladı,
Alıb sarmaşığı buz buxovladı.
Külək yumruladı, tufan qovladı,
Qışın ilk qəzəbi yulğuna düşdü.

Vaxt vardı kirşəmiz döşdə çapardı,
Yerdəki qarı da göydə qapardı.
Bir az gücüm vardı payız apardı,
Qışımız bir ömrü yorğuna düşdü.

07 avqust 2016
Nabran

Səyirmə

Dağ yeridir, bir az yollar əyridi,
Sərvi gördüm tellərini hörəndə.
Qəfil çıxdı,
                     dodaqlarım səyridi
Almayanaq sərvi-nazı görəndə.

Dost elində doğma sözüm - səyirmə
“Seyirmani” səyirmə de, əyilmə.
Söz atımı səyirtdim öz xeyrimə,
Xoş rəftarı, xoş avazı görəndə.
Qəfil çıxdı, dodaqlarım səyirdi
Almayanaq sərvi-nazı görəndə.

yay, 2016
Gürcüstan, Səyirmə

Nəsihət

Xalq sözü elə cür el malıdır ki,
Müdriklər də dözür ən acı sözə,
Şair çiy sözü də udmalıdır ki,
O sözü bişirib çıxarsın üzə.

yay, 2016
Buynuz
Qızıl dan kimi

                                                                                     
Sən Allah, bu gülü yasa aparma,
Bu gül ləçəyində başqa həyat gör.
Bu qızıl güllərdən mənə qanad hör,
Sən Allah, bu gülü yasa aparma...

Qızıl dan yerindən rəng alıb bu rəng,
Göylərdən nur alıb, günəşdən çələng,
Bu, doğulmaq üçün, uçmaq üçündür
Qövsi-quzeyləri qucmaq üçündür,
Sən Allah, bu gülü yasa aparma...

Torpaq bitirəni gül eylər gedər,
Torpaq itirəni kül eylər gedər.
Bu ki, mələklərin rəng düzümüdü
Körpənin süd rəngli təbəssümüdü,
Sən Allah, bu gülü yasa aparma...

Torpaq! Qara torpaq, fırçana əhsən
Fırçanın verdiyi bu cana əhsən!
Qırxyarpaq qızılgül İlahinindir,
Vurduğu ilməyə, qırçına əhsən!

Yəqin dünya əvvəl hər yeri gülşən,
Yəni qızıl güllü, qızıl bağ olub,
Qədirbilməzlərin əlindən düşən
Gedib çöldə bitib bağrı dağ olub.

Tamam başdan-başa heyrətdi, vallah,
Vallah möcüzədir, möcüzə güllər.
Yaz ağzı elə cür tələsibdilər,
Dönüb bənövşəyə, nərgizə güllər.

Bu qırxləçəyi gör, qızılı yarpaq -
Şanapipiklərin başında daraq -
O aşiq bülbüllər hamıdan qabaq
Döşünü güllərə sipər eyləyib
Sən bu qızıl donlu mələklərə bax
Boynunu qızıl gül çəpər eyləyib.

Çəpərin qurbanı, a gül yanaqlar,
Belə açılmışdım mən də qabaqlar -
Bu ilahi güllər qırmızı donda
Mənim də sinəmdə bitmişdi onda -
O da ilk məhəbbət alovlarıydı,
Ağ güllər təmizlik qırovlarıydı -
Məni apardılar eşq aləminə
Hələ də ordayam dönüb gəlmərəm -
Ölərəm qalaram - sönüb gəlmərəm.

İlk sevgi qızılı şimşək ömrüdü,
Özü çaxıb gedər, şırımı qalar,
İztirab bu eşqin daha kömürüdü -
Qara, qırmızımı, sarımı qalar...

Bizim qaşımızda gül mayası var,
Onunçün gözəllər gülyanaqdılar -
Dan yeri qırmızı.
Qürublar sarı...
Sən Allah, bu gülün keyfinə dəymə,
Çevirmə üzünü qüruba sarı
Sən Allah, bu gülü yasa aparma...

yay, payız.
2016
Buynuz

 





30.10.2016    çap et  çap et