525.Az

Böyük yolun zəfər zəngləri - Yeddinci məqalə


 

1500 İLİN MÖHTƏŞƏM “POEZİYA” TELEKARVANI

Böyük yolun zəfər zəngləri - Yeddinci məqalə<b style="color:red"></b>

Son söz əvəzi və ya Sənə and içirəm, Respublikam!

Adətən, müqəddəslərə and içirlər; mənim üçün yer üzündə səndən müqəddəsi yoxdur; sənə and içirəm, Respublikam!

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileylərinə üz tutan məqalələr silsiləsinin sonuncu - yeddinci yazısının ilk qığılcımı qəfil bir sarsıntıdan yarandı. “Görkəmli” bir ziyalı ağzı köpüklənə-köpüklənə qəzəblə dedi ki, Mirzə Cəlil, Sabir kimi dahilərin yüz il əvvəl dediklərini hələ də eşitməyən, istedadsız müğənnilərini istedadlı alimlərindən yaxşı yaşadan bu xalq azadlığa, bu respublika müstəqilliyə layiq deyil. Ürəyim ağrıdı və ağrıyan ürəyimin çağırış yollarıyla işdən çıxıb piyada Milli Parka tərəf getdim, bir də gözümü açdım ki, Dövlət Bayrağı Meydanındayam. Beş-altı kilometrlik yolu necə getdiyimdən xəbərim olmadı...

Xəzri əsirdi. Gömgöy səmada küləklənən ağ buludlar günəşin qızılı şəfəqləriylə öpüşürdü. Şəhərin başı üstündə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq gün işığında bərq vurur, möhtəşəm bir gözəlliklə sayrışırdı...

Dövlət Bayrağı Meydanının ucalığına qalxan pillələrin ayağından dörd tərəfə baxdım, boylandım, hər tərəfdə Bakının bir-birindən gözəl panoram mənzərələrini gördüm. Paytaxt Bakı dörd bir tərəfdən Xəzərin bir hissəsini və Dövlət Bayrağı Meydanını bütünlükdə qucağına almış, qucaqlamışdı. Dövlət Bayrağı Meydanının məhz burada, bu memarlıq nöqtəsində yerləşdirilməsinin rəmzi mənasını, fəlsəfəsini indi anladım, razılıq, minnətdarlıq hissləri duydum.

Kövrək uşaq anasına sığındığı kimi Dövlət Bayrağı Meydanına, ümumxalq ruhunun müqəddəs ucalığına sığınmışdım. O ucalıqdan qədim və qüdrətli bir tarixin, Azərbaycan ünvanlı misilsiz maddi və mənəvi mədəniyyətin səsi gəlirdi.

Bu, tarix boyu QILINCIN və QƏLƏMİN çoxsaylı fatehlik zirvələrinə imza atan Azərbaycan varlığının səsidir. Bu, Qafqazda ilk sivilizasiya ocaqlarını yandıran Azıxın, Tağların ilkin sənət düşüncələrini qayaların sinəsinə həkk edən Gəmiqayanın, Qobustanın, neçə min illik şəhər mədəniyyətinə sahiblik edən Naxçıvan və Gəncənin, Bakı və Təbrizin, Bərdə və Şabranın, Qəbələ və Ərdəbilin səsidir. Beş min yaşlı Dəmir Qapı Dərbəndin yaddaş saxlancından, dağlar qartalı Çıraqqalanın, şəhərlər gözəli Qız qalasının, mərdlik və düzüm simvolu Ərkin, Koroğlu, Babək, Cavanşir qalalarının şərəfli tarix binələrindən, mərdanə döyüş yollarından gəlir o məğrur, möhtəşəm səslər.

