525.Az

Xanəndə Teyyub Aslanovun yeni albomu təqdim edildi


 

Xanəndə Teyyub Aslanovun yeni albomu təqdim edildi<b style="color:red"></b>

Noyabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar artist, xanəndə Teyyub Aslanovun "Aman təklik əlindən" adlı audiodiskinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi muzeyin Qədim Musiqi Alətləri Ansamblının yaradılmasının 20 illiyi çərçivəsində baş tutub.

Tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova tədbirin əhəmiyyətindən söz açaraq T.Aslanovun diskinin təqdimatını yüksək qiymətləndirib, xanəndənin sənət fəaliyyətindən danışıb.

Muzeyin şöbə müdiri Təranə Zeynalova sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyini katibi İlqar Fəhmi və Xalq artisti Səkinə İsmayılova çıxış edərək xanəndənin sənət fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərindən də söz açıblar.

Çıxışlarda vurğulanıb ki, "Aman təklik əlindən" adlı albomda eyniadlı xalq mahnısı ilə yanaşı, "Bayatı Kürd" muğamı, "Bayatı Şiraz" təsnifi, "Mahur" kompozisiyası, həmçinin bəstəsi Xalq artisti Polad Bülbüloğluna məxsus "Dilin can incidəndir" mahnısı da yer alıb. Xanəndəni Əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət ediblər.

Vurğulanıb ki, özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomu muğam irsimizə xüsusi bir töhfədir.

Sonda Teyyub Aslanov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

 





03.11.2016    çap et  çap et