525.Az

Mehmet Nuri Parmaksızdan iki esse - (tərcümə)


 

Mehmet Nuri Parmaksızdan iki esse - <b style="color:red">(tərcümə)</b>

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. 

EŞQİN MÖVSÜMLƏRİ BAŞQADIR 

Əslində hər mövsümün özü, özün içindəki öz olan Təkdədir.

Bilinən mövsümlər deyil eşqin mövsümləri; adları başqa-başqa, özəllikləri fərqli-fərqlidir onların.

Payız, həsrət mövsümüdür, məsələn.

İçimizdəki solan yarpaqların və xəyalların töküldüyü; hər nəfəsdə bizi dəli-divanə edən, qaynar bir mövsüm.

Ona hakim olan rəng gözəl. Yağmurları qəlbimizdəki çiskinlər; göy qurşağı gözümüzdən axan yaşlar. Həsrət hər dəfə gizli durur bir küncdə, meydanı boş görərsə, qısqanclıq yelləriylə coşar və parça-parça edər qəlbimizi, atəşdən yanar bir dağa çevirər bədənimizi.

Qış ayrılığın mövsümü.

Göy üzünün bu mövsümdə adı hicran; günəşin adı fəraq məsələn. Hicrandan yağan qar dənələri acı, iztirab və ələm. Hüzün, qrip kimi saran bu mövsümdə; hər kəs zaman-zaman təslim olur özü-özünə.

Ölümü arzuladan, ölməyi çarə kimi göstərən bu iqlimə yenilənlər olur, lakin bilmədən özlərini zülmə salarlar. Sevgili möhtacıdır aşiqə; aşiqsə baharı gözləyər, qış bitsin vüsal gəlsin deyə dua edər bu mövsümdə. Gəlməyəcək olan getməzdi deyə, düşünməz belə. İztirab bu iqlimdə hər addımda.

Baharın adı vüsaldır; o bir daddır aşiqə.

Hər aşiq vüsalı arzular; dualarla bu mövsüm heç bitməsin istər, şükürlə daim ibadətgaha üz tutar. Bahar gözəllikdir; eşqdir.

Dünyadakı bahar keçici; üqbadakı sonsuzdur. Vüsalı bədəndə deyil, qəlbdə yaşayanlar; qismətdən razı olanlar ancaq onda sonsuz qala bilər; digər mövsümlər gəlsə də, qovuşmağı ruhən bacarmış olanlar ruhun ölümsüzlüyüylə eşqdə ölümsüzlüyə qovuşur.

Sadəcə, dünyada ruh yoldaşını tapanlar bu lütflə gerçək olur və əbədi bu iqlimdə yaşayarlar, digər mövsümlər gəlsə də. Qışda baharı yaşayarlar; eşqdə eşq açar onlar.

Yazın adı şükürdür eşqdə.

Bahardan yaza keçə bilənlər təvəkküllə, səbirlə və dualarla yalvarırlar Allaha. Ömürlük baharda qalmaq şükürlə, bahara ram olmaq niyazla mümkündür ancaq.

Eşqi bir bayraq kimi qoruyan və daşıyanlar qovuşa bilər bu mövsümə. Bu iqlimə çatmaq bir nemətdir aşiqə; eşqi eşqlə sulamaq, şükürlə bəsləmək və sonsuz təvəkküllə gözləmək əsasdır bu mövsümdə.

Əslində hər mövsümün özü, özün içindəki öz olan Təkdədir Vəhdətdə. Birdir, Təkdir O. Hər şeyin sahibi və özüdür O. Bütün mövsümləri yaradandır O. Yaratdıqlarını sevgi və mərhəmətlə qucaqlayan bir iqlimdir O.

Ona qovuşan hər nəfəsdə şükr edir; Fənafillaha yol tapır. Keçici deyil, sonsuzdur bu fəsil; hüzündən, acıdan, ələmdən və cümlə əskikliklərdən uzaqdır bu mövsüm.

Vəhdəti yaşamaq üçün Vücudi-Mütləq olana aşiq olmaqdır əsas. Qisas tələb etməz, bənzərsizdir O.

Bu gerçəyə inananlar və Ona tamamən təslim olanlar ancaq və ancaq Ona qovuşa bilər. Ona çatan xoşbəxt; Onu yaşaya bilən bəxtiyardır. Bu iqlim daim xoşbəxtliyin çiçək açdığı, solmayan gözəllikləri içində saxlayan bir diyardır. Vəhdət mövsümü sərhədsizdir.

Nə xoşbəxtdir vəhdətə qovuşa bilənlər; nə xoşbəxtdir eşqdə eşq aça bilənlər. 

Mənim könlümdə hər kəs məhşərədək yasaqlı,
Məhşərimi verdiyim gözəl içimə bağlı.
Ağlım, könlüm hamısı onun; mənliyimə sindi o,
Uzun zamandır hakim mənə Məcnunun ağlı. 

