525.Az

"Gold Stück" - "Qızıl Parçası"


 

İSTEDADLI GƏNC PİANOÇU MURAD ABASOVUN PARLAQ UĞURLARI BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNİN MÜHÜM NAİLİYYƏTİDİR

"Gold Stück" - "Qızıl Parçası"<b style="color:red"></b>

Bu yazıda gənc bir istedad - respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilən, prezident təqaüdçüsü olan pianoçu Murad Abasov haqqında söz açacağam.

Murad Eldar oğlu Abasov 25 aprel 1998-ci ildə Bakı şəhərində, musiqiçi ailəsində həyata göz açıb, kiçik yaşlarından musiqiyə meylli olduğundan valideynləri orta musiqi təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında almağını məsləhət biliblər. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun təsis və rəhbərlik etdiyi bu məktəbə fortepiano ixtisası üzrə daxil olan Murad təcrübəli pedaqoq Ayşə Əliyevanın sinfində 11 il təhsil alıb. Burada oxuduğu illər ərzində müəllimlərinin sevimli və istedadlı şagirdlərindən biri olub, fəallığı ilə seçilib. Qeyd etmək lazımdır ki, professor T.Seyidovun məktəbdə qurduğu nizam-intizam, yaradıcı ab-hava, şagirdlərə xüsusi tələbkarlıqla yanaşması, onların hərtərəfli musiqiçi kimi yetişməsinə şərait yaratması, müxtəlif müsabiqə və festivallarda iştiraka həvəsləndirməsi Muradın da bir musiqiçi kimi inkişafına öz təsirini göstərib. Belə ki, o, kiçik yaşlarından respublikamızda və kənarda keçirilən müxtəlif müsabiqələrin laureatı, tanınmış pianoçu-pedaqoqların ustad dərslərinin uğurlu iştirakçısı, bir sıra konsertlərdə alqışlanan ifaçı olub. Hələ 15 yaşında ikən Ü.Hacıbəyli adına Dövlət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında və Qəbələdə keçirilən VI Beynəlxalq festivalda macar bəstəkarı F.Listin mürəkkəb konsertini ifa edərək, bu yaşda hər ifaçıya nəsib olmayan müvəffəqiyyət qazanıb. Onun müxtəlif ölkələrdə qazandığı nailiyyətlər xarici mətbuatda da işıqlandırılıb.

2015 - 2016-cı tədris ilini Murad üçün həm mürəkkəb, həm də ən uğurlu il kimi qeyd etsək, yanılmarıq. O, 2015-ci ildə orta təhsilini başa vuraraq, sevimli müəllimi  A.Əliyeva ilə bərabər güclü hazırlıq, böyük əmək və səylər nəticəsində, Almaniyanın Trossingen Dövlət Musiqi Universitetinə qəbul olundu. Orada oxuduğu bu bir il ərzində daha neçə müsabiqə iştirakçısı olaraq,  yüksək nəticələr əldə etdi. Bu ilin 23 - 27 may tarixində Almaniyanın Myulakker şəhərində "Baden-Vyurtenberqdə musiqi istedadları" adlı Beynəlxalq müsabiqədə iştirak etdi və ən yüksək mükafata - "Absolyut" ödülünə layiq görüldü. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya onun ifasını yüksək qiymətləndirdi və öz sinfində təhsil almaq üçün ABŞ-nın "Loung Island Conservatory"na dəvət etdi. Həmçinin, Murad münsiflər heyəti tərəfindən Almaniyanın Myulakker şəhərində solo konsert vermək üçün təklif aldı, eləcə də 28-31 iyul tarixində yenə də Almaniyada keçirilən beynəlxalq müsabiqəyə dəvət olundu və orada növbəti uğura imza atdı.

