525.Az

"Könüldən-könülə yollar görünür"


 

"Könüldən-könülə yollar görünür"<b style="color:red"></b>

Vyaçeslav Ar-Serqi tanınmış udmurt söz ustası, Udmurtiyanın Xalq yazıçısı, qırxdan çox kitabın müəllifidir.

Udmurt etnosu böyük türkdilli dünyanın birşaxəli qoludur, uqro-fin qrupuna aid edilir. Azərbaycan ədəbi aləminə Ar-Serqini bir çox yaradıcı və insani tellər bağlayır.
 
Bu ülfət Nizami irsindən başlayaraq - Vyaçeslav Nizaminin "Leyli və Məcnunu"nu öz ana dilinə çevirib - başqa klassik ustadlarımızın adlarıyla zənginləşib.

Onu vətənimizlə bağlayan görkəmli şairimiz Sabir Rüstəmxanlı ilə tanışlığı, dostluğu olub; Sabirin dəvəti və təşviqi ilə udmurt qələm ustası Azərbaycana dəfələrlə gəlib, Bakıda olub, Şamaxıda Sabir poeziya günlərində iştirak edib və Sabir Rüstəmxanlı ilə onun doğma yurdu Yardımlı rayonuna qonaq gedib.

Vyaçeslav, bir sıra milli müəlliflər kimi, öz sənətkar cığırını zəngin Rusiya ədəbi polifoniyasında uğurla açır, eşidilir və tanınır. Onun özünüifadə vasitəsi kimi rus dilini seçməsi də Oljas Suleymenovun seçimini xatırladır; - səbəbi Vyaçeslavın tərcümə olunan əsərlərindən qane olmaması, orijinal mətninin çevrilmələrdə müəyyən itgilərə məruz qalmasıdır.

Biz Bakıda Sabir Rüstəmxanlının sayəsində tanış olduq, söhbətləşdik, bu sadədil, təvazökar, istiqanlı insan, necə deyərlər, ürəyimə yatdı. Mənə kitabını bağışladı. Bir neçə şeirini ana dilimizə çevirdim, "Ulduz"da çap etdirdim. İndi də daha bir qismini çevirib oxucularımıza təqdim edirəm.

Səyavuş MƏMMƏDZADƏ
Oktyabr, 2016-cı il

Qobustan

Mən qədim şəhərin vətəndaşıyam
Dəniz dalğaları hopub canıma,
Uzun tarixlərin yol yoldaşıyam,
Ulu babaların qan yaddaşıyam.

Əski tonqalların külü qaraldıb,
Tufanlar qarsıdıb cadar üzümü,
Gözümün kökünü həsrət saraldıb,
Torpaqdan almışam səbri, dözümü.

Zeytun ağacları baş əyir mənə,
Sinəmdə çəkilən qayıqlar qalın,
Yanımda pöhrələr, otlar boy atır,
Dənizin həniri səhər oyadır,
Gecələr yatanda laylamı çalır.

Dağlara üz qoyur ox atan çapar,
Olsa da enişli-yoxuşlu yollar,
Ovçu şikarını haqlayar, tapar,
Yolunu kəssə də əngəlli kollar,
Keçmişdən sorağı bugünə çatar...

Atam

Romantik xislətli peşəkar idi,
Elektrik işindən xəbərdar idi,
Dənizçi olmağın hələ demirəm,
Qızıl mədənində əməkdar idi.

Qarmon çalmağı da başqa şakəri,
Yanıqlı-yanıqlı hərdən çalardı.
Dilə gətirərdi pünhan kədəri,
Atlar da belə məyus qalardı.

Kövrəldə bilərdi çaldığı qarmon
Örüşdə otlayan bədöy atları,
Açardı vurduğu odlu "samoqon"
Qəlbini göynədən gizli qatları.

Bilməzdim, indinin özünə qədər,
Nədəndi atamı incidən kədər,
Hansı peşmançılıq üzürdü onu,
Həsrətlə çaldığı köhnə qarmonu?...

Çərpələng

Qollarımı gen açaraq
Mavi səmada süzürəm,
Mavi ənginliyi qucaraq,
Sanki dəryada üzürəm.
Dərə-təpə fövqündəyəm,
Aşağıda qalıb aləm,
İntəhasız fəzalarda
Göz dikirəm kainata,
Qaranlığı uda-uda
Günəş yanır uzaqlarda,
Sapı uzada-uzada,
Möhlət verir mənə fələk,
Gücüm varsa, həvəs varsa,
Uçum gərək, uçum gərək,
Üfüqləri keçim gərək,
Bu dünyanı qucum gərək!

Döşünə döyənlərin marşı

"Rusiyadan dəm vururlar ozanlar,
Kilsə, məzhəb, yoxsullardı halallar..
Dindar olub boynundan xaç asanlar,
"Zəbbeyk"  deyir xırda-xuruş naqqalar,
Dildən zirək yeyir, içir, piylənir,
"Vətən, vətən" deyə-deyə hərlənir,
Beləsindən qurtulmağa yox tədbir,
Zikr eləyən elə qarnına təpir.
Fəhləyə dost, kəndliyə qardaş deyir,
Canından çox füqəranı istəyir..
Lənətləyir "qırmızı" günahları,
Qırmızıdan betərdi iştahları...
Beləsindən bircə soruşan gərək:
"Dəzgah, kotan nəmənədir, de, görək?
Çənə döyməkdə sən zirəkdən zirək,
Umacağın, təmənnan -  yağlı çörək!
Haqqını da "yaşıl" pulla qoyursan,
"Millət" deyə millətini soyursan,
Qazancını alverçitək sayırsan,
Boğazını daim yırtan şüxəndan!

Vətən

Kəndim nəhəng yer üzünə
Qərib-qərib qısılmışdır.
Torpaq y olun tərəfinə
Nazik cığır cızılmışdır.

Şaxtadan donuxan sərçəcik
Civil-civil civildəyir.
Arxası yox, istisi yox,
Soyuqdan qurtulmaq istəyir.

Ətraf qardı başdan-başa,
Tünük qarı basa-basa
Yollanıram evə sarı,
Qalayıram samavarı.

Tənbəkidən "eşmə" büküb,
Ciyərdolusu çəkirəm
Cah-cəlalı artıq görüb,
Bostanımda zoğ əkirəm.

Bir qurtum çay, bir də tütün
Bəs eləyər mənim üçün,
Budur mənim yuvam-yurdum,
Çay içirəm qurtum-qurtum.

Vyaçeslav Ar-Serqi
(Udmurtiya)

 





01.11.2016    çap et  çap et