525.Az

Şeir gərək haqdan gələ...


 

Şeir gərək haqdan gələ...<b style="color:red"></b>

Xanəli Kərimli 1951-ci il noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub.

O, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə Əcnəbi tələbələrlə iş üzrə dekan, Naxçıvan MR-in Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 100-dən artıq  elmi və publisist məqalələrin, "Ay işığında" (1998), "Anamdan məktub" (2001), "Bu da bir nağıldı..." (2004), "Mənə elə gəlir ki..." (2008), "Bir ümmandır..." (2011) şeir kitablarının, "Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası" (2000) metodik vəsaitin müəllifidir. Haqqında "Şairə məktub" (2007), "Bir ömrün nağılı" (2011), "Sözün Əlincə yaddaşı"(2011), "Duyğularım, düşüncələrim" (2011) , "Bir ömrün işığı"(2016) və s. kitabları nəşr edilib. O, Türkiyə, İran, Gürcüstan, Hollandiya, Pakistanda  keçirilən bir sıra Beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır. 

65 yaşın astanasında olan şair Xanəli Kərimli klassik Azərbaycan və dünya poeziyasından bəhrələnməklə çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözünü deməyi bacaran söz adamlarındandır.

Xanəli Kərimlinin bir sənətkar kimi yüksəlməsinə özünə qarşı tələbkarlığı, yazdıqları ilə kifayətlənməməsi, daim məsuliyyət hiss etməsidir. O, tələbkarlığı nəticəsində daim təkmilləşib və bu təkmilləşmə prosesində yeni-yeni kəşflər edib, bu gün yazdıqları ilə kifayətlənməyib, sabah üçün axtarışlar  aparıb, əsərlərini ümumbəşəri  hisslərlə rövnəqləndirib. Məhz bunun nəticəsidir ki, Xanəli Kərimli özünəməxsus istedadı ilə müasirləri arasında tanınıb. Akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığına yüksək qiymət verərək yazır: "Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir".

X. Kərimli ədəbiyyatımızda həm də sevilə-sevilə oxunan, yolu gözlənilən şairdir. Bəs onu oxucularına sevdirən nədir? Məncə poetik təfəkkür aləmində özünəməxsusluğu, orijinallığı ilə seçilməsi. Poetik sözün müqəddəsliyini, paklıq və duruluğunu qoruyub saxlamaq qabiliyyəti. Yaşadığı aləmdə duyub-düşündüklərini, müşahidə etdiklərini, poeziya dili ilə oxucularına çatdırmaq ustalığı. Ümumiyyətlə, təbiilik, səmimiyyət Xanəli müəllimi  oxucularına sevdirən əsas cəhətlərdəndir.

X.Kərimli yaradıcılığının bütün mərhələsində sənəti, əqidəsi, poetik amalı ilə vətənə həqiqi övlad olmaq idealı ilə yaşamış, yazıb-yaratmışdır. X.Kərimli bununla fəxr etməyə haqlıdır ki, onun bircə misrası belə vətən torpağına məhəbbət, doğma xalqa sevgi, bəşəri ideala məftunluqdan kənarda yaranmamışdır:

Hələ bir kimsədən minnət çəkmədən
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam ürəyimi,
Ey Vətən, səninçin daşıyıram mən.

Əsl şair heç zaman özünü düşünmür. Əsl şair əksər vaxt öz qayğılarını, dərdlərini unudur. Cəmiyyətlə, həyatla, mühitlə nəfəs alır. Bu mənada, Xanəli Kərimlinin şeirləri göstərir ki, o, cəmiyyətdən, həyatdan, mühitdən təcrid olunmağı sevmir. Ona görə də onun poetik "mən"i o qədər tələbkardır ki, onun heç ölçüsünü də müəyyənləşdirmək mümkün deyildir. Onun poetik "mən"i nəinki insanları, həm də dünyanı imtahana çəkir, az qala dünyaya meydan oxuyur, onu qınaq yerinə çevirir.

Biz Xanəli Kərimlini həm bir şair, həm də bir alim kimi tanıyırıq. Əlbəttə, şairlik vergidir, alimlik isə onun həyatda zəhmətlə əldə etdiyidir. Mən onun şairliyi ilə alimliyini müqayisə etmək istəmirəm. Ona görə ki, o, şair və alim kimi bütövdür. Ancaq bununla belə, Xanəli Kərimli deyəndə, mənim gözlərim önündə bir şair obrazı canlanır. Məncə, o, nə qədər elmi yaradıcılıqla məşğul olsa da, 100-dən artıq elmi məqalələr yazsa da, namizədlik işini çox uğurla müdafiə edib, doktorluq işi üzərində işləsə də daha çox şairdir. Nə yazırsa, yazsın, şairlik sehrindən azad ola bilmir, hissiyyatına, duyğusuna və təbinə üstünlük verir. Odur ki, X.Kərimlinin tərəzisinin şeir gözü daha ağır gəlir. O, doğrudan da şair kimi daha odlu, alovlu, üsyankar və mübarizdir, zamanın sərhəddinə sığmayandır, dünyanın dərdlərinə dözməyəndir, hər şeyə "mənə nə" deyənlərlə barışmazdır:

Çin tasdan qorxan kimi
Üşənirik tənqiddən,
Qorxuruq ki, desək ki,
Bu əsər, əsər deyil
Sən yazdığın fikri
Deyibdir filan şair.
Və ilaxır və sair...
Kimlərsə küsər bizdən
Sən də denən-mənə nə?!
Mən də deyim-mənə nə?!
O, da desin-mənə nə?!
Bəs görəsən-Kimə nə?!
 