Əslində söhbətimizin əsas qayəsi olan və bizi bu məqaləni yazmağa ruhlandıran son uğurlu müsabiqə üzərində daha ətraflı danışmazdan əvvəl Muradın mühiti və şəxsi keyfiyyətlərinə toxunmaq istərdim. Murad Abasov dedikdə, gözlərimin önündə həssas ruhlu, qayğıkeş təbiətli, cəsarətli, vətənpərvər, işində məsuliyyətli və daim axtarışlarda olan, sənətdə yeniliklərə açıq, öz üzərində yorulmadan çalışan bir gəncin siması canlanır. Onun arzusu böyük səhnələrdə ifaçı kimi uğurlar qazanmaq və vətəninə sadiq bir sənətkar kimi onu layiqincə təmsil etməkdir. Özünəinam uşaqlıqdan başlayaraq insanın yüksək zirvələrə ucalmasında böyük əhəmiyyəti olan bir hissdir. İnsanın inkişafı üçün vacib olan bu hissi onda aşılayan ilk növbədə valideynləri və müəllimləridir. İnsanın şəxsiyyət kimi yetişməsində "müqəddəs üçbucaq" - valideynlər, müəllim və fərdin özü mühüm yer tutur. Bu baxımdan Murad hərtərəfli münbit mühitdə boy atmış, bir yaradıcı fərd, musiqiçi olaraq gözəl ab-havada formalaşıb. Genetik köklərilə musiqiyə bağlı olan bu gənc pianoçunun ata tərəfdən babası da Azərbaycanda ilk ali təhsilli musiqiçilərdən biri kimi zərb alətlərinin mahir ifaçısı olub. Musiqiçi ailəsində böyüməsi də vacib şərtlərdən biridir, onun hər iki valideyni musiqiçi-pedaqoq olduqlarından, övladlarında işinə məsuliyyət aşılayaraq, tutduğu yolda daim ona dəstək olmaqdadırlar.

Bununla bahəm, Murada sözün həqiqi mənasında ana qədər doğma olan, onun bütün nailiyyətlərinin və bu mürəkkəb yolda belə cəsarət və inamla addımlamağının əsas səbəbkarı, kiçik yaşlarından məzun olanadək əlindən tutub irəliyə aparan və sonadək uğurlarına inanan ixtisas müəllimi Ayşə xanımdır. A.Əliyevanın onun bir ifaçı kimi yetişməyində, müsabiqələrdə uğur qazanmağında bilavasitə əməyi danılmazdır. Gənc ifaçı Abasovun hər hansı bir ölkədə çıxışını izləmək üçün valideynləri ilə bərabər müəlliminin də mütləq şəkildə iştirakı hər zaman şagirdinə əlavə stimul, güc verib.

İlk ustadı Ayşə Əliyevadan öyrəndiklərini ikinci ustadı, Almaniya Trossingen Universitetinin professoru Tomislav Baynovdan yiyələndiyi biliklərlə zənginləşdirərək Murad özünü daha da təkmilləşdirməyə doğru irəliləyir. Tomislav Baynovun bir pedaqoq kimi üstün xüsusiyyəti tələbələrinə istiqamət verməklə bərabər onlara özünəməxsus ifa tərzini və öz dəsti-xəttini yaratmaq üçün də sərbəstlik verməkdir. Murad ilə mövzu ətrafında müzakirə zamanı Almaniya Universitetində təhsil haqqında danışarkən maraqlı məqamlara toxunduq. Belə ki, həmin universitetdə ixtisasla yanaşı digər fənlərə də geniş yer ayrılır. Burada tələbələrə "Akustika", "Musiqi təbabəti", "Alman dili" kimi yüksək keyfiyyətli dərslər tədris edilir. Bundan başqa, müəllimlərin ünsiyyət və rəftarı da olduqca səmimi və sərbəstdir. Dərslərə münasibətin ciddi olması tələbə-müəllimarası kommunikasiya sahəsində heç bir sədd yaratmır və bu da tələbələrin öz təhsilinə daha da fəal yanaşmasına böyük təkan verir. Sovet və Avropa təhsil sistemini pianoçu-tələbənin nəzər nöqtəsindən müqayisəli təhlil etdikdə belə bir nəticəyə gəlmək olur ki, bu iki musiqi təhsil sisteminin sintezi, hər iki məktəbin metodlarının vəhdəti sayəsində daha uğurlu bir nəticə ərsəyə gəlir. T.Baynov özü də keçmiş Sovet məktəbinin yetirməsi və Avropa məktəbinin pedaqoqu olaraq, Muradın ifaçı kimi hərtərəfli inkişafında böyük təsirə malikdir.

