525.Az

Ermənistan atəşkəs rejimini pozmaqda ciddi şəkildə maraqlıdır


 

"AZƏRBAYCAN HƏRBÇİLƏRİ ERMƏNİ TƏXRİBATLARINA CAVAB VERMƏK ÜÇÜN APREL AYINDAKINDAN DAHA HAZIRLIQLI VƏZİYYƏTƏ GƏTİRİLİBLƏR"

Ermənistan atəşkəs rejimini pozmaqda ciddi şəkildə maraqlıdır<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinin ardınca Ermənistan cəbhə xəttində təxribatlara əl atıb.

Erməni hərbi birləşmələri minaatanlardan istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirməklə məşğuldur.

Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Nazirlik bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "525"ə bildirib ki, hazırda erməni mətbuatının yaydığı məlumatlar aprel ayında baş verən dördgünlük müharibə zamanı tirajladıqları fikirlərlə təxminən eynilik təşkil edir: "Ermənilər açıq-aşkar həyasızlıqlarını nümayiş etdirirlər. Onlar cəbhədə hərbi ekkalasiya yaratmaq cəhdlərini gizlətmirlər. Ermənilər son olaraq belə bir məlumat yayıblar ki, guya Azərbaycan ordusu qoşunların təmas xəttində şimal istiqamətində "neytral" ərazidə minasızlaşdırma əməliyyatı aparıblar və buna görə də qarşı tərəf atəş açaraq hərbçilərimizi geri oturdub. Fikir versək, ermənilər uydurduqları hadisənin "neytral" ərazidə baş verdiyini, daha sonra Azərbaycan hərbçilərini həmin ərazidən uzaqlaşdırdıqlarını deyirlər. Əgər bu ərazilər ermənilərin dediyi kimi "neytral"dırsa, onlara nə aidiyyatı var ki, Azərbaycan əsgəri həmin ərazidə nə edir? Bu bir daha onu göstərir ki, Ermənistan hərbi təxribata hazırlaşır, cəbhədə eskalasiya vəziyyəti yaratmağa çalışırlar".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan ordusu, hərbçiləri erməni təxribatlarına cavab vermək üçün aprel ayındakından daha hazırlıqlı vəziyyətə gətiriliblər.

Politoloqun sözlərinə görə, bəzən belə fikirlər səslənir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün cəbhədə vəziyyəti gərginləşdirmək yox, sakitləşdirməkdə maraqlıdırlar: "Bu fikirlər tamamilə yalandır, heç bir reallığa söykənmir. Əksinə, ermənilər atəşkəs rejimini pozmaqda ciddi surətdə maraqlıdırlar".

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinə toxunan mərkəz sədri qeyd edib ki, vasitəçilər ermənilərin gözləntilərinə cavab vermədilər: "Həmsədrlər işğal olunan ərazilərdən, ermənilərlə azərbaycanlıların birgə yaşamaq imkanlarından danışıb. Bu ermənilər həmsədrlərdən gözlədiyi fikirlər deyil. Ona görə də, işğalçı ölkə qoşunları təmas xəttində vəziyyəti gərginləşdirməkdə maraqlıdır ki, həmin ərazilərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik müşahidə missiyası yeridilsin, monitorinq üzvlərinin sayı artırılsın,  qarşıdurma zonasına monitorlar quraşdırılsın və əlavə olaraq insidentləri tətqiq edən mexanizmlər yaradılsın. Əgər qoşunların təmas xəttində sakitlik olsa, o zaman Anje Kaspşikin missiyasına nə ehtiyac qalır? Və yaxud ATƏT nəyə görə, kifayət qədər maliyyə vəsaiti sərf edib həmin əraziyə əlavə qurğular yerləşdirməlidir? Buna əsas yaratmaq üçün ermənilər cəbhədə gərginlik yaratmaqda maraqlıdır".