EŞQİ YARALAMAQ... 

Həyat, əzəl və əbədiyyət arası bir göz qırpımı.

Eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xudanı və bir qul üçün ən önəmli olan Mövlanın razlığını unutmaq,  aləmlərin Rəbbini qırmaqdır.

Dünya; sürgünlər sürgünündə yaşanan sonlu olandır. Həsrət məkanı olaraq bilinən və imtahan üçün gəldiyimiz bu diyarın tək bir silahı vardır ki; onun adı da “həsrət”.

Həsrət çəkmək çətin olandır. Həsrətə tabe olmaq; ölmədən ölməyi, həm də min dəfələrlə ölməyi gözə ala bilmək deməkdir. Eşq atəşi həsrətlə xarlanır; həsrət çəkən bədən və ruh həsrətlə darlanır.

Həsrət imtahan dünyasında bir baxımdan lütf; bir tərəfdən də bir cəzadır. Necə ki gerçək deyə bildiklərimizdən bəziləri baxış bucağımıza görə şəkillənirsə, həsrətdə aşiqin və “eşq” adlı lütfü diləyən qulun arzusu, təslimiyyəti və təvəkkülüylə bəzən ən çox yaxan bir atəşə; bəzən də bir mükafata dönə bilər.

Ona görə eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xüdanı və bir qul üçün ən önəmli olan Mövlanın razılığını unutmaq, aləmlərin Rəbbini qırmaqdır.

Taleyi yazan; hər şeyin sahibi O deyilmi? Ən gözəli, ən doğrunu Ondan başqa kim bilə bilər? Eşqi arzulamaq gözəldirsə; həsrətdən şikayət nəyə gərək? İmtahan üçün gəldiyimiz sonlu olan dünyada mütləq xoşbəxtlik yoxdur ki.

Bu gerçəyi bilə-bilə yaşadığımız əskikliklər və çəkdiyimiz iztirabdan nigaran olmaq nəyə lazım? Dünya həsrət adlı silahını atəşə hazır etsin; əlimizdə şükür adlı qalxanımız varkən sızlamaq, sitəm etməyə nə gərək var?

Şükür, fərəhlədən bir sərinlikdir; həsrətin od-alovu qarşısında. O qədər  güclüdür ki; içdən, səmimi “çox şükür” deyə çəkilən bir nəfəs həsrətin odunu; o ürəkdəki yanğını, gülləri qırmızı bir gülüstana çevirə bilər.

Yetər ki, Rəbbim “ol” desin. Yetər ki, istəyim Ondan; yetər ki, cani-könüldən eşqlə, təslimiyyətlə, təvəkküllə dua edək Xudaya. İmtahanı və Onu unutmayanı Rəbbim unutmaz çünki.

Sevdiyinin ürəyini qırmaqdan qorxan Rəbbini qırmaqdan niyə qorxmaz? Bəlkə də, qorxar; bu gerçəyi dərk etmək gərəkdir zamanla. Röyadayıq bu dünyada; heç oyanmayacağıq zənn edərik; gerçək oyanınca başlayacaq əslində.

Gerçəyi arayanlar həsrətdən və taledən razı olandır. Gerçəyi arayanlar imtahan dünyasında olduğunu unutmayanlardır. Çox şükür yaradılışın sirrinə vaqif olanlara. Çox şükür hər şərtdə və durumda “çox şükür Ya Rəbbim” deyənlərə.

Yaşamaq, bir anlamda öləcək olduğumuz gerçəyi qəbul etmək deyilmi? Deməli, ölmək üçün yaşayırıq; mütləq gerçəyə, məhşərə çata bilmək üçün.

Sonludan keçmədən sonsuza çatmaq olmaz ki. Sonlu olan dünyadakı imtahanını verməyən; sonu sonsuzluğa gedən həyat adlı nərdivanın pillələrini “çox şükür” demədən çıxmağa çalışanlar, cənnətə yol tapa bilməz ki. Söyləyin mənə; cənnət o qədər ucuzmu?

Həyat, əzəl və əbədiyyət arası bir göz qırpımı.

Sonsuzun sonluya nisbəti bu. Budur böyütdüyümüz dünya; budur böyütdüyümüz həsrət, çünki dünya sonsuzluğun bir silsiləsi desəm, yenə də həddini aşmaram; hətta əskik belə söyləmiş olaram gerçəyi.

Gerçəyi bildikdən və gerçəyə sahib olduqdan sonra yaralayın eşqi yaralaya bilsəniz.

Mən səninəm, sən mənim; məhşərədək gizlərim
Səni gördüyüm hər dəm eşqlə çökər dizlərim.
Eşq gözü kor edərmiş amma gördüyüm gerçək
Gözünü hər qırpanda ceyranları izlərim...

Mehmet Nuri PARMAKSIZ

 





31.10.2016    çap et  çap et