İndi isə Muradın iştirak etdiyi hələlik son müsabiqə üzərində daha ətraflı dayanmaq istərdim.

Dəfələrlə müsabiqələrdə iştirak etməyinə baxmayaraq, məhz bu müsabiqənin məsuliyyəti gənc ifaçı-tələbəni daha çox həyəcanlandırırdı. Çünki o, müsabiqədə yaş məhdudiyyəti olmayan kateqoriya üzrə və dünyanın istənilən ölkəsindən gələn mahir pianoçularla yarışırdı. Ancaq Murad yarışmaya çox böyük əzmlə hazırlaşdı.

Proqramı İ.S.Baxın "Prelüd və fuqa"sı ilə açdı, daha sonra  F.Şopenin "Etüd"ü ilə daha da canlanma yaratdı və çıxışını F.Şopenin "Ballada"sı  ilə tamamlayaraq münsiflər heyətini, o cümlədən, bütün dinləyiciləri riqqətə gətirdi. Beləliklə, Almaniya Trossingen Musiqi Universitetinin tələbəsi, iştirakçılar arasında ən kiçik - 18 yaşlı ifaçı və yeganə azərbaycanlı Murad Abasov Geilenkirchen şəhərində "Euregio Piano Award" adlı IV Beynəlxalq musabiqəsinin laureatı olaraq, ən yüksək - 95 balla I yerə layiq görüldü, bununla da öz karyerasında dördüncü dəfə birinciliyə imza atdı.

Yarışmanın ciddi və dürüst qaydalarına əsasən heç bir münsif iştirakçıya müsabiqə bitmədən yaxınlaşıb fikir və rəy bildirməməli və nəticələr yalnız son Qala konsertə qədər məxfi saxlanılmalıydı. Lakin Muradın bu çıxışı onları o qədər təəccübləndirmişdi ki, hətta münsiflər heyətinin üzvlərindən biri, Köln konservatoriyasının professoru şəxsən özü fasilə zamanı Murada yaxınlaşaraq, onun ifası haqqında müsbət rəyini bildirmişdi. Şopenin "Ballada"sını səsləndirməsi Almaniya mətbuatında "Ən böyük alqışa səbəb olan ifa" başlığı ilə dərc olunan məqalədə işıqlandırıldı ki, bu da mühüm faktdır.

Hazırda dərs aldığı müəllimi T.Baynov Murada tələbə kimi deyil, artıq öz yolu və dəsti-xətti olan bir ifaçı kimi yanaşır, ona böyük ümidlər bəsləyir: "Şopeni Muradın interpretasiyasında olduqca çox bəyənirəm. Mən onu böyük konsert səhnələrində mahir pianoçu kimi görürəm. Onda bu potensialı açıq-aydın hiss etmək olur. Murad, mənim nəzərimdə, Gold Stück - Qızıl parçasıdır".

Muradın uğurları həm də onun valideynlərinin və müəllimlərinin, məzunu olduğu hər iki məktəbin, nəhayət, Azərbaycan musiqi sənətinin, pianoçuluq məktəbinin uğurlarıdır. Qazandığı nailiyyətlər münasibətilə Muradı hamılıqla ürəkdən təbrik edir, ona tutduğu yolda daha böyük uğurlar diləyir, tezliklə Azərbaycanın və dünyanın "Brend musiqiçi"si olaraq tanınmasını arzulayırıq!

Vəfa HƏMİDOVA
Üzeyir Hacıbəyli adına BMA-nın "Orta ixtisas musiqi məktəb-studiyası"nın müəllimi

 





03.11.2016    çap et  çap et