O əbədi səslərə, çağırışlara üz tuturam, xəyalən o bəlli binələrdən, yadigar yollardan keçirəm, hər addımda səni görürəm, doğma ana qucağının müqəddəs mehrini-məhəbbətini hiss edirəm, sənin mərdanə ucalığın, tarixi və müasir qüdrətin qarşısında baş əyirəm, diz çökürəm, Respublikam! On illər əvvəl, qədim Şabranın təzəliklə açılan, torpağın zülmətindən gün işığına çıxarılan neçə min illik küçələrində unudulmaz arxeoloq, tarix elmləri doktoru, dostum Rəşid Göyüşovla birlikdə gəzə-gəzə heyrətlənməyimizi xatırlayıram; balaca boylu böyük alim adətən olduğu kimi bərkdən danışmırdı, səsini qısa-qısa qulağıma pıçıldayırdı ki, burada kimsənin söz deməsinə ehtiyac yoxdur, çünki sükutun hökmranlıq etdiyi bu müqəddəs məkanda əlahəzrət TARİX ÖZÜ DANIŞIR. İlk dəfə sükutun səsini onda eşitdim, tarixin hökmfərma danışığına onda heyrətləndim və əmin oldum ki, dünyada tarixdən uca səslə danışan yoxdur. Tarix onda xoşbəxt olur ki, onu eşidirlər, ondan nəticə çıxarırlar, onun səsinə, çağırışına səs verirlər və səs verdikləri həqiqətləri yaşadırlar, həyata keçirirlər.

Və mən işlədiyim 35 ildə zaman-zaman ona şahid olmuşam ki, Azərbaycan Teleradiosu həmişə Azərbaycan tarixindən gələn səslərə, çağırışlara doğru gedib, o səsləri, çağırışları eşidərək, ən yaxşı verilişlərində, tamaşa və filmlərində milli ruhumuzun ZƏFƏR ZƏNGLƏRİNİ SƏSLƏNDİRİB. Müxtəlif dövrlərin müxtəlif tələb və təkliflərindən, sosial-siyasi sifarişlərindən irəli gələn növbətçi teleradio məhsulları, əlbəttə, olub; söhbət, ən çətin zamanlarda belə Azərbaycan dilini, ədəbiyyat və mədəniyyətini, bütünlükdə milli-mənəvi dəyərlərimizi əsas istinad nöqtəsi, strateji hədəf kimi daim gündəmdə qoruyub saxlamaq fədakarlığından gedir. Qızıl fondda qorunub saxlanılan saysız-hesabsız veriliş, tamaşa, bədii və sənədli filmlərdə bu misilsiz FƏDAKARLIĞA dönə-dönə şahid oluruq. İlk növbədə ona şahid oluruq, onunla qürur duyuruq ki, Azərbaycan Televiziyası və Radiosu bütün tarixi boyu həmişə Azərbaycan xalqının yanında olub, Azərbaycanın tarixi və çağdaş strateji MÖVQE və MARAQLARINA XİDMƏT EDİB. Və bu cümləni yaza-yaza mən daha çox son on ilin möhtəşəm uğurlarını düşünürəm.

Bəli, indi hamı görür, təsdiq və etiraf edir ki, son illər Azərbaycan televiziyasının həyatında yeni bir mərhələ başlayıb. Televiziyamızın həyatında baş verən bütöv yenidənqurmanı, taleyüklü, kompleks müsbət dəyişiklikləri, dövrün əsas tələb və təkliflərindən irəli gələn əsas yaradıcılıq tendensiyalarını, yaradıcı axtarış və tapıntıların miqyasını nəzərə alsaq, bu mərhələni KƏMİYYƏTDƏN KEYFİYYƏTƏ KEÇİD, keyfiyyət yüksəlişi dövrü kimi xarakterizə etmək olar. Həm maddi-texniki, həm mənəvi-intellektual baxımdan yeniliyə, müasir dünya standartları səviyyəsinə geniş meydan açılır; teledüşüncə on illər boyu yaranan qəliblərdən, köhnədəbli ovqatdan xilas olmağa, novatorluğa can atır. Otuz ilə yaxın Azərbaycan Teleradiosunda işləyən, bu sahəni dərindən bilən İQTİSADÇI, ALİM və JURNALİST Arif Alışanovun məqsədyönlü, perspektivli islahatları və onların nəticəsi olan uğurlar artıq tarixi fakt, reallıqdır.