Dünyanın əl içi boyda bir yerində, ulu Məmməd Araz torpağında dünyaya göz açan Xanəli Kərimlinin şeir-sənət dünyası kökü min illərin o üzündə dayanan qan yaddaşına söykənir. Onun şeirlərini oxuyanda adama elə gəlir ki, o şeirlər bir sənətkarın, şairin qələmindən yox, yazı-pozu bilməyən, fəqət fitrətən şeir deməyi,  sözə eyha verməyi bacaran, ilahi verginin pıçıltılarını poeziyaya, söz düzümünə çevirən ululardan ulu bir kişinin sinəsindən süzülüb gəlir. X.Kərimlinin mayası sözlə yoğrulub, sözlə tutulub, nağıl, bayatı ilə cilalanıb.
Onun poeziyasının hər sətrindən nənələrimizin bişirdiyi çörəyin ətri, ulu babalarımızın canları bahasına qoruduğu torpağın qoxusu hopub. X.Kərimli iliyindən tutmuş sümüyünədək kənd ruhunda köklənib, torpağa bağlı bir şair kimi torpaq ətirli, torpaq bərəkətli şeirlər yazıb:

Mənə məlhəm olan, mənə can olan
Mənə ilik olan, mənə qan olan,
Səhlab çiçəyinin, kəklikotunun,
Baldırğan, ələyiz, bulaqotunun,
Cacığın, zirincin, çaşır, bolunun,
Quzuqulağının, yarpız kolunun
Gözün yolda qoyub, qəlbin qırmışam
Axı bu şəhərdə nə qazanmışam?...

Bu misralarda çoxumuzun unutduğu, həmişə kövrək, xoş duyğularla xatırladığımız kəndin, torpağın qoxusu bizi vurur. Bu misralar bizi bir anlıq da olsa, doğma yurda, keçmişimizə qaytarır. Onun yaradıcılığında təbiət şeirləri öz ecazkarlığı ilə seçilir. Şairi məftun edən təbiət görüntüləri öz təravətində şeirə gətirilə bilir.

Vətənin könül oxşayan təbiəti, doğulub boya başa çatdığı Mahmudoba kəndinin gözəllikləri hər an X.Kərimlinin gözünün qabağındadır. O, təbiətin özünə layiq söz donu biçir. Hissin təsirilə özü necə dəyişirsə, oxucusunu da elə cığır-cığır, qaya-qaya, kol-kol gəzdirir və etiraf edək ki, insan elə gözəl yerlərdən ayrıldığına təəssüf edir. Sanki yenidən qanadlanıb o təbiətin ağuşuna qayıtmaq istəyir. Bəlkə yalnız o müqəddəslikdə qırılan, yanan, məhv olan arzularına qovuşa biləcəyinə inanır. Ümumiyyətlə, təbiət daim şairin hisslərinin tərcümanı olur, içindəki yanğı ilə dağa-daşa can verməyə çalışır. Yaradıcılığının əvvəlində olduğu kimi, 65 yaşında da onun poeziyasında təbiət yenə də əvvəlki kimi canlı və qüvvətlidir.

Hətta fikirlərinin arxaik formada ifadəsi də onun gözəlliyinə və orijinallığına xələl gətirmir. Yaddan çıxmış, bir növ unudulmaqda olan ifadələr X.Kərimlinin təbiət şeirlərində daha çox yada salınır. O, sərraf dəqiqliyi ilə seçdiyi həyat hadisələrindəki sərraflıq missiyasını təbiətə münasibətində də qoruyub-saxlayıb. Sözlərin zərgər biçimi, misraların poetik yükü heyrət doğuracaq qədər dəqiq olduğu üçün insana sonsuz zövq bəxş edir.

X. Kərimli yaradıcılığında çox azlı q təşkil edən sevgi şeirlərinin əksəriyyətində ifadə olunmuş hisslər dərindən yaşanmış, ömrün sevdalı çağlarının fikir və mühakimələrindən hasil olmuşdur, ancaq qəlbin və ağlın vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələridir. Elə olmasaydı sevdiyi qadına sevgimdən duyuq düşüb isti od-ocağı soyuyar deyə, gündə yüz yol qarşılaşsa da gözucu və gözüdolusu baxmaqdan ehtiyac etməzdi:
 
Yüz kərə gəlsək də gündə üz-üzə
Sənə gözucu da baxmadım belə.
Qorxdum ki, sevgimdən duyuq düşəsən
İsti od-ocağın soyuya bilə.

Xanəli Kərimli poetik istedadının qədrini bilən, özünə güvənən, başlıcası isə sözün qeyrətini çəkən şairdir. Bəlkə elə buna görə də şair yazır:

Şeir gərək haqdan gələ,
Zorla şeir yazmaq olmaz.
Haqdan gələn bir sözün də
Mizanını pozmaq olmaz.

Odur səni səndən sonra
Ağladan da, güldürən də.
Səni min il yaşadan da,
Səni vaxtsız öldürən də.

Fikrimizcə, ədəbiyyatda əsas meyar və göstərici istedaddır.  Şair X. Kərimlinin şeirləri bir daha sübut edir ki, istedadı olan, yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yalnız bahar təravətli olur.40 ilə yaxındır ki, sənətin əzablı, əzablı olduğu qədər də şərəfli yolu ilə  uğurla addımlayaraq, minlərlə oxucu qəlbinə yol tapan Xanəli Kərimli ömrünün kamillik dövrünü yaşayır. Onun indiyə qədər çap olunan  kitabları da kamil bir şair ömrünün təsdiqidir. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti və yeri olan  Xanəli müəllimə daha böyük yaradıcılıq uğurları, 65 yaşın mübarək olsun deyirik! Azərbaycan naminə yaşanan bu ömrün işığı gur, ocağı sönməz olsun Xanəli müəllim!

Aypara BEHBUDOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





01.11.2016    çap et  çap et