M.Əhmədoğlu hesab edir ki, gərginliyin artmasının digər səbəbi ermənilərin qoşunlarının təmas xəttinin hüquqi statusunun gündəmə gətirməyə çalışmasıyla bağlıdır: "Yəni, Ermənistan istəyir ki, "qoşunların təmas xətti" anlayışı hüquqi baxımdan "dövlət sərhəddi" ifadəsinə yaxınlaşsın".

Politoloq qeyd edib ki, üçüncü səbəb isə Ermənistanın yeni təyin olunan müdafiə naziri Vigen Sarkisyanın xarakteri ilə bağlıdır: "O, ümumiyyətlə avantürist adamdır. Sözügedən nazir Ermənistan Prezident Administrasiyanın rəhbəri işləyəndə də qarşısında iki prioritet məsələ var idi: qondarma erməni soyqırımı və Dağlıq Qarabağ münaqişəsi. O həmişə siyasi təxribatlarla məşğul olub. İndi isə müdafiə naziri təyin olunan Vigen Sarkisyanın sakit dayanacağını proqnozlaşdırmaq olmazdı. O xarakterini nümayiş etdirmək, öz mövqeyini gücləndirmək üçün təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Çünki bu adam hərbçi deyil. Cəbhədə vəziyyəti gərginləşdirməklə o "yaxşı" hərbi nazir olduğunu sübut etmək istəyir".

M.Əhmədoğlu əlavə edib ki, qüdrətli Azərbaycan ordusu torpaqları işğaldan azad etməyənə qədər biz vaxtaşırı olaraq Ermənistanın bu cür təxribatlarının şahidi olacağıq.

Siyasi şərhçi Arzu Nağıyev isə hesab edir ki, həmsədrlər Azərbaycan prezidenti İlham Əliyevin verdiyi muxtariyyat bəyanatını, rəsmi Bakının danışıqlarda əsas şərti kimi Ermənistan tərəfinə çatdırmaq üçün regiona səfər ediblər: "Gözlənildiyi kimi, ermənilər buna qeyri-adekvat cavab verdilər".

A.Nağıyev qeyd edib ki, münaqişənin həllinin yubanması Azərbaycanı qane edə bilməz: "Cənubi Qafqazda əsas söz sahiblərindən biri kimi Azərbaycanın böyük iqtisadi layihələrini davam etdirməsi üçün regional təhlükəsizlik əsas rol oynayır: "Dağlıq Qarabağ münaqişəsinin davam etməsi üçün bu təhlükəsizliyinə ən böyük təhdirdir. Yəni, biz iqtisadi layihələri davam etdirmək üçün mütləq təhlükəsizlik məsələlərini həll etməliyik".

Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın təcavüzkar siyasəti, işğal etdikləri torpaqlarımızdan qeyd-şərtsiz qoşunlarını çıxarmasına dair, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumların qəbul etdiklərini qətnamələri yada salan ekspert qeyd edib ki, rəsmi Bakı beynəlxalq hüququn bizə verdiyi imkanlardan çıxış edərək işğal olunan ərazilərdə anti-terror əməliyyatı keçirə bilər. Lakin bu bölgədə böyük toqquşmalara səbəb olacaq. Ona görə də nə qədər ki, bu proseslər gedir, Serj Sarkisyan və onun komandası münaqişə ilə bağlı status-kvonu qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxırlar".

A.Nağıyev bildirib ki, ən yaxşı yol sülh yoludur: "Azərbaycan sülhün tərəfdarıdır. Lakin Ermənistan Azərbaycan ilə eyni fikirləri bölüşmür. Belə bir vəziyyətdə bölgəni qarşıdurmalardan qorumaq üçün BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, eləcə də böyük dövlətlər Ermənistana təsir mexanizmlərini artırmalıdır. Çünki bu dəfə regionda silahlı qarşıdurmalar böyük müharibəyə gətirib çıxara bilər".

Ceyhun ABASOV

 





01.11.2016    çap et  çap et