Arif Alışanov Azərbaycan Televiziyasına çoxdan gözlənilən və ehtiyac duyulan yeni estetik dəyərlər sistemi, təzə informasiya mühiti gətirdi, müasir dünya standartlarına cavab verən, eyni zamanda bütünlüklə Azərbaycanın milli-mənəvi dəyərlərinə əsaslanan yeni teleistiqamətə yol açdı. İstər informasiya və ictimai-siyasi proqramlar, istər “Azərbaycan-telefilm” və dublyaj sahəsində, istərsə də bədii və maarifçilik yönündə davamlı keyfiyyət dəyişikliyi, əlamətdar, sistemli uğurlar artıq göz qabağındadır. Əsası odur ki, yol, hədəf düzgün seçilib və daha ciddi uğurlara doğru gedirik. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yeni “İdman Azərbaycan” və “Mədəniyyət” kanallarının açılması və keyfiyyətli fəaliyyəti də həmin uğurlar yolunun daha bir təsdiqidir.

“İdman Azərbaycan” bəlkə də dünyada yeganə telekanaldır ki, planetin ən populyar, məşhur idman yarışlarını əhalinin heç bir maddi ödənişi olmadan canlı şəkildə xalqımıza təqdim edir. “Mədəniyyət” telekanalı isə qədim, zəngin, dahilər bolluğuyla seçilən Azərbaycan milli mədəniyyətini bütün dünyaya olduğu kimi təqdim etməklə çox böyük maarifçilik missiyasını həyata keçirir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son illərdə aparılan əsaslı, genişmiqyaslı yenidənqurma işləri, beşmərtəbəli yeni korpus və təzə studiyaların tikintisi uğurla başa çatdırılıb, tam həcmdə istifadəyə verilib. Dünya standartlarına cavab verən ən müasir texniki avadanlıqların quraşdırılmasıyla paralel aparılan, həm kəmiyyət, həm keyfiyyət baxımından 60 illik televiziya, 90 illik radio tariximizdə analoqu olmayan, bütöv infrastrukturu əhatə edən bu uğurlu, praktik nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin teleradiomuza daimi diqqət və qayğısının real nəticəsidir.

Azərbaycan televiziya və radiosu bu böyük qayğıya əməli işlə cavab verir, xalqımıza, müstəqil dövlətimizə layiqincə xidmət göstərir. Azadlıq, müstəqillik, milli dövlətçilik, azərbaycançılıq ideyalarının, istiqlalçı milli təfəkkürün, multikultural bəşəri, dünyəvi dəyərlərin təbliğində, ümummilli düşüncə tərzinə, həyat normasına çevrilməsində Azərbaycan teleradiosunun son illərdəki məqsədyönlü fəaliyyəti həqiqətən təqdirəlayiqdir.

Hazırda müstəqil Azərbaycan Respublikasının kosmik peyki, eləcə də digər iki peyk və İnternet vasitəsiylə Azərbaycan Televiziyası və Radiosunun verilişləri, demək olar ki, bütün dünyaya yayımlanır. Radiomuzun “Güney Azərbaycan” redaksiyasından hər gün Azərbaycan dilində 8 saat həcmində, “Şərq ölkələri” redaksiyasından türk, ərəb, fars dillərində, eləcə də talış, kürd, ləzgi, gürcü və erməni dillərində verilişlər dünya efirinə çıxır.

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində “Səsyazma evi”, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor, Tofiq Əhmədov adına Estrada-simfonik orkesti, Niyazi adına Dövlət simfonik orkestri, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı, Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı, Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və solistlər, “Qaytağı” instrumental ansamblı uğurla fəaliyyət göstərir.

Nüfuzlu, çoxsaylı orkestr və ansamblları qoruyub saxlamaq, yenilərini yaratmaq, onların keyfiyyətli fəaliyyətini lazımi şəraitlə, alətlər və texniki imkanlarla təmin etmək müasir musiqi-ifaçılıq sənətimizə, Azərbaycan milli incəsənətinə layiqli qayğı, kömək, strateji bir xidmətdir.

İndi dünyanın istənilən bölgəsindən Azərbaycan televiziyasının çəkiliş qrupları birbaşa videoinformasiya vermək imkanına malikdir...

Artıq tam cəsarətlə demək olar ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kəmiyyətdən keyfiyyətə keçərək inkişafın yeni, daha üstün mərhələsinə daxil olub, bu gün ciddi uğurlarıyla seçilir.

Son vaxtlar yaradılan, geniş tamaşaçı auditoriyasının diqqət və marağını, böyük sevgisini qazanan bir sıra yeni silsilə verilişlərimiz, film və tamaşalarımız bunu bir daha təsdiq edir. “Sevilənlər”, “Bu axşam”, “Yaradanlar və yaşadanlar”, “Muğam və mənəviyyat” verilişləri tok-şou janrının teleestetika baxımından daha kamil, forma və məzmun vəhdəti baxımından daha yetkin telemodellərini təqdim edir. Bu yeni, uğurlu layihələr adətən əsəb və göz yaşlarına hesablanan tok-şounun ənənəvi sensasiya xəstəliyindən,neqativ, antiestetik, boz emosiya bataqlığından uzaqdır, daha çox işığa, pozitiv enerjiyə köklənir, xalqın YARADICI və YAŞADICI QÜDRƏTİNİ ÖN PLANA çəkir, tamaşaçını əsl ZİYALI, milli-mənəvi dəyərlər daşıyıcısı olmağa tələsdirir. Azərbaycan Televiziyası bu yeni verilişləri ilə əslində, nümunə göstərir, tok-şou janrını əsəb və göz yaşlarından, qaranlıqdan, kriminal kabusundan xilas edir...

Yeri gəlmişkən, ürəyimdən keçən bir fikri də demək, bu yazının yaddaşında əbədiləşdirmək istərdim. Professionallıq və təşkilatçılıq bacarığı, yüksək intellektuallıq və nəzəri-praktik səriştə, təcrübə birləşəndə, adətən, uğurlu nəticə verir. Arif Alışanovu televiziya sahəsindəki professionallıqda Elşad Quliyevlə, kadrları seçib yerləşdirmək bacarığında, ümumi intellektual səviyyədə Teymur Əliyevlə müqayisə etmək olar.

Xalqın böyük tarixinin, milli-mənəvi yaddaş enerjisinin, min illəri əhatə edən qüdrətli dövlətçilik xatirələrinin müasir Azərbaycan mühitinə, çağdaş azərbaycanlının ürək və beyin, duyğu və dərk meydanlarına NƏQL, TRANSFORMASİYA olunmasında, beləliklə, xalq-dövlət vəhdətinin öz kökü üstündə, öz keçmişinə layiq şəkildə yenidən formalaşdırılmasında, mənən, ruhən səfərbər edilməsində Azərbaycan televiziyası bu gün misilsiz xidmət nümunəsi göstərir. Bu gün Azərbaycan on səkkizinci əsrin ortalarından, Səfəvilər dövlətinin süqutundan sonra itirdiyi vahid, bütöv, müstəqil dövlətçilik vəhdətinin ŞƏRƏFLİ,UĞURLU BƏRPASI dövrünü yaşayır.

Azərbaycan Televiziyası ölkə prezidenti İlham Əliyevin müdrik uzaqgörənliklə müəyyənləşdirdiyi əsas strateji istiqamətləri həlledici yol kimi götürərək həmin tarixi prosesə qoşulur, peşəkar, məqsədyönlü, ölçülü-biçili fəaliyyəti ilə məhz LAZIM OLAN MƏQAMLARI ekrana, ön plana gətirir. Adi bir misal: bir neçə il əvvəl Azərbaycan Televiziyasının verilişlərarası keçidlərində milli tarix və mədəniyyət abidələrimizin kərpic-kərpic yenidən qurulması, məhz elmi bərpa və restavrasiya prosesinin ÖZÜ obrazlaşdırılırdı; 250 ildən bəri vahid, müstəqil dövlətçiliyini itirən Azərbaycana qədim tarix və mədəniyyət abidələrinin yenidən quruculuq telesimvolikası ilə bütöv DÖVLƏTÇİLİK YADDAŞI, onun bütöv BƏRPASI təlqin və təqdim olunurdu; bu, xalqın kütləvi şüuruna, onun qan, gen yaddaşının oyadılmasına, səfərbər edilməsinə ünvanlanan və deyərdim ki, milli təhtəlşüurda çox mühüm İŞ GÖRƏN bir teletapıntı idi. Daha sonra qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunmasını simvolizə edən səkkiz guşəli qalxan-qerb detalı önə çıxarıldı, əsas simvola çevrildi...

Müasir televiziyadan yazanlar məhz belə “gizli” detalların,simvolların şərhi və analitik təhlilinə, estetik-fəlsəfi izahına önəm verməlidirlər...

Heydər Əliyevin XİLASKAR İDEYALARINI uzaqgörən müdrikliklə, ləyaqətlə davam və inkişaf etdirən ölkə prezidenti İlham Əliyev, yadımdadır ki, ziyalılarla bir görüşündə Azərbaycanın son iki əsrdə imperiyalar arasında duruş gətirə bilməsində, assimilyasiya olunmamasında milli ədəbiyyat və incəsənətin, məhz Azərbaycan dilinin misilsiz rolunu xüsusi vurğulamışdır. Bu, xalqının, dövlətinin əsas potensial imkanlarının, gizli GÜC MƏDƏNLƏRİNİN harada, “hansı laylarda” olduğunu dərindən və dəqiqliklə bilən böyük vətəndaşın, müdrik Prezidentin mövqeyidir. “Neft amilindən İNSAN AMİLİNƏ, maddi kapitaldan mənəvi kapitala” konsepsiyasını irəli sürən, əsas dövlətçilik mexanizmini məqsədyönlü hədəflərə doğru istiqamətləndirərək “əbədi və dönməz” hərəkətə gətirən İlham Əliyev, təsadüfi deyil ki, qısa bir müddətdə tariximizdə analoqu olmayan uğurlara imza atdı, müstəqil Azərbaycanın ən yeni tarixində inkişafın, əslində intibahın yeni keyfiyyət mərhələsini həyati reallığa, praktik həqiqətə çevirə bildi.

Və mən bu misilsiz həqiqətlərdən yaza-yaza bir daha Azərbaycan Televiziyasının son illərdəki uğurlu fəaliyyətini düşünürəm, böyük teleradio yolunun uğur zirvələrini görür, ZƏFƏR ZƏNGLƏRİNİ eşidirəm. Yüksək sürətlə inkişaf edən dövlətimizin daim yanında olan, ona layiqli əməyi, uğurlu, sədaqətli fəaliyyəti ilə kömək edən Azərbaycan televiziyasında işləməyimlə qürur duyuram...

Və Dövlət Bayrağı Meydanının müqəddəs ucalığında Azərbaycanın qədim, qüdrətli tarixindən gələn,müasir müstəqillik dövrunun misilsiz inkişaf, intibah mənzərələri, zirvə həqiqətləri ilə qovuşaraq möhtəşəm simfoniyaya dönən əbədi, susmaz səsləri eşidirəm. O səslər halal buğda dənələri kimi qəlbin çöllərində cücərib səməni-səməni boy atar, ruhun səmalarına boylanar, həqiqi vətəndaş dünyasında əks-səda verər, deyilməz-bilinməz xoşbəxtlik taxtında möcüzəyə dönər, insan həyatının ən böyük, ən uca SƏRVƏTİNƏ çevrilər. O elə bir sərvətdir ki, nə bazarda satılar, nə pulla, qızılla alınar, nə hədiyyə, bəxşiş, ənam, vərəsə kimi verilər;o, insanın öz xalqı, dövləti, bayrağı ilə RUH-QAN qovuşmasının, Vətən və vətəndaş vəhdətinin tanrısal gizlini, müqəddəs möcüzə məqamıdır; o məqamda xalqın milli sərvəti olan istiqlal, dövlətin namusu olan müstəqillik, bayrağın möhtəşəm meydanı olan əbədi və enməz ucalıq həqiqətən müqəddəsləşir...

Və qəlbimin səmalarında titrəşən bu çarpıntılarla ANA VƏTƏNİM, Vətənimin ruhu olan DÖVLƏTİM qarşısında diz çökürəm; adətən, müqəddəslərə and içərlər; mənim üçün yer üzündə səndən müqəddəsi yoxdur, SƏNƏ AND İÇİRƏM, RESPUBLİKAM...

 





31.10.2016    çap et  çap et